Hazırda TƏBİB-in tabeliyində olan tibb müəssisələrindəki yoluxucu xəstəliklər şöbələrində yetərli çarpayı ehtiyatı mövcuddur. Bu barədə APA-ya TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, qrip və digər respirator xəstəliklər əsasən ambulator şəraitdə müalicə olunur. Xəstəliyə yoluxan şəxslər ilkin səhiyyə xidməti həkimləri tərəfindən müşahidə olunur və müalicələrini evdə davam etdirirlər.
“Buna baxmayaraq, ağırlaşma halları olan zaman pasiyentlər tibb müəssisələrinə hospitalizasiya olunurlar.
Məlumat üçün bildirək ki, Sabunçu Tibb Mərkəzinin Yoluxucu xəstəliklər şöbəsi və mərkəzin nəzdində olan Məhəmmədi Modul Tipli Xəstəxanasında yetərli çarpayı sayı mövcuddur”.
Qeyd edək ki, Səhiyyə Nazirliyi Çində sürətlə yayılan virusla bağlı əhaliyə müraciət edib. Bildirilir ki, respirator və ya tənəffüs yolları ilə bağlı olan bu virusun adı metapnevmovirusdur (HMPV). Nazirliyin açıqlamasına görə bu xəstəlik Çinlə yanaşı, Azərbaycana qonşu olan Rusiya və Qazaxıstanda da aşkarlanıb.
Metapnevmovirus (Human MetaPneumoVirus – HMPV) qripəbənzər tənəffüs yolları xəstəliyidir. HMPV infeksiyasına ilk dəfə 2001-ci ildə rast gəlinib.
Lakin son günlər Çində yaşı 14-dən aşağı olan uşaqlar arasında bu xəstəliyin sürətlə yayılması ilə HMPV yenidən gündəmə gəlib. Bu virus adətən yüngül xəstəlik kimi qəbul olunsa da, pnevmoniya və bronxit kimi ağır nəticələrə də gətirib çıxarır.
Virus daha çox uşaqlar və immun sistemi zəif olan insanlar üçün təhlükəlidir. Bundan əlavə, yanaşı xəstəlikləri olan – misal üçün, bronxial astma və ya ağciyərlərin xroniki xəstəlikləri olan insanlar da respirator virus infeksiyaları üzrə risk qrupuna daxildirlər. Azərbaycanın Səhiyyə Nazirliyi bu şəxsləri qrip əleyhinə peyvənd olunmağa çağırıb.
HMPV-yə yoluxmuş risk qrupuna aid xəstələrin ev şəraitində müalicə alması məqsədəuyğun hesab edilmir.
Professor yeni virusun Çindən başlamasını orada əhalinin sıxlığı ilə əlaqələndirib: “Dünyada virusların belə çox yayılmasının səbəbi əhali sıxlığına bağlıdır. Əhalinin çox olduğu ölkələrdə infeksiyalara yoluxma halları da artır. Biz bunu pandemiya dönəmində də müşahidə etdik”.
Qeyd edək ki, aşağıdakı tövsiyələrə də riayət etməklə özümüzü HMPV-dan qoruya bilərik:
Əlləri ən azı 20 saniyə sabunla yumaq;
Yuyulmamış əllərlə gözə, buruna və ağıza toxunmamaq;
Xəstə insanlarla təmasdan çəkinmək;
Xəstə insanların fincanlarından, eləcə də qab-qaşıqlarından istifadə etməmək;
Qapı tutacaqlarını, eləcə də uşaqların ümumi oyuncaqlarını davamlı olaraq təmizləmək və tibbi spirtlə dezinfeksiya etmək.

Leave a Reply