Tərtərdə ağır qəza: Dörd nəfər xəsarət aldı

Tərtərdə baş vermiş yol-nəqliyyat hadisəsində 4 nəfər xəsarət alıb.

Qəza rayonun Sarıcalı kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes-Benz” markalı avtomobil qarşıdan gələn “Toyota Prius” markalı minik maşını ilə toqquşub.

Nəticədə “Mercedes-Benz” də olan Tərtər rayon Cəmilli kənd sakinləri, 1961-ci il təvəllüdlü Eldar Əli oğlu Şabanov, 1986-cı il təvəllüdlü Elməddin Eldəniz oğlu Şahbazov, 1963-cü il təvəllüdlü Elxan Əli oğlu Şabanov və onların həmkəndliləri, “Toyota” markalı avtomobildə olan 1955-ci il təvəllüdlü Məzahir Şəkəralı oğlu Əliaslanov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar təcili tibbi yardım avtomobili ilə Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, mayın 9-da saat 17 radələrində Tərtər rayonu Sarıcalı kəndi ərazisində yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 4 nəfər (kişi cinsli) Tərtər Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

1963-cü il təvəllüdlü şəxsə döş qəfəsinin əzilməsi, yanaq və gicgah, çənə nahiyəsinin açıq yarası, 1986-cı il təvəllüdlü şəxsə baş beyinin silkələnməsi, 1961-ci il təvəllüdlü şəxsə yuxarı ətraf qurşağı və bazunun əzilməsi, baldırın digər və dəqiqləşdirilməmiş hissəsinin əzilməsi, əl barmağın dırnaq lövhəciyinin zədələnməsi ilə açıq yarası, 1955-ci il təvəllüdlü şəxsə isə sağ çiyinin çıxığı diaqnozu təyin edilib.

Hazırda hər birinin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *