Bakıda qucağında azyaşlı maşın sürən şəxs qəza törədib, uşaq ölüb – YENİLƏNİB

Oktyabrın 20-də saat 11:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Zabrat ərazisindən təcili çağırış daxil olub.

TƏBİB-dən apa-nın sorğusuna cavab olaraq bildirilib ki, dərhal təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən azyaşlının (kişi cinsli) qapalı kəllə-beyin travması diaqnozu ilə həkim yanında ölüm faktı qeydə alınıb.

32 yaşlı şəxsə (kişi) isə ilkin tibbi xidmət göstərilib və Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, alt çənə sümüyünün sınığı, qabırğa sümüyünün sınığı, üz və baş dərisinin sıyrılmış yaraları diaqnozları təyin edilən pasiyentin müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır.