Goranboyda beşmərtəbəli yaşayış binasının bir bloku çökdü: “Tamamilə qəzalı vəziyyətdədir” – Video (Yenilənib)

“Goranboyun Cəfər Cabbarlı küçəsində bir bloku çökən qəzalı yaşayış binasının yerində yenisi tikiləcək”.

Bunu Baku TV-yə açıqlamasında Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev söyləyib.

Onun sözlərinə görə, yeni binanın tikintisi ilə bağlı Nazirlər Kabinetinə və Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.

“Bu bina ilə əlaqədar Nazirlər Kabinetinə və Fövqəladə Hallar Nazirliyinə müraciət olunub. Artıq yeni binanın tikintisi ilə bağlı qərar qəbul edilib. Bina tamamilə qəzalı vəziyyətdədir və yenisinin tikintisi ilə bağlı geoloqlar, topoqraflar rayonda fəaliyyətə başlayıblar. Yeni yaşayış kompleksi köhnə binanın öz yerində tikiləcək. Qonşuluqda yerləşən binada da qəzalı vəziyyəti müəyyən olunub və o da yenilənəcək. Ümumilikdə, 76 mənzilli yaşayış kompleksinin tikintisi üçün işə başlanılıb”, – deyə o bildirib.

Median.Az “Report”a istinadla xəbər verir ki, bəzi mənzillərdən sakinlərin iştirakı ilə əşyalar çıxarılsa da, bir neçə mənzilin sakinləri çox şey götürə bilməyiblər.

Axşam saatlarında blokun çökməsi nəticəsində həmin sakinlərin yaşadıqları mənzillər dağılıb və onların əşyaları da yararsız hala düşüb.

Qeyd edək ki, 60 mənzildən ibarət olan yaşayış binasının 5-ci bloku tamamilə uçub.

Hazırda ərazidə aidiyyəti qurumların əməkdaşları tərəfindən müvafiq tədbirlər görülür.

Goranboyda yararsız hala düşən 5 mərtəbəli yaşayış binasının 5-ci bloku tamamilə çöküb.

Oxu.Az xəbər verir ki, hadisə bu gün axşam saat 21 radələrində qeydə alınıb.

Belə ki, sözügedən binanın həmin bloku anidən uçub. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Əraziyə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, FHN aran regional mərkəzinin rəisi polkovnik-leytenant Ramin Orucov, rayon polis şöbəsinin əməkdaşları və digər aidiyyəti qurumların nümayəndələri cəlb ediliblər.

Ərazidə hazırda tədbirlər görülür.