Month: Yanvar 2018

  • Külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb

    Yanvarın 30-da hüquq-mühafizə orqanları tərəfindən keçirilən tədbirlər nəticəsində dörd kiloqrama yaxın yüksək təsiredici xüsusiyyətə malik olan narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

    Araşdırmalarla onun Ramana qəsəbə sakini, əvvəllər məhkum olunmuş Əli Həmidov olduğu məlum olub. Baxış zamanı onun üzərindən heroin aşkar edilib. Davam etdirilən tədbirlərlə polis əməkdaşları onda əlavə narkotik olmasını müəyyən ediblər. Əməliyyat-axtarış tədbirləri ilə Ə.Həmidovun yaşadığı evin yaxınlığında kolluqda gizlətdiyi iki kiloqramdan artıq heroin aşkar edilərək götürülüb.

    Qaradağ Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qobustan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Arif İsmayılov saxlanılıb. Ondan 1 kiloqram 640 qram heroin götürülüb.

    Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş Zöhrab Əzizovdan marixuana götürülüb. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun evinə də baxış keçirilib. Oradan əlavə olaraq 125 qram marixuana, həmçinin lüləsi və qundağı kəsilmiş, nömrəsi silinmiş “İJ-16” markalı tüfəng də aşkar edilərək götürülüb.

    Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.

    Faktlarla bağlı cinayət işləri başlanılıb.

  • Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 134 il ötür

    O, Bakının Novxanı kəndində anadan olub.

    Bu gün Azərbaycan Demokratik Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 134-cü ildönümüdür.

    M. Ə. Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub.

    Gənc yaşlarında sosial demokratlarla birgə “Hümmət” təşkilatının yaranmasında iştirak edib. Çarizmin təqiblərinə məruz qalaraq 1909-cu ildə İrana mühacirət edib. Bir müddət orada “İrane-nou” qəzetinin baş redaktoru kimi çalışıb, məşrutə inqilabı yatırıldıqdan sonra Türkiyəyə mühacirət edib.

    O, 1911-ci ildə Müsavat Partiyasına üzv qəbul edilib və 4 il sonra Müsavat Partiyası Mərkəzi Komitəsinin sədri seçilib.

    1918-ci ildə Fətəli Xan Xoyski ilə birgə Şərqdə ilk respublikanın yaradılmasını rəsmi şəkildə elan edib. 1920-ci il aprelin 28-də bolşevik işğalından sonra həbs edilib. Az sonra Stalinin göstərişi ilə M.Ə.Rəsulzadə həbsdən azad edilərək Moskvaya aparılıb. Stalinin təkidlərinə baxmayaraq, sovet hakimiyyəti ilə əməkdaşlıqdan imtina edərək SSRİ-ni tərk edib.

    M.Ə.Rəsulzadə 1955-ci ilin martın 6-da Ankarada dünyasını dəyişib.

    1992-ci il dekabrın 24-də Azərbaycan prezidenti Əbülfəz Elçibəy “Görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin totalitar sovet rejimi dövründə repressiyaya məruz qalmış ailə üzvlərinin Azərbaycana qaytarılması və onların sosial-məişət məsələlərinin həlli haqqında” sərəncam imzalayıb.

    29 dekabr 1993-cü ildə Azərbaycan prezidenti Heydər Əliyev “Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında” sərəncam imzalayıb.

    22 noyabr 2013-cü ildə isə Azərbaycan prezidenti İlham Əliyev Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncam verib.

    Sərəncama əsasən, respublikada və respublikadan kənarda silsilə yubiley tədbirləri keçirilib.//oxu.az

  • Nazir: Üçulduzlu hotellərin yaradılması istiqamətində işlər aparılır

    Azərbaycanda imkanların yaxşılaşması insanların öz vətənlərində istirahət etməsinə gətirib-çıxarıb.

    Bunu mədəniyyət və turizm nazirir Əbülfəs Qarayev xaricə gedən azərbaycanlıların sayında dörd faiz azalma baş verməsinə münasibət bildirərkən deyib.

    O bildirib ki, ölkədə istirahət mərkəzlərində boş yerlər azdır:

    “Fərdi evlərin turistlərə istifadəyə verilməsi istiqamətində işlər gedir. Kənd sakinləri üçün Mədəniyyət Nazirliyi, Azərbaycan Turizm Assosasiyası tərəfindən xüsusi təlimlər keçirilir. O cümlədən, rayonlarda üçulduzlu hotellərin yaradılması istiqamətində fəaliyyətlər aparılır”.

    Nazir hazırda paytaxtda hostellərin yaradılmasının geniş yayıldığını deyib:

    “Ölkədə 100-ə qədər hostel var. Onların yerləşdirilmə xidmətləri, qiymətləri müxtəlifdir. Bütün hallarda hostellər hotellərdən ucuzdur”.//oxu.az

  • Türkiyə Suriya sərhədinə zirehli texnika toplayır – VİDEO

    Türkiyə “Zeytun budağı” əməliyyatı çərçivəsində hərbi texnikanı Suriya sərhədinə toplamağa davam edir.

    Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

    Xüsusilə Kilis vilayətinin sərhədyanı ərazilərinə zirehli şəxsi heyət daşıyıcıları, piyada döyüş maşınları və tanklar göndərilir.

    Eyni zamanda, bölgəyə Azad Suriya Ordusuna aid yaraqlıları daşıyan avtomobil karvanının daxil olduğu bildirilir.

  • Azərbaycanda yeni turizm zonaları yaradılacaq

    Mədəniyyət və Turizm Nazirliyi beynəlxalq tenderin nəticəsi olaraq üç şirkətlə yeni üç turizm zonasının yaradılması üzərində işləyir.

    Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında bildirib.

    Nazirin sözlərinə görə, o turizm zonalarında bütün imtiyazlar təşviq olunacaq:

    “Həmin zonaların layihələndirilməsi ilin sonuna qədər nəzərdə tutulub. Bu zonalar Xızı-Nabran, Quba və Qusarda layihələndiriləcək”.

  • “Alov qüllələri”nin sürüşmə təhlükəsi varmı?

    Bakıda “Alov qüllələri”nin (“Flame towers”) yerləşdiyi ərazinin sürüşmə təhlükəsi yoxdur.

    Bunu Oxu.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

    Onun sözlərinə görə, “Alov qüllələri” binalar kompleksi yerləşən ərazidə vəziyyət stabildir:

    “Həmin ərazi Bayıl yamacındakı sürüşmə sahəsindən kənardadır”.

    Qeyd edək ki, bir sıra KİV-də “Alov qüllələri” binalar kompleksinin Bayıl yamacındakı sürüşmə sahəsi yaxınlığında yerləşdiyi üçün sürüşə biləcəyi ilə bağlı informasiya yayılıb.

  • Bakıda partlayışda xəsarət alan şəxs ölüb

    Yanvarın 27-də, səhər saatlarında Bakının Dilarə Əliyeva küçəsi 18-də baş vermiş baş vermiş partlayış nəticəsində xəsarət alan şəxs dünyasını dəyişib.

    Median.Az-ın xəbərinə görə, bu barədə Trend-ə açıqılamasında Respublika Yanıq Mərkəzinin baş həkimi Şöhrət Məmmədov məlumat verib.

    Baş həkim bildirib ki, hadisə nəticəsində mərkəzə daxil olan 1961-ci il təvəllüdlü Mahmudov Zahid Şükür oğlunun bədəninin 90 faizi yanmış vəziyyətdə olub. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Z.Mahmudov aldığı xəsarətlərdən mərkəzdə dünyasını dəyişib.

    Xatırladaq ki, yanvarın 27-də səhər saatlarında Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının (birinci-üçüncü mərtəbələri qeyri-yaşayışdır) zirzəmisində yanğınla nəticələnən partlayış baş verib.

    Nəticədə, binanın birinci mərtəbəsində yerləşən, ümumi sahəsi 500 m2 olan dəftərxana ləvazimatları mağazasının içərisinin konstruktiv elementləri (satış rəfləri, alkopan konstruksiyalar və tavanı) dağılıb, qapı-pəncərələri çərçivədən çıxıb, binanın ikinci və üçüncü mərtəbələrinin və yaxınlıqda yerləşən bəzi binaların pəncərə şüşələri qismən sınıb. Partlayış dalğasının təsirindən 100-150 metr əraziyə dağılmış dəftərxana ləvazımatları qismən yanıb. Bina yanğından mühafizə olunub. Yanğın söndürülüb.

  • Gəncədə xüsusi təyinatlı polis güllələndi

    Gəncə Baş Polis İdarəsinin xüsusi təyinatlı bölməsinin əməkdaşı silahlı qarətin qurbanı olub. Cinayət hadisəsi yanvarın 20-də baş versə də, istintaq heç bir nəticə verməyib. Polis əməkdaşına hücum edən şəxsin kimliyi müəyyən edilməyib.

    Oxu.Az-a bu barədə Gəncə şəhər Prokurorluğundan məlumat daxil olub.

    Fakt üzrə yaradılan istintaq-əməliyyat qrupu silahlı cinayətkarın tapılaraq məsuliyyətə cəlb olunması istiqamətində iş aparır.

    Qeyd edək ki, yanvarın 20-də Yeni Gəncə qəsəbəsində, gecə saat 11:00 radələrində mülki geyimdə olan polis serjantı Əhmədov Natiq Camal oğlu ayaq nayihəsindən güllə yarası alıb. Cinayətkar ona yaxın məsafədən atəş açıb. Hücum zamanı sonuncunun “Makarov” tipli tapançadan istifadə etdiyi güman edilir.

    Hücumla bağlı müxtəlif versiyalar nəzərdən keçirilir. Bir versiyaya görə, cinayətkar bu əməli törətməklə ondan intiqam almağa və ya ona hədə-qorxu gəlməyə çalışıb. Polis əməkdaşı ilə cinayətkar arasında münaqişənin olduğu istisna edilməsə də, Əhmədov hələlik bu barədə susur.

  • Məktəblilərin qış tətili bitir

    Ümumtəhsil məktəblərində tətildən sonra ilk dərslər fevralın 1-də olacaq.

    Bu barədə Oxu.Az-a Təhsil Nazirliyindən məlumat veriblər.

    Məlumatda qeyd olunur ki, “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən, dərs ili ərzində aşağıdakı tətillər müəyyən edilib:

    – 5 gün payız tətili (16-20 noyabr);

    – 5 gün qış tətili (27-31 yanvar).

    – İbtidai siniflər üçün 5 günlük (1-5 may) əlavə yaz tətili.

    Qeyd edək ki, şagirdlərin növbəti istirahəti 8 Mart – Beynəlxalq Qadınlar Günü və Novruz bayramı günlərində olacaq. 20, 21, 22, 23, 24 mart tarixləri Novruz bayramı hesab olunduğundan, 24 mart isə şənbə, yəni həftələrarası istirahət günü iş günü hesab olunmayan bayram gününə düşdüyündən 26 mart qeyri-iş günü olacaq.

    Buna görə də bu il Novruz bayramında bir həftə qeyri-iş günü olacaq və bununla əlaqədar şagirdlər ardıcıl olaraq həftənin yeddi günü istirahət edə biləcəklər.

  • Jurnalistlər canlı yayımda əlbəyaxa oldular – VİDEO

    Jurnalistlər Maksim Şevçenko və Nikolay Svanidze “Komsomolskaya Pravda” radiosunun canlı efirində dalaşıb. Müzakirələr zamanı Stalinin İkinci Dünya Müharibəsindəki rolu ilə bağlı tərəflərin sözü çəp gəlib.

    Hadisənin videogörüntüsü radiostansiyanın “YouTube” kanalına yerləşdirilib.

    “O, Hitlerlə ölkəni faciəvi şəkildə müharibəyə sürüklədi. 41-ci ilin sonuna alman əsirliyində artıq 3.8 milyon nəfər həmvətənimiz var idi”, – deyə Svanidze “Radiorubrika” proqramındakı Stalin barədə şərhində bildirib.

    “Fransadan fərqli olaraq, Sovet İttifaqı diz çöküb almanlara yaltaqlanmırdı. Sovet İttifaqı savaşırdı”, – deyə Şevçenko etiraz edib. O, opponentinin “Moskva yaxınlığında həlak olanların məzarlarına tüpürdüyünü” diqqətə çatdırıb.

    Svanidze sovet xalqının savaşdığını, Stalinin məsələyə aidiyyəti olmadığını bildirib. Bundan sonra həmkarı onu “demaqoq” adlandırıb və jurnalistlər arasında sözlü dava düşüb. Svanidze Şevçenkonun üstünə şığıyaraq üzündən zərbə endirib. Radio əməkdaşları onları ayırsa da, verilişi yarımçıq dayandırmalı olublar.//oxu.az