Month: Mart 2018

  • Naxçıvan sakini Bakıda silahla saxlanıldı

    Bakıda silahlı şəxs yaxalanıb.

    Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə paytaxtın Nizami rayonu ərazisində baş verib. Nizami RPİ-nin əməkdaşları tərəfindən Naxçıvan şəhər sakini Rəhim Bayramovdan “EKOL” markalı pnevmatik tapança götürülüb.//criminal.az

  • 35 yaşlı Gəncə sakini özünü yandırıb

    Gəncə şəhər sakini intihara cəhd edib.

    Şəhər sakini, 1983-cü il təvəllüdlü Əsgərov Zaman Şamil oğlu Cavadxan küçəsində üzərinə neft tökərək özünü yandırıb. Sifətin, yuxarı tənəffüs yollarının və əllərin termiki yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilən Z. Əsgərovun vəziyyətinin kafi olduğu deyilir.
    Faktla bağlı araşdırma aparılır. (APA)

  • Türkiyədə bu mahnıları oxumaq olmaz – SİYAHI

    Türkiyə telekanallarında, o cümlədən TRT-də ümumilikdə 18 mahnının ifasına qadağa qoyulub.

    Qadağaya başlıca səbəb həmin mahnıların sözlərində və kliplərində tütün məhsulları, spirtli içkilər, uşaqların normal inkişafına mane olan ifadələr və obrazların istifadə edilməsidir.

    Məlumata əsasən, ölkə ərazisində aşağıdakı mahnıların ifası qadağan edilib:

    1. “Sessiz kadın” – Koray Avcı
    2. “Sonra dersin ki” – Koray Avcı
    3. “Artvin’de bahar” – Onur Akın
    4. “Dere akayi dere” – Selim Bölükbaşı
    5. “Kimse bilmez” – Mehmet Erdem
    6. “Sarhoşum ben” – Nükhet Duru
    7. “Engerek” – Sıla
    8. “Afitap” – Sıla
    9. “Müstehcen” – Sıla
    10. “Yan benimle” – Sıla
    11. “Bırak” – Sıla
    12. “Hasret rüzgarları” – Berkay
    13. “Hep sonradan” – Berkay
    14. “Kötülükler kraliçesi” – Tuğba Özay
    15. “Ah ulan sevda” – Demet Akalın
    16. “Sakin ol şampiyon” – Nazan Öncel
    17. “Hodri meydan” – Bengü
    18. “Erkeğin zillisi” – Yeşim Salkım

    Qeyd edək ki, 2016-cı ildə Türkiyə ərazisində ümumilikdə 208 mahnı qadağan edilmişdi. (Trend)

  • Türk aparıcıdan kobud səhv – Azərbaycan mahnısını ermənilərin adına çıxardı – VİDEO

    Türkiyəli aparıcı Oğuzhan Uğur “Çırpınırdı Qaradəniz” mahnısının ermənilərə aid olduğunu deyib.

    Minval.info xəbər verir ki, 27 fevralda məşhur Onedio.com saytının “Youtube” kanalından yayımlanan verlişin aparıcısı öncə mahnını ifa edib, daha sonra da kobud səhv edərək “Erməni xalq mahnısıdır”- deyə, əlavə edib.

    Qeyd edək ki, həmin “Youtube” kanalının 1.5 milyon daimi izləyicisi var. Verlişin bu buraxılışını “Facebook” və “Youtube”dan ümumilikdə 2 milyon insan izləyib.

    Xatıladaq ki, sözlərini Əhməd Cavadın yazdığı mahnının bəstəkarı Üzeyir Hacıbəyovdur. Üzeyir bəy bu mahnını Nuru Paşanın komandanlığındakı Qafqaz İslam Ordusunun Azərbaycandakı qəhrəmanlıqlarına ithaf edib.

  • “120 min manat ödəmişəm, məni mənzilə buraxmırlar”

    “Real” MTK-da dələduzluq faktı üzrə daha bir məhkəmə işi

    Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Cahangirli Sahil Nizami oğlu və Əşrəfov Anar Adil oğlunun cinayət işi üzrə məhkəmə iclası başlayıb. Sahil Cahangirli “Real” MTK-nın rəhbəri İlham Qasımovun bacısı oğludur, O, “Real” MTK-da icraçı direktor olub. Anar Əşrəfov da MTK-da çalışıb.

    Bizimyol.info xəbər verir ki, cinayət işi hakim Əhməd Quliyevin sədrlik prosesdə prokuror ittiham aktını elan edib. Hər iki şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir. Onlar MTK-ya məxsus mənzilləri ayrı-ayrı şəxslərə satmaqla, vətəndaşların etibarından sui-istifadə edərək əmlaklarını ələ keçirməkdə da ittiham edilirlər.

    İttihama münasibət bildirən təqsirləndirilən şəxslər özlərini günahkar bilmədiklərini deyiblər.

    Daha sonra zərərçəkmişlərə söz verilib. Nüşabə Rüstəmova adlı zərərçəkmiş deyib ki, evini 83 min manata sataraq “Real” MTK-dan mənzil alıb. O deyib ki, bu şirkət haqqında xoşgəlməz xəbərlər eşitdiyini şirkətin işçisi Şahinə deyib və qabaqcadan problem olmamasını istəyib. Şahin isə deyib ki, şirkətin rəhbəri (İlham Qasımov – red) həbsdədir, ona görə daha burda qanunsuz işlər olmur.

    N.Rüstəmova əlavə edib ki, Şahinlə birlikdə Sahilin yanına gedib və ona 90 min manat verib. “Sonradan Sahil Çahangirov mənə 50 min qaytarıb və guya 75 min ödədikləri barədə sənəd tərtib ediblər. Amma mən 75 min almamışam”.

    Zərərçəkmiş qeyd edib ki, pulun qismən ödənilməsi barədə maliyyə arayışını ona şirkət verib.

    Sahil Cahangirli zərərçəkmişı tanımadığını bildirib və qeyd edib ki, pulu Şahin alaraq ona verib. Təqsirləndirilən Şahinin “makler” olduğunu vurğulayıb.

    Dövlət Sərhəd Xidmətində çalışdığını deyən digər zərərçəkmiş Şahin Əlixanov isə bildirib ki, ev axtararkən internetdə Cəlil adlı maklerlə tanış olub. Cəlil ona “Real” MTK-nın tikdiyi binadan ucuz ev təklif edib. “Ucuz olmasının səbəbini soruşdum, dedi ki, şirkətə verilən betonun əvəzində ev verilib, ona görə də aşağı qiymətə satılır. “Sahil Cahangirli ilə görüşəndə mənə dedi ki, mənzili ucuz satılsa da, heç bir problemi yoxdur. 110 min manatı Mayıl Səmədova, 2 min manat da “maklerə” verdim. Sonradan mənzillərin problemli olduğunu bildim. Mənə cəmi 80 min manat qaytarılıb”.

    Zərərçəkmiş Sevinc Qurbanova deyib ki, evin problemli olduğunu Korrupsiya İdarəsindən zəng gələndən saonra bilib. MTK-ya getdib maraqlananda isə pna problem olmadığını deyiblər. “Evi oğlum üçün almışam. Mən evə qapı qoymamışam, indi də təmir etmirəm. Əmin olmaq istəyirəm ki, gələcəkdə həmin evi başqasına satmayacaqlar”.

    Zərərçəkmiş Tağı Hüseynov bildirib ki, ondan ilkin olaraq 2 min manat, daha sonra isə 30 min manat alınıb, amma mənzil verilməyib və dəymiş ziyan ödənilməyib.

    2015-ci ildə mənziı almaq üçün MTK ilə müqavilə bağlayan zərərçəkmiş Səbuhi Xəlilov isə 120 min manat ödədiyini, evi təmir etmək üçün maliyyə arayışı tələb etdikdə isə problemlər yarandığını və onu mənzilə buraxmadıqlarını bildirib.

    Növbəti proses martın 15-də davam edəcək.

    Qeyd edək ki, S.Cahangirlinin dayısı – Real” MTK-nın rəhbəri İlham Qasımov da dələduzluq, vəzifə səlahiyyətlərindən sui istifadə və vəzifə saxtakarlığında təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.

    İlham Qasımov rəhbərlik etdiyi şirkət tərəfindən tikilmiş yaşayış binalarında mənzilləri bir neçə şəxsə satmaqda, şəriklik etdiyi azərbaycanlı milyonçu Gülağa Qəmbərova (Tənha) külli miqdarda maddi zərər vurmaqda təqsirli bilinib. İttihama görə, İ.Qasımov milyarderin 19,5 milyon dollarını mənimsəyib.

    İlham Qasımov MTN general olmuş Akif Çovdarovun cinayət işində zərərçəkmiş kimi tanınmış şəxslərdən biridir.

  • Bir-birinə fahişə deyən aktrisaların məhkəməsində ŞOK TƏZMİNAT tələbi

    Türkiyədə yaşayan aktrisa Tunay Əliyeva ilə həmkarı Pərvin Abıyeva arasında qaldırılmış qarşılıqlı iddialar əsasında məhkəmə prosesi davam edib.

    Lent.az-ın məlumatına görə, Səbail rayon Məhkəməsində hakim Nurəddin Bağırovun sədrliyi ilə keçirilən prosesdə hər iki tərəfin nümayəndəsi vəsatət qaldırıb. Onlar linqivistiq ekspertizanın keçirilməsini tələb ediblər.

    Vəsatət gələn prosesdə müzakirəyə çıxarılacaq. Proses martın 5-də davam edəcək.

    Qeyd edək ki, T.Əliyeva sosial şəbəkədə P.Abıyevanı dəfələrlə tənqid edib, onunla bağlı müəyyən ifadələr yazıb. O, mətbuata verdiyi açıqlamasında həmkarını “1000 manatlıq fahişə” adlandırıb.

    P.Abıyeva isə instagram səhifəsində T.Əliyevaya cavab olaraq onun pul qarşılığında oğlanlarla görüşdüyünü iddia edib. Daha sonra hər iki tərəf məhkəməyə müraciət edib.

    T.Əliyevanın vəkili Adəm Məmmədov bildirib ki, aktrisa P.Abıyeva müvəkkili barəsində kütləvi informasiya vasitələrində həqiqətə uyğun olmayan və böhtan xarakterli ifadələr işlətdiyinə görə, ondan 100 min manat təzminat tələb edirlər: “Həmçinin, Pərvin Abıyevanın işlətdiyi sözləri qanunsuz hesab edirik və onun həmin sözləri təkzib etməsini istəyirik”.

    P.Abıyevanın vəkili Ceyhun Yusifov müvəkkili şərəf və ləyaqətinin alçaldığını deyərək məhkəmədə 200 min manatlıq iddia qaldırdığını elan edib.

    Məhkəmə hər iki iddianı icraata götürüb.

  • Samir Bağırov üzə çıxdı – VİDEO

    Uzun müddətdir şou biznesin səs küyündən bir kənara çəkilib, hər kəsdən gizlənən müğənni Samir Bağırov nəhayət ki üzə çıxıb.

    Baku.ws xəbər verir ki, Samir restoranların birində gecə saatlarında səhnəyə çıxaraq sevilən hitlərini səsləndirib.

    Bağırov, zalım dünya mahnısı ifa edən zamanı həmkarı pişik Günel ona yaxınlaşaraq həmin anları telefonun yaddaşına həkk edib. Həmin kadrları isə Günel instagram hesabında izləyiciləri ilə bölüşüb.

    Günel ilə Samirin görüntülərini sizə təqdim edirik:

  • 7 il Dubayda fahişəliyə məcbur edilən azərbaycanlı qadının HƏYAT HEKAYƏTİ

    Sosial şəbəkədəki rəsmi səhifəmə bu dəfə fərqli bir mesaj gəldi:

    “Siz həyat qadınlarından yazırsınız? Mən öz həyatımı nəql etmək istəyirəm. Bəlkə ürəyimdəki yükdən azad oldum. Həm də gənc qızlara ibrət dərsi olsun.”

    Daha əvvəl ünvanıma oxşar məktublar gəlmişdi, amma ciddi qəbul etməmişdim. Bu mesaj ciddiyyəti ilə seçilirdi. Hiss və həyəcan sanki sətirlərə hopmuşdu.

    Qərara gəldim ki, Lalənin (ad şərtidir) həyatını qələmə alım. Bəlkə doğrudan da bu hekayət kimisə yanlış addım atmaqdan çəkindirdi?

    Hərçənd belə bir fikir var ki, başqalarının yıxılmağı bizə yeriş öyrədə bilməz. Biz özümüz yıxıla-yıxıla yeriməyi öyrənirik. Yəni başqalarının deyil, öz səhvlərimiz bizə həyatı öyrədir.

    Amma insanlığın yaşam təcrübəsini heçə saymaq olmaz. Elə insanlıq da öz təcrübələrini nəsil-nəsil ötürdüyü üçün mövcuddur. Biz də ona görə varıq ki, pis-yaxşı nələrisə mənimsəmişik. Gələcək də ona görə var olacaq ki, biz bu gün varıq və həyatımızı ələkdən keçirə-keçirə onlar üçün ən yaxşı, ən faydalı olanları saxlayırıq.

    ***

    Lalə şəhərə oxumaq adıyla gəlib. Rayonda istəklisi olub, amma Lalə sevgilisini əmin edib ki, yalnız onu sevir və institutu bitirən kimi evlənəcəklər…

    Tələbələrin təşkil etdiyi ziyafətlərin birində İmran adlı oğlanla tanış olur. Elə ilk baxışda İmran Laləni başdan-ayağa süzüb: “Qəşəng qızsan, ancaq baxımsızsan, -deyir, – üzərində işləsələr o biri qızlar əlinə su da tökə bilməz.”

    Laləyə bu söz əcaib gəlir. Necə yəni üzərində işləmək lazımdır? İmran ona uca-uca dağlar vəd edir… Lalə düşünür ki, bəlkə doğrudan da onun gələcəyi əlçatmaz bir yerdədir?

    İmran onu tanış modelyerlərin yanına aparır, son dəbli paltarlar sifariş edir. Lalə dəyişir, tamamilə başqa bir qadına çevrilir.

    Axşamları rəngli keçirdi. İçki məclisləri gecəyə qədər uzanırdı. Əvvəllər içə bilmirdi, ürəyi bulanırdı, sonra alışdı. Həyat necə də sadə imiş. O, isə həyatı mürəkkəbləşdirməyə, ciddi planlar qurmağa hazırlaşırdı! İndi Lalə belə düşünürdü.

    Sonra bu hamiləlik… Sözsüz ki, İmran uşağına sahib çıxmalıydı, axı bu onun canından bir parça idi. İmran uşağı abort etməyi təklif edir, Lalə razılaşmayanda zarafat etdiyini deyib bildirir ki, onlar evlənəcəklər və bu uşaq hökmən dünyaya gələcək.

    Bir axşam Lalə evə qayıdanda qarşısını bir adam kəsib üstündəkiləri çıxarmağı əmr edir. Lalə tərəddüd edir. Adam qızın çantasını əlindən alır, özünü də itələyir. Sonra hardansa daha bir neçə adam peyda olub onu vəhşicəsinə döyürlər. “Qarnımı bərk-bərk qucaqlayıb qışqırırdım, amma harayıma gələn yox idi. Handan-hana onlar məndən əl çəkib getdilər. Huşumu itirdim. Sonra məni bir bomj tapıb. Yazığı gəlib. Yaxınlıqdakı binanın gözətçilərinə yalvarıb ki, kömək etsinlər. Onlar da təcili yardıma zəng vurublar. Beləcə xilas olmuşam. Yəni mən… Uşaq isə tələf olmuşdu”.

    Lalənin istəklisi rayondan gəlib çıxanda o, xəstəxanada yatırdı. Hər şeydən xəbərsiz idi. Bəlkə də qızı tək buraxdığı üçün özünü söyürdü. Çətinliklə də olsa, xəstəxananın yerini öyrənə bilir. Tibb bacılarından eşitdikləri onu dəhşətə gətirir: “Hansı Lalə? Uşağını salan qadını deyirsiz?” “Yox, uşaq salan yox, mənim Laləm” – deyə oğlan qışqırır. Və ordan uzaqlaşır.

    “Onu bir də görmədim. İndi xatirələrdən başqa bir kəsim çox idi. Onlar da bir müddətlik qonaq idilər; məndən üz döndərib yaddaşımdan uzaq düşürdülər”.

    Lalə xəstəxanadan çıxan gün İmran bir buket güllə gəlir. Başının çox qarışıq olduğunu, amma bütün qəlbiylə onun yanında olduğunu deyir. Lalə yenə əvvəlki “rəngli” həyatına qayıdır.

    ***

    “Mənim həyatım filmə bənzəyir, – müsahibim hekayətini yarıda kəsib yazdı, – elə bil həyatımın ssenarisini usta bir ssenarist yazıb. Ona görə dəyişiklik etmək mümkün olmadı.”

    Sözlərindəki məyusluq mənə də sirayət edir, təəssüflə gülümsəyirəm, ağır atmosferə baxmayaraq, “həyat qadını”ndan hekayətinin davamını nəql etməsini xahiş edirəm…

    ***

    Bir gün İmran Laləni restorana dəvət edir. “Bu axşam xüsusilə gözəl və cazibədar görünməlisən. Səni bir vacib adamla tanış edəcəyəm”, – deyir. Laləni restoranda tək qoyub çıxır.

    “Stolun başında tək-tənha oturub İmranın getməzdən qabaq qədəhimə süzdüyü şampan şərabından içirdim. Düzü, həyatdan gözləntilərim yox idi. Kimin və nə üçün gələcəyi də elə də maraqlı deyildi.”

    Lalənin gözlədiyi naməlum adam hansısa bir şirkətin sahibi olan Alik adlı (özünün dediyinə görə) 40-45 yaşlarında birisi idi. O da dəbdəbəli saraylardan, “qızıl dağları”ndan dəm vurur. O danışır, Lalə isə bir ucdan içərək key-key ona baxırdı.

    “Axırda lap kefləndim və Alikin məni bir başqa mənzilə apardığının da fərqinə varmadım. Səhər özümə gələndə “hələlik burda yaşayacaqsan”, – dedi. İmranı soruşdum, dedi: “İmran artıq yoxdur, mövcud deyil”. Bunu deyib güldü. “Səni bizə satıb o. Artıq bizimsən, bizim malımızsan”.

    Lalə: “Mən heç kimin təhkimlisi deyiləm, sən dəli olmusan!” – deyib çığıranda Alik “çox da vay-şivən salma, İmran da heç mələk-zad deyil. İstəyirsən, sənə bir sirr açım? Elə bilirsən, sənin döyülməyin təsadüf idi? Bunun arxasında duran adamın kim olduğunu bilmək istəyirsən?

    “Tanış adı eşitməmək üçün qulaqlarımı tutdum. Bu qədər zərbə yetərli idi”.

    Hər şey indi aydınlığa qovuşurdu. Amma artıq çox gec idi.

    “Sən özün mənə lazım deyilsən, amma şirkət üçün işləyəcəksən,”- Alik çıxanda deyir. “Bir neçə gündən sonra Dubaya yola düşürük. Səninki ofis işidir. Öhdəsindən gələrsən”,- deyir.

    Dubayda onu yeni iş gözləyirdi. Amma Alikin dediyi kimi ofis işi deyil, müştərilərin qulluğunda duran, onlara hər cür xidmət göstərən fahişəlik işi. Pasportunu əlindən almışdılar, indi o “təhkimli işçi” idi.

    “7 il həyatım elə keçdi”, – Lalə deyir. “Hər günüm cəhənnəm əzabı idi. Müştərilərdən yaxşı davrananlar da olurdu, çoxu isə mənimlə məzələnir, başıma itin oyununu açırdılar. Şəhvətlərini söndürmək üçün ən murdar işlərə sövq edirdilər. Artıq hüquqsuz cariyə idim, dediklərini etməli idim. Yoxsa cəzam ağır olurdu.

    Bir dəfə kefli bir ərəb gəldi. Nadürüstün biriydi. Əvvəllər də bir-iki dəfə görmüşdüm, o gedəndən sonra qızlar “əyyaş” deyə arxasınca söyürdülər.

    Bütün gecəni əlində əsir-yesir oldum. İnsanlığını itirmiş, yırtıcıya dönmüşdü. Bədənim ağrılardan keyimişdi, özümü hiss eləmirdim. Yenidən yaxınlaşmaq istəyəndə pis söydüm onu, itələdim. Dəliyə döndü. “Bu sənə ağır başa gələcək”,- dedi. Üzümü cırıq-cırıq elədi. O çapıqlar indiyə kimi üzümdədir, hər baxanda o məşum günləri xatırladır…

    7 ildən sonra məni azad elədilər. Bir az pul yığmışdım, yalnız onu götürməyə icazə verdilər. Beləcə vətənə gəldim, bir müddət psixoloji müalicə aldım. Normal adam o əzablara tab gətirə bilməz…”

    ***

    Qadın susdu. Mən də susdum. Nə yazacağımı bilmirdim. Təsəllimi edim, ovudummu, “hər şey qabaqdadır”, -deyimmi? İkimiz də bilirik ki, yaşananlar yaşanıb. Daha bir həyat yaşamaq lazımdır ki, o ağrıları ruhundan, bədənindən, ürəyindən qoparasan. Çapıqlar problem deyil. Ağrılı olan yaddaşın cızıqları, çapıqlarıdır…

    Mənbə: Lent.az

  • Əli Həsənovun daha bir nəvəsi ilə bağlı qalmaqal – FOTO + VİDEO

    Sumqayıtda “yaşıl soyqırım” törədən şəxs Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, baş nazirin müavini Əli Həsənovun nəvəsi Emil Həsənlidir.

    “Qafqazinfo” xəbər verir ki, bu haqda məlumatı “Yeni Müsavat” yayıb. Qəzet yazır ki, bir neçə gün əvvəl redaksiyaya edilən şikayətdə Sumqayıt şəhərində, Səməd Vurğun küçəsi ilə Cəlil Məmmədquluzadə küçəsinin kəsişməsində böyük bir yaşıllıq zolağının məhv edildiyi bildirilirdi. “Yaşıl terror” beşinci mikrorayonda, köhnə Sumqayıt parkının ərazisində baş verib.

    Qəzet əməkdaşı ərazidə olduğu zaman müşahidə edib ki, təqribən 50 sota yaxın ərazidə 100-ə yaxın şam ağacı məhv edilib. Yaşıllıq ərazi 24/138 və 24/139 saylı binaların yaxınlığında yerləşdiyi üçün, hadisə sakinlərin gözü önündə baş verib.

    Adıçəkilən binaların sakinləri bildiriblər ki, onlar uşaqlıqdan bu parkın ərazisində yaşayıblar: “Sovet dövründə atalarımızın, babalarımızın bu ağacların əkilməsində zəhməti böyük olub. Sumqayıt günü-gündən abadlaşır, gözəlləşir. Ancaq bəzi insanlar şəxsi məqsədləri üçün yaşıllıqları məhv edib, 100-dən çox ağacı kökündən kəsiblər. Kəsdiklərini kəsiblər, kəsə bilmədiklərinin üzərini torpaqla basdırıblar. Bəzilərinin izlərini belə tapmaq mümkün deyil. Qanunsuz əməllərini beləcə ört-basdır edirlər”.

    O da aydın olub ki, icra başçısının göstərişi ilə məhv edilən çoxillik ağacların yerində tinglər əkilib.


    Adının çəkilməsini istəməyən sakin Sumqayıt şəhər rəhbərliyinin məsələni şəxsən nəzarətə götürdüyünü bildirdi: “Təqribən 3-4 gün öncə buraya xeyli sayda rəsmi şəxslər gəldi. Sonradan məlum oldu ki, ağacların kəsilməsinin səbəbini araşdırmaq üçün şəhər rəhbərliyi, Sumqayıt şəhər prokuroru əraziyə gəlib”.

    Sakinlər bildirir ki, mərhum prezident Heydər Əliyevin vaxtilə saldırdığı yaşıllıq zolaqlar onun çörək verdiyi, vəzifəyə təyin etdiyi məmurların ərköyün övladlarının tamahının qurbanına çevrilib: “Belə çıxır, Ulu Öndərin əkdirdiyi ağacları, ondan yadigar qalan yaşıllıqları Əli Həsənovun ərköyün nəvəsi məhv edib, yerində obyekt tikdirir. 6-7 ay öncə Əli Həsənovun başqa bir nəvəsi avtoqəza edib neçə adamın həyatına son qoydu. Biz gözləməzdik ki, bu cür qalmaqaldan sonra bu ailənin bəzi üzvləri yenidən belə əmələ yol verərlər. Vallah mat qalırıq bu cür məmurların rəftarına. Prezidentdən nümunə götürsünlər. İlham Əliyev dəfələrlə məmurlara xəbərdarlıq edib, onlara təpinib ki, özlərini xalqın xidmətçisi kimi aparsınlar, görünür, bəzi məmurlar bundan nəticə çıxarmaq əvəzinə, daha betər işlərlə məşğuldular”.

    Xatırladaq ki, Ə.Həsənovun qardaşı İlyas Həsənov Sumqayıt Yaşıllaşdırma İdarəsinin rəisidir. Deyilənə görə, E.Həsənlinin atası hüquq-mühafizə orqanlarında yüksək vəzifə tutur.

    Qəzet yazır ki, artıq faktla bağlı hüquq-mühafizə orqanları araşdırmalara başlayıb.

  • Qənirə Paşayeva Orduxanla çəkilən selfie fotosundan DANIŞDI

    Milli Məclisin deputatı Qənirə Paşayeva Hollandiyada yaşayan müxalifətçi bloger Orduxan Teymurxanın sosial şəbəkələrdə onunla olan fotosunu paylaşmasına münasibət bildirib.

    “Ölkə.Az”ın məlumatına görə, Q.Paşayeva həmin fotonun bir neçə il öncə Avropa Şurasının iclaslarında iştirakı zamanı çəkildiyini söyləyib:

    “Avropa Şurasında xeyli zaman əvvəl iclasa tələsərkən bir azərbaycanlının “sizinlə foto çəkdirəcəm”,- deyərək qəfil kənardan çəkdiyi bir selfie fotonu və elə o fotoda onun necə bir şəraitdə çəkildiyini görmək mümkün olduğu halda ağlına gələni yazaraq guya mənim əleyhimə təbliğat aparmaq düşüncəsinə düşənlərə sadəcə bunu söyləmək istəyirəm:

    Millətimiz hər şeyi yaxşı görür və bilir. Hər hansı tədbirlərdə bizə yaxınlaşaraq foto çəkdirmək istəyən bəzən onlarla soydaşımızdan orada kimliyini sorğulamağın mümkünsüzlüyünü, onların hamısını tanımağın, nə ilə məşğul olduğunu araşdırmağın imkansızlığını, və yaxud kənardan yaxınlaşaraq qəfil sizinlə uzaqdan bir selfi kadrı çəkən insanla bağlı araşdırma aparmağın mümkunsüzlüyünü də insanlar gözəl başa düşürlər. Odur ki, özünüzü bu qədər gülünc yerinə qoymayın!”.

    Xanım deputat sosial şəbəkələrdə ona qarşı qarayaxma kampaniyası aparan şəxslərə də sərt cavab verib:

    “Bir az əvvəl İzmirdə Xocalı soyqırımı tədbiri sonrası dostlar mənə əleyhimə bəzi “mənbə”lərin başlatdığı şər-böhtan, qara piar kampaniyası haqqında bəzi yazılar göstərdilər. Nə deyim, Allah sizə ağıl versin! O qədər ağılsızsınız ki, ağıllı, məntiqli bir qaralama kampaniyası da düşünə bilmirsiniz. Nə zaman işğalçı Ermənistanla bağlı, separatçılarla bağlı, qardaş Türkiyəyə qarşı olan terrorçu təşkilatlarla bağlı sərt açıqlamalarım geniş yayılır, əleyhimə hansısa mənbələrin təbliğatı, şər-böhtan kampaniyası da başlayır. Bəzi kimliyini bildiyim şəxslər mənə bəlli səbəblərdən dolayı yandaşları vasitəsilə əleyhimə bu cür şər-böhtanları yayma fəaliyyəti aparır. Adınızı açıqlamaq o qədər çətin deyil. Sadəcə adınızı yazmağıma belə layiq deyilsiniz. Mən Türk qızıyam. Allahdan belə qorxmadan şər-böhtan,yalanla məşğul olanlardan və onların anti-təbliğatlarından qorxsaydım, illərlə Dövlətim, Vətənim və Millətim üçün mübarizə apara bilməzdim. Çünki illərlədir bu cür yalanlarla, şər-böhtanlarla mənə təsir etmək istəyənlər az olmadı”.