Month: Mart 2018

  • Ərdoğan Fransaya səsləndi: “Sən kimsən ki?”

    Türkiyə prezidenti Ərdoğan Fransanın “Suriya Demokratik Qüvvələri” ilə vasitəçilik etmə təklifinə sərt reaksiya verib.

    Median.Az xəbər verir ki, Ərdoğandan başqa xarici işlər naziri Mevlud Çavuşoğlu da Fransaya qarşı sərt açıqlama verib.

    Ərdoğan deyib: “Fransa həddini və boyunu aşan açıqlama verib. Siz kimsiniz ki? Fransanın hərəkətinə üzülürəm. Ötən həftə Makronla danışdım, gördüm qəribə şeylər danışır. Amma cavabını verdim. Bizi terrorçularla əsla qəbul edə bilməyəcəyimiz bir yerə oturtmaq heç kəsin həddi deyil”.

  • Rusiyadan Avropaya əks həmlə

    Rusiya Xarici İşlər Nazirliyi bir neçə ölkənin diplomatlarının ölkədən çıxarılması barədə qərar verib.

    Median.Az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, adıçəkilən ölkə dörd polşalı diplomatın aprelin 7-nə kimi ölkədən çıxarılmasını tələb edib.

    Bununla yanaşı, iki italiyalı və bir finlandiyalı diplomatın da ölkədən çıxarılması barədə qərar qəbul olunub.

    Qeyd edək ki, martın 4-də Rusiya Baş Təhqiqat İdarəsinin keçmiş casusu Sergey Skripal və qızı Yuliya Böyük Britaniyanın Slosberi şəhərinin mərkəzində huşsuz vəziyyətdə tapılıb. Britaniya hökuməti hər iki şəxsin zəhərləndiyini bildirib.

    Ümumilikdə 150 rusiyalı diplomat bu ölkələrdən çıxarılıb.

  • Kürdəmirdə xalça istehsalı emalatxanasının tikintisinə pul ayrılıb

    Prezident İlham Əliyev Kürdəmir rayonunda xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

    Kürdəmir rayonunda xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturunun yaradılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.49.5-ci yarımbəndində göstərilmiş məbləğin 2,0 (iki) milyon manatı “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

  • Bayram qurtardı, bazarlarda qiymətlər enmədi – FOTO

    Ekspertə görə, yeni mövsüm başlayana qədər qiymət artımı davam edəcək

    Bayram qurtarsa da, ərzaq və kənd təsərrüfatı məhsullarında ucuzlaşma müşahidə edilmir. Mağaza və bazarlara üz tutanlar  yenə bahalıqdan gileylidirlər. Artıq mağazalarda və bazarlarda çiyələk, alça, qarpız kimi mövsümə uyğun olmayan meyvələrə də rast gəlinir. Ancaq qiymətinə baxdıqda heç də hər kəsin cibinə uyğun olmadığını müşahidə etdik.

    Məsələn, çiyələyin 250 qramlıq bağlaması 6 manata satılır. Alçanın qiyməti isə müxtəlifdir. Elə alça var ki, dənə ilə 50 qəpiyə, elə alça da var ki, qablaşdırılmada satılır. Gavalının kiçik qablaşdırmada olan qiyməti isə 10-15  manat arasında dəyişirdi. Bir sıra mağazalarda isə bu cür meyvələr göz önünə qoyulmayıb. Sadəcə olaraq elanı yazılıb ki, satışda bu meyvə var. Satıcılar bu cür mövsümə uyğun olmayan meyvə-tərəvəzi daha çox xəstə və hamilə qadınların aldığını dedilər.

    Satıcılar israrla bu cür meyvələrin xaricdən gətirilmədiyini və Bakıda istixanalarda yetişdirildiyini, tam təhlükəsiz olduğunu deyirlər. Digər ərzaq məhsullarına nəzər saldıqda da qiymətlərdə heç bir endirim müşahidə edilmir. Hətta elə məhsullar var ki, onların qiyməti  bahalaşıb. Məsələn, ən ucuz məhsul hesab edilən göyərtinin 1 dəstəsi 20 qəpik, cəfəri 30 qəpik, Türkiyə limonu 40 qəpik, yerli limonun bir ədədi 80 qəpik, alma 1-3 manat arası, portağal 1 manat 50 qəpik, mandarin 3-4 manat arası, pomidor 5-7 manat, xiyar 4-5 manat, kartof 90 qəpik, 1 manat 50 qəpik arası, soğan 70-90 qəpik arasında dəyişir. Yağların, çayların qiymətində də heç bir dəyişiklik yoxdur. Maraqlısı isə odur ki, bazarlarda alıcılarla yanaşı, satıcılar da narazıdır.

    “Yaşıl bazar”da çiyələk satan Emin Məmmədov alıcılıq qabiliyyətinin çox aşağı olduğunu dedi: “Çiyələk və digər meyvələr çürüyüb gedir. Alıcı yoxdur. Almalar da artıq büzüşür. Alıcı görəndə sevinirik. Nəsə almaq istəyənə məcbur olub öz qiymətinə, bəzən ondan da ucuz verirəm ki, malım əlimdə qalmasın. Çox güman ki, bu cür qiymətlər yaya qədər davam edəcək. Qarpız da satırıq, ancaq almağa qorxurlar. Amma bunlar tam təhlükəsizdir və istixanalarda yetişdirilib. Mən özüm də evdə uşaqlarımla birgə yemişəm”.

    Alıcı Zülfiyyə Quliyeva isə deyir ki, yayda bütün ərzaqlar sudan ucuz olacaq: “Qiymətlər çox bahadır. Bayramda başa düşdük ki, baha olsa da, hər kəs nələrsə alıb bayramı yola verəcək. Bundan istifadə edən satıcılar da qiyməti artırdılar. Bəs niyə indi düşmür? Biz demirik ki, qəpik-quruşa sat. Ən azından bayramdan öncəki qiymət nə idisə, onu qoysunlar. Yayda hər şey bol və ucuz olacaq. Bir az da gözləyək. Boşuna deməyiblər kasıbınkı yaydır”.

    Maraqlıdır, ərzaq və kənd təsərrüfatı məhsullarında hər kəsin cibinə uyğun olan qiymətləri nə vaxt müşahidə edə biləcəyik?

    İqtisadçı ekspert Natiq Cəfərli ərzaq və kənd təsərrüfatı məhsullarının qiymətində iyunun əvvəllərində endirim müşahidə ediləcəyini bildirdi: “Azərbaycanda ərzaq məhsullarının bahalaşması yalnız Novruz bayramı ilə əlaqədar olmadı. İstənilən bayram öncəsi qiymətlərdə kəskin artım olur. Bu artım da uzun zaman, yəni bayramdan sonra da, yeni mövsüm başlayana qədər davam edir. Çox güman ki, bu dəfə də belə olacaq. Yeni mövsüm başlayana qədər, yeni kənd təsərrüfatı məhsulları çıxana qədər qiymət artımı davam edəcək. Bu da may ayının sonu, iyunun əvvəllərinə təsadüf edir. Yəni bolluq o dövrlərə təsadüf edir. Çox güman ki, aprelin əvvəllərində ilk nübarlar çıxacaq və bunların da qiyməti fantastik dərəcədə baha olacaq. Hər il belə olub. İlk nübar meyvələrin qiyməti iki rəqəmli olacaq. Biz bunu hər il olduğu kimi bu il də bazarlarda görəcəyik. Amma bu, yayın əvvəlinə qədər davam edəcək. Mayın sonundan, iyunun əvvəlindən başlayaraq kənd təsərrüfatı məhsullarının qiymətində aşağı düşmələri görəcəyik. Bu, sentyabr, oktyabr aylarına qədər davam edəcək. Oktyabrdan sonra yenidən qiymət artımının növbəti fazasına daxil olacağıq”.

    Cəfərli bunun hər il təkrarlanan və həllin tapmayan problem olduğunu dedi: “Bu problemin həllini tapması üçün bölgələrdə soyuducuların olması lazımdır. Payızın sonuna yaxın çürüyən meyvə-tərəvəzlər olur. Bu dəfələrlə mediada da işıqlandırılıb. Bunların toplanıb soyuducularda qış mövsümünə saxanılması və qış mövsümündə də bazarlara çıxarılması problemi uzun illərdir ki, həllini tapmır. Bir neçə soyuducular tikilib. Amma bu problemi həll etmir. Onlarla, yüzlərlə belə soyuducuların olması lazımdır ki, payızın sonunda meyvə-tərəvəzlərin normal temperaturda, normal şərtlərdə saxlanılmasına imkan yaransın və təqribən qış aylarında yeni mövsüm məhsulları çıxana qədər bazara çıxıb həm bolluq yaransın, həm də qiymət tənzimlənsin. Bu illərdir baş vermir. Bu il də bunun baş verəcəyini düşünmürük. İyun ayından qiymətlərdə mövsümi xarakterli endirimlər olsa da, noyabrdan başlayaraq növbəti mövsümə qədər qiymətlərdə yenidən bahalaşmanı müşahidə edəcəyik”. //musavat.com

  • Azərbaycan çempionatının oyunları güclü küləyə görə təxirə salınıb

    Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının IX turunun bu gün keçirilməli olan oyunları təxirə salınıb.

    Azərbaycan Voleybol Federasiyasından “Report”a verilən məlumata görə, buna paytaxtdakı güclü küləkli hava şəraiti səbəb olub. Qurumdan bildirilib ki, matçların təşkil olunduğu Voleybol Mərkəzi konstruksiyalı idman qurğusu olduğundan, güclü külək şəraitində qəzanın baş vermə ehtimalı var. Ona görə də oyunların təxirə salınması məqsədəuyğun sayılıb. Turun görüşləri aprelin 2-də keçiriləcək və eyni saatda başlayacaq.

    Qeyd edək ki, IX tur çərçivəsində “Lokomotiv” – AVF və “Abşeron” – “Azərreyl” matçları keçiriləcək. Qarşılaşmalar, müvafiq olaraq, saat 15:00-da və 17:00-da başlayacaq.

  • Ağdaşda körpə pilləkəndən yıxılaraq ölüb

    Ağdaş rayonunda körpə yıxılaraq ölüb.

    Median.Az “Report”un Qərb bürosuna istinadən məlumatına görə, hadisə rayonun Qaradeyin kəndində baş verib.

    Belə ki, həmin kəndin sakini yaşyarımlıq körpə, Mahmudova Nəzifə Coşqun qızı yaşadığı evdə pilləkəndən yıxılaraq boynu sınıb. O, xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Hava şəraiti ilə əlaqədar Azərbaycanın bütün limanlarında gəmilərin çıxışına və girişinə qadağa qoyulub

    Martın 28-də Hidrometeoroloji Proqnozlar Bürosundan təhlükəli hidrometeoroloji hadisə haqqında xəbərdarlıq Milli Mərkəzə daxil olub.

    Median.Az “Report”-a istinadən xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin açıqlamasında bildirilir.

    Məlumatda həmçinin deyilir ki, Milli Mərkəz gözlənilən hava şəraitini nəzərə alaraq məntəqələrdə gücləndirilmiş iş rejimi prosedurlarına əsasən, dənizdə təhlükəsizliklə bağlı müvafiq qabaqlayıcı tədbirlər həyata keçirib.

    1. Müvafiq qaydada Azərbaycan, ingilis və rus dillərində Xəzər dənizində istismarda olan bütün gəmi və dəniz platformalarına xəbərdarlıq ötürülüb.

    2. Azərbaycan Respublikasının bütün limanlarına hava şəraiti ilə əlaqədar gəmilərin çıxışına və girişinə qadağa qoyulub.

    3. Azərbaycan Respublikasnın limanlarında duran bütün gəmilərə məlumat çatdırılıb.

    4. Dənizdə olan bütün gəmilər Milli Mərkəz tərəfindən nəzarətə götürülüb və onlarla dayanaqlı ikitərəfli rabitə əlaqəsi yaradılıb.

    5. Təhlükəli hava şəraitini nəzərə alaraq dənizdə olan bütün gəmilər xüsusi sığınacaqlara (lövbər rayonları) yerləşdirilib və operatorlar tərəfindən daimi nəzarət həyata keçirilir.

    6. Azərbaycan Respublikasının ərazi sularında faktiki vəziyyətə nəzarət etmək üçün sahilboyu quraşdırılmış texniki avadanlıqlar vasitəsilə küləyin istiqaməti, gücü və video kameralar vasitəsilə dalğanın hündürlüyü və görünüş məsafələri Milli Mərkəz tərəfindən daimi izlənilir.

    7. Azərbaycan Respublikasının ərazi sularından kənarda Azərbaycan bayrağı altında üzən gəmilər ilə rabitə əlaqəsi test edilib və müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib.

    8. Bütün gəmilərlə daimi rabitə əlaqəsi mövcuddur. Hər hansı bir qəza halı baş verdikdə Milli Mərkəzin koordinasiyası ilə müvafiq prosedurlara əsasən, lazımi tədbirlər həyata keçiriləcək.

    9. Gəmilərin Hərəkətinin İdarəedilməsi Xidmətinin operatorları belə şəraitdə görülməsi mütləq olan tədbirlərə nəzarəti həyata keçirir.

    Daxil olan məlumata əsasən, 31 mart 2018-cil il tarixində günün ikinci yarısından küləyin sürətinin təhlükəsiz səviyyəyədək azalması gözlənilir.

  • Daha bir məktəblini maşın vurdu

    Balakəndə dərsdən evə gedən 2-ci sinif şagirdini maşın vurub.

    Bu gün saat 11:30 radələrində Balakən şəhəri, Nizami adına tam orta məktəbinin 2-ci sinif şagirdi, rayonun Qullar kənd sakini 2010-cu il təvəllüdlü Şirin Əli oğlu Ərbasyev yolu keçmək istəyən zaman taksi fəaliyyəti ilə məşğul olan, rayonun Mahmalar kənd sakini Şirin Yekıyev idarə etdiyi “VAZ 21064” markalı 08 BJ 107 dövlət nömrə nişanlı minik avtomobili ilə vurulub.

    Sürücü xəsarət alan azyaşlını Balakən Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparıb. MRX-dan APA-ya verilən məlumata görə, Şirin Ərbasyevə sağ çanaq sümüyünün sınığı diaqnozu qoyulub, vəziyyəti ora-ağır qiymətləndirilir.
    Faktla bağlı Balakən rayon Polis Şöbəsində araşdırma aparılır./apa.az

  • Anar Nağılbazın atası oğlunun porno videosu haqda danışdı

    Azərbaycanın tanınmış rep ifaçısı Anar Nağılbazın eks-xanımı Anjelika Cəbiyeva Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (Bandotdel) çağırılıb. 

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu haqda Anjelika Cəbiyevanın özü məlumat verib.

    O, keçmiş qayınatası, eks-deputat Rizvan Cəbiyevin ondan şikayətçi olduğunu söyləyib:

    “Rizvan müəllim, keçmiş qayınatam məndən şikayətçi olub. Guya, onların evinə getmişəm, hədə-qorxu gəlmişəm. Mən kiməm ki, hədə-qorxu gələm? Bu günə kimi heç kəsdən şikayətçi olmamışam, Rizvan Cəbiyevlə isə heç vaxt problemim olmayıb. Həmişə qeyd eləmişəm ki, o, övladlarıma dəstək olub. Ancaq keçmiş qayınatamın məni “Bandotdel”ə şikayət etməsinə şoka düşdüm. Məni niyə görə çağırıblar? Anar deyir ki, qanun biz tərəfdəndi, deputat oğluyam. Bəli, bunun şahidi də olmuşam. Hər yerdə təzyiq göstəriblər. Mənim problemim Anarladır, iki övladımız var. Deyirəm ki, övladlarına atalıq etsin”.

    A.Cəbiyeva iki gün əvvəl sabiq deputatla üzləşdiyini qeyd edib:

    “İki gün bundan əvvəl üzləşmədə olduq. Heç bir məntiqə uyğun sözlər deyilmədi. Müstəntiq də şahid oldu. Rizvan müəllim gördü ki, haqlıyam.  Dedi ki, mənimlə baş-başa gəlmə, nələrə qadirəm, bilmirsən. Oğlu bir yandan, atası da bir yandan hədələyir. İndi qərar verilməlidir. Onların təzyiqi olmasa, haqq öz yerini tapacaq”.

  • Bakıda günü 500 manat olan eyvanlar – VİDEO

    Bununla bağlı internetdə və kirayə bazarında elanlar yerləşdirilib

    Median.Az Real TV-ə istinadən xəbər verir ki, 27-29 aprel tarixləri arasında Bakıda keçiriləcək “Formula-1” yarışlarına az qalmış trekin keçdiyi ərazilərdə yarış zolağına baxan eyvanlara maraq artıb. Bununla bağlı internetdə və kirayə bazarında elanlar yerləşdirilib.

    Evlərinin eyvanını icarəyə vermək istəyən paytaxt sakinləri mənzillərində hazırlıq işlərinə başlayıb. İcarə təklifləri əsasən bir neçə saat, bir gün və ya üç gün müddətdən ibarətdir.

    Belə eyvanlardan yarışı izləyənlərə çay, kofe, hətta yemək də təklif olunacaq. Qiymətlər isə qarşılıqlı razılıq əsasında müəyyənləşdiriləcək. Üstəlik, eyvanlarda televizor da qoyulacaq ki, qonaqlar trekin görünməyən ərazilərini izləyə bilsinlər.

    “Formula-1” əməliyyat komitəsinin sözçüsü Nigar Arpadarai bildirib ki, belə eyvanların sakinlər tərəfindən icarəyə verilməsində heç bir qadağa yoxdur.

    Sadəcə olaraq, ev sahibləri hər hansı yad əşyanın oyun zolağına atılmamasına diqqət etməlidirlər. Əks halda bu şəxslər məsuliyyətə cəlb ediləcəklər.

    Daha ətraflı videomatrealda tanış ola bilərsiz.