Month: Mart 2018

  • Restoran və kafelərdə qidalanmağın təhlükəsi açıqlandı

    Restoran və kaferlərdə tez-tez yemək yeyən insanlar daha çox kimyəvi maddələrin təsirinə məruz qalır.

    Median.Az
    xəbər verir ki, belə bir nəticəyə ABŞ-ın Corc Vaşinqton universitetinin alimləri gəlib.

    Araşdırmanın nəticələri “Environment International” jurnalında dərc olunub.

    Tədqiqat qrupunun üzvü Ama Zotanın sözlərinə görə, evdə bişməyən qidanın tərkibində daha çox ftalatlar olur.

    Ftalat tipli sintetik polimerlərdən müxtəlif qab-qacaqlar, oyuncaqlar, tibb avadanlıqlarının (qanın köçürülmə sistemi) hazırlanmasında plastifikator kimi, həmçinin lak, parfyumeriya, həşəratlara qarşı repellentlər istehsalında istifadə edilir.

    Adı çəkilən kimyəvi maddələr duz və ftalat turşusunun efirlərindən ibarət olub, insan orqanizmində hormonların fəaliyyətində pozuntular yaradır və müxtəlif xəstəliklərin meydana gəlməsinə səbəb olur.

    Zota və həmkarları araşdırma zamanı Əhalinin sağlamlığının və qidalanmasının milli araşdırma mərkəzinin (ABŞ) 2005-2014-cü illər ərzində topladığı materiallardan istifadə edib. Sorğuda 10 mindən çox insana son günlər ərzində harada, nə yedikləri sualı verilib. Respondentlərin 60 faizindən çoxu evdə yemədiklərini bildirib.

    Bundan sonra mütəxəssislər insanların qəbul etdiyi qidalarla, orqanizmdə olan ftalat miqdarını müqayisə edib. Müəyyən edilib ki, evdə qidalanan insanlarla müqayisədə tez-tez kafe və restoranlarda yemək yeyən insanların orqanizmində ftalat miqdarı 35 faiz çox olub.

    “Hamilə qadınlar, uşaqlar və yeniyetmələr hormonların fəaliyyətini pozan kimyəvi maddələrin toksik təsirlərinə daha həssasdır. Ona görə onların təsirini məhdudlaşdırmağın yolunu tapmaq lazımdır” deyə tədqiqat qrupunun rəhbəri bildirib.

    Ftalatlar restoran və kafelərdə geniş istifadə olunan əşyaların o cümlədən, əlcəklərin, yemək konteynerlərinin, müxtəlif mətbəx texnikasının tərkibində olur.

  • ABŞ viza qaydalarını dəyişdirir

    ABŞ xarici işlər nazirliyi viza almaq istəyənlər üçün yeni qaydalar müəyyənləşdirib.

    Median.Az xəbər verir ki, ABŞ tərəfi təhlükəsizlik incələmələrini genişlətmək məqsədi ilə viza üçün müraciət edənlərin sosial şəbəkə məlumatları, köhnə elektron poçt ünvanlarını və telefon nömrələrini tələb edəcək.

    Müraciət edənlər siyahıda adı qeyd edilən sosial şəbəkə platformalarında son beş il ərzində açdıqları səhifələrin adlarını qeyd etməli olacaqlar.

    Bundan başqa son 5 il ərzində istifadə edilən elektron ünvan və telefon nömrələri də tələb ediləcək. Bundan başqa müraciət anketində tələb ediləcək digər bir məlumat da ailə üzvlərindən kiminsə adının hansısa bir terror hadisəsinə qarışıb-qarışmadığı olacaq.

    Əgər nazirliyin təklifi qəbul edilsə, hər il ABŞ vizası üçün müraciət edən 15 milyon insan bu məlumatları da vermək məcburiyyətində qalacaq.

  • Azərbaycana bu il gələn turistlərin sayı açıqlandı

    2018-ci ilin yanvar-fevral ayları ərzində Azərbaycana dünyanın 139 ölkəsindən 352,5 min və ya ötən illin müvafiq dövrü ilə müqayisədə 12,1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

    Median.Az xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesablamalarına görə, gələnlərin 29,3 faizi Rusiya Federasiyası, 24,9 faizi Gürcüstan, 13,8 faizi Türkiyə, 8,0 faizi İran, 3,7 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,1 faizi Ukrayna, 2,0 faizi İraq, 16,1 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 71,0 faizini kişilər, 29,0 faizini isə qadınlar təşkil edib. Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin 52,8 faizi yanvar, 47,2 faizi fevral ayında ölkəyə gəlib.

    İran istisna olunmaqla, Körfəz ölkələrindən gələnlərin sayında daha çox artım müşahidə edilib. Ötən ilin yanvar-fevral ayları ilə müqayisədə ölkəmizə gələn Küveyt vətəndaşlarının sayı 6,0 dəfə, Qətər vətəndaşlarının sayı 2,6 dəfə, Bəhreyn vətəndaşlarının sayı 2,5 dəfə, Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 2,5 dəfə, Oman vətəndaşlarının sayı 1,8 dəfə, İraq vətəndaşlarının sayı 1,7 dəfə, Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının sayı 1,3 dəfə artıb. İrandan gələnlərin sayında 26,7 faiz azalma müşahidə edilib.

    2018-ci ilin yanvar-fevral aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı ötən ilin yanvar-fevral aylarında gələnlərin sayına bərabər olmaqla 11,3 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 4,6 faiz artaraq 123,0 min nəfər olub.

    Bu dövrdə ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 62,8 faizi dəmir yolu və avtomobil, 36,3 faizi hava, 0,9 faizi isə su nəqliyyatından istifadə edib.

    2018-ci ilin yanvar-fevral aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,6 faiz azalaraq 583,0 min nəfər olub. Ölkə vətəndaşlarının 32,0 faizi Gürcüstana, 26,0 faizi İrana, 22,4 faizi Rusiya Federasiyasına, 12,6 faizi Türkiyəyə, 1,9 faizi Ukraynaya, 1,4 faizi Birləşmiş Ərəb Əmirliklərinə, 3,7 faizi isə digər ölkələrə səfər edib. Səfər edənlərin 71,1 faizi kişilər, 28,9 faizi isə qadınlar olub.

    Cari ilin yanvar-fevral aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan vətəndaşlarının 79,2 faizi dəmir yolu və avtomobil, 19,8 faizi hava, 1,0 faizi isə su nəqliyyatından istifadə edib.

  • Bakı sakinləri 3 milyard manata yaxın bazarlıq edib

    2018-ci ilin yanvar-fevral aylarında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,0 faiz artaraq 6,3 milyard manat təşkil edib.

    Bakı şəhər Statistika İdarəsindən verilən məlumata görə, sənaye məhsulunun 85,5 faizi mədənçıxarma, 12,1 faizi emal, 1,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

    Sənayedə qeyri-dövlət sektorunun payı 84,2 faiz olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 87,0 faiz, xidmətlərin göstərilməsi isə 13,0 faiz təşkil edib. İstehsal edilən məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 mart 2018-ci il vəziyyətinə 326,9 milyon manatlıq hazır məhsul ehtiyatı olub. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 26,9 milyon manat məbləğində digər məhsullar da mövcud olub.

    2018-ci ilin yanvar-fevral aylarında ticarət dövriyyəsinin həcmi 2017-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 3,1 faiz artaraq 2858,7 milyon manat olub. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,6 faiz artaraq 1332,1 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3,0 faiz artaraq 1526,6 milyon manata bərabər olub.//Ölkə.az

  • İsrail-Qəzza sərhədində gərginlik — Ölənlər var

    Minlərlə fələstinli İsrail işğalına qarşı müqavimətin simvoluna çevrilən “Torpaq Günü”nün 42-ci ilində aksiya üçün hərəkət keçib.

    Median.Az xəbər verir ki, İsrail tərəfi bu aksiyaya gözyaşardıcı qaz və güllələrlə müdaxilə edib. İlkin məlumatlara görə, 3 nəfər həlak olub, 300 nəfər xəsarət alıb.

    Aksiyadan bir neçə saat əvvəl isə, İsrail tankının atəşi nəticəsində bir fermer həlak olub. Ölən şəxs 27 yaşlı Amr Samurdur.

  • Nazir istefaya çağırıldı – Milli Məclisdə

    Bu gün Milli Məclisin iclasında Xarici İşlər naziri Elmar Məmmədyarovun istefası təklif edilib.

    Parlamentdə nazirin istefasını gündəmə gətirən millət vəkili Fəzail Ağamalı açıqlamasında bildirib ki, bu tələbin səbəbi nazirin fəaliyyətinin qənaətbəxş olmamasıdır.

    “Azərbaycan torpaqları illərdir ki, işğal altındadır. Ermənistan sülh və danışıqlar yolu ilə işğala son qoymaq istəmir. ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistanı himayə edir, təzyiqlər göstərmir. Elmar Məmmədyarov isə öz fəaliyyəti ilə Ermənistanın işğalçılıq siyasətinə mane ola bilmir. Bu iki amil Azərbaycan torpaqlarının işğaldan sülh yolu ilə azad olunmasına ciddi maneə törədir. Bizim görünən çıxış yolumuz təbii ki, ölkə prezidentinin söylədiyi kimi diplomatiyamızı gücləndirməklə bərabər, iqtisadiyyatımızı daha yüksək səviyyəyə qaldırmaq, potensialımızı artırmaq və güclü ordu yaratmaqdır”, – deputat deyib.

    F.Ağamalı qeyd edib ki, hazırda torpaqlarımızı azad etmək üçüm yeganə çıxış yolu hərbi yola müraciət etməkdir:

    “Elmar Məmmədyarovun 14 illik fəaliyyəti əslində Minsk Qrupunun Ermənistanı himayə etmək siyasətini stimullaşdırmaqdan ibarət olub. Biz ölkə prezidentinin bütün diplomatiyasının Xarici İşlər Nazirliyi səviyyəsində davam etdirilməməsinin şahidiyik. Yəni Elmar Məmmədyarov nazir olaraq daha kəskin şəkildə mövqe ortaya qoymalıdır. Məmmədyarov ola bilsin ki, beynəlxalq hüququ, diplomatik etiketləri yaxşı bilir. Nazirlərin görüşündə Nalbəndyanın sifətindən zəhər yağır, lakin Elmar Məmmədyarov ona baxaraq təbəssüm göstərir. Nalbəndyan sənin torpaqlarını işğal edən ölkənin naziridir. Axı onun üzünə niyə gülürsən?!”

    Millət vəkili vurğulayıb ki, bizə protokol qaydalarından daha çox, ölkə prezidentinin qətiyyətli mövqeyini yüksək səviyyədə həyata keçirəcək XİN rəhbəri lazımdır. Onun yerinə kimin gəlməsi məsələsi isə ölkə prezidentinin səlahiyyətindədir:

    “Elmar müəllimin Azərbaycan xalqı qarşısında ən böyük xidməti o olardı ki, öz təşəbbüsü ilə istefaya getsin.

    Hər halda, mənə elə gəlir ki, çıxışıma əks reaksiya verən olmadı. Real fakta söykənərək bütün bunları dedim. Yeni nə isə bir şey kəşf etməmişəm. Minsk Qrupu həmsədrləri Ermənistanı müdafə edir. Sən niyə onlara qarşı sərt mövqedən çxış etmirsən? Demək istəyirsən ki, bu torpaqlar Ermənistana qalmalıdır? Ayıbdır. Bacarmırsan, kənara dur. Qoy bacaran gəlsin, bu problemin həllində cənab prezidentə kömək etsin. Mən hər zaman dediyimin üstündə dayanıram. Bunu əvvəllər də demişəm, bundan sonra da deyəcəm.

    Vaxtilə Fatma Abdullazadə haqqında da deyirdim ki, bu adam Azərbaycan təhsilinə böyük zərbələr vurur. Sonradan məlumatlar yayıldı ki, filan qədər pulla cinayətə yol verib. Yəni bu cür məmurlardan özləri nəticə çıxarmalıdır. Qardaşım, anam, bacım, xalqa xidmət edə bilmirsənsə, get yerini tap. Prezidentin çağırışlarına cavab verə bilmirsənsə, sənin idarəçilikdə nə işin var? Prezident deyir ki, Azərbaycan işğal olunmuş tarixi torpaqlarına qayıdacaq. Bəs sən nazir bunu niyə dilinə gətirmirsən, nə mane olur?

    Mənim Elmar bəylə şəxsi heç bir problemim yoxdur. Bu dediklərimi hər bir azərbaycanlı düşünür və görür. Mən də millət vəkili olaraq vətəndaşlıq mövqeyimi ortaya qoydum”.//Axar.az

  • XİN 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

    Xarici İşlər Nazirliyi (XİN) 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb.

    Nazirlikdən bildirilir ki, Martın 31-i Azərbaycanda azərbaycanlıların soyqırımı günü kimi qeyd olunaraq 1918-ci ilin martında ermənilər tərəfindən Azərbaycanlılara qarşı törədilmiş qanlı qarğının qurbanlarının xatirəsi anılır. “1917-ci ilin oktyabr inqilabından sonra bolşeviklər Bakıda hakimiyyəti ələ keçirdilər və Daşnaksutyun partiyası ilə müttəfiqlik şəraitində yerli vəziyyətə nəzarəti gücləndirməyə çalışdılar. Rusiya bolşeviklərinin rəhbəri Vladimir Lenin etnik erməni olan Stepan Şaumyanı Qafqazın Fövqəladə Komissarı təyin etdi. Mart qırğınları ərəfəsində Bakı soveti və Daşnaksutyun partiyası əks-inqilabçı elementlərə qarşı mübarizə bəhanəsi altında Bakı və ətraf ərazilər boyunca Azərbaycanlıları məhv etmək planını hazırladı. Stepan Şaumyanın etirafına görə Azərbaycanlılara qarşı olan qırğınlarda Bakı sovetinin 6000 və Daşnaksutyun partiyasının 4000 silahlı əsgəri iştirak edib.

    Martın 30-da erməni-bolşevik birləşmələri Bakı şəhərini gəmilərdən atəşə tutdular. Sonra, silahlı erməni daşnaklar yalnız etnik mənsubiyyətlərinə görə Azərbaycanlıların evlərinə basqın edərək onlara qarşı amansız qətliam həyata keçirdilər. Bu dövr ərzində erməni-daşnak birləşmələri Bakı şəhərində və ətrafında 20.000-dən artıq günahsız insanı qətlə yetirdilər. Azərbaycanlılara qarşı törədilən soyqırım Bakı ilə məhdudlaşmadı. Qısa zaman ərzində ermənilər Şamaxı, Quba, İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvan və Qarsda da qırğınlar törətdilər. 1918-ci ilin ilk beş ayı ərzində Qubada xüsusi vəhşiliklə 16.000-dən artıq insan öldürüldü, 167 kənd məhv edildi. Bu kəndlərdən 35-i yer üzündən silinib. Ermənilər həmçinin, Qubada yerli yəhudilərə qarşı qətliam törətdilər. 1918-ci il mart qırğınları Azərbaycanlılara qarşı irqi ayrı-seçkilik və etnik təmizləmə siyasəti əsasında əvvəlcədən hazırlanmış və qəddarcasına həyata keçirilən siyasət idi. 1918-ci ilin mart hadisələri Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra diqqət mərkəzində oldu. Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən Azərbaycanlılara qarşı törədilmiş zorakılığın araşdırılması məqsədilə 15 iyul 1918-ci ildə Fövqəladə İstintaq Komissiyası yaradıldı. Bu komissiyada ruslar, yəhudilər, polyaklar, gürcülər və hətta ermənilər olmaqla müxtəlif millətlər və həmin dövrün ən yaxşı hüquqşünasları təmsil olunurdu. Sübutlar əsasında Fövqəladə İstintaq Komissiyası 128 hesabat və layihə hazırlayaraq, dinc əhaliyə qarşı müxtəlif cinayətlərə görə təqsirləndirilən 194 nəfər barəsində cinayət işi qaldırmışdır. Beləliklə, avqustun ortalarına qədər törətdikləri cinayətlərə görə Bakıda 24 və Şamaxıda təxminən 100 nəfər həbs olundu. Bu, azərbaycanlılara qarşı törədilmiş soyqırım siyasətinin siyasi və hüquqi qiymətləndirməsi üçün atılan ilk addım idi. Amma Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işi tamamlamağa imkan vermədi.

    Azərbaycan Respublikası 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra, 1918-ci ilin mart soyqırımının siyasi qiymətləndirilməsinə davam etdi və ADR-in ədalətin bərpası üçün göstərdiyi səylərini başa çatdırmağı qərara aldı. Faciənin 80-ci ildönümü ərəfəsində Ümummilli lider Heydər Əliyev 31 mart tarixinin matəm günü elan edilməsi barədə fərman imzaladı. Fərman XX əsrin əvvəllərində Azərbaycanlılara qarşı törədilmiş soyqırım aktlarının siyasi və hüquqi qiymətləndirməsinin aparılması üçün əsas sənəd oldu.

    Azərbaycanlıların Soyqırımı Gününün yad edilməsi keçmişdə və hal-hazırda azərbaycanlıların qırğın və etnik təmizləmələrə məruz qalması barədə dünya ictimaiyyətinin məlumatlandırılmasında mühüm rol oynayır. 1980-ci illərin sonlarından başlayaraq, Ermənistan Azərbaycana qarşı müharibəyə başlayaraq və ölkəmizin ərazilərini işğal edərək, Ermənistanda və Azərbaycanın işğal olunmuş ərazilərində milyonlarla azərbaycanlının etnik təmizləməsini həyata keçirərək, çoxsaylı hərbi cinayətlər, insanlığa qarşı cinayət, eləcə də 1992-ci ilin fevralında Xocalı Soyqırımı da daxil olmaqla, soyqırım aktları törədərək mart qırğınını xatırladan siyasəti davam etdirir. Mart qırğınının 100 illiyini yad edərək və günahsız qurbanlarının xatirəsini anaraq, Ermənistanın Azərbaycan xalqına qarşı soyqırım, bəşəriyyət əleyhinə cinayət, irqi ayrı-seçkilik və etnik təmizləməyə əsaslanan məqsədyönlü və davam edən siyasətini kəskin şəkildə pisləyir və bu qəbildən olan qeyri-insani cinayətlərin qarşısının alınması üçün Ermənistanın cəzasızlığına son qoyulmasının vacibliyini bir daha vurğulayırıq”.

  • Suşma Svaraj Bakıya gəlir

    Hindistanın Xarici İşlər naziri Suşma Svaraj Azərbaycana rəsmi səfərə gələcək.

    Median.Az APA-ya istinadən verdiyi xəbərə görə, xanım S. Svaraj 4-6 aprel tarixlərində Bakıda olacaq.

    Rəsmi səfər çərçivəsində S. Svarajın azərbaycanlı həmkarı Elmar Məmmədyarovla ikitərəfli görüşü nəzərdə tutulub. Qonaq aprelin 5-6-da Qoşulmama Hərəkatı çərçivəsində Bakıda keçiriləcək “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda aralıq nazirlər konfransında da iştirak edəcək.

  • Bakıda işləyənlərin sayı açıqlandı

    Bu ilin yanvar ayında Bakı şəhəri üzrə muzdlu işçilərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 5382 nəfər azalaraq 695 251 nəfər olub.

    Bakı şəhər Statistika İdarəsindən verilən məlumata görə, 2018-ci ilin yanvar ayında əvvəlki ilin müvafiq dövrünə nisbətən işçilərin orta aylıq nominal əmək haqqının səviyyəsi 1,7% artaraq 764 manat olub.

    Belə ki, Bakının Binəqədi rayonunda 43 639 nəfər muzdlu işçi çalışır ki, onların da orta aylıq əmək haqqı 435,3 manat təşkil edir. Xətai rayonunda belə muzdlu işçilərin sayı 61 504 nəfər təşkil edib ki, onların orta aylıq əmək haqqı 756,8 manat olub.

    Xəzər rayonunda 29 779 nəfər muzdlu işçi olduğu halda, onların orta aylıq əmək haqqının həcmi 676,5 manat təşkil edib. Qaradağ rayonunda 24 905 nəfər muzdlu işçinin aldığı orta aylıq əmək haqqı 1 044,8 manat olub.
    Paytaxtın Nərimanov rayonunda 65 760 nəfər muzdlu işçi orta hesabla 504 manat əmək haqqı alıb. Nəsimi rayonunda muzdlu işçilərin sayı 152 348 nəfər, orta əmək haqqının həcmi isə 714,4 manat təşkil edib.

    Nizami rayonunda çalışan 42 673 nəfər muzdlu işçinin hər biri orta hesabla 647,9 manat, Pirallahı rayonunda çalışan 8 008 nəfər orta hesabla 1 378,2 manat əmək haqqı alıb.

    Bakının Sabunçu rayonunda 27 018 nəfər muzdlu işçi paytaxt üçün ən aşağı orta əmək haqqı alıblar. Bu rəqəm 489,5 manat olub. Əksinə, Səbail rayonunda isə 116 463 nəfər muzdlu işçi ən yüksək orta əmək haqqını – 1 376 manat alıblar.

    Həmçinin, paytaxtın Suraxanı rayonunda 19 286 nəfər muzdlu işçi orta hesabla 565,4 manat, Yasamal rayonunda isə 103 868 nəfər muzdlu işçinin hər biri orta hesabla 674,2 manat pul qazanıblar.

  • Azərbaycan daha 4 ölkəyə meyvə ixrac edə bilər

    Bu gün İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Qusar rayonunun Yuxarı Zeyxur kəndində iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maarifləndirilməsi və investisiya layihələrinin maliyyələşdirilməsi ilə bağlı növbəti işgüzar forum keçirib.

    Nazirlikdən verilən məlumata görə, sahibkarlığın güzəştli kreditləşdirilməsinə dair işgüzar forum çərçivəsində Qusar rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan startap və kənd turizmi layihələrinin, tərəvəzçilik və intensiv bağçılıq təsərrüfatlarının, müasir meyvə-tərəvəz və süd emalı müəssisələrinin, ixtisaslaşdırılmış “yaşıl market” və logistik mərkəzin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.

    İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktorunun müavini Arif Vəliməmmədov Fondun fəaliyyəti və bu ilin ötən dövrü ərzində verilmiş güzəştli kreditlər hesabına həyata keçirilən layihələr barədə məlumat verib. Bildirilib ki, 2018-ci ilin ötən dövrü ərzində sahibkarlıq subyektlərinin investisiya layihəsinin maliyyələşdirilməsinə 50 milyon manatdan çox güzəştli kredit verilib. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 5100-dən çox yeni iş yerinin açılmasına imkan yaradır.
    İşgüzar forum çərçivəsində Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə 1,2 milyon manat güzəştli kredit verilib. Bu kreditlər heyvandarlıq və bağçılıq sahələrinin inkişafına, logistik mərkəzin tikintisinə inkişafına yönəldiləcək və 80-dən çox yeni iş yeri açılacaqdır. Ümumilikdə, bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla, Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2500-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 189,1 milyon manat güzəştli kredit verilib.

    Forum çərçivəsində Qusar rayonunun Kuzun kəndində güzəştli kredit ayrılmış 400 hektar ərazidə intensiv bağçılıq təsərrüfatının və tutumu 12 min ton olan logistik mərkəzin daxil olduğu kompleksə baxış keçirilib. Kompleksdə ötən il istehsal olunan meyvə Rusiya, Qazaxstan, BƏƏ və Gürcüstana ixrac edilib. Hazırda Qətər, Əfqanıstan, Pakistan, Sri-Lanka və s. ölkələrlə danışıqlar aparılır. Bu kompleks fəaliyyətini genişləndirərək Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən fermerlər tərəfindən istehsal olunan məhsulların tədarükünü, çeşidləmə və qablaşdırma, istehsal olunan məhsulların saxlanması, satışının təşkili, nəqliyyat, sertifikatlaşdırma, gömrük və digər xidmətlər göstərəcəkdir ki, bu da yeni intensiv meyvə bağlarının salınmasını stimullaşdıracaq.