Month: Aprel 2018

  • İmam Əliyə keçirilən ad günü mərasimi tənqid olundu – Video

    Azərbaycanda Hz. Əlinin mövlud günü münasibəti ilə keçirilən mərasim sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. “Qafqazinfo” xəbər verir ki, doğum günü mərasimi üçün Hz. Əlinin şəkli olan tort hazırlanıb. Daha sonra şam yandırılaraq “Happy Birthday” mahnısı səsləndirilib.

    Xeyli sayda sosial şəbəkə istifadəçiləri mövludun qərb adətləri ilə keçirildiyini, bunun isə dini gülünc vəziyyətə saldığını yazıb.

    “Qafqazinfo” məsələylə bağlı ilahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənlidən münasibət öyrənib. İlahiyyatçı bildirib ki, mövludların bu tərzdə keçirilməsini düzgün hesab etmir:

    “Dini tədbirlərin öz xarakteri var və özünəuyğun formada keçirilməlidir. Bu sahədə xalqımızın adət-ənənələri də var. Əlbəttə ki, zaman keçdikcə müəyyən dəyişikliklər etmək olar. Ancaq bu dəyişikliklər edildiyi zaman ifrata varmaq qətiyyən yolverilməzdir. Dini mövzu həssas olduğu üçün bu kimi tədbirlər keçirilən zaman tədbirin xarakteri nəzərə alınmalıdır.

    Bu kimi hallarında yaşanmasında insanların dini savadının o qədər də yüksək olmamasının da müəyyən qədər rolu var. Ancaq bir sıra məsələlər var ki, ona elə bir ciddi dini savad tələb olunmur. Bunları kitabdan öyrənmək məcbur deyil. Mən kimisə qınamaq istəmirəm. Bəlkə də onlar sevgilərini ifadə etməyə çalışıb. Bunun məqsədli şəkildə, pis niyyətlə edilməsinə inanmıram. Dini tədbirlər bir qədər ağır keçirilməlidir. Şənlənməyin əleyhinə deyilik, ancaq kənardan gülünc görünən, insanlarda aşağılayıcı gülüş yaradacaq hərəkətlərə yol vermək olmaz”.

  • Hafiz Hacıyev: “Əli Kərimlini və Cəmil Həsənlini dar ağacından asacam” – VIDEO

    “Kərimov Əli, özünü, ailəni qoruyub saxlaya bilmirsən. Sən bizi niyə təhqir edirsən? Sən bizi niyə terrorçu adlandırırsan?”

    Bu sözləri prezidentliyə namizəd Hafiz Hacıyev ötən gün “İctimai” kanalında prezidentliyə namizədlərin debatı zamanı öz çıxışında bildirib.

    Müasir Müsavat Partiyasının sədri Cəmil Həsənlinin onun haqqında səsləndirdiyi fikirlərə də kəskin reaksiya verib:

    “Bunun yanında bir təlxək var. Qızını erməniyə verən təlxək. Bir dəfə onu döyüb burdan qovdum. Anara və Çingiz Abdullayevə böhtan atdı ki, niyə prezidentliyə namizədi dəstəkləyirsiz? Bunlar görür ki, əlləri hər yerdən kəsilir, arxaları ilə gedən yoxdu başlayırlar bizi təhqir etməyə. Həsənov Cəmil çıxışında deyir ki, 8 nəfər şəxs cinayətkardır. Həsənov Cəmil, sən şərəfsizin başında duran, namuzsuz adamsan. Qızını erməniyə vermisən. İndi ermənilərin tapşırığı ilə Azərbaycanda çevriliş etmək istəyirsən. Sən buna nail ola bilməyəcəksən.

    Azərbaycan hakimiyyətinin daxilində milli qeyrəti olmayan insanlar çoxdur. Sənə pas verirlər və səni öyrədirlər. Kərimov Əliyə pul da verirlər. Bunları bilirik. Amma bu dövləti qoruyub oxumaq istəyən insanlar var. Onun biri İlham Əliyevdir, ikincisi Hafiz Hacıyevdir. Ya prezident mən olacam, ya da İlham Əliyev. Sizi dar ağacından asacam”.
    /baku.ws

  • İki gün əvvəl Lənkəranda baş vermiş ağır yol qəzası nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb – TAM SİYAHI

    976-cı il Aslanov Faiq Tofiq oğlu

    Xanımgül Aslanova

    Mərziyyə Aslanova

    Vəsmə Aslanova

    Aslanov Ülvi Faiq oğlu (7 yaş)

    Yaralı:

    “Shacman”ın sürücüsü Cəfərov Natiq Təvəkkül oğlu.

    Martın 31-də Lənkəranda baş vermiş ağır yol qəzası nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.

    “Report”un Cənub bürosu xəbər verir ki, yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilən 7 yaşlı Aslanov Ülvi Faiq oğlu bu gün xəstəxanada ölüb.

    Qeyd edək ki, həyatını itirənlərin hamısı bir ailənin üzvləri və yaxın qohumlardır. Onların hamısı Lənkəranın Ləj kəndinin sakinləridir.

    Xatırladaq ki, qəza Ələt-Astara magistralının Lənkəran rayonunun Gərmətük qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. “Shacman” markalı yük maşını ilə “VAZ-21015” və “Mitsubishi” markalı minik avtomobilləri toqquşub. Ölənlərin hamısı “Mitsubishi”də olanlardır. Ölən və yaralananaların tam siyahısı belədir:

    Ölənlər:

    1966-cı il təvəllüdlü Aslanov Fikrət Şirəli oğlu

    1968-ci il təvəllüdlü Aslanov Namiq Şirəli oğlu

    976-cı il Aslanov Faiq Tofiq oğlu

    Xanımgül Aslanova

    Mərziyyə Aslanova

    Vəsmə Aslanova

    Aslanov Ülvi Faiq oğlu (7 yaş)

    Yaralı:

    “Shacman”ın sürücüsü Cəfərov Natiq Təvəkkül oğlu.

  • Aygün Kazımovanın klipi plagiat çıxdı – VİDEO

    Ötən həftə Youtube video portalında söz-söhbətlərə səbəb olan “Hardasan” bəstəyə çəkilmiş yeni klipini təqdim edən xalq artisti, pop diva Aygün Kazımova plagiatla üzləşib.

    Baku.ws məlumat verir ki, Kazımovanın ərsəyə gətirdiyi ekran əsəri Ersay Ünərin iki aşık mahnısına çəkilmiş klipin bir çox səhnələri birəbir oxşardır. Hətta hər iki mahnının bir-birinə bənzəməsi diqqətdən qaçmayıb.

    Biz sizə hər iki klipi təqdim edirik:

  • Telefonunuzun dinlənildiyini necə müəyyən edə bilərsiniz?

    Telefon dinləmələrini anlamaq üçün bəzi üsullar var.

    Median.Az Technote-yə istinadən xəbər verir ki, amma bu üsullar 100% izlənilirsiniz demək deyil.

    “Tele-qulaq” tərəfindən izlənildiyinizi öyrənmək üçün bəzi şərtlər var:

    – Mobil telefonlarınızı xüsusilə istifadə etmədiyiniz saatlarda normaldan daha çox şarj edirsinizsə;

    Telefonunuzdan istifadə edərkən cızıltı və əks-səda eşidirsinizsə;

    – Səsiniz dərindən gəlirsə və eyni hadisə gün ərzində ən az 2 dəfə təkrarlanırsa;

    – 1 saat işlətmədikdən sonra telefonunuzun isindiyini görürsünüzsə.

    Mütəxəssislər dinləmələrə qarşı telefonunuzu davamlı olaraq format etməli olduğunuzu bildirirlər. Lakin, bu tövsiyyəni uyğun hesab etməyənlər də var. Hələlik bundan tam çıxış yolu ilə bağlı konret təkliflər irəli sürülməyib.

  • Kür və Araz çaylarında suyun səviyyəsi artıb

    Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən oxu.az-a verilən məlumata görə, bu gün Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 7 sm azalma müşahidə olunub.

    Bundan başqa, Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 8 sm azalma müşahidə edilib.

    Bu gün Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 40, Şirvanda 12, Salyanda 10, Araz çayının Novruzlu məntəqəsində 31 sm artım qeydə alınıb, lakin Bankədə isə suyun səviyyəsində 4 sm azalma müşahidə olunub.

  • Prezident Belarusun baş nazirinin müavinini qəbul edib – YENİLƏNİB

    Azərbaycan Respublikasının prezidenti İlham Əliyev aprelin 2-də Belarus Respublikasının baş nazirinin müavini, hökumətlərarası komissiyanın həmsədri Vladimir Semaşkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

    Görüşdə Azərbaycan ilə Belarus arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olundu, əlaqələrimizin daha da möhkəmləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib.

    Söhbət zamanı əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsinin vacibliyi vurğulandı, ölkələrimiz arasında ticarət dövriyyəsinin daha da artırılmasının zəruriliyi qeyd edilib.

    Belarusun baş nazirinin müavini Gəncə traktor zavodunda 10 mininci traktorun yığılmasının əlamətdar bir hadisə olduğunu vurğulayaraq, Azərbaycanla Belarusun bu birgə məhsulunun üçüncü ölkələrə ixrac edilməsi imkanlarının araşdırılmasının önəmini qeyd edib.

    Dövlətimizin başçısı, öz növbəsində, bunu əlamətdar hadisə kimi qiymətləndirərək, regionlara səfəri zamanı fermerlərin Azərbaycan-Belarus birgə məhsulu olan traktorların keyfiyyətindən razılıq etdiklərini vurğulayıb və bu məhsulun ixracı üçün yaxşı imkanların olduğunu deyib.

    * * * * *

    Azərbaycan Respublikasının prezidenti İlham Əliyev aprelin 2-də Belarus Respublikasının baş nazirinin müavini, hökumətlərarası komissiyanın həmsədri Vladimir Semaşkonu qəbul edib.

    Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

  • Xırdalanda mağazaya qumbara atılıb

    Aprelin 1-də, gecə saat 02:00 radələrində Abşeron Rayon Polis İdarəsinin növbətçi hissəsinə müraciət edən vətəndaş mağazasında ona qarşı quldurluq edilməsi barədə məlumat verib.

    Dərhal Xırdalan şəhərində hadisə baş verən ünvana gələn polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla müəyyən edilib ki, gecə vaxtı şəhər sakini R.Kazımova məxsus mağazaya gəlmiş naməlum şəxs ondan pul və tütün məmulatı tələb edib, istədiyinə nail olmadıqda isə onu cibindən çıxardığı qumbara ilə hədələyib. Lakin mağaza sahibi müqavimət göstərdiyindən həmin şəxs qumbaranı ataraq qaçıb.

    “RQD-5” markalı qumbara polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.

    Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə quldurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilib və “isti izlər”lə saxlanılıb. Araşdırmalarla onun Xırdalan şəhər sakini Tofiq Şirinov olduğu müəyyən edilib.

    Faktla bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırma aparılır.

  • Azərbaycan Ordusunun şanlı zəfərinin ildönümüdür

    Bu gün Azərbaycan Ordusunun aprel qələbələrindən iki il ötür.

    2016-cı il aprelin 1-dən 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu Azərbaycan mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qaldı.

    Azərbaycanın qarşıdurma xəttinə yaxın yaşayış məntəqələrinin bombalanması nəticəsində aralarında 16 yaşdan kiçik 2 uşaq olmaqla 6 mülki şəxs həlak oldu, 26 şəxs ağır yaralandı. Hücumlar nəticəsində, həmçinin çoxsaylı ictimai və şəxsi mülkiyyətə, o cümlədən mülki infrastrukturlara ciddi ziyan dəydi.

    232 fərdi yaşayış evi, 99 elektrik dirəyi, 3 elektrik yarımstansiyası, kilometrlərlə su və qaz boruları dağıdıldı. Məktəblər, xəstəxanalar və ibadət yerləri də daxil olmaqla sosial müəssisələrə Ermənistan silahlı qüvvələri tərəfindən idarə olunan raket zərbələri endirildi. 1 məscid ibadət zamanı yüksək kalibrli artilleriya mərmiləri ilə vuruldu.

    Erməni təxribatının qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində təxirəsalınmaz cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edildi.

    Nəticədə dördgünlük döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini azad etdi, Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli Lələ Təpə yüksəkliyinə nəzarəti ələ keçirdi. Həmçinin aprel döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılmasını təmin etdi.

    Döyüşlərdə ermənilərə məxsus 30 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edildi, düşmənin 320 hərbçisi öldürüldü, 500-dən artıq hərbçisi isə yaralandı.

    Aprelin 5-də saat 12:00-dan etibarən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində tərəflərin razılığı ilə əməliyyatlar dayandırıldı.

    Döyüşlərin yekunu olaraq Silahlı Qüvvələrimiz tərəfindən 2000 hektardan artıq ərazi erməni işğalından azad edildi və daha çox ərazi əməliyyat baxımından nəzarətimiz altına keçdi. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri azad edilmiş torpaqlarda möhkəmləndirmə işləri həyata keçirdi.

    Ümumilikdə aprel döyüşləri Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Orduya göstərdiyi diqqəti, Silahlı Qüvvələrimizin yüksək doyüş qabiliyyətini, eləcə də işğal edilmiş ərazilərimizi hər an azad etməyə qadir olduğunu nümayiş etdirdi. Aprel döyüşlərindəki qələbələrlə Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsinin başlanğıcı qoyuldu.

  • Kəlbəcərsiz 25 il

    Azərbaycanın Kəlbəcər rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsindən 25 il keçir.

    Kəlbəcər bir neçə gün davam edən döyüşlərdən sonra 1993-cü il aprelin 2-də işğal edilib.

    Dağlıq Qarabağ ərazisindən kənarda yerləşən, 1936 kv. km ərazisi olan Kəlbəcərin ermənilər tərəfindən işğal edilməsi nəticəsində günahsız insanlara vəhşicəsinə divan tutulub, 511 dinc sakin öldürülüb, 321 nəfər isə əsir götürülüb və itkin düşüb, 58 min rayon sakini ata-baba torpağından didərgin salınıb.

    İşğal nəticəsində Kəlbəcərdə 130 yaşayış məntəqəsi ermənilərin nəzarətinə keçib, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, 9 xəstəxana, 13 000 fərdi mənzil dağıdılıb, 37 852 ha meşə sahəsi, təbii ehtiyatlar, o cümlədən zəngin qızıl yataqları talan edilib. 1993-cü ilin qiymətləri ilə Kəlbəcərin xalq təsərrüfatına 703 milyard 528 milyon rubl ziyan vurulub.

    Kəlbəcərin işğalından sonra BMT Təhlükəsizlik Şurası 822 saylı qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunsa da, həmin qətnamə, o cümlədən sonradan qəbul olunmuş daha 3 qətnamə yerinə yetirilməyib.