Month: May 2018

  • Bakıda çökən yola yamaq vuruldu – Video

    Dünən Nəsimi rayon Həsən Əliyev küçəsində avtomobil yolunun çökməsi barəsində məlumat vermişdik. Hadisə nəticəsində yolda nəqliyyatın hərəkəti məhdudlaşmış, yolda təxminən bir metr dərinliyində çuxur yaranmışdı. Bizimyol.info xəbər verir ki, elə həmin saatlarda təhkükəsizlik məqsədilə yolun çökdüyü yer əhatəyə alındı və “Azərsu” ASC-nin əməkdaşları təcili tədbir görməyə başladılar.

    Bu gün yolun qəzalı hissəsi təmir edilib və nəqliyyatın hərəkəti bərpa olunub.

  • Azərbaycanda deputatların və hakimlərin maaşları 10 faiz artırılır

    Milli Məclisin mayın 4-də keçiriləcək iclasının gündəliyinə 4 məsələ əlavə edilib.

    APA-nın məlumatına görə, bununla gündəlikdəki məsələrin sayı 23 olub. Əlavə olunan məsələlər Ombudsmanın, Konstitutsiya məhkəməsi hakimlərinin, məhkəmə hakimlərinin fəaliyyəti və deputatların statusu ilə bağlı qanunlara dəyişikliklərdir.

    Layihələrdə Ombudsmanın, qeyd olunan məhkəmə hakimlərinin və deputatların əmək haqlarının 10 faiz artırılması təklif olunur.

  • Prezidentdən borclarla bağlı VACİB QƏRAR – Hökumətə 3 ay vaxt verdi

    Prezident İlham Əliyev “Azərbaycan Respublikasında ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

    Dəyişikliklərə əsasən fərmanda 5-7-ci hissələr ləğv edilir. Həmin fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası” üzrə:

    – 1-ci hissədə “habelə” sözündən sonra “ipoteka kreditinin restrukturizasiyası və” sözləri əlavə edilir;
    – 3.1.4-cü yarımbənd aşağıdakı redaksiyada verilir:

    “3.1.4. kredit, üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına və ya qabaqcadan qeydiyyata alınmış yaşayış sahəsinin, o cümlədən Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barəsində təminat qeydi aparılmış tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində tərkib hissələrin bağlı olduğu payın alınmasına verilməlidir. Fondun İdarə Heyəti ipoteka kreditləri üzrə risklərin idarə edilməsi, ipoteka ilə yüklü edilən yaşayış sahələrinin likvidliyinin təmin olunması məqsədilə yaşayış sahəsinin ilkin və ya təkrar bazarda alınmasından asılı olaraq yaşayış sahəsinə dair (tikildiyi il, layihəsi, istismar vəziyyəti, yerləşmə yeri və s.) əlavə tələbləri və bu Qaydanın 3.1.6-cı və 3.1.7-ci yarımbəndləri nəzərə alınmaqla, kreditin məbləği və kredit üzrə illik faiz dərəcələrinə dair şərtləri müəyyən edir;”;

    – 3.1.7-ci yarımbənddə “faiz dərəcələri” sözləri “faiz dərəcələrinin yuxarı həddi” sözləri ilə əvəz edilir;

    – 3.1.10-cu yarımbəndin sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilir və həmin yarımbəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilir:

    “Bu tələb ipoteka kreditinin məbləğinin kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən ilkin bazardakı yaşayış sahəsinin qiymətinin 60 faizindən az olduğu hallara şamil edilmir;”;

    4.8-ci bəndin ikinci cümləsi üçüncü cümlə hesab edilir və bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilir:

    “Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 may tarixli 29 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən ipoteka kreditləri üzrə təminat verilməsi Qaydası”na müvafiq olaraq ipoteka krediti almaq istəyən şəxs ipoteka krediti üzrə təminat alınması üçün müraciət etdikdə, kreditin verilməsinə dair qərar təminatla bağlı Fondun qərarının müvəkkil banka bildirilməsindən sonra qəbul edilir.”;

    Bundan başqa, fərmana aşağıdakı məzmunda 6-1-ci hissə əlavə edilir:

    “6-1. İpoteka kreditinin restrukturizasiyası

    6-1.1. İqtisadi və (və ya) hüquqi şəraitin dəyişməsi, habelə borcalanın maliyyə çətinliyinin yaranması səbəbindən borc öhdəliyinin icrasını təmin etmək məqsədilə yenidən maliyyələşdirilmiş ipoteka krediti üzrə borcalan kredit müqaviləsinin şərtlərinin dəyişdirilməsi (kreditin restrukturizasiyası) üçün müvəkkil banka elektron sistem vasitəsilə müraciət edə bilər.

    6-1.2. Müvəkkil bank 3 iş günü müddətində borcalanın ipoteka krediti üzrə öhdəliyinin restrukturizasiyası haqqında müraciətini elektron sistem vasitəsilə əldə olunan, elektron sistem vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda isə borcalanın təqdim etdiyi sənədlər əsasında yoxlayır və müraciətin bu Qaydanın 6-1-ci hissəsinə uyğun olduğunu müəyyənləşdirdikdə ipoteka kreditinin restrukturizasiya edilməsi barədə Fonda müraciət edir.

    6-1.3. Fond müraciət daxil olduğu tarixdən 10 iş günü müddətində borcalanın müraciəti ilə bağlı ipoteka kreditinin restrukturizasiyası barədə razılıq və ya əsaslandırılmış imtina haqqında qərar qəbul edir. Həmin qərar qəbul edildiyi gün, borcalana və müvəkkil banka bildirilməklə, elektron sistemdə yerləşdirilir.

    6-1.4. Fond tərəfindən ipoteka kreditinin restrukturizasiyasına razılıq barədə qərar elektron sistemdə yerləşdirildiyi tarixdən 5 iş günü müddətində kreditin restrukturizasiyasının rəsmiləşdirilməsi həyata keçirilir.

    6-1.5. İpoteka kreditinin restrukturizasiyası aşağıdakı formalarda həyata keçirilə bilər:

    6-1.5.1. kredit məbləğindən çox olmamaq şərtilə kredit üzrə hesablanmış faizlərin kapitallaşdırılaraq əsas borcun məbləğinə əlavə olunması;

    6-1.5.2. bu Qaydanın kreditin maksimum müddətinə dair tələbi nəzərə alınmaqla kreditin müddətinin uzadılması;

    6-1.5.3. müvəkkil bankın razılığı ilə kredit üzrə faiz dərəcəsinin bankın xidmət haqqısı hesabına azaldılması;

    6-1.5.4. ipoteka krediti üzrə ödənişlərə 1 ildən çox olmayan müddətə fasilə verilməsi.

    6-1.6. Restrukturizasiya formaları birlikdə və ya ayrılıqda tətbiq edilə bilər. Restrukturizasiya kreditin qüvvədə olduğu müddət ərzində ən çoxu 3 dəfə həyata keçirilə bilər və bu restrukturizasiyalar arasındakı dövr minimum 1 il olmalıdır.

    6-1.7. Aşağıdakı hallarda Fond tərəfindən ipoteka kreditinin restrukturizasiyasından imtina edilir:

    6-1.7.1. borcalanın maliyyə vəziyyətinin pisləşməsi və digər maliyyə çətinliyi yaradan hallarla üzləşməsini təsdiq edən sənədlər təqdim edilmədikdə və ya təqdim edilmiş sənədlərdə göstərilən məlumatlar öz təsdiqini tapmadıqda;

    6-1.7.2. restrukturizasiya üçün müraciət olunan kredit bu Qaydanın 6-1.8-ci yarımbəndinə əsasən Fond tərəfindən müəyyən olunan tələblərə cavab vermədikdə.

    6-1.8. İpoteka kreditinin restrukturizasiyasına dair sənədlərin siyahısı və digər tələblər Fondun İdarə Heyəti tərəfindən müəyyən olunur.”.

    Müəyyən edilir ki, barəsində təminat qeydi aparılmış tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində tərkib hissələrin bağlı olduğu payın alınmasına görə kreditin verilməsi 2018-ci il iyulun 1-dən tətbiq edilir.

    Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək tapşırılıb.

    Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verəcək.

    İpoteka və Kredit Zəmanət Fondu bu fərmandan irəli gələn məsələləri həll edəcək.

  • Tokay Məmmədov vəfat edib

    Əməkdar incəsənət xadimi, Xalq rəssamı və heykəltaraş Tokay Məmmədov vəfat edib.

    Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

    91 yaşlı Xalq rəssamı Üzeyir Hacıbəyov, Məhəmməd Füzuli, Nəsimi, və Koroğlunun heykəllərinin müəllifidir.

  • Millət vəkili: Sosial media insan alverini təbliğ edir

    YAP-dan olan deputat Hikmət Babaoğlu Daxili İşlər Nazirliyinin Baş İadrəsini sosial mediaya qarşı tədbirlər görməyə çağırıb.

    Deputat bunu Milli Məclisin (MM) İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən birgə iclasında iştirak edən DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis polkovniki Heydər Heydərova müraciətlə deyib.

    Millət vəkili bildirib ki, klassik mətbuatdan fərqli olaraq, sosial media insan alverini, uşaqlara qarşı fiziki təcavüzü təbliğ edir:

    “Mən sizi sosial mediaya qarşı tədbir görməyə çağırıram və əminəm ki, sizdə bununla bağlı proqram var. Məsələn, bu yaxınlarda hansısa orta məktəbdə uşağa qarşı fiziki təcavüzü sosial şəbəkələrdə geniş yaydılar.

    Bu, bir yandan informasiyanın yayılmasına xidmət edirdisə, digər tərəfdən bu hadisəni təbliğ edirdi. Ona görə də mütləq sosial mediaya qarşı tədbirlər görülməlidir”.

  • Kunq Fu Federasiyasında yeni – TƏYİNATLAR

    Mayın 2-də Azərbaycan Kunq Fu Federasiyasının idarə heyətinin iclası keçirilib.

    Federasiyanın prezidenti Nurlan Aslanov iclası açıq elan etdikdən İdarə Heyətinin qərarı ilə bir sıra vəzifələrə təyinatlar olub, yeni tərkib formalaşıb.

    Belə ki, kikboksinq üzrə beş qat dünya çempionu, prezident mükafatçısı, dəfələrlə beynəlxalq turnirlərin qalibi olmuş Ehram Məcidov ümumi işlər üzrə vitse-prezident, iş adamı Tural Alişanlı ictimaiyyətlə əlaqələr üzrə vitse-prezident, dünya və Avropa çempionu, prezident mükafatçısı, əməkdar idman ustası Emil Hacıyev peşəkarlar üzrə baş məşqçi, böyüklər üzrə baş məşqçi, dünya və Avropa çempionu, əməkdar idman ustası Ramin Allahverdiyev, gənclərin baş məşqçisi dünya çempionatının mükafatçısı, idman ustası Aqil Mustafayev, mətbuat xidmətinin rəhbəri vəzifəsinə isə İntizarə Məmmədova təyin olunub.

    Yeniyetmələrin baş məqçiliyi isə dünya çempionu, idman ustası Ellər Orucova həvalə edilib.

  • Deputat ərəb turistləri “tör-töküntü” adlandırdı

    Turistlərin ölkəyə gəlməsi müsbət haldır. Amma elə şeylər var ki, diqqətdə saxlanılmalıdır. Qonşuluğumuzda ərəblər kirayə evlərdə qalır, əxlaqa uyğun olmayan işlərlə məşğul olurlar, pis vəziyyət yaradıblar. Belə olmaz axı?!

    Bunu Milli Məclisin (MM) İnsan hüquqları ilə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin birgə iclasında Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2017-ci il üzrə illik məlumatının müzakirəsi zamanı deputat Tahir Kərimli deyib.

    O, bəzi masaj salonlarının fəaliyyəti ilə bağlı narazılığını bildirib:

    “Bəzi masaj salonlarında əxlaqa uyğun olmayan xidmətlər təklif edirlər. Bunların qarşısı alınmalıdır, çox ciddi nəzarət edilməlidir. Azərbaycan mənim nəzərimdə dünyanın “ən göyçək fatması”dır. Mənim dövlətimdən namuslu-qeyrətli dövlət ola bilməz. Milli-mənəvi dəyərləri qorumalıyıq”.

    Deputat Fəzail Ağamalı həmkarının mövqeyini dəstəkləyib.

    O bildirib ki, qanun çərçivəsində belə şeylərin qarşısını almaq lazımdır:

    “5-10 manata görə dəyərlərimizi aşağılaya bilmərik”.

    Deputat xüsusilə ərəb turistlərlə bağlı sərt ifadələr səsləndirib, onları “tör-töküntü” adlandırıb./oxu.az

  • Deputat: Dilənçilər Bakının gözəlliyinə xələl gətirir

    Küçə uşaqları, dilənçilər gündən-günə gözəlləşən Bakımızın gözəlliyinə ciddi xələl gətirir.

    Bunu millət vəkili Çingiz Qənizadə parlament komitələrinin birgə iclasında deyib.

    O qeyd edib ki, dilənçilər daha çox qaraçılar tərəfindən bu qanunsuz fəaliyyətə – fiziki istismara cəlb olunurlar:

    “Bakımız da ölkəmiz kimi gündən-günə gözəlləşir, abadlaşır. Odur ki, küçə uşaqları, dilənçilər gözəlləşən Bakımızın ruhuna uyğun deyil. Onları küçələrimizdə görmək adama ağır gəlir və bu məsələ aidiyyəti orqanların diqqətində olmalıdır”.

    Millət vəkili Elşən Musayev isə həmkarının dilənçilərlə bağlı fikirlərinə etiraz edib.

    Millət vəkili bildirib ki, dilənçiləri, onların cinayətə təhrik olunmasını, fiziki istismara məruz qalmasını təkcə qaraçılarla əlaqələndirmək düzgün deyil:

    “Bunu təkcə qaraçılara bağlamaq düzgün və ədalətli olmaz. Dilənçiliyə məcbur edilənlər arasında çoxları var ki, qaraçılar yox, tamam başqaları tərəfindən buna vadar, təhrik olunublar”.

  • Bakıda sorğu biabırçılığı – “Məşhur rəssamlar Bəxtiyar, Rəşid Behbudov, Səməd Vurğun…” – VİDEO

    Xəzər TV-nin efirində Bakıda keçirilən “Hansı rəssamları tanıyırsız?” sorğusu təqdim edilib.

    Paytaxt sakinləri arasında fərqli cavablar olub.

    Rəssamların adlarını ardıcıl sadalayanlar da olub, səhv deyənlər də. Bir sakin isə Bəxtiyar Vahabzadə, Səməd Vurğun və Rəşid Behbudovun rəssam olduğunu söyləyib.

    Həmin sorğunu təqdim edirik:

  • Ekstrasens efirdə əməkdar artistə cadu şoku yaşatdı – VİDEO

    ARB TV-nin “Sirdaş Rövşanə” proqramının növbəti mövzusu qara magiya olub.

    Verilişə qonaq qismində çağırılan ekstrasens Aqil Məhərrəmov əməkdar artist Gövhər Rzayevanı açıqlaması ilə təəccübləndirib.

    Ekstrasens qarmon ifaçısına cadu edildiyini və həmin şəxsin onların gəlini olduğunu bildirib: “Hamısını edən, sizin ailəyə gələn gəlindir. Qardaş tərəfdən gələn gəlindir”./baku.ws