Month: January 2019

  • Çörəyə kəskin tələbat: piştaxtalar boşalıb – FOTO

    Dünəndən havanın kəskin dəyişəcəyinə dair xəbərlər cəmiyyətdə müəyyən qədər həyəcan doğurub.

    Paytaxda bir çox ərzaq mağazalarında çörək və şama kəskin tələbat yaranıb.

    İnsanlar ehtiyatlı tərpənərək “qara gün” üçün hazırlıq görüblər.
    //oxu.az





  • Oğrunun etirafı: Gördüm qonşu evin qapısı açıqdır, girdim – VİDEO

    Qubada qonşunun evindən oğurluq edən şəxs saxlanılıb.

    Median.az Xezerxeber.az-a istinadən xəbər verir ki, rayonun İkinci Nüqədi kənd sakini İlham Qardaşəliyev rayon polis şöbəsinə müraciət edərək yanvarın 12-də evindən 1600 manat pulunun oğurlandığı barədə məlumat verib.

    Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Cəmil Daşdıyev saxlanılıb. Dindirilmə zamanı o, törətdiyi əməlini etiraf edib və evdə heç kimin olmadığı vaxtda ora daxil olaraq 1600 manat pul oğurladığını, həmin pulları xərclədiyini bildirib.

    Faktla bağlı araşdırma aparılır.

  • Həmsədrlər Dağlıq Qarabağ danışıqları ilə bağlı bəyanat yaydılar

    ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistanın xarici siyasət idarələri rəhbərlərinin Parisdə keçirilən görüşü barədə bəyanat yayıb.

    Bəyanata görə, həmsədrlər İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şofer (ABŞ) yanvarın 16-da Parisdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan XİN rəhbəri vəzifələrinin icraçısı Zöhrab Mnatsakanyan ilə görüşüblər.

    Bildirilir ki, həmsədrlər XİN rəbərləri ilə əvvəlcə ayrıca, sonra isə birgə görüş keçiriblər. Görüşlərdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik də iştirak edib. Bu, iki nazirin dördüncü görüşü olub.

    “Fransanın xarici işlər və Avropa üzrə dövlət katibi Jan-Batist Lemuan iştirakçılarla danışıqlara yekun vurub. Həmsədrlər Yelisey sarayında qəbul ediliblər, orada prezident Emmanuel Makronun aparıcı diplomatik müşavirlərini məlumatlandırıblar.

    İştirakçılar nəticəyə hesablanmış intensiv danışıqlara imkan verən şəraitin dəstəklənməsi üzrə tərəflərin daimi səylərinə görə nazirlərə təşəkkürlərini bildiriblər.

    Nazirlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı geniş məsələlər dairəsini müzakirə ediblər və əhalinin sülhə hazırlanması üzrə konkret addımların atılması zəruriliyi barədə razılığa gəliblər.

    Görüşlər zamanı həmsədrlər nazirlərlə danışıqlar prosesinin hazırkı mərhələsi üçün əsas prinsip və ölçüləri nəzərdən keçiriblər”, – deyə bəyanatda bildirilir.

    Qeyd olunur ki, nazirlər və həmsədrlər danışıqlar prosesinə güclü müsbət dinamika vermək üçün Azərbaycan və Ermənistan liderləri arasında mümkün sammitin keçirilməsi istiqamətində növbəti addımların atılması məsələsini nəzərdən keçiriblər.

    Həmsədrlər regionun iqtisadi potensialının reallaşdırılması istiqamətində mümkün qarşılıqlı faydalı təşəbbüslərin mühüm olduğunu qeyd ediblər.

    Həmsədrlər yaxın vaxtlarda iki ölkə lideri ilə görüşməyi planlaşdırırlar.

  • 20 Yanvar şəhidlərinin xatirəsi Astanada anılıb

    Astanada Azərbaycanın Qazaxıstandakı səfirliyinin təşkilatçılığı, Mədəniyyət Nazirliyinin tabeliyindəki Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin dəstəyi ilə 20 Yanvar faciəsinin ildönümü qeyd edilib.
    Median.az
    xəbər verir ki, tədbirdə bu ölkədə akkreditə olunmuş diplomatik korpusun, beynəlxalq təşkilatların nümayəndələri, ictimai xadimlər, icma üzvləri iştirak ediblər.

    Tədbirdə çıxış edən Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov 1990-cı ilin 20 yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsinin Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardığını deyib. Qanlı 20 Yanvar faciəsinin ermənilərin Azərbaycan torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qarşı iddiaları onların “böyük Ermənistan” yaratmağa yönəlmiş strateji planlarının tərkib hissəsi olduğunu bildirən səfir Bakı qırğınında canlı qüvvə kimi erməni əsgər və zabitlərindən də geniş istifadə edildiyini bildirib.

    Diplomat qeyd edib ki, Bakıda baş verən Qanlı Yanvar hadisələri 1986-cı ilin 16-19 dekabrında sovet qoşunlarının Qazaxıstanın Almatı şəhərində mülki əhaliyə qarşı törətdiyi vəhşiliklərin davamı idi. Həmin dövrdə hadisəyə zamanında qətiyyətli reaksiya verənlərdən biri məhz ulu öndər Heydər Əliyev olmuşdu. O, 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək sovet qoşunlarının Azərbaycanda həyata keçirdiyi qeyri-insani aktı qətiyyətlə pisləmişdi.
    Rəşad Məmmədov bu faciəni Azərbaycan tarixinə qanları ilə əsarətə qarşı mübarizə günü kimi yazan qəhrəman şəhidlərimizin müqəddəs xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını vurğulayıb.

    Sonra bir sıra beynəlxalq müsabiqələrin qalibi, adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na daxil edilən, Prezident təqaüdçüsü Atabala Manafzadə Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Sergey Raxmaninovun əsərlərini ifa edib.

    Tədbirdə Qanlı Yanvar hadisələrini əks etdirən fotolar nümayiş olunub.

  • Lombard sahibi 200 min manat pulu mənimsədi – MƏHKƏMƏ

    Tanınmış lombard sahibi olan qadın cəzasının azaldıması üçün Ali Məhkəməyə müraciət edib.

    Median.az ölkə.az-a istinadən bildirir ki, cinayət məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunan İsmayılova Dürrə Təvəkkül qızının məhkəmə prosesi yanvar ayının 19-da hakim İmran Hacıqayıbovun sədrliyi ilə keçiriləcək.

    Cinayət işində 32 nəfər zərəçəkmiş qismində tanınıb. Xatırladaq ki, 2018-ci ilin aprel ayında Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən 1975-ci il təvəllüdlü Dürrə Təvəkkül qızı İsmayılova 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və məhkəmə zalından həbs edilib. Dürrə İsmayılova Rəşad adlı tanışı tərəfindən aldadıldığını deyir. Belə ki, Dürrə İsmayılova Rəşad adlı şəxsin lombardını işlətmək üçün götürüb. Rəşad adlı şəxs müştərilərdən götürdüyü qızılları Dürrə İsmayılovaya təhvil verib. Bundan sonra da uzun müddət lombardı işlədib. Amma indi Dürrə İsmayılova deyir ki, Rəşad adlı şəxsin götürdüyü qızıllara görə məsuliyyət daşımır. Zərərçəkmişlər isə bildirir ki, Dürrə İsmayılova Rəşaddan qızılları alarkən razılıq əldə ediblər və uzun müddət də faizi ona ödəyiblər. Dürrə İsmayılova məhkəmədə söyləyib ki, Rəşad adlı şəxs ona qızılları qaytarmadığı üçün zərərçəkmişlərə ziyanı ödəyə bilmir.

    Qeyd edək ki, Dürrə İsmayılova Xətai rayon Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olub. O, polis əməkdaşları tərəfindən saxlanılıb. Lakin onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmiş və ev dustaqlığına buraxılmışdı. Bildirək ki, D.İsmayılova Xətai rayonu ərazisində lombard işlədib. O, xeyli sayda vətəndaşın girov qoyduğu əmlakları mənimsəyib. Zərərçəkmişlərin ümumilikdə 200 min manatdan çox ziyan gördüyü bildirilir.

  • Təyyarəyə gizli girən qarğa Sinqapurdan Londonda uçdu – VİDEO

    Sinqapur hava yollarında maraqlı hadisə baş verib.

    “SQ322” reysi ilə Londona uçan təyyarəyə qarğa girib. Təyyarəyə gizli girən qarğa 12 saat biznes sinifdə Londona uçub.

    Hadisənin video görüntüləri sosial şəbəkədə böyük maraqla qarşılanıb.

    Sonra qarğa sərnişinlərin köməyi ilə tutulub və Londona endikdən sonra heyvanları qoruma dərnəyinə təslim edilib.

  • Bu məhsulların ölkəyə idxalı qadağan edildi – Xəstəlik

    Qida Təhlükəsizliyi Agentliyi Rusiya Federasiyasının Primorski vilayətindən heyvan və heyvan mənşəli məhsulların idxalına müvəqqəti məhdudiyyət qoyulması barədə qərar qəbul edib.

    Buna səbəb Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən Primorski vilayətinin Mixaylovski rayonunda dabaq xəstəliyi qeydə alınması olub.

    Əhaliyə xəbərdarlıq edən agentlik onu da qeyd edib ki, nəzarət tədbirləri gücləndirilərək, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Rusiya Federasiyasının Primorski vilayətindən gələn və ya həmin ərazidən tranzit keçən nəqliyyat vasitələrinin gömrük keçid məntəqələrində dezinfeksiya edilməsi ilə bağlı Dövlət Gömrük Komitəsinə aidiyyatı üzrə müraciət olunub.

  • “Barselona”dan baş məşqçi ilə bağlı açıqlama

    Kataloniyanın “Barselona” klubunun növbəti ilə baş məşqçisinin kim olacağına aydınlıq gəlib.
    Median.az
    xəbər verir ki, bu barədə klubun rəhbəri Bartomeu bildirib:

    “Ernesto Valverde gələcək sezonda öz postunda qalacaq.
    Baş məşqçimizə tam güvənirik. Klubda yaxşı işlər görür. Hədəflərimizə çatmağımızı təmin edəcək.”

  • Tbilisidə binada güclü partlayış: ölənlər var – VİDEO

    Tbilisidə yaşayış binasında güclü partlayış olub.

    Median.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, partlayışa səbəb kimi qaz sızması göstərilir.

    Binada pəncərələrin şüşələri sınıb, yanğın davam edir.

    Bildirilir ki, hadisə nəticəsində iki nəfər ölüb.

    Yerli medianın yazdığına görə, binanın altıncı mərtəbəsində baş verən partlayışdan sonra bir neçə mərtəbə uçub.

    Hadisə yerində xilasedicilər çalışır. Dağıntılar altında insanların qala biləcəyi istisna olunmur.