Month: January 2019

  • Bakıda təmir işləri görən şəxs hündürlükdən yıxılıb

    Bakının Səbail rayonunda 25 yaşlı şəxs təmir işləri zamanı hündürlükdən yıxılaraq köməksiz vəziyyətdə qalıb.

    Median.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri qeyd olunan ünvana cəlb olunub.

    Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, binanın 2-ci mərtəbəsindən yıxılan 1994-cü il təvəllüdlü Əsgərov Seymur Ədalət oğlu iki bina arasındakı boşluğa düşüb və xəsarət alıb.

    Mürəkkəb şəraitdə həyata keçirilən xilasetmə tədbirləri nəticəsində S.Əsgərovun binaların arasındakı boşluqdan çıxarılması mümkün olub. Xilas olunan şəxs hadisə yerinə çağırılmış Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadasına təhvil verilib. İlkin müayinə zamanı Seymur Əsgərovun huşsuz vəziyyətdə olduğu müəyyən olunub. Əməliyyat başa çatıb.

  • MTRŞ-dan telekanal rəhbərlərinə xəbərdarlıq: Xalq narazıdır

    Milli Televiziya və Radio Şurası (MTRŞ) verilişlərin keyfiyyəti ilə bağlı televiziya kanallarına xəbərdarlıq edib.

    Median.az-ın xəbərinə görə, bu barədə Trend-ə MTRŞ sədri Nuşirəvan Məhərrəmli deyib.

    N. Məhərrəmli bildirib ki, bu məsələ ilə bağlı televiziya kanallarının rəhbərləri ilə görüş keçirilib:

    “Televiziya və radio kanallarında vəziyyətlə bağlı televiziya kanallarının rəhbərləri ilə görüşümüz oldu. Televiziya və radio kanallarındakı verilişlərin keyfiyyətinin çox aşağı olması ciddi şəkildə onların diqqətinə çatdırıldı. Onlara bu məsələ ilə bağlı tədbirlər görülməsi tövsiyə olundu. Bildirildi ki, ictimaiyyət bu verilişlərdən çox narazıdır, yəni qıcıq yaradan verilişlər, bəzi aparıcılar var ki, onlarla bağlı tədbirlər görülməsi tövsiyə olunur”.

  • Bakıda aşan ağac avtomobilə ziyan vurdu

    Bakıda külək qurumuş ağacı aşırıb. Hadisə Yasamal rayonu, Əsəd Əhmədov küçəsində baş verib.

    Aşan qovaq ağacı yolun kənarında park edilmiş “Hyundai” markalı avtomobilə ziyan vurub. Sakinlərin sözlərinə görə, xoşbəxtlikdən həmin vaxt ərazidə adam olmayıb.

    Yola aşan ağac hərəkəti bağlayıb. Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov bildirib ki, aşan ağacın ərazidən götürülməsi üçün tədbir görüləcək.

    Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti küləyin daha da güclənəcəyi ilə bağlı xəbədarlıq edib.

    Yanvarın 16-dan 17-nə keçən gecədən başlayaraq yanvarın 18-i gündüzədək ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi gözlənilir. Şiddətli şimal-qərb küləyinin əsəcəyi, küləyin maksimal sürətinin 28-33, arabir 35-38 m/s-yə çatacağı proqnozlaşdırılır.//Trend.az

  • “Alışanov vəzifəsindən gərək çoxdan azad olunardı” – Qulu Məhərrəmli

    Tanınmış telejurnalist Qulu Məhhərmli AzTV-nin rəhbəri Arif Alışanovun vəzifəsindən azad olunmasına münasibət bildirib.

    O, “Qafqazinfo”ya açıqlamasında Alışanovu Azərbaycan televiziya tarixinin ən uğursuz kadrlarından biri adlandırıb:

    “Arif Alışanov vəzifəsindən gərək çoxdan azad olunardı. Hesab edirəm ki, bir az gecikmiş, amma çox düzgün qərardır. Alışanov Azərbaycan televiziyasını min arşınlıq quyunun dibinə saldı, onu öz fəaliyyət səviyyəsinə endirdi. Televiziyanın ənənələrini davam etdirə bilmədi. Həm də onun adı digər korrupsiya faktlarında, maliyyəni düzgün xərcləməməklə bağlı məsələlərdə hallandı. Hesab edirəm ki, Alışanov televiziya tarixində ən uğursuz kadrlardan biri idi. Prezident çox müdrik addım atıb”.

    Q.Məhərrəmli “Alışanovun vəzifəsindən uzaqlaşdırılmasında adının hallandığı məhkəmələrin də təsiri ola bilərmi” sualına belə cavab verib:

    “Bu qərara çox şeylərin təsiri ola bilər. Hər halda heç kim güman eləməsin ki, onun törətdiyi əməllərdən cəmiyyətin və yaxud yüksək dairələrin xəbəri yoxdur. Görünür, hər şeydən məlumatlıdırlar və onların əsasında qərar qəbul olunub”.

  • Sabah Bakının bu rayonunda qaz olmayacaq

    Bakı şəhəri Xətai rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq.

    “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, istehlakçıların təhlükəsiz və dayanıqlı təbii qaz təchizatının təmin edilməsi məqsədilə Qaz Paylaıcı Stansiya-dan qidalanan orta təzyiqli qaz kəmərinin istismara yarasız hissəsinin yeni çəkilmiş diametri 400 mm-lik polieliten qaz kəməri ilə əvəz olunması ilə əlaqədar, sabah saat 09:00-dan təmir işləri tamamlananadək Xətai rayonu, H.Aslanov, NZS qəsəbələri və K.Kərimov, D.Səfərov, M.Davud küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

    Görülən zəruri təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək.

    Yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.//Trend.az

  • Расширена сфера услуг службы ASAN УКАЗ ПРЕЗИДЕНТА

    Президент Азербайджана Ильхам Алиев сегодня подписал указ о внесении изменений в указ от 5 сентября 2012 “Об обеспечении деятельности Государственного агентства по оказанию услуг гражданам и социальным инновациям при Президенте Азербайджана” в целях повышения прозрачности в оказании консульских услуг, сообщает АзерТАдж.

    Согласно указу, Госагентству по оказанию услуг гражданам и социальным инновациям поручено принять необходимые меры в целях обеспечения оказания гражданам Азербайджана, временно или постоянно проживающим в зарубежных странах, а также находящимся в зарубежных странах лицам без гражданства, постоянно проживающим в Азербайджане, консульских услуг посредством портала “Электронное правительство”.

    Указ вступает в силу с первого марта 2019 года.

  • DTX-nin Mədəniyyət Mərkəzi bu dəfə abşeronlu uşaqları sevindirdi – FOTOLAR

    Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzinin səhnələşdirdiyi “Tıq-tıq xanımın saxta babası” bu dəfə abşeronlu uşaqlarla görüşə gəlib.

    Median.az xəbər verir ki, Azərbaycan uşaq ədəbiyyatının banilərindən olan Abdulla Şaiqin sevilən personajlarından biri Tıq-tıq xanımın sərgüzəştlərini müasir üslubda işləyən quruluşçu rejissor və ssenari müəllifi Zəhra Quliyeva maraqlı və dinamik nağıl-tamaşa yaratmağı müvəffəq olub.

    Yanvarın 15-də Xırdalan şəhərində yerləşən Abşeron Rayon Mədəniyyət Mərkəzinin tamaşa zalına toplaşan məktəbəqədər müəssisələrdə tərbiyə alan fidanlar sehrli nağıllar aləminə səyahət ediblər. Onların nağıldan tanıdıqları Tıq-tıq xanım bu dəfə fərqli, gözlənilməz məcrada cərəyan edən hadisələrlə üzləşib. Şaxta babanı tapmaq və onun Qar qızı olmaq arzusu ilə Tıq-tıq xanımın üzləşdiyi macəralar uşaqlar tərəfindən böyük maraqla, alqışlarla qarşılanıb.

    Orijinallığı, kreativliyi, ritmik musiqi və rəqsləri, rəngarəng işıq effektləri, dinamikliyi ilə yadda qalan tamaşa balacalara təkrarolunmaz təəssüratlar, əsl bayram ovqatı bəxş edib. Aktyorların məharətli çıxışı, şən musiqilər, sevimli mahnılar, göz qamaşdıran kostyumlar və səhnə dekorasiyaları uşaqların şən əhval-ruhiyyəsinə hakim kəsilib, onları riqqətə gətirib.

    Tamaşanın quruluşçu rejissorunun Abşeron Rayon Mədəniyyət Mərkəzinin foyesində gözəl bir Yeni il guşəsi yaratması balacaların bayram əhval-ruhiyyəsinə əlavə rəng qatıb. Nağıl-tamaşadan sonra bura toplaşan uşaqlar, tərbiyəçilər, valideynlər yaradıcı heyətə yaddaqalan, xoş təəssüratlarla zəngin səhnə əsərinə görə minnətdarlıqlarını bildirib, nağıl qəhrəmanları ilə xatirə şəkilləri çəkdiriblər.

    DTX-nin Mədəniyyət Mərkəzinin dövlət-gənclər siyasətinin mühüm tərkib hissəsi kimi gənc nəslin, o cümlədən uşaqların və yeniyetmələrin vətənpərvərlik, azərbaycançılıq, milli-mənəvi dəyərlərimizə bağlılıq ruhunda tərbiyəsi, eyni zamanda, onların asudə vaxtlarının səmərəli təşkili işinə töhfə vermək məqsədilə yaratdığı tamaşa ölkəmizin digər şəhər və rayonlarında da göstəriləcək.

  • Təhlükəli hidrometeoroloji hadisə ilə bağlı qərargahlar yaradıldı

    Yanvarın 16-dan 17-nə keçən gecədən başlayaraq 18-i gündüzədək gözlənilən ifrat təhlükəli hidrometeoroloji hadisə ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) aparatında və Milli Hidrometeorologiya Departamentində qərargahlar yaradılıb. Həmçinin nazirliyin bütün qurumları səfərbər edilərək gücləndirilmiş iş rejiminə keçib.

    Bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.

    Mətbuat katibi bildirib ki, ETSN-in aparatında yaradılan qərargahdan dövlət qurumları və nazirliyin regional idarələri arasında koordinasiyanın daha da gücləndirilməsi məqsədilə operativ faktiki hava məlumatları təqdim olunacaq.

    Milli Hidrometeorologiya Departamentində yaradılan qərargahdan isə müşahidə olunan proseslə bağlı ətraflı məlumatların (yağıntılar, küləyin sürəti, istiqaməti, dənizdə dalğanın hündürlüyü) hər üç saatdan bir aidiyyəti dövlət orqanlarına ötürülməsi təmin ediləcək. Məlumatlar ictimaiyyətə KİV vasitəsilə canlı və yazılı şəkildə çatdırılacaq.

  • Azərbaycanda mikroavtobus sürücüsü sükan arxasında keçindi

    Bu gün səhər saatlarında Salyan-Lənkəran reysində işləyən mikroavtobusun sürücüsü yolda dünyasını dəyişib.

    “QAZel” markalı mikroavtobusun sürücüsü, 46 yaşlı Salyan şəhər sakini Nizami Adıbala oğlu Gözəlov yolun Salyan rayonunun Şorsulu kəndindən keçən hissəsində sərnişinlərə özünü pis hiss etdiyini deyərək, maşını yolun kənarına sürərək saxladıqdan sonra kəskin ürək çatışmazlığından dünyasını dəyişib.//Virtualaz.org

  • Həbsxanada dələduzluq edən MTN zabitinə hökm oxundu

    Bakı Ağır Cinayətlər Məhkəməsində vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməkdə və dələduzluqda təqsirləndirilən ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı Vüqar Allahverdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.az Trend-ə istinadən xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

    Məhkəmənin hökmü ilə V. Allahverdiyev 9 il azadlıqdan məhrum edilib.

    İttihama görə, V.Allahverdiyev həbsxanada olan zaman məhkum edilmiş şəxslərin və onların yaxın qohumlarının etibarından sui-istifadə etmə və ya aldatma yolu ilə onlara məxsus müxtəlif məbləğlərdə pul vəsaitlərini ələ keçirib.

    Zərərçəkmiş şəxslərin müraciətləri əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

    Araşdırma zamanı V.Allahverdiyevin Ədliyyə Nazirliyinin Penitensiar xidmətin 7 və 13 saylı cəzaçəkmə müəssisələrində saxlanıldığı müddətdə bir neçə dələduzluq əməli törətdiyi üzə çıxıb.

    Belə ki, həbsxanada ona telefonla olan danışıq hüququndan istifadə etməsi üçün yaradılmış şəraitdən yararlanaraq özü ilə birlikdə cəza çəkən ayrı-ayrı şəxslərin yaxın qohumlarına zəng etməklə həmin məhkumların adlarının əfv olunan şəxslər siyahısına saldıracağını bildirib. Naməlum şəxslər vasitəsi ilə Kəmalə Quliyevadan 3000, Firdovsi Məmmədovdan 2500, Namiq Həsənovdan 3000 manat alıb.

    Cinayət işi üzrə həmin hallar araşdırılarkən müəyyən edilmiş digər qanunsuz hərəkətləri törətməsinə şübhələr üçün əsaslar olduğundan, ona Cinayət Məcəlləsinin 178.2.2 (təkrar törədilməklə dələduzluq), 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq), 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 32.4, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət verməyə və ya təkrar rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilib.

    V.Allahverdiyev ona qarşı irəli sürülmüş ittihamla özünü günahkar bilməyib. Heç kimdən əfv üçün pul almadığını deyib. Bəzi şəxslərdən isə borc pul aldığını bildirib.

    Məhkəmədə məlum olub ki, bu iş üzrə 6 nəfər zərərçəkmiş var.

    Qeyd edək ki, dələduzluqda ittiham edilən V.Allahverdiyev daha əvvəl ləğv edilmiş MTN-də işləyib.