Month: January 2019

  • Rəsulzadənin barelyefinin oğurlandığı təsdiqləndi: Çox qiymətli materialdan hazırlanmışdı

    “Məhəmməd Əmin Rəsulzadənin Novxanıdakı yaşadığı evin qarşısından lövhənin oğurlanması ilə bağlı xəbərlər doğrudur”. Median.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Novxanı kəndinin keçmiş icra nümayəndəsi Elnur Əliyev deyib.

    Elnur Əliyevin sözlərinə görə, hadisə ötən gecə baş verib: “Elə səhər saatlarında hadisə yerinə polislər gəlmişdi. Yəqin ki, faktla bağlı artıq cinayət işi başlanılıb. Çox güman ki, bunu kəndin avaraları törədib. Çünki həmin lövhə o vaxt çox qiymətli materialdan hazırlanmışdı”.

    Qeyd edək ki, hadisə yanvarın 15-nə keçən gecə baş verib. Səhər açılanda kənd sakinləri üzərində Rəsulzadənin şəkli olan mis lövhənin – barelyefin yerində olmadığını görüblər.

    Məlumat üçün bildirək ki, Məhəmməd Əmin Rəsulzadənin vaxtilə yaşadığı həmin ev uzun müddətdir uşaq bağçası kimi fəaliyyət göstərir. Oğurlanmış mis barelyefin həmin yerə 1992-1993-cü illərdə vurulduğu bildirilir.

  • “Barselona” tarixə düşdü

    “Barselona” futbol klubu tarixə düşüb.

    Median.az “AS” nəşrinə istinadla xəbər verir ki, komanda rəhbərliyi ötən il futbolçulara 562 milyon avro pul xərcləyib. Bu 2017-ci illə müqayisədə 42 faiz çoxdur.

    “Barselona” dünyada ilk klubdur ki, məvaciblərə görə 500 milyon avrodan artıq vəsait ödəyir.

  • İlham Əliyev Nikola Sarkozini qəbul edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 15-də Fransa Respublikasının sabiq Prezidenti Nikola Sarkozini qəbul edib.

    Median.az xəbər verir ki, bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

  • Fevralın 1-dən GÖZÜNÜZ QAPIDA OLSUN – Sayğaclar… Sosial

    Mənzil daxili qaz sayğaclarının işlək vəziyyətdə olması, sayğacların elektron hissəsinin, kart oxuyucularının, batareya səviyyəsinin, sayğaclarda olan proqram təminatının düzgün işləməsini yoxlamaq məqsədi ilə fevralın 1-dən başlayaraq “Azəriqaz” İstehsalat Birliyi tərəfindən həmin sayğaclara profilaktik baxış keçirilməsi nəzərdə tutulub.

    Qurumdan verilən məlumata görə, əksər yeni tikilən binalarda qaz sayğacları mənzillərin balkonunda quraşdırıldığından mənzillərə daxil olmaq və sayğaclara profilaktik yoxlama xidməti keçirmək zərurəti yaranır:

    “Bəzi hallarda abonentlər mənzildə olmadıqda və ya nəzarətçinin mənzilə daxil olmasına şərait yaradılmadıqda sayğacların işçi vəziyyətinin yoxlanılması mümkün olmur, nəticədə gözlənilmədən sayğacda yaranan problem fərdi şəkildə qaz dayanmasına və abonentlərin şikayətinə səbəb ola bilər”.

    Birlik qaz istehlakçılardan “Azəriqaz” İB-nin işçisi olduğu haqda təsdiqedici vəsiqəsi olan mütəxəssislərimizin qaz sayğaclarına profilaktik xidmətin göstərməsi üçün şərait yaratmalarını xahiş edirik.//Publika.az

  • “Damdayatan Nizam”ın qızı məhkəmə qarşısında

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik satmaqda təqsirləndirilən Lamiyə Quliyeva və Ceyhun İsmayılovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

    Median.az xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

    Məhkəmə baxışı yanvarın 22-nə təyin edilib.

    Qeyd edək ki, ötən il Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində “Kubinka” adlanan yerdə külli miqdarda narkotik vasitələr və psixotrop maddələrlə 1986-cı il təvəllüdlü Quliyeva Lamiyə Nizam qızı saxlanılıb. O, marixuana, heroin, “kokos” (kokain), metamfetamin, “spays” qarışığı və digər narkotik vasitələrin ticarəti ilə məşğul olub.

    Daha sonra C. İsmayılov da cinayət məsuliyyətinə cəlb edilib.

    Xatırladaq ki, L. Quliyevanın atası “Damdayatan Nizam” ləqəbi ilə tanınan Nizam Quliyev, nənəsi Məsmə Quliyeva və bacısı Şəms Səmədova da “Kubinka” adlanan ərazidə vaxtilə narkotik ticarəti ilə məşğul olub. S. Səmədova hazırda həbsdədir. Onun cinayət işi ayrıca icraata ayrılıb və Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.

  • Barmağı amputasiya olunan xalq artistindən xəbər var

    Xalq artisti Ramiz Əzizbəyli səhhətindən danışıb.

    Median.az yenicag.az-a istinadən xəbər verir ki, aktyor getdikcə yaxşılaşdığını bildirib:

    “Vəziyyətim yaxşı deyildi, ayaq barmağımı kəsdilər. Xəstəxanadan evə gətiriblər. Yataq şəraitindəyəm. İndi özümü yaxşı hiss edirəm. Amma ayağa qalxa bilmirəm. Həkim nəzarəti altında müalicəm davam edir”.

    Qeyd edək ki, xalq artistinin ayağında qanqrena yarandığı üçün dekabrın 27-də ayaq barmağı amputasiya olunub.

  • Qonşu ölkədə vəziyyət ağırlaşır: qriplə mübarizəyə 4 milyon dollar sərf edilir

    Gürcüstanda mövsümi qripin kəskinləşməsinə qarşı mübarizə hökumətə, təxminən, 10 milyon lariyə (3,7 mln. dollardan çox) başa gələcək.

    Median.az report-a istinadən xəbər verir ki, bu barədə ölkənin məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri David Sergeenko bildirib.

    Onun sözlərinə görə, “Tamiflu” dərman preparatının əhaliyə ödənişsiz verilməsi üçün əlavə olaraq 1 milyon lari xərclənəcək: “Vaksinasiyaya isə, təxminən, 700 min lari vəsait sərf ediləcək”.

    Nazir deyib ki, son iki həftə ərzində ölkədə qripə yoluxma hallarında azalma qeydə alınıb: “Azalma tendensiyası müşahidə olunsa da, biz səylərimizi davam etdiririk. Bəzi xəstəxanaların 24 saatlıq iş rejiminə keçməsi yoluxma hallarının azalmasına böyük təsir edib”.

    Qeyd edək ki, bu günə qədər Gürcüstanda “donuz qripi” adlandırılan A (H1N1) virusundan 17 nəfər ölüb.

  • Bankda əmanəti olanların diqqətinə – “Bəziləri əmanətlərini geri götürməyə başlayıb”

    Azərbaycanda əmanətlərin tam sığortalanmasının vaxtı 4 mart 2019-cu ildə bitir.
    Minval.info-nun məlumatına görə, bu barədə yazan bank məsələləri üzrə ekspert Əkrəm Həsənov xatırladıb ki, göstərilən tarixdən 3 il müddətinə əmanətlərin tam sığortalanması sistemi mövcuddur: “Yəni fiziki şəxslərin əmanətləri tam məbləğdə sığortalıdır, bu şərtlə ki, milli valyutadakı əmanətin illik faiz dərəcəsi 15%-dən, xarici valyutadakı əmanətin illik faiz dərəcəsi isə 3%-dən çox deyil.

    Bu sistemin cəmi 50 günlük ömrü qalıb. Bu tarixdən sonra əmanətlərin sığortalanması necə həyata keçiriləcək?

    “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun 5.2-ci maddəsinə əsasən 4 mart 2019-cu il tarixdən sonra bağlanmış hər bir bankda sığortalanmış əmanət yalnız 30 000 manatdan çox olmamaq şərtilə kompensasiya ediləcək.

    Məlum olduğu kimi, ölkə başçısı tərəfindən 2016-cı ilin dekabr ayında təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən 2018-ci ilin sonunadək Maliyyə Bazarlarına Nəzarət Palatası kapital dayanıqlılığı bərpa olunmayan bankların restrukturizasiyası (bankın satılması, aktivlərin və öhdəliklərin tam və ya qismən ötürülməsi, körpü bankın yaradılması və s. vasitələrlə) prosesini bitirməli idi. Başqa sözlə, bank sistemini sağlamlaşdırmalı, deməli, sağlam məntiqlə, qeyri-sağlam bankları isə bazardan çıxarmalı idi.

    Lakin Palata digər vəzifələrinin icrasında olduğu kimi bu işin də öhdəsindən gəlmədi, prosesi bitirə bilmədi. Deməli, problemli bankların bağlanması bu ilə qaldı. Bu isə o deməkdir ki, əmanətlərin tam sığortalanmasının müddətinin uzadılmadığı təqdirdə 4 martdan sonra bağlanacaq bankda 30 000 manatdan çox əmanət saxlayanlar faktiki olaraq həmin məbləğdən çox olan hissəni itirəcəklər”.

    Ə. Həsənov qeyd edib ki, vəziyyətdən hali olan bəzi əmanətçilər artıq ötən ilin payız aylarından başlayaraq banklardan əmanətlərini geri götürməyə başlayıb: “Belə ki, əgər 1 oktyabr tarixinə banklarda 8,1991 mlrd. manat əmanət var idisə, 1 noyabrda 8,14 mlrd. manat, 1 dekabrda isə 8,0735 mlrd. manat qalmışdı. Yəni təkcə 2 ay ərzində banklardan 125,6 mln. manat çıxarılıb. Digər əmanətçilər vəsaitlərini daha etibarlı, yəni zənnlərinə görə bağlanma ehtimalı olmayan banklara yerləşdirməyə üstünlük verir. Həmin banklarda əmanətlər üzrə faiz dərəcələri nisbətən aşağıdır, bu da onların daha təhlükəsiz olmasından irəli gəlir. Bəziləri sadəcə əmanətlərinin məbləğini bölüşdürür. Yəni elə edirlər ki, bir nəfərin adına bir bankda 30 000 manatdan çox pul qalmasın. Bunun üçün ya əmanəti bir neçə bank arasında bölürlər (hər bankda maksimum 30 000 manat), ya da bir bankda qohumları arasında bölürlər (hər qohumun adına maksimum 30 000 manat). Əlbəttə, istisna deyil ki, son anda əmanətlərin tam sığortalanmasının müddəti uzadılacaq. Lakin getdikcə bu ehtimal azalır. Bu istək varsa, bunu mümkün qədər tez etmək lazımdır ki, əmanətçilər sakitləşsin. Buna görə də böyük ehtimalla ya hələlik yekun qərar yoxdur, ya da əmanətlərin tam sığortalanması sisteminin ləğvi qərara alınıb”.

  • Tural Gəncəliyev: Paris görüşü münaqişənin sülh yolu ilə həllində irəliləyişin əldə olunmasına ümidlərimizi artırır

    Yanvarın 16-da Parisdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər nazirinin v.i.e. Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə keçiriləcək görüş uzun müddətdir ki, davam edən münaqişənin sülh yolu ilə həllində irəliləyişin əldə olunmasına ümidlərimizi daha da artırır.

    Median.az xəbər verir ki, bu barədə Trend-ə “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Idarə Heyətinin sədri Tural Gəncəliyev deyib.

    T.Gəncəliyev sözügedən görüşün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə təkan verəcəyinə ümidvar olduğunu bildirib:

    “Əminik ki, münaqişənin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri və ərazi bütövlüyü çərçivəsində həlli regional əməkdaşlıq üçün yeni imkanlar açacaq və regionda davamlı inkişaf, sabitlik və rifahın bərqərar olmasına, eləcə də ölkəmizin təşəbbüsü ilə həyata keçirilən layihələrdən erməni xalqının da yararlanmasına səbəb olacaq”.

  • Üç klubumuzun oyunu ləğv olundu

    Antalyada təlim məşq toplanışında olan “Zirə”nin bu gün Qazaxıstanın “Taraz” klubu ilə nəzərdə tutulan yoxlama oyunu ləğv olunub.

    Median.az qol.az-a istinadən xəbər verir ki, buna bölgədə yağan güclü yağış və külək səbəb olub.

    Bu gün digər Qazaxıstan klubu “Jetısu” ilə qarşılaşmalı olan “Sumqayıt”ın matçı isə eyni səbəbdən təxirə düşüb. Klubdan verilən məlumatda bildirilib ki, görüş sabah Bakı vaxtı ilə saat 13:00-da keçiriləcək.

    Bundan başqa, “Səbail”in bu gün Macarıstanın “Aqvital” klubu ilə keçirməli olduğu qarşılaşma da təxirə salınıb. Oyun sabah olacaq.

    Qeyd edək ki, 3 gün öncə “Qarabağ”ın Rumıniya “Botoşani”si ilə yoxlama matçı da yağışa görə ləğv olunmuşdu.