Month: March 2019

  • Gürcüstanda sürücülər narkotestdən keçiriləcək

    Bu ilin aprel ayının birindən etibarən Gürcüstanda sürücülərin narkotik vasitələr istifadə edib-etmədiyi yerindəcə yoxlanılacaq.

    Median.Az report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Sürücülərin nəqliyyat vasitələrini narkotik vasitələrin təsiri altında idarə edib-etmədikləri xüsusi testlə müəyyən olunacaq. Artıq Gürcüstana Almaniya istehsalı olan 10 min narkotest gətirilib.

    Narkotik vasitələr istifadə edən sürücülərə qarşı cərimə və ya 1 ilədək həbs cəzası tətbiq olunacaq.

    Qeyd edək ki, hazırda Gürcüstanda sürücülərin narkotiklərdən istifadə edib-etmədiyi laboratoriyada müəyyən olunur. Narkotik vasitələrin təsiri altında nəqliyyat vasitələrini idarə edən sürücülər sürücülük vəsiqəsindən məhrum olunurlar.

  • Yeni avtomobillərdə sürət məhdudiyyəti olacaq

    2022-ci ildən etibarən Avropa İttifaqı (Aİ) ölkələrində yeni avtomobillərdə sürət məhdudiyyəti sistemi tətbiq ediləcək. Avropa Komissiyasının təsdiq etdiyi bu təkliflər Avropa Şurası və Avropa Parlamentinin ratifikasiyasından sonra qüvvəyə minəcək.

    Median.Az BBC-yə istinadən xəbər verir ki, Aİ 2050-ci ilədək yol-nəqliyyat qəzalarında ölüm hallarını minimuma endirməyi nəzərdə tutur. Bu məqsədlə yeni avtomobillərdə “ağıllı sürət yardımı” (ISA) təcili əyləc sistemi və nəqliyyat vasitələrinin yol zolağında qalmasını təmin edən məcburi texnologiya quraşdırılması nəzərdə tutulur. ISA sürət lövhələrini qəbul edən kameralar vasitəsilə işləyəcək və GPS proqramının olduğu kompüterlər lazımi sürəti hesablayaraq motor əyləci ilə avtomatik şəkildə sürəti azaldacaq.

    Aİ Komissiyasının üzvü Elizabet Bienkovska yeni sistemlə bağlı müraciətində qeyd edib ki, hər il yol-nəqliyyat qəzalarında 25 min insan həyatını itirir. Onun sözlərinə görə, bu qəzaların əksəriyyəti sürücü xətalarından baş verir və yeni sistem onların qarşısını almağa kömək edəcək. ISA sürəti azaltmaqla yanaşı, sürücülərə yuxulamaq, mobil telefondan istifadə etməklə bağlı xəbərdarlıq da edəcək. Əlavə olaraq, sistemə avtobus və yük maşınlarında sürücülərin ətrafı tam şəkildə görməsini təmin edəcək proqram daxil ediləcək. Avropa Nəqliyyat Təhlükəsizliyi Şurası bu tədbirlər nəticəsində 2038-ci ilədək ağır xəsarətlə nəticələnən 140 min qəzanın qarşısının alınacağını bildirib.

    Avropa Şurası və Avropa Parlamentinin yeni sistemi təsdiq etməsi prosesinin bir neçə ay davam edəcəyi qeyd olunur.

  • Qobustanda heyvanlar kütləvi şəkildə ölür (FOTO/VİDEO)

    Qobustan rayonunun Poladlı kəndində son bir həftədə 10-dan çox yeni doğulmuş quzu və buzov tələf olub.

    Median.Az-ın oxu.az-a istinadən məlumatına görə, xəstəliyin ötən ilin dekabr ayından müşahidə olunduğu bildirilir.

    Belə ki, kənd sakini Araz Rüstəmovun təsərrüfatında baş verən ölüm halları artıb. Rayon Baytarlıq İdarəsinin həkimləri tərəfindən heyvanlara baxış keçirilib. Xəstə heyvanlardan götürülən nümunələr Dövlət Baytarlıq Xidmətinin Şamaxı şəhərində yerləşən laboratoriyasına göndərilib.

    Məlum olub ki, heyvanların kütləvi ölmünə səbəb paratif xəstəliyidir. Bu zaman heyvanlarda qızdırma, titrəmə, ishal kimi hallar müşahidə olunur. Xəstəlik qısa zamanda ölümlə nəticələnir.

    A.Rüstəmovun sözlərinə görə, heyvanların müalicəsi üçün baytarın məsləhəti ilə alınan dərman xəstəliyə çarə olmayıb.

    Xəstəliyin müalicəsi üçün lazım olan vaksinin apteklərdə olmaması sahibkarın çarəsiz qalmasına səbəb olub. Hazırda heyvanların kütləvi ölümü davam edir. Son üç ayda 65-dən çox yeni doğulmuş iri və xırda buynuzlu heyvan ölüb.

    Heyvan sahibi isə yoluxucu xəstəliyin bütün kəndə yayılmasından narahatdır. Xəstəliyin qarşısının alması üçün sahibkar aidiyyəti qurumlardan kömək gözləyir.

  • Afət: “Aparıcılıq edəcəyəm, iş adamları, müğənnilər…”

    Müğənni Afət Fərmanqızı müğənni Roza Zərgərlinin onu məhkəməyə verməsi ilə bağlı açıqlamasına münasibət bildirib.

    Median.Az bildirir ki, musavat.com saytına açıqlama verən ifaçı deyib ki, müğənnilər onunla reklam qazanmağa çalışır: “Dünən susacağımı açıqladım. Savaşı akulalarla aparmaq mənim üçün şərəfdir. Amma kilkə balıqları ilə savaşmaq mənə yaraşmaz. Susmağıma səbəb budur. Mənimlə reklam qazanmaq istəyənlər çoxalıb. Məhkəmə mənim vecimə deyil. Bu dedi-qoduların mənə müsbət təsiri var. Heç vaxt 1 ayda xaricdə 7 toya dəvət olunmamışdım. Bir toy Ukraynada, 6 səfərim Rusiyayadır. Bu səfərlər varsa, deməli xalq məni sevir. Mahnılarımı istəyən insanlar öz halal qazancını mənə ödəyir. Ona görə də reklam qazanmağa çalışanlara baş qoşmayacağam”.

    Afət yeni yaradıcılıq planlarından da bəhs edib: “Yeni klip çəkilişinə başlayırıq. Türk dünyasına aid mahnı yazdırmışam, tezliklə təqdim edəcəyəm. “Youtube” kanalımda veriliş açacağam. 45 dəqiqə yayımlanacaq, “Afətlə dəli-dolu söhbətlər” adlanacaq. Televiziyalara böyük hörmətim var, efirə dəvət olunuram. İstəyirəm, məni sevənlər artıq mənə öz kanalımda baxsınlar. İş adamları, müğənnilər, aparıcılar və hər sahədən qonağım olacaq”.

    Müğənni efirlərə pul verib çıxması haqqında yayılan məlumatlara da aydınlıq gətirib: “Mən reytinqli verilişlərdə qonaq oluram. Hər verilişə getmərəm. Bəzi kanallar var ki, deyirəm, qonorarımı ver, gəlib sənə reytinq verim. Pul verib, efirə çıxmıram. DTV və ARB pul versə, onların verilişlərinə çıxaram”.

    A.Fərmanqızı Flora Kərimova ilə arasında yaşanan qalmaqaldan da bəhs edib:
    “Flora xanım məni tənqid etmişdi, mən də zarafatla vannada çəkilən şəklini paylaşmışdım. Sonra təhqirə keçdi, verilişdə dedi ki, ay əxlaqsız, tərbiyəsiz, o pulu sənə oxumağa görə vermirlər. Ona görə də onu təhqir etdim. O, xalq artistidir deyə məni söyməlidir? Nə haqqı var? Mən alın tərimlə mahnımı oxuyub, pulumu qazanıram”.

  • Sumqayıtda polad əritmə sexində partlayış olub, ölən və yaralananlar var

    Sumqayıtda polad əritmə sexində partlayış baş verib.

    Median.Az-ın report-a istinadən məlumatına görə, hadisə İnşaatçılar qəsəbəsində, keçmiş TES 1-in ərazisində fəaliyyət göstərən polad əritmə sexində qeydə alınıb.

    Belə ki, partlayış zamanı həmin sexdə çalışan 4 nəfər, 1967-ci il təvəllüdlü Mehrəliyev Əlibaba Kamil oğlu, 1992-ci il təvəllüdlü Qaraçayev Ceyhun Nazim oğlu,1974-cü il təvəllüdlü Cəlilov Vüqar Məzahir oğlu və 1960-cı il təvəllüdlü Seyidəliyev Minyaz Şükür oğlu ağır yanıq xəsarətləri alaraq xəstəxanaya çatdırılıb. Daha sonra yaralılar Bakı şəhərinə aparılıb. Onlardan biri 1960-cı il təvəllüdlü Seyidəliyev Minyaz Şükür oğlu aldığı yanıq xəsarətlərindən dünyasını dəyişib.

    Faktla bağlı araşdırma aparılır.

  • В Джалилабаде ребенок погиб, проглотив батарейку

    В Джалилабаде двухлетний ребенок скончался в результате несчастного случая.

    Как передает Median.Az со ссылкой на Report, инцидент отмечен в городе Гейтепе.

    Агаев Ибрагим Халид оглу 2017 г.р. был доставлен в одну из столичных больниц. При обследовании выяснилось, что мальчик проглотил батарейку. Несмотря на усилия врачей, 26 марта ребенок скончался.

  • Arvadını zorladı, aldadaraq otağa saldı, sonra… – Sumqayıtda İYRƏNC OLAY

    Sumqayıt şəhərində arvadına təcavüz etməkdə, girov götürmə və bədənə xəsarət yetirməkdə ittiham olunan Səlim Məmmədovun (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az publika.az-a istinadən xəbər verir ki, Səlim Məmmədov yaşadığı Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsindəki evində arvadı Səlimə Məmmədovaya təcavüz edib.

    Gecə yarısı arvadına təcavüz etdi

    Belə ki, o, arvadı ilə ehtirasını pozğun formada təmin etmək məqsədi ilə qeyri-təbii yolla cinsi əlaqədə olmaq qərarına gəlib.

    Səlim Məmmədov niyyətini həyata keçirmək üçün onun təklifini rədd edən arvadının sağ və sol baldır nahiyyələrindən tutub, ona bədən xəsarəti yetirib.

    Səlim zorakılıq əməllərini davam etdirərək qeyri-təbii cinsi ehtirasını pozğun formada təmin etməklə arvadına qarşı seksual xarakterli zorakılıq hərəkətləri törədib.

    Arvadından şübhələndi, ona xəsarət yetirdi

    Səlim Məmmədov bu hadisədən bir neçə gün sonra arvadının başqa kişilərlə telefonla danışmasından şübhələnib. O, qısqanclıq zəminində yaşadığı evin ikinci mərtəbəsindəki yataq otağında arvadını döyüb, ona bədən xəsarəti yetirib.

    İstintaq sənədlərinə görə, Səlim Məmmədov tanışı Samirə Səlimovanın işlədiyi Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yerləşən “Dostlar” çay evinə gəlib.

    Tanışını girov saxladı

    Həmin vaxt orada Samirənin Vüqar adlı tanışına olan pul borcunu həll etmək üçün İnşaatçilar qəsəbəsində yerləşən evinə getməyi təklif edib. Samirə onun istəyi ilə razılaşıb və birlikdə həmin ünvana gediblər.

    Bu zaman Səlim Məmmədov Samirəni aldadaraq mənzilə salıb və qapını bağlayıb. Səlim həmin evdə Samirənin sərbəst hərəkət etməsinə imkan verməyib, əl-qolunu bağlayaraq onu qanunsuz olaraq bir gün girov saxlayıb.

    3 maddə ilə cinayət işi

    İstintaq orqanı tərəfindən Səlim Məmmədovun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma), 145.1-ci (adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə) və 150.1-ci (zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə) maddələri ilə ittiham elan edilib.

    Cəza

    Cinayət işi üzrə məhkəmə araşdırması Sumqayıt Şəhər Məhkəməsində aparılıb. Məhkəmənin hökmü ilə Səlim Məmmədov 3 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.

    Hökmdən narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror Səlim Məmmədovun cəzasının ağırlaşdırılmasını istəyib.

    Həmçinin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınan Səlim Məmmədovun da arvadı apelyasiya şikayəti verib. O, ərinin peşman olmadığını əsas gətirib, onun cəzasının ağırlaşdırılmasını tələb edib.

    Cəza artırıldı

    Tərəflərin şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

    Qərara görə, zərərçəkmiş şəxsin apelyasiya şikayəti və prokurorluğun protesti təmin olunub. Səlim Məmmədovun cəzası ağırlaşdırılıb. Onun barəsində olan cəza artırılaraq 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

    Bundan başqa, Səlim Məmmədovun bəraət istəməsi barədə verdiyi apelyasiya şikayəti təmin olunmayıb. Bu qərardan narazı qalan Səlim Məmmədov kasasiya şikayəti verib.

    Səlim Məmmədovun şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Şikayət hakim Hafiz Nəsibovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

    Kasasiya şikayətini araşdıran hakimlər sonda qərar açıqlayıb. Qərara görə, Səlim Məmmədovun kasasiya şikayəti təmin olunmayıb.

  • Azərbaycanda ana doğuş zamanı ölüb

    Neftçalada ana ölümü baş verib.

    Median.Az ONA-ya istinadən xəbər verir ki, 1997-ci il təvəllüdlü, Neftçala şəhər sakini Abdullayeva Gülnaz Elxan qızı doğuş üçün rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə müraciət edib.

    Doğuş zamanı ana dünyasını dəyişib, körpə isə sağ qalıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycan yoxsul ölkələr üçün donor olacaq

    Beynəlxalq İnkişaf Assosiasiyasının (BİA) aprel ayında keçiriləcək toplantısında Azərbaycanın yoxsul ölkələrə donor qismində nə qədər vəsait ayıracağı müəyyən olunacaq.

    Median.Az-ın məlumatına görə, bunu Trend-ə müsahibəsində Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Mersi Tembon deyib.

    Regional direktor yoxsul ölkələrə göstərdiyi dəstək və yardıma görə Azərbaycana minnətdarlığını bildirib:

    “Azərbaycan da 1992-ci ildə Dünya Bankına yenicə qoşulanda yoxsul ölkə idi. Bu gün isə Azərbaycan dövləti bir çox sahələrdə əhəmiyyətli dərəcədə uğurlar əldə edib və yoxsul ölkələrə öz yardımını təklif edir. Biz buna görə çox şadıq və Azərbaycana minnətdarıq”.

    Azərbaycanın Dünya Bankının strukturuna daxil olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BYİB) və Beynəlxalq Maliyyə Korporasiyası (BMK) kimi institutlarda səhmlərinin artırılması məsələsinə gəldikdə M.Tembon qeyd edib ki, ölkə buna öz razılığını verib və zəruri sənədləri imzalayıb:

    “Ən əsas məsələ razılaşmanın əldə olunması və Azərbaycanın razılığının alınması idi. Buna da nail olmuşuq. Ancaq biz ölkənin öz payını nə qədər artıracağını bilmirik. Bu, uzun prosesdir və 10 ilə yaxın vaxt apara bilər”.

  • Azərbaycanlı iki dağçı aksiya başlatdı – FOTO

    Dünyada yayılmış məşhur təmizlik həştəqi olan #trashtag trendinə qoşulan iki gənc dağçı Göyçayın dağlıq ərzilərinə atılan tullantıların təmizlənməsini təmin etmək üçün aksiya keçirib.

    Təbii ərazilərə atılan polietlen paketlər, plasmas butulkalar və s. torpaqda gec çürüyən materiallar, torpağın təbii qatına ziyan vurur, heyvanların yayılıb artması üçün lazım olan faydalı bitkiləri məhv edirlər.

    Gənclər, tullantılar atılmış bir ərazi seçərək, oranın təmizliyini təmin ediblər. Dağçı Coşqun İsmayılov bildirib ki, Yer kürəsinə ildə 1.3 milyard ton məişət tullantısı atılır. Bu tullantıların 258-368 milyonu zibilxanalara, yüzdə 80-i isə okeanlara tökülür.

    “Son zamanlar sosial mediada yayılan #trashtag trendi ilə zibillərlə dolu yerlər təmizlənir və tullantılar atılmış yerin əvvəlki və sonrakı fotoları paylaşılır. Sosial mediada getdikcə daha çox insana çatan Trashtag həştəqinin sürətli və əhatəli olması, təbiətin təmizliyinə ümid vəd verir. Könüllülər ilk olaraq zibil dolu bir yerin fotoşəkilini çəkir, sonra orada olan bütün zibilləri təmizləyir və bölgənin yeni vəziyyətini paylaşırlar. Bu trend gün keçdikcə daha çox insana çataraq yayılır. Buna görə də biz də bu prosesdə iştirak edərək bölgədə bu istiqamətdə ilk addımı atdıq və daha çox insanın bu trendə qoşulmasını gözləyirik”.

    Digər dağçı Seymur Məmmədov isə bildirib ki, bu aksiyada məqsəd təkcə təbiətin təmizlənməsinə yox, həm də onun çirkəndirilməməsinə xidmət etməlidir:

    “Hər yaş qrupundan olan insanlar bu cür trendlərdə iştirak etməklə, özlərində təbiətin təmizliyinə qarşı məsuliyyət hiss etməyə başlayacaqlarını düşünürəm. Ümid edirəm ki, bizim bu addımımız hər yaş qrupundan olan insanlara təsir etməli, onları sosial məsuliyyətə yönəltməlidir”.

    Xatırladaq ki, gənclər bu aksiyanı davamlı olaraq həyata keçirəcəklərini və bu istiqamətdə fəaliyyət göstərən yerli təşkilat və dövlət qurumları ilə də əməkdaşlıq etməyə hazır olduqlarını bildiriblər.//oxu.az