Month: June 2019

  • Qazaxda yol qəzası baş verib, xəsarət alanlar var

    Qazax rayonunda yol qəzası baş verib.

    Median.Az-ın report-a istinadən məlumatına görə, hadisə Bakı-Qazax magistralının rayonun Ağköynək kəndindən keçən hissəsində qeydə alınıb.

    Belə ki, “Opel” və “Ford” markalı avtomobillərin toqquşması nəticəsində Gürcüstan vətəndaşı, 37 yaşlı Zaur Nəbiyev və Gədəbəy rayon sakini, 37 yaşlı Bəhman Səfərov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hər iki yaralı Qazax Rayon Müalicə və Diaqnostika Mərkəzinə aparılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Qubada tanınmış oteldə biabırçı mənzərə – FOTO

    İstirahət üçün Qubaya üz tutan vətəndaş Fuad Məmmədov “Retro” oteldə xoşagəlməz mənzərə ilə qarşılaşıb.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, bu barədə sosial şəbəkədə məlumat paylaşıb.

    F. Məmmədov onun üçün ayrılmış otaqda çarpayı əvəzinə, matrasdan düzəldilmiş “yataq” görüb:

    “Otellə əlaqə saxlayıb otağı bron elədim. Gedib ödənişi etdikdən sonra, əşyaları qoyub oteldən çıxdım. Heç nəyə də fikir vermədim. Çünki burda bir neçə dəfə olmuşdum. Qayıdanda gördüm ki, çarpayı əvəzinə matras qoyublar.

    Ya otağı dəyişdirmələrini, ya da pulumu qaytarmalarını tələb etsəm də, otel təmsilçiləri ödənişdən 1 saat keçdiyi üçün pulu sistemə vurduqlarını və qaytara bilməyəcəklərini bildirdilər. Başqa boş otaq da yox idi”.

    Əməkdaşımız məsələ ilə bağlı sözügedən otellə əlaqə saxlayıb. Fotolarla tanış olan otel nümayəndəsi xoşagəlməz mənzərəni şərh etməkdən boyun qaçırıb. O, bu barədə danışmaq istəmədiyini bildirib.

  • Zaqatalada maşın aşdı: sərnişin öldü, sürücü yaralandı

    Zaqatala rayonunun Mosul kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

    Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən verilən məlumata görə, iyunun 6-da, saat 14 radələrində Zaqatala rayonunun Mosul kəndi ərazisində Əliabad kənd sakini Ü.Əliyev idarə etdiyi “Nissan” markalı avtomobili aşırıb.

    Nəticədə avtomobildəki sərnişin Bəxtiyar Abbasov hadisə yerində ölüb, sürücüyə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

    Zaqatala RPŞ tərəfindən araşdırma aparılır.//milli.az

  • Məhkəmə narkotiklə tutulan baş redaktorla bağlı qərar verdi

    Bu gün Xətai Rayon Məhkəməsində qanunsuz narkotik maddə satmaqda təqsirləndirilən Şəfəq Ağacanın (Ağabalayeva) barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı verilən vəsatətə baxılıb.

    Median.Az-ın oxu.az-a istinadən xəbərinə görə, prosesdə qərar elan edilib.

    Qərara əsasən, məhkəmə vəsatəti təmin etməyib.

    Xatırladaq ki, Ş.Ağabalayeva Bakupress.az saytının təsisçisi və baş redaktorudur.

    O, Nərimanov rayonunda narkotik maddə olan marixuananı satarkən yaxalanıb. Onun üzərindən bükülmüş halda narkotik maddə aşkar edilərək götürülüb.

  • Azərbaycanda bu məhkəmələrin adı dəyişdirilir

    Azərbaycanda mövcud olan yeddi inzibati-iqtisadi məhkəmənin hamısı bundan sonra inzibati məhkəmə adlandırılacaq. Bu, ölkədə həyata keçirilən məhkəmə-hüquq islahatları, o cümlədən, yeni – kommersiya məhkəmələrinin yaradılması ilə birbaşa bağlıdır.

    Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Məlahət İbrahimqızı “Məhkəmələr və hakimlər haqqında” qanuna edilməsi nəzərdə tutulan dəyişiklikləri şərh edərkən bildirib.

    Qeyd edək ki, adıçəkilən qanuna edilməsi nəzərdə tutulan dəyişikliyə əsasən, bundan sonra 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, Gəncə İnzibati-İqtisadi Məhkəməsi, Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsi, Şəki İnzibati-İqtisadi Məhkəməsi, Şirvan İnzibati-İqtisadi Məhkəməsi və Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi inzibati məhkəmələr adlandırılacaq.

    Yəni təklif edilən dəyişikliklə mövcud qanunun 42-ci maddəsinin (İnzibati-iqtisadi məhkəmə) adından və bəndlərindən “İqtisadi” sözü çıxarılır.


    M. İbrahimqızı onu da bildirib ki, “İqtisadi” sözü məhdud mənanı ifadə edir.

    “Amma “İnzibati” sözü daha geniş anlamı, mənanı özündə birləşdirir. Həm də dünya təcrübəsində belədir, yəni “İnzibati” məhkəmələr məfhumundan istifadə olunur.

    Odur ki, bizdə də məhz dünya təcrübəsinə uyğun olaraq, “İnzibati” məhkəmələr məfhumundan, sözündən istifadə olunması məqsədəuyğun sayılıb. Bu, təkcə söz dəyişikliyi deyil, həm də mahiyyət dəyişikliyidir.

    Hesab edirəm ki, bu, həmin məhkəmələrin fəaliyyətində yeni bir mərhələ təşkil edəcək. Elə ölkədə aparılan məhkəmə-hüquq islahatlarında da məqsəd budur”, – deyə komitə sədrinin müavini əlavə edib.

  • Həkim səhlənkarlığı: qulaqları zəiflədi, gözləri çəpləşdi, iflic oldu – VİDEO

    Masallı Rayon Mərkəzi Xəstəxanasında aparılan əməliyyat bir gəncin həyatını alt-üst edib.

    Median.Az-ın oxu.az-a istinadən məlumatına görə, bel nahiyəsində qıl dönməsi şikayəti ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına müraciət edən Seymur Əlizadəyə dermatol kista diaqnozu qoyularaq əməliyyata alıblar.

    Hadisə də elə bundan sonra baş verib. 15 dəqiqə davam edən əməliyyat sonrası xəstənin vəziyyəti ağırlaşıb və o, komaya düşüb.

    Xəstənin anası bir neçə gün sonra oğlunu əməliyyat edən cərrah Fəxrəddin Nəzərli və baş həkim Cəlil Nəzərovla dəfələrlə əlaqə saxlayaraq kömək istəyib. Baş həkim əvvəl müalicə üçün xəstəni xarici ölkəyə göndərəcəyinə söz versə də, sonra fikrindən daşınıb.

    Məsələ ilə bağlı həm Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərovla, həm də cərrah Fəxrəddin Nəzərli ilə əlaqə yaratmaq istəsək də, zənglərimizə cavab verən olmadı.

    Baş həkimin müavini Asif Əliyevlə əlaqə yaratdıq. Onun cavabı isə belə oldu:

    “İş prokurorluqdadır, gedin, işinizlə məşğul olun”.

    Qeyd edək ki, yatağa məhkum olan Seymur Əlizadə yaxın günlərdə ata olacaq.

    Daha ətraflı videosüjetdə:

  • Küçənin ortasında öldürülən 3 uşaq anasının əri bu gün Rusiyadan qayıdırmış – TƏFƏRRÜAT

    Xəbər verdiyimiz kimi, Bakıda qadın küçədə bıçaqlanaraq qətlə yetirilib.

    Median.Az xəbər verir ki, unikal.org hadisənin ilkin təfərrüatlarını öyrənib.

    Hadisə Bayılda, 20-ci sahə adlanan ərazidə Arif İsmayılov küçəsi 22 D ünvanında baş verib. Ev sahibi Zeynəb Namazova bildirib ki, 30-35 yaşlarında qadın “kömək edin” qışqıraraq qapını döyüb. Ev sahibigildə olan qonaqlar qapını açıblar.

    Bu zaman qanın içərisində olan qadın özünü həyətə atıb. Əraziyə təcili tibbi yardım çağırılana qədər o dünyasını dəyişib. Sonra əraziyə Səbail Rayon Polis İdarəsinin əməkdaşları gəlib.

    Məlum olub ki, qətlə yetirilən 38 yaşlı Kəmalə Mikayılova 3 uşaq anasıdır. Mərhumun Rusiyada olan həyat yoldaşı bu gün Bakıya qayıdırmış.

    Hazırda faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

  • Toliki Dubay polisi tutdu – Əlindəki kadrlara görə… – FOTO

    Bakıda çəkilişlər üçün icazə almaq kifayət qədər rəsmi prosedurlar tələb edir.

    Median.Az xəbər verir ki, bunu teleaparıcı İdris Cəfərov “Hər şey daxil”də deyib.

    İdrisin bu açıqlamasına verilişin aparıcısı Tarix Əliyevin (Tolik) reaksiyası maraqlı bir olayın üstünün açılmasına səbəb olub:


    “O, tək Azərbaycanda yox, hər yerdə var. Mən Dubayda çəkiliş etmək istədim. Bilmədim, kamerayla getdim dayandım “Burc Khalifa”nın qabağında. Renkaya dedim oyna, çəkirəm səni.


    Mən də sevinirəm. Bir də gördüm oradan polis, buradan polis gəldi, dedilər “Gedək”. Yaxşı ki, rus dilində işləyən qız var idi, tərcümə etdi ki, “Mənim xəbərim yoxdur”. Mənə qol çəkdirdilər ki, “Yaz ki, sən bilməmisən bura qanunlarını. Başqa yerdə də çəksən tutsalar, səni deport edəcəklər. Sistemdə artıq bu ərizən var”.//milli.az

  • Prezident: Zəngin mədəni irsi Azərbaycanı turizm baxımından cəlbedici edir

    Prezident İlham Əliyev “Tarixi şəhərlərdə kütləvi turizm” mövzusunda beynəlxalq memarlıq forumunun iştirakçılarına məktub ünvanlayıb.

    Məktubun mətnini AZƏRTAC dərc edib.

    “Hörmətli forum iştirakçıları!

    Sizi ölkəmizin paytaxtında “Tarixi şəhərlərdə kütləvi turizm” mövzusunda beynəlxalq memarlıq forumunun öz işinə başlaması münasibətilə səmimi təbrik edir, hər birinizə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.

    Biz ilk mötəbər forumunuzun unikal memarlıq abidələri və eyni zamanda modern üslublu binalarla zəngin, təkrarsız görkəmə malik Bakı şəhərində təşkilini yüksək qiymətləndiririk. Bu, şəhərsalma və memarlığı özünəməxsus inkişaf yolu keçmiş çoxəsrlik Azərbaycan mədəniyyətinə ehtiramın təzahürüdür.

    Turizmin müasir problemləri, o cümlədən dövrümüzün reallıqları ilə yaxından səsləşən kütləvi turizm fenomeni ətrafında müzakirələrin məhz belə tarixi məkanda aparılması forumunuza aktuallıq qazandırır.

    Artıq ayrıca sənaye sahəsinə çevrilmiş olan turizm sektoru hazırda dünya ölkələrinin iqtisadiyyatında əhəmiyyətli rol oynamaqdadır. Azərbaycanı onun təbii sərvətləri və rəngarəng coğrafi landşaftı, zəngin mədəni irsi və yenilənmiş infrastrukturu turizm baxımından cəlbedici edir.

    Bu mədəni və ekoloji turizm potensialı nəzərə alınaraq respublikamızda turizm sektorunun inkişafı ən prioritet hədəflərdən biri elan edilmişdir. Məqsəd təbiət abidələrimizi və xalqımızın böyük keçmişinin izini yaşadan qədim mədəniyyət yadigarlarını geniş miqyasda tanıtmaqdır.

    Vurğulamaq istərdim ki, müstəqillik illərində memarlıq və şəhərsalma sahəsində sosial inkişafın əsası kimi qiymətləndirilən mühüm işlər görmüşük. Yaşayış yerlərinin mühəndislik və nəqliyyat infrastrukturu modernləşdirilmiş, yüksək səviyyəli hotellər və neçə-neçə sosial obyekt inşa edilib.

    Bu işlərin uğurla gerçəkləşdirilməsi memarlarımızın fəaliyyəti ilə sıx əlaqəlidir. Onlar ölkəmizdə mədəni özünəməxsusluğun qorunub saxlanması və əcdadlardan qalma mirasın gələcək nəsillərə layiqli şəkildə çatdırılması naminə var qüvvələri ilə çalışırlar.

    Son illər memarlarımızın xüsusən tarixi şəhərlər və kütləvi turizm arasında ahəngdarlığın təmin edilməsi üçün Beynəlxalq Memarlar İttifaqı ilə münasibətləri zəminində göstərdiyi təşəbbüs və atdığı addımlar təqdirəlayiqdir.

    Ümidvaram ki, forum çərçivəsində memarların tarixi yerlərdə kütləvi turizmin idarə olunmasında roluna dair aparacağınız diskussiya və fikir mübadilələri, irəli sürəcəyiniz tövsiyə və təkliflər turizmin aktual məsələlərinin həllinə öz töhfəsini verəcək, həmçinin, əməkdaşlığınızın daha da dərinləşməsi və yeni istiqamətlərinin müəyyənləşməsinə xidmət edəcək”.

  • Nadir efirdə başı üstdə dayandı, tənqid olundu – VİDEO

    Müğənni Nadir Qafarzadə “Dalğa” TV-də yayımlanan “Zümrüdlə gün ortası” proqramında qonaq olub.

    Median.Az xəbər verir ki, Nadir verilişdə qonaq olan yoqa məşqçisinin yardımı ilə başı üstdə dayanmağa çalışıb.

    Bu zaman köynəyinin qarın hissəsi açılan Qafarzadənin köməyinə aparıcı Zümrüd Bədəlova və rəqqasə Renka Ağamuradova çatıb.

    Nadir “Ay bala, lütləndim, hər şeyimi gördünüz” deyərək qonaqların üzünü güldürüb.

    Treyner Qafarzadənin müvazinətini itirmədən dayanmasını istəyib. Nadirin belindən yapışan Renkaya yoqa müəllimi “əlini çək” deyərək, müraciət edib. Renkanın isə öz növbəsində “Şalvarını tutmuşam” deməsi studiyada gülüşlə qarşılanıb.

    Sosial şəbəkələrə yayılan bu görüntülər izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Onlar Nadir Qafarzadənin bu hərəkətini ona yaraşdırmayıblar və efir etiketinə zidd olduğunu yazıblar.

    Məlumat üçün bildirək ki, efir məkanında məşhurların sərbəstliyi cəmiyyətdə tez-tez qınaqla qarşılanır.

    Ekspertlər də deyir ki, şou əhlinin efir etikasına uyğun olmayan nalayiq ifadələr işlətməsi, eləcə də, 18+ hərəkətlər etməsi yolverilməzdir. Diqqət çəkən məqamlardan biri isə bu cür halların canlı yayım zamanı baş verməsidir.

    Telekanal rəsmiləri isə bildirirlər ki, canlı efirdə bu cür neqativ halların qarşısını almaq çətin məsələdir.

    Bu yolla onlar günahı boyunlarından atmağa çalışırlar.

    Nəzərə alsaq ki, şou xarakterli verilişlərə daha çox gənc nəsil baxır, o zaman buradakı məsuliyyət birə beş artır. Telekanallarımız illər boyu əldə etdikləri uğur və nailiyyətləri bu kimi mənfi hallar ucbatından zaman-zaman itirirlər.