Month: November 2019

  • Elçin Əlibəylinin arvadı tərəfindən döyülməsinin səbəbi bilindi

    Tanınmış teleaparıcı Elçin Əlibəyli və 1993-cü il təvəllüdlü həyat yoldaşı D.Vaqifzadə arasındakı münaqişənin səbəbləri məlum olub.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, ilkin məlumatlarda cütlük arasında münaqişənin uşaq səbəbindən baş verdiyi bildirilib.

    Məlumata görə, D.Vaqifzadə övladı ilə birlikdə ölkədən çıxmaq üçün etibarnamə istəyib. Ancaq aparıcı buna qarşı çıxıb. Buna görə tərəflər arasında münaqişə baş verib.

    Qeyd edək ki, E.Əlibəyli Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, noyabrın 17-də H.Əliyev küçəsində arvadı, Tərtər rayon sakini, 1993-cü il təvəllüdlü D.Vaqifzadə xuliqanlıq zəminində onu döyərək xəsarət yetirib.

    Teleaparıcı faktın dezinformasiya olduğunu bildirərək, bununla bağlı məlumat yayan KİV-i məhkəməyə verəcəyini deyib. Bu baxmayaraq, jurnalistin ifadəsi polisdə qeydiyyata alınıb və faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanla Qazaxıstanı birləşdirəcək magistralın tikintisinə başlanıldı

    Qazaxıstanın Aktau şəhərində Xəzərin dibi ilə çəkilməsi nəzərdə tutulan, Azərbaycan və Qazaxıstanı birləşdirən TransXəzər fiberoptik xəttin çəkilişinin başlanması ilə bağlı mərasim təşkil olunub.

    Median.Az APA-ya istinadən xəbər verir ki, mərasim çərçivəsində layihənin əsas təşəbbüskarı və təşkilatçısı olan “AzerTelecom” şirkəti TransXəzər optik magistralın tikintisi məqsədilə “Transtelecom” və “KazTransCom” şirkətləri ilə müqavilə imzalayıb.

    Rəsmi mərasimdə Qazaxıstanın Baş naziri Askar Mamin və Azərbaycanın Baş naziri Əli Əsədov, həmçinin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov və “AzerTelecom” şirkətinin rəhbəri Fuad Allahverdiyev iştirak ediblər.

    Uzunluğu 400 km olacaq TransXəzər magistralının tikinti işləri 2021-ci ildə başa çatacaq. Avropa və Asiyanı birləşdirəcək fiberoptik rabitə kanalının məlumat ötürmə qabiliyyəti 4-6 Tb/s təşkil edəcək.

  • Vilayət Eyvazov yeni rəisi şəxsi heyətə təqdim etdi

    Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov DİN-də Baş Narkotiklərlə Mübarizə İdarəsinin yeni rəisi, polis polkovniki İslam Hümbətovu bu qurumun şəxsi heyətinə təqdim edib.

    Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, polis polkovniki İ.Hümbətovu uzun illər daxili işlər orqanlarında müxtəlif rəhbər vəzifələrdə xidmət etmiş təcrübəli polis zabiti kimi xarakterizə edən general-polkovnik Vilayət Eyvazov baş idarənin əməkdaşlarına müasir dövrün tələb və çağırışları kontekstində xidməti fəaliyyətin daha da təkmilləşdirilməsi üçün konkret tapşırıq və tövsiyələrini verib, qarşıda duran yeni vəzifələrdən danışıb.

    Nazir insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, bir çox ağır cinayətlərin törədilməsinin əsas səbəblərindən, transmilli mütəşəkkil cinayətkarlığın qlobal xarakter almış ən qorxulu və zərərli növlərindən olan narkotiklərin qanunsuz dövriyyəsinə qarşı qətiyyətli mübarizənin əhəmiyyətini qeyd edib, bu mübarizənin dövlət siyasəti olmaqla ölkə Prezidentinin daim nəzarətində olduğunu vurğulayıb.

    Daxili İşlər naziri V.Eyvazov baş idarənin struktur qurumları arasında qarşılıqlı əlaqələrin effektiv təşkilini, əməkdaşların peşəkarlığının, tapşırılan sahəyə cavabdehliynin artırılmasını, tələbkarlıq və nəzarətin daha da gücləndirilməsini tələb edib.

    O, narkotiklərin qanunsuz dövriyyəsilə məşğul olan şəxslər barədə əməliyyat məlumatlarının əldə edilməsinin, onların ifşa olunması üçün ixtisaslı əməliyyat tədbirləri hazırlanıb həyata keçirilməsinin, bu sahədə xarici dövlətlərin müvafiq qurumları ilə informasiya və təcrübə mübadiləsinin daha səmərəli qurulmasının vacibliyini diqqətə çatdırıb.

  • Ərini cavan qızla evləndirən Həlimə xanım: ” Elə bilirəm ki, özümə gəlin gətirmişəm” – VİDEO

    Azərbaycanda qəribə hadisə baş verib. Yaşlı qadın öz həyat yoldaşına cavan qız alıb.

    Median.Az xəbər verir ki, bu hadisənin üstü ATV-nin “Zaurla Günaydın” proqramında açılıb.

    Söhbət zamanı məlum olub ki, verilişin qonağı olan “Talış nənələri” musiqi qrupunun Həlimə adlı üzvü öz həyat yoldaşını cavan qız uşağı ilə evləndirib.

    Həlimə xanım hər qadının ata bilməyəcəyi addımı atmasını belə açıqlayıb:

    “Biz sevərək evləndik. Bir uşağım oldu, öldü. Sonra elə bir cərrahiyyə əməliyyatı keçirdim ki, bir daha ana ola bilmədim. Öz həyat yoldaşımı özüm öz evimdə evləndirdim. Elə bilirəm ki, özümə gəlin gətirmişəm. Üç uşaq doğuldu. O uşaqları öz balam bilirəm. 20 ildir bir evdə yaşayırıq. Böyük oğlan artıq əskərliyə gedib qayıdıb”.

    Qadının bu açıqlamaları aparıcıları və digər qonaqları şok edib.

  • Pensiya və sosial yardım alanlar üçün VACİB XƏBƏR

    “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əmək pensiyalarının verilməsində sosial sığorta prinsipinin gücləndirilməsini özündə ehtiva edən qanunvericilik layihəsi hazırlanıb”.

    Median.Az APA-ya istinadən xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov bildirib.

    Onun sözlərinə görə, həmin qanunvericilik layihəsinin qəbul edilməsi ilə paralel olaraq sosial müavinətlər haqqında qanunlara dəyişiklik ediləcək:

    “Eyni zamanda Azərbaycan Prezidentinin adından təsis edilib ödənilən təqaüd təminatı sisteminin təkmilləşdirilməsi nəzərdə tutulur.

    Həmin layihələrin həyata keçirilməsi ilə yenə də müavinət və təqaüdlərin, əmək pensiyalarının hesablanmasında yeni yanaşmalar nəzərə alınmaqla əmək pensiyalarının ümumi məbləğinin artırılması nəzərdə tutulub.

    Hazırda layihələr müzakirə olunur və aidiyyəti üzrə baxılıb rəy və təkliflərin bildirilməsi üçün müvafiq mərkəzi icra hakimiyyəti orqanlarına təqdim edilib.

    Bundan başqa ünvanlı dövlət sosial yardım sisteminin təkmilləşdirilməsi istiqamətində də işlər aparılır”.

    B.Hüseynov vurğulayıb ki, yeni təqdim edilmiş təkliflərə əsasən, sosial yardımların verilməsində daha rahat müraciətlərin təmin edilməsi nəzərdə tutulur, yəni bunun üçün heç bir sənəd tələb edilməyəcək:

    “Bu, sosial yardımların orta məbləğinin artırılmasına, eyni zamanda sosial yardım alan ailələrin əhatə dairəsinin genişləndirilməsinə ünvanlanan bir layihədir.

    Qeyd olunan layihələrin növbəti il ərzində mərhələli şəkildə hökumət tərəfindən qəbul olunması planlaşdırılır”.

    B.Hüseynov bildirib ki, bu ilin sentyabrında pensiyaların minimum məbləği 200 manata çatdırılıb. Bu da alıcılıq qabiliyyəti göstəricisinə görə MDB-də ən yüksək göstəricilərdən biridir.

    Növbəti ilin əvvəlində mövcud qanunvericiliyə əsasən, pensiyaların sığorta hissəsinin indeksasiyası nəzərdə tutulub.

    Həmin indeksasiya 2019-cu il ərzində orta aylıq əməkhaqqının artım tempi ilə bağlı olan rəqəmə əsasən aparılacaq:

    “Bu il minimum əməkhaqqlarının artırılması orta aylıq əməkhaqqının böyük faizlə artımına səbəb olub. Buna əsasən demək olar ki, indeksasiya faizi böyük olacaq.

    Ancaq indeksasiya Dövlət Statistika Komitəsi tərəfindən müvafiq hesablamalar aparıldıqdan sonra adətən yanvarın sonu, fevral ayının əvvəlində aparılır.

    Qanunvericiliyə dəyişiklik özündə pensiyaların artımını ehtiva edir. Bu, ayrıca bir layihə çərçivəsində baxılıb və qəbul ediləcəyi halda yenə də pensiyaların məbləğində artımlar nəzərdə tutulacaq.

    Artımlar əsasən pensiyanın minimum məbləğlərinə şamil olunacaq. Bu da bir çox göstəricilərdən asılı olaraq təhlillər nəticəsində müəyyən olunur”.

  • Azərbaycanda vəhşilik – Sığınacaqdakı itləri kütləvi zəhərlədilər – VİDEO

    Xaçmaz rayonunun Yergüc kəndi ərazisində sahibsiz itlər üçün salınan sığınacaqda itləri zəhərləyiblər.

    Bu barədə “Biz də yaşamaq istəyirik” adlı sığınacağın rəhbəri Nailə Rüstəmli Baku.ws-ə məlumat verib. Onun sözlərinə görə, 3 gün bundan əvvəl sığınacaqda yerləşən itlərdən 15-i zəhərlənib.

    “Kimlərsə itlərimizi zəhərləyib. Ümumilikdə 15 it zəhərlənib. Onlardan 11-i ölüb. Şübhələndiyimiz insanlar var. Dəfələrlə mənə təzyiq olub ki, həmin sığınacağı bağla, yoxsa pis olacaq. Hətta itimizə güllə də atıblar”, – deyə Nailə Rüstəmli bildirib.

    Zəhərlənən itlərin çoxunu Bakıya aparıblar ki, onların həyatını xilas etsinlər:
    “İtləri Bakıya aparmışdıq. Klinikada həkim nəzarətində olublar. Hamının ala biləcəyi zəhər deyil. İtlərın hamısı uyuyub, keyiyib”.

    Sığınacaq rəhbəri deyir ki, itlərin yerləşdiyi ərazi heç bir yaşayış evlərinə yaxın deyil:

    “Yaxınlıqda bağlar var, lakin onları narahat etmir. Heyvanlar kimlərisə narahat etmir. Bizim orada daimi yaşayan işçimiz var. Heyvanların hamısına 400 manatlıq peyvənd vurmuşduq”.

    Nailə Rüstəmli deyir ki, 3 ilə yaxındır bu işlə məşğul olurlar: “Heç biri sağlam it deyildi. İşgəncəyə məruz qalan heyvanlar idi. Onları yaşatmaq üçün çox əziyyət çəkmişik. Heyvanların hamısı bırkalıdır. Amma kimlərsə bizim zəhmətimizi heç edir, dilsiz heyvanlara zülm verirlər”.





  • Bakıda sərnişin avtobusu iki avtomobili əzdi – VİDEO

    Bakıda zəncirvari yol qəzası baş verib.

    Median.Az “Report”a istinadla xəbər verir ki, hadisə Dərnəgül şossesində qeydə alınıb.

    Belə ki, hərəkətdə olan 24 saylı marşrut avtobusu yolun kənarında dayanan “Hyundai” markalı avtomobillə toqquşub. Daha sonra avtobus KİA markalı maşına dəyib.

    Hadisə nəticəsində “Hyundai” markalı avtomobilin sürücüsü ağır xəsarət alıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb.

    Avtomobillərə ciddi ziyan dəyib.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanda detektivlər barədə qanun qəbul edilməsi təklif edilir

    “Azərbaycanda özəl detektiv fəaliyyəti ilə bağlı qanun qəbul edilməlidir”.

    Median.Az APA-ya istinadən xəbər verir ki, bunu bu gün Milli Məclisin plenar iclasında millət vəkili Fərəc Quliyev deyib.

    F.Quliyev Azərbaycanla belə bir qanunun qəbuluna ciddi ehtiyac olduğunu bildirib:

    “Axtarış əməliyyatları da xüsusi detektivlər tərəfindən həyata keçirilə bilər”.

  • Bakı metrosunda qapıları tutan 20 sərnişin cərimələndi – Hərəsi 50 AZN – VİDEO

    Xüsusən günün pik saatlarında metroda qatarların gecikməsi, ləngiməsi müşahidə olunur. Buna isə müstəlif səbəblər göstərilir. Sən demə daha bir səbəb isə insan amilidir.

    Bəzi sərnişinləri qatar qapılarını 5-10 saniyə tutub saxlaması ümumi hərəkətə təsir göstərir. Bu da qatarlar arasında intervalın artmasına gətirib çıxarır.

    Məsələnin ciddiliyini nəzərə alaraq ARB TV-nin “Günə Doğru” kollektivi bu problemi geniş süjet ətrafında işıqlandırıb.

    Sakin: “Bir səhər dərsə gedəndə, bir də ki, axşam vaxtı 5-dən sonra çox sıxlıq olur”.

    Etibar İsayev – Xidmət rəisi: “Qatarda, salonda elan olunursa ki, qapılar bağlanır, bu elandan sonra qatardan düşmək-minmək olmaz. Təəssüflər olsun ki, bu elandan sonra da bizim sərnişinlərimiz bəzi hallarda çalışırlar ki, nəyin bahasına olursa_olsun qatara tez minsin, növbəti qatarı gözləmək istəmirlər. Bu səbəbdən qapıların bağlanmasına mane olurlar, qapıların bağlanması ləngiyir”.

    Qatar stansiyadan gec çıxanda isə tuneldə digər qatarlarla rastlaşmaması üçün sürətini azaldır.

    Etibar İsayev – Xidmət rəisi: “Qatar başlanğıc stansiyadan sonuncu stansiyaya kimi hardasa 13-15-20 stansiya qət edir. Hər stansiyada bu qatara sərnişin tərəfindən 5-10 saniyə gecikmə olsa, nəticədə bu qatar 2-3 dəqiqə gecikmə ilə gələcək”.

    Nazirlər Kabinetinin “Metrodan istifadə qaydaları”na əsasən qapını tutub qatarı gecikdirmək sərnişinin cərimələnməsi ilə nəticələnə bilər. Bu il ərzində həmin qaydaları pozan 20 sərnişin müəyyən olunaraq 50 manat məbləğində cərimələnib.

    Elşad Hacıyev – BŞPİ mətbuat xidmətinin rəisi: ““Ehtiyyatlı olun, qapılar bağlanır” elanından sonra vaqonun salonuna daxil olmaq, eləcə də vaqonun qapılarını tutub saxlamaqla vaqona minmək və ya vaqondan düşmək qadağandır. Qatarın yola düşməsini ləngitmək inzibati xətadır, “Metropolitendən istifadə qaydaları”nın pozulması kimi qiymətləndirilir”.

    Qapıları tutub qatarı gecikdirənlər təkcə cərimə qorxusundan deyil, bir qatar dolu insanın evə-işə gecikməsinə səbəb olmaqdan çəkinməlidir.

  • Bakıda sakinlər bu küçəyə Mübariz İbrahimovun adını veriblər – VİDEO

    Bakıda yüzlərlə sakinin yaşadığı ərazidə heç bir küçə adı yoxdur.

    Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət Xəzər rayonu, Binə qəsəbəsinin “Hövsan südçülik sovxozu” adlanan ərazisindən gedir. Vəziyyətdən çıxış yolunu isə sakinlər özləri tapıblar. Onlar yaşadıqları küçəyə Milli Qəhrəman Mübariz İbrahimovun adını veriblər.

    Bununla belə, sözügedən ərazidə küçələrin adlarının olmaması sakinlərə problemlər yaradır. Sakinlər deyirlər ki, mövcud vəziyyətə görə bir çox hallarda təcili tibbi yardım avtomobilləri dəqiq ünvanı tapmaqda çətinlik çəkirlər.

    Məsələ ilə bağlı Xəzər Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbala Qurbanov bildirdi ki, küçə adları ilə bağlı sakinlər ərazi üzrə qəsəbə nümayəndəsinə rəsmi qaydada müraciət etməlidirlər.

    Bundan sonra isə qəsəbə nümayəndəsi rəsmi müraciəti icra hakimiyyətinə çatdırır. İcra hakimiyyəti də öz növbəsində küçə adının verilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edir və bu məsələ araşdırılır. Daha sonra isə müvafiq qərar qəbul edilir.