Month: December 2019

  • «Novostroyka»ların satışında yenilik – PULUN BİR HİSSƏSİ ALICIYA QAYTARILACAQ

    Azərbaycanda yeni tikililərdən (o cümlədən MTK-lardan) mənzil və obyektlərin alınmasında yeni qayda tətbiq ediləcək.

    Vergi Məcəlləsinə edilən dəyişikliklərə əasən, yeni tikililərdə mənzil və ya obyekt alınan zaman ödəniş nağdsız qaydada (kartla və ya köçürmə yolu ilə – FED.az) edildikdə tutulan verginin bir hissəsi geriyə, müştəriyə qayıdacaq.

    Belə ki, məcəlləyə aşağıdakı məzmunda yeni 165.6-cı maddə əlavə edilib.

    «165.6. Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir».

    Bu qaydaya əsasən, məsələn hər hansı fiziki şəxs Bakıda yeni tikilidən 100 min manat ödəyərək ev və ya obyekt aldıqda, əgər həmin pulu kartla və ya köçürmə yolu ilə ödəsə, verdiyi pulun 5400 manatını (100 min X 18% (ƏDV) X 30%) geri ala biləcək.

    Amma bunun üçün hələ Nazirlər Kabineti bu yeniliklə bağlı qaydaları hazırlayıb təsdiqləməlidir. Məcəlləyə dəyəşikliklərin təsdiqlənməsi ilə bağlı prezidentin fərmanında dövlət başçısı bu qaydaların hazırlanması üçün Nazirlər Kabinetinə 3 ay vaxt verib.

    Tapşırığa əsasən NK fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərinin və qaydasının layihəsini 3 ay ərzində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

    Bununula yanaşı, qeyd edək ki, oxşar qayda 2019-cu ilin əvvəlindən mağazalarda alış-veriş edənlərə də tətbiq edilmişdi. Yəni mağazada və ya restoranda ödənişi kassa və kartla elənlər ƏDV-nin 10-15%-ni geri ala bilərdilər. Amma Nazirlər Kabineti indiyədək bu qaydanı hazırlamadığına görə, ötən il istifadəçilər bu hüquqdan istifadə edə bilməyiblər.

  • Məktəb direktorunun kitab yandırması məsələsinə — RƏSMİ MÜNASİBƏT

    Ötən gün sosial şəbəkələrdə Şəki rayon Daşüz kənd tam orta məktəbinin şagirdlərinə paylanılan bədii kitabların direktor tərəfindən yandırılması barədə əsassız məlumatlar yayılıb.

    Median.Az xəbər verir ki, bununla bağlı Şəki şəhər Təhsil Şöbəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, dekabrın 26-da bir qrup şəxs məktəbin ərazisindən kənarda şagirdlərə kitablar təklif edib. Onlardan bəziləri kitabları qəbul edib, digərləri isə həmin kitabları almaqdan imtina edib.

    Qeyd edək ki, bu kitablar arasında Kristin Hannahın türk dilində “Bin ömrüm olsa” adlı romanı, Viktor Hüqonun “Kozetta” əsəri, Kahraman Tazeoğlunun ”Bambaşqa” romanı və s. kitablar olub.
    Dərsliklərin pulla satılması məsələsinə gəldikdə isə bildirilib ki, şagirdlər sentyabrın ilk on günlüyündə məktəb tərəfindən dərsliklərlə tam və pulsuz təmin olunub.

    Qeyd edək ki, sosial şəbəkələrdə yayılan məlumata görə, Ümman Dəniz adlı gənc dostları ilə Şəkinin Daşüz kəndində uşaqlara bədii kitablar paylayıb. Lakin kəndin məktəb direktoru – Əmirseyidova Anjelika kitabları toplayıb və məktəbdə yandırıb.

  • Yevlaxda yeni icra başçısının şəhid ailələrini qəbul etməməsi ilə bağlı VİDEOSU yayıldı

    “300 manat verib atamın qəbir daşını düzəltdirəcəyəmsə, sən niyə lazımsan?” Median.Az xəbər verir ki, bu, bir şəhid övladının etrizadır. Yevlaxda şəhid ailələri və Qarabağ əlilləri yığılaraq haqq səslərini çatdırmağa çalışırlar.

    Daha ətraflı VİDEO-da//konkret.az

  • Əli Əsədovdan qərar – Tarif Şurasının bir sıra səlahiyyətləri Nazirlər Kabinetinə verildi

    Nazirlər Kabinetinə bir sıra yeni səlahiyyətlər verilib.

    Median.Az xəbər verir ki, müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.

    Qərara əsasən, “Azərbaycan Respublikasının ərazisinə idxal olunan karantin nəzarətində olan materiallarda karantin tətbiq edilən zərərli orqanizmlər aşkar olunduqda onların fitosanitar nəzarəti məntəqələrində və ya yükün təyinat yerlərində zərərsizləşdirilməsi qaydası da daxil olmaqla, karantin nəzarətində olan materialların zərərsizləşdirilməsi Qaydaları”nın 6-cı hissəsinin ikinci abzasında “Tarif (qiymət) Şurası” sözləri “Nazirlər Kabineti” sözləri ilə əvəz edilib.

    “Azərbaycan Respublikasına gətirilmiş və respublikadan aparılması nəzərdə tutulan karantin nəzarətində olan materiallara fitosanitar karantin baxışının keçirilməsi və ekspertizanın aparılması Qaydaları”nın 26-cı hissəsində “Tarif (qiymət) Şurası” sözləri “Nazirlər Kabineti” sözləri ilə əvəz edilib.

    “Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağının aparılması, qeydiyyata alınması və istifadəsinə icazə verilmiş preparatların siyahısına daxil edilməsi Qaydaları”nın 27-ci hissəsinin ikinci abzasında “Tarif (qiymət) Şurası” sözləri “Nazirlər Kabineti” sözləri ilə əvəz edilib.

  • Evini satmaq istəyənlərin nəzərinə: Vergi güzəşti tətbiq ediləcək

    Mənzil mülkiyyətçiləri 5 il müddətində yaşayış sahəsində qeydiyyatda olduqları halda mənzillərini satarkən vergidən azad idilərsə, bu müddət 3 təqvim ilinə endirilib.

    Median.Az xəbər verir ki, Vergi Məcəlləsində ediləcək bu dəyişikliklər sosial xarakterli güzəşt olmaqla, əhalinin maliyyə-vergi yükünün azaldılması məqsədini daşıyır. Digər tərəfdən, yaşayış sahəsində qeydiyyat müddətindən asılı olmayaraq istənilən fiziki şəxs mülkiyyətində olan mənzili satarkən hər zaman 30 kvadratmetrə görə vergi güzəşti əldə edəcək. Məsələn, 70 kvadratmetrlik evini satan vətəndaş üçün 30 kvadratmetr çıxılmaqla qalan 40 kvadratmetrə görə vergi hesablanacaq.

    Bununla yanaşı, hər kvadratmetrə görə 15 manat baza vergi məbləği müəyyən edilib ki, bu da zona əmsallarına vurularaq hesablanır. Nəticədə, vətəndaşlar hər mənzil satışı zamanı 450 manat baza vergi məbləği qədər güzəşt əldə etmiş olurlar. (Trend)

  • Respublika Elmi-Texniki Kitabxanasına “Respublika” statusu verilib

    Nazirlər Kabineti “Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasına “Respublika” statusunun verilməsi haqqında” qərar qəbul edib.

    Median.Az-ın  APA-ya istinadən məlumatına görə, qərara əsasən, Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasına “Respublika” statusu verilib.

    Əqli Mülkiyyət Agentliyinə Maliyyə Nazirliyi ilə birlikdə bu Qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

    Nazirlər Kabinetinin digər qərarı ilə Respublika Elmi-Texniki Kitabxanasının işçilərinin say həddi 126 vahiddən 100 vahidə endirilib.

  • Azərbaycanda dörd nəfərin ölümü ilə nəticələnən dəhşətli qəzasının görüntüsü – ANBAAN VİDEO

    Şirvanda 4 nəfərin ölümü ilə nəticələnən yol qəzasının görüntüləri yayılıb.

    Median.Az-ın oxu.az-a istinadən verdiyi xəbərdən belə məlum olur ki, “Hyundai” markalı avtomobil idarətmədən çıxaraq beton dirəyə çırpılır.

    Qeyd edək ki, dekabrın 27-də saat 11 radələrində Şirvan şəhəri ərazisində Tərtər rayon sakini Qadir Şamilov idarə etdiyi “Hyundai Santafe” markalı avtomobili yol ayırıcısına vurub. Nəticədə sürücü və sərnişinləri Pərvanə Zeynalova, Zöhrə Zeynalova və Eyzangül Dadaşova hadisə yerində ölüblər.

  • 2019-cu ilin maraqlı hadisələri FOTOLARDA

    Peşəkar fotoqraflar 2019-cu ildə dünyada baş vermiş müxtəlif hadisələri foto obyektivlərinə köçürüblər.
    Median.Az
    cari ildə baş verən maraqlı hadisələr zamanı çəkilmiş bəzi şəkilləri izləyicilərinə təqdim edir.

    Şri-Lankada hərbçilər “Müqəddəs Sebastian” kilsəsində baş verən partlayışdan sonra. Hadisə nəticəsində onlarla insan həlak olmuşdu. 21 aprel, 2019.


    Rusiyanın Krasnoyarsk diyarında baş verən meşə yanğınlarını söndürməyə cəlb edilən meşə mühafizəsi xidmətinin əməkdaşı. 31 iyul, 2019.


    Krasnoyarskda silah-sursat anbarındakı partlayışdan sonra yaranan yanğını izləyən ailə. 5 avqust 2019.


    Qvatemalalı miqrant Leti Peres övladını qucaqlayaraq Meksikalı sərhədçidən atəş açmamağı xahiş edir. 22 iyul.2019.


    Oman körfəzində neft tankerinə edilən hücumdan sonra yanğın. 13 iyul, 2019.


    Nayrobidə terrorçuların ələ keçirdiyi hoteldən turistləri təxliyyə etməyə çalışan hərbçi. 15 yanvar, 2019.


    Qəzadan yayınaraq qarğıdalı sahəsinə uğurlu eniş etmiş Ural Hava Yollarına məxsus “A321” təyyarəsi. 15 avqust,2019.


    Çində yaşayan azsaylı Lisu xalqının mənsubları meşədə bal toplayırlar. 11 may, 2019-cu il.


    Hindistanın Mumbay şəhərində xilasedicilərin dağılmış binanın uçqunlar altından həlak olan şəxslərin axtarışı fonunda yaşlı qadın. 16 iyul, 2019.


    Çilidə yaşayan venesuelalılar paytaxt Santiyaqoda müxalifət lideri Xuan Quaydoya dəstək verirlər. 23 yanvar, 2019.


    İsveçli Ekoloq fəal Qreta Tunberq Roma papası Fransisklə görüşür. 17 aprel, 2019.


    Honkonqda etirazçı polisin gözyaşardıcı qaz qumbarasını tennis raketkası ilə dəf edir. 25 avqust, 2019.


    Parisdə tarixi Notr-Dam kilsəsinin yanmasını dua edərək seyr edən inanclılar. 15 aprel, 2019.


    Ukraynada ekzitpol səsvermənin ikinci turunun nəticələri elan olunduqdan sonra Vladimir Zelenski həyat yoldaşı ilə. 21 aprel, 2019. //oxu.az

  • Bakıda orta yaşlı kişini avtomobil vurub, sürücü qaçıb

    Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

    APA xəbər verir ki, hadisə Maştağa qəsəbəsində baş verib.

    1969-cu il təvəllüdlü Mahmudov Nazim Əlimövsüm oğlunu “VAZ 2106” markalı avtomobil vurub. Sürücü hadisə yerindən yayınıb.

    Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

  • Elektrik təchizatının yaxşılaşdırılması üçün yarımstansiyalar tikilir

    Respublika ərazisində istehlakçıların kefiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün “Azərişıq” ASC tərəfindən 2019-cu il ərzində aşağıdakı işlər yerinə yetirilib.

    Median.Az xəbər verir ki, bu barədə bu gün keçirilən mətbuat konfransında qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

    T.Mustafayev bildirib ki, Binəqədi rayonunun elektrik təchizatının yaxşılaşdırılması üçün 110/35/6 kV-luq “ETK-4” yarımstansiyası tam yenidən qurulub:

    “Yarımstansiyada 110 kV-luq açıq, 35 və 6 kV-luq qapalı paylayıcı qurğular yeni inşa edilərək eleqaz və vakuum tipli elektrik avadanlıqlarla təchiz olunub, 2×40 MVA gücündə transformator quraşdırılıb, qapalı paylayıcı qurğular 2 mərtəbəli binada yerləşdirilməklə növbətçi personal üçün bütün lazımi şərait yaradılıb.

    Xəzər rayonu ərazisində 35/6 kV-luq 2×25 MVA gücündə “Binə Aqro” yarımstansiyası inşa edilərək istismara verilib”.

    “Azərişıq” sözçüsü ayrı-ayrı rayonlarda görülən işlərdən də danışıb:

    “Xətai rayonunda 10/0,4 kV-luq 2×1600 kVA gücündə 276 saylı, 2×1000 kVA gücündə 3440 saylı, Yasamal rayonunda 6/0,4 kV-luq 2×1000 kVA gücündə 394 saylı, 10/0,4 kV-luq 2×1600 kVA gücündə 3330 saylı, 2×2500 kVA gücündə 465 saylı, 2×1600 kVA gücündə 19 saylı, 2×1000 kVA gücündə 447 saylı, Nərimanov rayonunda 10/0,4 kV-luq 2×1000 kVA gücündə 456 saylı, Səbail rayonunda 10/0,4 kV-luq 2×1600 kVA gücündə 944 saylı, Binəqədi rayonunda 6/0,4 kV-luq 2×1000 kVA gücündə 591 və 499 saylı, Xəzər rayonunda 6/0,4 kV-luq 1000 kVA gücündə “Binə Aqro” və “Qrand Aqro”, Suraxanı rayonunda 6/0,4 kV-luq 630 kVA gücündə Hövsan zeytun zavodunun transformator məntəqələri inşa edilərək və yenidən qurularaq istismara verilib.

    Ağstafa rayonunda 110/35/10 kV-luq 2×25 MVA gücündə “Ağstafa”, Biləsuvar rayonunda 110/35/10-6 kV-luq 2×25+10 MVA gücündə “Səmədabad”, Ağdam rayonunda 110/10 kV-luq 16 MVA gücündə “Ergi” yarımstansiyaları əsaslı surətdə yenidən qurulmuşdur, Sumqayıt şəhərində 35/6 kV-luq 4 MVA gücündə “Tuqzavod”, Xızı rayonunda 35/10 kV-luq 1,8 MVA gücündə “Yeni Yaşma” yarımstansiyaları yeni inşa edilib”.

    Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev tərəfindən 13 fevral və 28 oktyabr 2019-cu il tarixlərində açılışı həyata keçirilən Beyləqan rayonundakı 110/35/10 kV-luq 2×25 MVA gücündə “Beyləqan-1”, Qəbələ rayonundakı 110/35/10 kV-luq 2×40 MVA gücündə “Qəbələ” və Ağdaş rayonundakı 110/35/10 kV-luq 2×2,5 MVA gücündə “Ağdaş” yarımstansiyaları tam şəkildə yenidən qurulub.

    Bakı şəhərinin elektrik təchizatının yaxşılaşdırılması, elektrik enerjisinə artan təlabatın ödənilməsi üçün Xəzər rayonunda 1 yeni inşa edilmiş 10/35/10 kV-luq 2×40 MVA gücündə “Buzovna-1”, Yasamal rayonunda 110/35/10 kV-luq 2×50 MVA gücündə “Bayramzadə” yarımstansiyalarında tamamlama, Pirallahı rayonunda 110/35/6 kV-luq 2×40 MVA gücündə “Pirallahı” yarımstansiyasının tikinti işləri aparılmaqdadır.

    Hesabat dövründə istehlakçıların elektrik təchizatının yaxşılaşdırılması üçün Bakı şəhərində və regionlarda 161 ədəd komplekt transformator məntəqəsi quraşdırılmış, 27,9 km 110 kV-luq, 44,1 km 35 kV-luq, 409,5 km 10 və 6 kV-luq, 36,2 km 0,4 kV-luq, 3066,3 km 0,4 kV-luq ÖİN hava xətləri çəkilmiş və təmir olunmuş, 46,6 km 110 kV-luq, 122,4 km 35 kV-luq, 344,3 km 10 kV-luq, 757 km 0,4 kV-luq kabel xətləri çəkilib.

    2019-cu ildə 101 ədəd 110 kV-luq, 347 ədəd 35 kV-luq, 2895 ədəd 10 və 6 kV-luq yarımstansiyalarda elektrik avadanlıqlarının, 80 km 110 kV-luq, 510,2 km 35 kV-luq, 1567,8 km 10 və 6 kV-luq, 1600,4 km-ə yaxın 0,4 kV-luq elektrik verliş xətlərinin texniki vəziyyəti yoxlanılmış, aşkar edilmiş nasazlıqlar aradan qaldırılmaqla təmir və sınaq işləri aparılmış, 452 ədəd 10 və 6 kV-luq transformator əsaslı təmir olunub.

    Regionlarda elektrik enerjisi itkilərinin azaldılması, elektrik enerjisi uçotunun dəqiq aparılması üçün istismar müddətini başa vurmuş 0,4 kV-luq elektrik şəbəkələrində yenidənqurma işləri aparılmış, bu işlər 46 rayonu, 76 kənd və qəsəbəni əhatə etməklə hesabat dövründə 19 kənd üzrə işlər tam yekunlaşdırılıb.

    Hesabat müddəti ərzində ümumilikdə 281 300 ədəd olmaqla əhali istehlakçılarına aid 264 200 ədəd, qeyri-əhali istehlakçılarına aid 17 100 ədəd uçot dəstləri bərpa olunub. Görülmüş işlər nəticəsində istehlakçılara satılan faydalı elektrik enerjisinin həcmi 17 216,5 min kVt x saat olmuş ümumi yığım səviyyəsi 95,6 %-ə çatdırılıb.

    Yeni Yaşma və Şurabad qəsəbələrində yerləşən Külək Elektrik Stansiyalarında 84 mln. kVt x saat elektrik enerjisi istehsal olunaraq elektrik şəbəkələrinə ötürülüb.

    “Azərişıq” ASC-də “Asan Kommunal” Mərkəzləri vasitəsi ilə abunəçilərə göstərilən xidmətlərin dairəsi daha da genişləndirilib və hazırda istehlakçılara 16 növ xidmət göstərilir.

    Respublikanın bütün istehlakçılarının fasiləsiz və kefiyyətli elektrik enerjisi ilə təmin olunması istiqamətində “Azərişıq” ASC tərəfindən həyata keçirilən tədbirlər davam etdirilir.//oxu.az