Month: January 2020

  • Moskvada azərbaycanlının öldürülmə görüntüləri – VİDEO

    Rusiyanın paytaxtı Moskvada azərbaycanlı öldürülüb.

    News-r.ru məlumat verir ki, hadisə Qaribaldi küçəsindəki evlərdən birinin qarşısında baş verib.

    Bazarda satıcı işləyən Mahir Əskərov işdən evə qayıdarkən naməlum şəxsin hücumuna məruz qalıb.

    Həmin şəxs bıçaqla M.Əskərova çoxsaylı bədən xəsarətləri yetirdikdən sonra hadisə yerindən qaçıb.

    Onun meyitini oğlu aşkar edib.

    M.Əskərova hücum anı binanın girişində yerləşdirilmiş təhlükəsizlik kamerasına əks olunub.

    Hadisənin səbəbləri məlum deyil.

  • Koronavirusla bağlı Azərbaycanda bu xəstəxanada səkkiz palata ayrıldı

    Azərbaycanda yeni koronavirus xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi məqsədi ilə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda xüsusi palatalar ayrılıb.

    Report-un məlumatına görə, tibb müəssisəsində sanitariya-gigiyena, əksepidemik rejimlərin tələblərinin yerinə yetirilməsi və dezinfeksiya tədbirlərinin həyata keçirilməsi işi gücləndirilib, kəskin respirator virus infeksiyasına şübhəli xəstələrin, xüsusən uşaqların və yaşlı əhalinin hospitalizasiyası üçün xüsusi palatalar ayrılıb.

    İnstitutda səkkiz palata ayrılıb. Hazırda həmin palataların 5-də ikitərəfli pnevmaniyadan müalicə alan xəstə yatır.

    Xatırladaq ki, Səhiyyə naziri Oqtay Şirəliyev “Yeni 2019-nCoV koronavirus xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə” əmr imzalayıb.

  • Xəzərdə minlərlə quş kütləvi şəkildə ölüb? – AÇIQLAMA

    Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) İranın şimalında yerləşən Mazandaran vilayətinin Miyankala yarımadasının ətrafında Xəzər dənizində köçəri quşların tələf olması ilə bağlı məsələyə münasibət bildirib.

    ETSN-nin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə Oxu.Az-a açıqlamasında bildirib ki, Azərbaycanda Xəzər dənizi ilə sərhəd olan ərazilərə baxış keçirilib:

    “Azərbaycanda belə halın olmadığı qeydə alınıb. Hazırda monitorinq qrupu yaradılıb, ərazilər ciddi təftiş olunur. Ciddi araşdırma aparılması tapşırılıb ki, belə hal olarsa, quş cəsədləri götürülsün və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin baytarlıq nəzarəti analizinin aparılması üçün təqdim edilsin. Nəticədə, onların hansı səbəbdən tələf olduğu müəyyən edilsin”.

    “Qışda quşların tələf olması istisna deyil. Çünki qış aylarında müxtəlif səbəblərdən quş və heyvanların ölümü baş verə bilər”, – deyə direktor qeyd edib.

    Xatırladaq ki, İranın şimalında yerləşən Mazandaran vilayətinin Miyankala yarımadasının ətrafında Xəzər dənizində 5 min 950 ədəd köçəri quş qeyri-adi şəkildə tələf olub. Bu quşlar qaşqaldaq, ördək və flaminqodur.

  • Antisanitar şəraitdə fəaliyyət göstərən qənd sexi aşkarlandı – FOTO

    Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən növbəti reyd Bərdə rayonu, Alaçadırlı kəndində fəaliyyət göstərən fiziki şəxs Sadıqov Vüqar Ənvər oğluna məxsus qənd sexində həyata keçirilib.

    Bununla bağlı AQTA məlumat yayıb.

    Reyd zamanı müəssisədə sanitar-texniki və sanitar-gigiyenik tələblərin kobud şəkildə pozulduğu aşkarlanıb. Müəssisədə xammal və hazır məhsulların düzgün şəkildə saxlanılmadığı, müvafiq dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı məlum olub.

    Eləcə də, istifadə edilən xammalların minimum keyfiyyət və təhlükəsizliyini təsdiqləyən sənədlərin mövcud olmadığı müəyyən olunub.

    Yoxlama zamanı sexdə istehsal edilən qənddən nümunələr götürülərək müayinə üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun (AQTİ) müvafiq laboratoriyalarına göndərilib.

    Aşkar olunmuş faktlar əsasında qanunvericiliyin tələblərinə uyğun olaraq, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

  • Sürücülərə şad xəbər: Bakı-Sumqayıt yolunun genişləndirilməsi bu tarixdə başa çatacaq

    Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması, xüsusən günün pik saatlarında tıxacın yaranmasının qarşısını almaq məqsədi ilə Prezident İlham Əliyevin tapşırığına əsasən, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 7.5 km-dən başlayaraq Xırdalan dairəsi və əks istiqamətdə yenidənqurma işləri davam etdirilir.

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) verilən məlumata görə, qurum tərəfindən aparılan yenidənqurma işləri çərçivəsində yol iki hərəkət zolağı enində genişləndirilir.

    Bunun üçün əraziyə kifayət qədər texnika cəlb olunub. İşlər magistral yolda intensivlik nəzərə alınaraq ümumi hərəkətə maneə yaradılmadan aparılır.

    Hazırda layihə boyu hər iki istiqamət üzrə yol kənarında tökmə torpaq hissələrin qazılıb çıxarılması işləri gedir. Sözügedən işlər mövcud körpülərin alt hissəsində də aparılır. Tökmə torpağın çıxarıldığı hissələr kipləşdirilir, kənarlarında istinad divarı inşa edilir.

    Analoji genişləndirmə işləri Xırdalan dairəsinin altından keçən avtomobil tunelində də aparılır. Əlavə olaraq tunel hər bir istiqamət üzrə iki hərəkət zolağından dörd hərəkət zolağınadək genişləndiriləcək. Bundan başqa, daha iki hərəkət zolağı dairəyə qalxan və düşən hissələrdə də yaradılır.

    Genişləndirmə işləri zamanı qeyri-yaşayış sahələrinin qanunvericiliyə əsasən kompensasiya ödənilməklə sökülməsi, həmçinin kommunikasiya xətlərinin və yaşıllıqların köçürülməsi işləri aparılır.

    Bundan başqa, magistral yolda hər bir istiqamət üzrə 2 hərəkət zolağının xüsusi dəmir-beton maneələrlə digər zolaqlardan ayrılması nəzərdə tutulur. Həmin zolaqlara daxil olan avtonəqliyyat vasitələri heç bir maneə olmadan Masazır, Ceyranbatan və bu istiqamətdə olan digər qəsəbələrə, həmçinin, Sumqayıt şəhəri və ölkənin şimal istiqamətində hərəkət edə biləcəklər.

    Digər zolaqlarla hərəkətdə olan avtonəqliyyat vasitələrinin isə Biləcəri, Binəqədi və bu istiqamətdə olan digər qəsəbələrə, həmçinin, Xırdalan şəhəri və ölkənin şimal-qərb istiqamətində maneəsiz hərəkəti təmin olunacaq. Təbii ki, görülən işlər sözügedən ərazidə avtonəqliyyatın fasiləsizliyini təmin edəcək.

    Avtonəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etmək məqsədi ilə magistral yolun sözügedən hissəsində əlavə geriyə dönüş yolunun inşası, magistrala Binəqədi və Biləcəri qəsəbələrindən alternativ giriş-çıxışına imkan verən mövcud yolların yenidən qurulması işləri də həyata keçiriləcək.

    Ümumilikdə, ölkə başçısının tapşırığına uyğun olaraq, sözügedən hissədə yenidənqurma işlərinin 2020-ci ilin iyun ayına qədər yekunlaşdırılması nəzərdə tutulur.

  • AFFA İK üzvlərinin nəzarət edəcəyi sahələr bəlli oldu

    Bu gün AFFA-nın Seçki Konfransından sonra İcraiyyə Komitəsinin yeni tərkibdə ilk iclası olub.

    Median.Az xəbər verir ki, iclasdan sonra icraçı vitse-prezident Elxan Məmmədov və yeni təyin olunmuş vitse-prezident Vaqif Sadıqovun iştirakı ilə mətbuat konfransı baş tutub.

    Elxan Məmmədov iclasda müzakirə olunan məsələlər barədə danışıb:

    “AFFA-nın rəhbər orqanlarına seçilənləri təbrik edirəm. İcraiyyə Komitəsinin iclasında bəzi administrativ dəyişikliklər barədə qərar qəbul edildi. Bundan sonra hər bir üzv ayrı-ayrı sahəyə cavabdeh olacaq”.

    O bildirib ki, İsgəndər Cavadov region futboluna cavabdehlik daşıyacaq. Kazbek Tuayev veteranlarla işbirliyindən məsuldur. Zaur Axundov futzala, Rauf Əliyev isə uşaq futboluna nəzarət edəcək.

    Vaqif Sadıqov məşqçilər və klublarla işbirliyi edəcək. Elşad Nəsirov milli komandalara nəzarət edəcək. Firudin Qurbanov tələbə, məktəbli futbolunda, Elmar Məmmədyarov isə beynəlxalq əlaqələr üzrə fəaliyyət göstərəcək”.

    E.Məmmədov bildirib ki, “Futbol hər yerdə” layihəsi çərçivəsində bölgələrdə yeni mini-futbol meydançaları qurulacaq. İcraçı vitse-prezident 50-dək belə meydançaların salınacağını və idman müəllimi ilə sıx əməkdaşlıq ediləcəyini vurğulayıb.//oxu.az

  • Sabahın havası: 13 dərəcə isti olacaq

    Bakıda və Abşeron yarımadasında yanvarın 29-da havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq.

    Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz 9-13, Bakıda gecə 4-6, gündüz 10-12 dərəcə isti olacaq.

    Atmosfer təzyiqi 764 mm civə sütunundan 760 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

    Azərbaycanın rayonlarında sabah havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.

    Tibbi-meteoroloji proqnoza gəlincə, yanvarın 29-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

  • Bakıda sürücülərə tələ quran polislərin kimliyi bilindi – ÖZƏL

    Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) “Sədərək” Ticarət Mərkəzinin yanındakı dairədə DYP əməkdaşlarının sürücülərə tələ qurması ilə bağlı yayılan videogörüntülərə münasibət bildirib.

    BDYPİ-nın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Oxu.Az-a açıqlamasında bildirib ki, hazırda görüntülərlə bağlı araşdırma davam etdirilir:

    “Biz müəyyən etmişik ki, həmin polis əməkdaşları Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət Bölüyünün əməkdaşlarıdır. “Sədərək” Ticarət Mərkəzinin yanındakı dairə onların xidmət etdiyi ərazinin sərhəd hissəsidir.

    Həmin dairənin ətrafında bəzi hallarda avtomobillər yığılır, nəqliyyat vasitəsinin rahat keçməsinə mane olduqları üçün polis əməkdaşları ərazidə xidmət aparırlar”.

    K.Əliyev qeyd edib ki, qurum biz birtərəfli qaydada araşdırma aparmır:

    “Həmin ərazidə polis əməkdaşları avtomobilin sürücüsünü də saxlayıb. Biz də onu da idarəyə dəvət etmişik ki, görək ki, onun izahatı ilə bizim əməkdaşların izahatı uyğun gəlirmi?

    Araşdırmanın nəticəsi barədə geniş məlumat verəcəyik”.

  • Saxta qeydiyyata düşən azərbaycanlılar saxlanıldı

    Rusiyanın Mordoviya Respublikasında saxta sənədlər əsasında yaşayan iki Azərbaycan vətəndaşı saxlanılıb.

    Mordoviya Daxili İşlər Nazirliyinin açıqladığı məlumata görə, azərbaycanlılardan biri Kovılkinski rayonunun 35 yaşlı sakininin, digəri isə Temnikovski rayonunun 44 yaşlı sakininin evinə qeydiyyata düşüb.

    Lakin polisin araşdırması zamanı bu qeydiyyatın uydurma olduğu, əslində azərbaycanlıların başqa ünvanlarda daimi yaşadığı məlum olub.

    Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

  • Rövnəq Abdullayev Azərbaycan millisini tənqid etdi: “Zəiflərin qrupundan çıxa bilmədik”

    2016-cı ildə 17 yaşlıların Avropa çempionatı keçirildi, açılış oyununu rekord sayda azarkeş izlədi. Turnir UEFA tərəfindən yüksək qiymətləndirildi.

    Median.Az xəbər verir ki, bu sözləri AFFA prezidenti Rövnəq Abdullayev deyib.

    Bu gün keçirilən AFFA-nın növbəti konfransında çıxış edən R. Abdullayev 2016-cı ildən sonrakı dövr ərzində AFFA-nın fəaliyyəti barəsində məlumat verib.

    R.Abdullayev mötəbər futbol tədbirlərinin təşkilinə dəstəyini əsirgəməyən ölkə başçısı İlham Əliyevə təşəkkürünü bildirib:

    “Avropa Liqasının finalı zamanı Bakıya 38 min azarkeş gəlmişdi. Bu, rekord göstəricidir. Bu turnir də yüksək səviyyədə təşkil olundu. UEFA tərəfindən son 10 ilin ən yüksək səviyyədə təşkil olunan yarışı hesab olundu.

    Ötən dövr ərzində müxtəlif məşq meydanları istifadəyə verildi. Növbəti dörd il üçün də infrastruktur layihələr planlaşdırılır. Şamaxıdakı stadionun tikintisinə mart ayından start veriləcək. Sumqayıtdakı stadionun yenidənqurması olacaq. Kütləvi futbolun inkişafında böyük işlər görülüb”.

    AFFA prezidenti milli komandanın çıxışına da toxunub:

    “Azarkeşləri, futbol ictimaiyyətini narahat edən məsələ millinin bu dövrdə yaxşı çıxış etməməsi oldu. Millətlər Liqasında qrupdan çıxa bilmədik. Halbuki bu, böyük şans idi ki, Bakıdakı final mərhələsində iştirak edək. Zəiflərin qrupundan çıxa bilmədik.

    AVRO-2020-nin seçmə mərhələsində də bir xalla qrup sonuncusu olduq. Təəssüf ki, azarkeşləri sevindirə bilmədik. Avrokuboklarda klublarımız yaxşı çıxış etdilər.

    “Qarabağ” ardıcıl altıncı dəfə avrokubokun qrupunda çıxış etdi. Digər klubların da çıxışını nəzərə alsaq, yaxşı nəticə idi”.

    Rövnəq Abdullayev hakimlərin də inkişafda olduğunu deyib:

    “Avropa ölkələrində hakimlərimizin xidmətlərinə ehtiyac duyulur. Müxtəlif ölkələrin vacib oyunlarına hakimlərimizin təyin olunması xəbərlərini eşidəcəyik. Peşəkar səviyyədə hakimlərimiz var.

    Bunu UEFA-da və FİFA-da qeyd edirlər. Bizim ən böyük problemimiz yayım məsələsi idi. “CBC Sport” kanalını yaratmaqla futbolumuzun televiziya yayımında sabitlik yarandı. Ölkədaxili və beynəlxalq yarışlar yayımlanır”.

    O bildirib ki, AVRO-2020-də onların üzərinə böyük yük düşür: “İnanırıq ki, bu işin öhdəsindən layiqincə gələcəyik”.//oxu.az