Month: April 2020

  • Sabahdan Azərbaycanda hərəkətə məhdudiyyət qoyulur

    Baş Nazir Əli Əsədov koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında qərar imzalayıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Report”a verilən məlumata görə, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub.

    Bildirilib ki, əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə hərəkət məhdudiyyətlərinin 5 aprel 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək aşağıdakı qaydada tətbiqi ilə bağlı qərara alır:

    1. Aşağıdakı şəxslərin xidməti vəsiqələri və ya iş yeri barədə arayış əsasında hərəkət etmələrinə yol verilir:

    Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının və Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının əməkdaşları;

    Azərbaycan Respublikası Milli Məclisinin deputatları və Aparatının əməkdaşları;

    mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri və onların müavinləri;

    İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) və Aparatının əməkdaşları;

    dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərin rəhbərləri və onların müavinləri;

    Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin əməkdaşları;

    Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və onun tabeliyindəki qurumların əməkdaşları;

    dövlət əhəmiyyətli və həyat təminatı obyektlərinin, habelə fasiləsiz fəaliyyət göstərən müəssisələrin əməkdaşları (1 nömrəli siyahı əlavə olunur);

    dövlət səhiyyə orqanlarının və qurumlarının (müəssisələrinin), özəl səhiyyə müəssisələrinin əməkdaşları;

    hüquq mühafizə, məhkəmə və hərbi xidmət nəzərdə tutulmuş orqanların əməkdaşları, vəkillər;

    kütləvi informasiya vasitələrinin əməkdaşları;

    Azərbaycan Respublikasında akkreditasiya olunmuş diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların əməkdaşları və onların yerli heyəti (Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartları əsasında).

    2. Aşağıdakı şəxslər barəsində məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilir:

    dövlət orqanlarının, dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlətin adından yaradılan publik hüquqi şəxslərin işə cəlb olunan əməkdaşları (2 nömrəli siyahı əlavə olunur);

    Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 mart tarixli 120 nömrəli Qərarı ilə müəyyən edilmiş istiqamətlərdə fəaliyyətlərinin davam etdirilməsinə icazə verilmiş özəl hüquqi şəxslərin əməkdaşları və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxs və onun işçiləri;

    fəaliyyətinin davam etdirilməsinə icazə verilməmiş özəl hüquqi şəxslərin mühafizəsi və texniki təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan əməkdaşları.

    3. “ASAN Könüllüləri” İctimai Birliyi, “Regional İnkişaf” İctimai Birliyi, “Aqrar İnkişaf Könüllüləri” Hərəkatı, “Bir” tələbə-könüllüləri, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin könüllülərinin hərəkətinə onlar barədə məlumatlar “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir.

    4. Bütün digər şəxslərin yaşayış yerini tərk etmələrinə aşağıdakı hallarda yol verilir:

    təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar;

    ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar;

    yaxın qohumunun dəfnində iştirakla əlaqədar.

    Bu şəxslər yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər (SMS məlumatlar ödənişsizdir). SMS məlumatın mətnində aşağıdakı 3 indeksdən biri və şəxsin şəxsiyyətini təsdiq edən məlumat qeyd edilməlidir.

    1 rəqəmi təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini tərk etmək üçün (icazə rayon və şəhər daxilində 2 saat müddətinə verilir, rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda olduğu ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir);

    2 rəqəmi – ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini tərk etmək üçün (icazə 2 saat müddətinə gündə 1 dəfə verilir);

    3 rəqəmi – yaxın qohumunun dəfnində iştirakla əlaqədar yaşayış yerini tərk etmək üçün.

    Şəxsiyyəti təsdiq edən məlumatlar aşağıdakılardır:

    Azərbaycan Respublikasının vətəndaşları üçün – şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi (məsələn, AZE11111111),

    Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər üçün – Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsinin seriyası və nömrəsi (MYİ (DYİ)1111111),

    Azərbaycan Respublikası ərazisində müvəqqəti olma müddəti uzadılmış əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər üçün – müvəqqəti olma müddətinin uzadılması barədə qərarın seriyası və nömrəsi (MOM1111111).

    Nümunə: ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini tərk etmək üçün 2 AZE1111111 məzmunlu SMS məlumatı göndərilməlidir.

    Elektron Hökumət informasiya sistemindən gələn cavab SMS məlumatında icazənin qüvvədə olduğu müddət göstərilir. Şəxs yaşayış yerini yalnız müsbət cavab aldıqdan sonra tərk edə bilər.

    Həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda yaşayış yerini tərk etmək üçün SMS məlumatın göndərilməsi tələb olunmur. Həmçinin şəxslər məhkəməyə və ya hüquq mühafizə orqanlarına çağırıldıqda SMS göndərilmədən yaşayış yerini tərk edirlər. Bu halda onlar məhkəməyə və ya hüquq mühafizə orqanına çağırılmalarına dair sənədi polis əməkdaşlarının tələbi ilə onlara təqdim etməlidirlər.

    SMS icazə sistemindən istifadə qaydaları və SMS göndərilməsi ilə bağlı yaranan çətinliklərlə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmətin) 9108 Çağrı Mərkəzinə müraciət edilə bilər.

    Müvafiq dövlət qurumları və özəl hüquqi şəxslər əməkdaşları barədə, habelə müvafiq könüllülər təşkilatları könüllülər barədə məlumatları “icaze.e-gov.az” portalına 3 aprel 2020-ci il saat 10:00-dan etibarən daxil etməlidirlər.

    Bu Qərarda nəzərdə tutulmuş qaydada şəxslərin hərəkəti zamanı şəxsiyyəti təsdiq edən sənədlərin üzərlərində olması məcburidir.

    Hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarının pozulması halları xüsusi karantin rejiminin pozulması kimi qiymətləndirilməklə, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş məsuliyyətə səbəb olacaqlar. Eyni zamanda, “icaze.e-gov.az” portalı vasitəsilə icazənin alınması üçün yanlış məlumatın daxil edilməsi və yaşayış yerini tərk etmək üçün SMS sistemi vasitəsilə icazə alınması prosedurundan sui-istifadə halları daim araşdırılacaq, belə hallara yol verən hüquqi və fiziki şəxslər barəsində ciddi məsuliyyət tədbirləri görüləcəkdir.

    1 nömrəli əlavə

    Əməkdaşları məhdud sayda işə cəlb edilməli olan dövlət əhəmiyyətli və həyat təminatı obyektlərin, habelə fasiləsiz fəaliyyət göstərən müəssisələrin

    Siyahısı

    1. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti

    2. “Azəriqaz” İstehsalat Birliyi

    3. “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti

    4. “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti

    5. “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti

    6. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (onun törəmə və birgə müəssisələri)

    7. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti

    8. “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti

    9. “Azəraqrartikinti” Səhmdar Cəmiyyəti

    10. “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti

    11. “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti

    12. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti

    13. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti

    14. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti

    15. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi

    16. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi

    17. Bakı Nəqliyyat Agentliyi

    18. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti

    19. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti

    20. Dövlət Dəniz Agentliyi

    21. Dövlət Mülki Aviasiya Agentliyi

    22. Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi

    23. Çörək və digər ərzaq məhsullarının istehsalı, tədarükü və təchizatı müəssisələri

  • Pandemiya dövründə qan donoru olmaq üçün tələblər açıqlanıb

    Milli Hematologiya və Transfuziologiya Mərkəzi koronavirus pandemiyası dövründə qan donoru olmaq istəyənlər üçün tələbləri açıqlayıb.

    Median.Az-ın e-tibb.az-a istinadən verdiyi xəbərə görə, Mərkəzin məlumatında bildirilir ki, koronavirus infeksiyası olan riskli bölgəyə baş çəkənlər Azərbaycana qayıtdıqdan 4 həftə sonra qan verə bilərlər. Məlumatda daha sonra deyilir: “Öskürək, hərarət və ya kəskin respirator (tənəffüs) simptomları müşahidə olunan şəxslər sağalandan sonra qan donoru olmaq üçün 28 gün gözləməlidirlər.

    Ev izolyasiyası olunmuş şəxslə təmasda olmusunuzsa (əgər həmin şəxsdə öskürək, hərarət və nəfəs problemi yoxdursa) müvafiq müayinələrdən sonra qan donoru ola bilərsiniz. Lakin təmas haqqında məlumat verin.

    İzolyasiya olunmuş, kəskin respirator (tənəffüs) infeksiya simptomları olan və koronavirus testi pozitiv olan biri ilə təmasda olmusunuzsa, həmin şəxsin simptomlarının aradan qaldırılmasından 4 həftə sonra qan verə bilərsiniz.

    İzolyasiya olunmuş, kəskin respirator (tənəffüs) infeksiya simptomları olan koronavirus testi neqativ olan biri ilə təmasda olmusunuzsa, həmin şəxsin simptomlarının aradan qaldırılmasından 14 gün sonra qan verə bilərsiniz.

    Səyahət edən şəxslər 28 gün sonra təkrar donor ola bilərlər”.

  • Nazir keçmiş icra başçısına yüksək vəzifə verdi

    Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) prorektor vəzifəsinə təyinat olub.

    Median.Az-ın oxu.az-a istinadən məlumatına görə, bu barədə Təhsil naziri Ceyhun Bayramov əmr imzalayıb.

    Əmrə əsasən, Sadıqov Mirdaməd Mirsadıq oğlu UNEC-in Strateji inkişaf üzrə prorektoru vəzifəsinə təyin olunub.

    Qeyd edək ki, o bundan əvvəl İsmayıllı rayonu İcra hakimiyyətinin başçısı olub. Prezident İlham Əliyevin sərəncamı ilə 2020-ci ilin martın 5-də vəzifəsindən azad edilib.

  • İcra başçısının maşını “protiv” getdi: Yol polisi görüb “çest” verdi (VİDEO)

    Abşeron Rayon İcra Hakimiyyəti başçısının xidməti avtomobili ilə törədilən qayda pozuntusu kameraya düşüb.

    Görüntüləri oxuculardan biri avtosfer.az-ın redaksiyasının elektron ünvanına göndərib.

    Aprelin 1-i Masazır qəsəbəsi Əliağa Vahid küçəsində hərəkət edən 01-AA-001 qeydiyyat nişanlı “Lexus” markalı avtomobilin sürücüsü ayırıcı zolağın sol tərəfi ilə tam olaraq əks istiqamətdə hərəkət edib. Sürücü əks istiqamətdə hərəkət etdikdən sonra qarşıdakı svetoforun qırmızı işığından sağa dönərək yoluna davam edib. Bu zaman həmin ərazidə xidmət aparan polis əməkdaşları qayda pozan sürücüyə hərbi salam verib.

    Qeyd edək ki, bu avtomobil icra başçısı İradə Gülməmmədovaya aiddir.

  • Baş nazir sərəncam imzaladı

    Baş Nazir Əli Əsədov koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

    “Report” xəbər verir ki, sərəncamla koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa, digər istiqamətlər üzrə fəaliyyət 31 mart 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək dayandırılır.

  • Ronaldu Messini qabaqlayaraq tarixin ən yaxşı futbolçusu oldu – FOTO

    İspaniyanın məşhur “Marca” nəşri oxucular arasında “Tarixin ən yaxşı futbolçusu kimdir?” suallı sorğu keçirib.

    Sorğu pley-off formatında təşkil edilib. Belə ki, oxucular əfsanəvi oyunçulardan birini seçməli olub, qalib gələnlər isə növbəti mərhələyə keçiblər.


    Səsvermə nəticəsində finala Kriştianu Ronaldu və Lionel Messi çıxıblar. Ronaldu Paolo Maldini, Zinəddin Zidan və Dieqo Maradonanı üstələyib. Messi isə azarkeşlərin seçiminə görə, Ferents Puşkaş, Alfredo Di Stefano və braziliyalı Ronaldodan üstün olub.

    Finalda isə Ronaldu Messini keçə bilib.

  • DİM şagirdlər üçün elektron imtahanlar keçirə bilər

    “Şagirdlər üçün yeni onlayn imtahanları layihələndiririk. Azərbaycan dili istisna olmaqla, tədris digər dillərdə aparılan təhsil müəssisələrində təhsil alan şagirdlər üçün “Azərbaycan dili (dövlət dili kimi)” fənni üzrə onlayn imtahan işlənib hazırlanır”.

    “Report” xəbər verir ki, bu fikirləri Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə abituriyent, məzun, müəllim və valideynlərə müraciətində deyib.

    O qeyd edib ki, elektron imtahanlar zamanı hər hansı qayda pozuntusu və ya sui-istifadə hallarını istisna etmək üçün imtahanların proktorinq (nəzarət) sistemi üzərində işlər aparılır: “Əlbəttə ki, epidemioloji vəziyyət imkan versə, sıx qrafik üzrə ənənəvi imtahanları keçirməyə hazırıq”.

  • Məleykə Abbaszadə abituriyentlərə müraciət etdi

    Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə abituriyent, məzun, müəllim və valideynlərə müraciət edib.

    “Report”un məlumatına görə, mətndə bildirilir:

    “Əziz məzunlar və abituriyentlər, hörmətli müəllimlər və valideynlər!

    Bugünlərdə bizə imtahanların keçirilmə tarixləri barədə xeyli müraciətlər daxil olur. Biz sizin həyəcanı çox yaxşı anlayır və onu əsaslı hesab edirik. Hər bir şagird məktəbi bitirdikdən sonra attestasiyadan keçmək və müvafiq bilikləri varsa, təhsilini növbəti pillədə davam etdirmək imkanını əldə etməlidir. Lakinbu il virus həyatımıza müdaxilə etdi, onu dəyişdi, amma virus həyatımızı məhv edə bilməz. Həyat davam etməlidir! İndi bizonu virusdan müdafiə etməyi öyrənməliyik. Biz sağlam qalmalıyıq!

    Bu tip daxili gərginliyi azaltmaq və stressi idarə etmək üçün ilk növbədə məsələyə şüurlu yanaşmaq, rasional baxış bucağı formalaşdırmaq zəruridir. Nəticə etibarilə vəziyyət ciddi olsa da, çıxış yolları var və dövlət-vətəndaş birliyi ilə onun öhdəsindən gəlmək mümkündür.

    Gəlin birgə sadə bir riyazi məsələyə nəzər yetirək, bu, virusun nə qədər təhlükəli olduğunu dərk etməyə kömək edəcək. Hansı səbəblərə görə karantin qaydalarına əməl etmək lazımdır?Bu dərəcədə sərt tədbirlər nəyə lazımdır?

    Əgər başlanğıc mərhələdə infeksiyanın qarşısı sərt tədbirlərlə alınmasa, o həndəsi silsilə ilə artar və onun yayılmasının qarşısını almaq qeyri-mümkün olar. Həndəsi silsilənin nə demək olduğunu məşhur bir riyazi məsələ ilə izah etməyə çalışaq.

    Təsəvvür edin ki, hər hansı bir gölün səthində su zanbağı bitib və onun yarpaqları həndəsi silsilə ilə artır. Başqa sözlə hər bir yarpaqdan gün ərzində daha bir yarpaq yaranır. Bu, hər gün zanbaq yarpaqlarının iki dəfə artmasına səbəb olur. Tutaq ki, 60 gün ərzində zanbaq yarpaqları gölün səthini tamamilə örtür. Sizcə zanbaq yarpaqlarının gölün səthinin yarısını örtməsi üçün neçə gün keçməlidir? İlk ağıla gələn cavab adətən 30 gün olur. Lakin doğru cavab 59 gündür. Yəni zanbaq yarpaqlarının gölün səthinin birinci yarısını örtməsi üçün 59 gün lazım olsa da, ikinci yarısını örtməsi üçün cəmi bir gün lazımdır.

    Bəs sizcə bu hesabla gölün səthinin 1%-i neçənci gündə örtülür? Cavab 53-cü gündür. Yəni yayılmanın 0-dan 1 faizə çatması üçün 53, 1 faizdən yüz faizə çatması üçün cəmi 7 gün lazımdır.

    İndi gəlin bu məsələni pandemiyaya tətbiq edək.

    Tutaq ki, hər hansı ölkənin vətəndaşları düşünür ki, virusun ölkədəki yayılma faizi çox aşağıdır və ümumilikdə ölkə üçün heç bir təhlükə törətmir. Buna görə də öz normal həyatlarına davam edirlər və heç bir qabaqlayıcı tədbir görmürlər. Hesab edək ki, virusa yoluxan hər bir insan orta hesabla cəmi bir başqa insanı yoluxdurur. Bu şəkildə pandemiyanın yayılması 1%-ə çatdıqdan sonra cəmi 1 həftə ərzində bütün ölkə əhalisi yoluxmuş olacaq. (1% → 2% → 4% → 8% →16% → 32% →64% → 100%.)

    Məhz buna görə də pandemiyaya mümkün qədər tez müdaxilə edilir və sərt tədbirlər görülür.

    İndi isə gəlin başqa bir suala birgə cavab tapaq:

    İnkişaf etmiş bir sıra ölkələrdə ortaya çıxan kütləvi ölümlərin səbəbi nədir?

    Bu suala cavab vermək üçün başqa bir məşhur riyazi məsələyə nəzər salmaq lazımdır.Hər birimiz məktəbdə hovuz problemi adlanan riyazi məsələləri həll etmişik.

    Bu məsələyə görə bir hovuza krandan su doldurulur, başqa bir boru vasitəsilə isə su hovuzdan kənara axır. Əgər hovuza dolan suyun həcmi boşalandan böyükdürsə, onda bir müddət sonra hovuz dolub daşmağa başlayacaq. Əgər əksinədirsə, onda hovuz tezliklə boşalacaq. Əgər dolan su ilə boşalan suyun həcmi bərabərdirsə, bu halda hovuzda daim müəyyən sabit miqdarda su qalacaq.

    İndi gəlin bu məsələni də pandemiyanın izahına tətbiq edək. Burada hovuz ölkənin səhiyyə sistemini, hovuzdakı su artıq virusa yoluxmuş və müalicə alan insanları, krandan gələn su yeni xəstələnənləri, boşalan su isə sağalan xəstələri ifadə edir. Hovuz kimi səhiyyə sisteminin də xidmət həcmi məhduddur. Yəni orada yataq yerləri, lazımi avadanlıq və həkim, digər tibbi personal bəlli bir sayda xəstəyə xidmət göstərilməsinə imkan verir. Əgər virusa yoluxma sürəti yoluxanların sağalma sürətindən aşağı və ya bərabər olsa, onda səhiyyə sistemi istisna halları çıxmaq şərtilə insanların əksəriyyətini müalicə edib sağalda bilər. Əgər xəstələnmə sürəti sağalma sürətini üstələsə, onda bu sistemin xidmət həcmini aşacaq, bütün yerlər dolu və həkimlər məşğul olduğu üçün yeni gələnləri müalicə etmək mümkün olmayacaq. Bu isə insan itkisinin kütləvi şəkildə artmasına səbəb ola bilər.

    Gördüyünüz kimi, bu iki situasiya məsələsi orta məktəbin riyaziyyat kursuna aiddir. Bu məsələlər hazırki vəziyyətin strukturunu çox aydın şəkildə təsvir edir və izah edir ki, niyə biz sizə indi kütləvi imtahanların keçirilmə vaxtını dəqiq deyə bilmirik.

    Amma yuxarıda qeyd etdiyim kimi, həyat davam edir və biz sizi yarı yolda qoymayacağıq.Bütün kollektivimiz hazırda onlayn şəkildə çalışır. Mərkəzin “Youtube” kanalına “vizuallaşdırılmış dərs”lərin yerləşdirilməsi davam edir. Yeni dərslər hazır olduqca müvafiq bölmələrə əlavə edilir. Son 20 gün ərzində kanala yerləşdirilmiş dərslərə baxış sayı 100 mindən artıq olub. Otk.az portalı vasitəsilə abituriyentlər ödənişsiz onlayn sınaq imtahanları imkanından istifadə edirlər. Martın 29-dan etibarən portalda aktiv edilmiş 40-dan artıq ödənişsiz imtahan növü üzrə 12 239 istifadəçi tərəfindən 23 820 yazılış qeydə alınıb (bəzi istifadəçilər bir neçə imtahana yazılıb). DİM nəşrlərinin onlayn sifariş əsasında poçt xidməti vasitəsilə sifarişçilərin ünvanına çatdırılması işi davam etdirilir.“Pozitiv zəka” bloqunda insanlara psixoloji dəstək göstərilir. İnzibati binamızda vətəndaşların qəbulu müvəqqəti dayandırılsa da, onların müraciətləri 1653 Çağrı Mərkəzi, elektron poçt, sosial şəbəkə hesabları, həmçinin DİM-in regional bölmələri üzrə telefon vasitəsilə cavablandırılır. Vətəndaşlar məlumat əldə etmək üçün Mərkəzin saytı (dim.gov.az) və sosial şəbəkələrdəki (“Facebook”, “Instagram”, “Twitter” “Telegram”) hesablarını izləyə, həmçinin info@dim.gov.az elektron poçt ünvanına da yaza bilərlər.

    Biz şagirdlər üçün yeni onlayn imtahanları layihələndiririk. Azərbaycan dili istisna olmaqla, tədris digər dillərdə aparılan təhsil müəssisələrində təhsil alan şagirdlər üçün “Azərbaycan dili (dövlət dili kimi)” fənni üzrə onlayn imtahan işlənib hazırlanır. Elektron imtahanlar zamanı hər hansı qayda pozuntusu və ya sui-istifadə hallarını istisna etmək üçün imtahanların proktorinq (nəzarət) sistemi üzərində işlər aparılır. Əlbəttə ki, epidemioloji vəziyyət imkan versə, sıx qrafik üzrə ənənəvi imtahanları keçirməyə hazırıq. Lakin biz sadəcə gözləyərək vaxt itkisinə yol verə bilmərik. Siz də bunu etməyin. Vaxtınızı boşuna sərf etməyin, təqdim etdiyimiz bütün resurslardan istifadə edərək dərslərinizlə məşğul olmağa davam edin.

    Təbii ki, gigiyena və özünütəcrid qaydalarına da mütləq əməl edin. İndi siz virusun ölkəmizdə yayılmasının qarşısını almaq üçün hökumətimiz tərəfindən ilk günlərdən həyata keçirilən bütün lazımiqabaqlayıcı tədbirlərin əhəmiyyətini daha yaxşı anlayırsınız. Mən də sizi Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilən qaydalara uyğun davranmağa, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmağa, digər şəxslərlə minimum ünsiyyətdə olmağa, insanların sıx toplaşdığı yerlərə getməməyə, mövcud qabaqlayıcı tədbirlərin şərtlərinə ciddi əməl etməyə çağırıram.

    Pis günün ömrü az olar.

    Evdə qalın, pozitiv qalın və savadlı olun!”

  • Главный тренер сборной России заразился коронавирусом

    Главный тренер сборной России по спортивной гимнастике Андрей Родионенко заразился коронавирусом.

    Как сообщает Report, об этом заявляет ТАСС со ссылкой на главного тренера национальной команды по художественной гимнастике Ирину Винер-Усманову.

    Отмечается, что вирус также обнаружен у спортсмена 2001 г.р.

    Напомним, что симптомы коронавируса ранее были выявлены у тренера сборной России по боксу Антона Кадушина.

  • Rusiya millisinin baş məşqçisi koronavirusa yoluxdu

    İdman gimnastikası üzrə Rusiya millisinin baş məşqçisi Andrey Rodionenko koronavirusa yoluxub.

    “Report”un məlumatına görə, bu barədə TASS-a bəddi gimnastika üzrə yığmanın baş məşqçisi İrina Viner-Usmanova məlumat verib. Bildirlib ki, komandada 2001-ci il təvəllüdlü idmançıda da virus aşkarlanıb.

    Qeyd edək ki, daha öncə boks üzrə Rusiya millisinin məşqçisi Anton Kaduşində koronavirus simptomları aşkarlanıb.