Month: April 2020

  • Şəmkirdə karantin rejimini pozan 3 nəfər həbs edildi, 109-u cərimələndi

    Şəmkir rayonunda xüsusi karantin rejimi ilə bağlı tədbirlər davam etdirilir.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Report”a verilən məlumata görə, xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət etmək məqsədilə Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimində xidmət apararaq sakinlər arasında profilaktiki tədbirlər həyata keçirir, mümkün qədər evdə qalmağı, zəruri hallarda evdən çıxdıqda isə tibbi maska, əlcəkdən istifadə etməyi, dezinfeksiyaedici vasitələrdən yararlanmağı məsləhət görürlər.

    Bundan başqa, rayon ərazisində mütəmadi olaraq aparılan reydlər zamanı xüsusi karantin rejiminin tələblərini pozan şəxslər aşkarlanaraq barələrində müvafiq qanunauyğun tədbirlər görülüb.

    Belə ki, araşdırmalar zamanı 109 sakin İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə cərimə edilib. Daha 3 şəxs rayon məhkəməsinin qərarı ilə 10 gün müddətində inzibati həbs edilib.

    Qeyd edək ki, tərtib edilən protokollardan 58-i (53,2%) yerində ödətdirilib, 4 nəfər barəsində isə tərtib edilən protokola baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilib.

  • Britaniyada koronavirusdan ölənlərin sayı 2921 nəfərə çatdı

    Böyük Britaniyada son sutka ərzində 569 nəfər ölüb.

    APA-nın “Sky News”a istinadən verdiyi xəbərə görə, bununla da Britaniyada koronavirusundan ölənlərin sayı 2921 nəfərə çatıb.

    Ölkədə son 24 saatda 4244 nəfər virusa yoluxub ki, beləliklə bu günədək koronavirusa yoluxanların sayı 33 718 nəfərə yüksəlib.

  • Bakıda qanunsuz dayanmağa və durmağa görə cərimələr ləğv edilib

    Bakı Nəqliyyat Agentliyi paytaxtda qanunsuz dayanmağa və durmağa görə cəriməni ləğv edib.

    Bu barədə “Report”a Agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

    “Bu cəriməni tətbiq edərkən bildirmişdik ki, əsas məqsədimiz yollarda rahat hərəkəti təmin etməkdir. Hazırda yollarda rahat hərəkət var”, – o qeyd edib.

  • Azərbaycan XİN həkimlərə dəstək videoçarxı hazırlayıb – VİDEO

    Koronavirus infeksiyasının (COVID-19) Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan hökuməti tərəfindən bütün istiqamətlərdə hərtərəfli tədbirlər həyata keçirilir.

    Azərbaycan həkimlərinə mənəvi dəstək kampaniyasına qoşularaq, Azərbaycan hökumətinə və bütün səhiyyə işçilərinə bu çətin mübarizədə göstərdikləri qəhramanlıq ilə bağlı təşəkkürünü və onlarla həmrəyliyini bildirmək üçün Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi videoçarx hazırlayıb.

    XİN videoçarxın hazırlanmasında göstərdiyi yardıma görə Azərbaycan Televiziyasına təşəkkürünü bildirir.

  • Mehriban Əliyeva Aprel döyüşlərində şəhid olan oğullarımız haqqında yazdı – FOTO

    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva şəxsi “Instagram” səhifəsində Aprel döyüşləri ilə bağlı paylaşım edib.

    Paylaşımda deyilir: “Aprel döyüşlərində Vətən uğrunda qəhrəmancasına həlak olmuş igid oğullarımızın əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır! Allah bütün şəhidlərimizə rəhmət eləsin!”

  • Antiseptik yoxdursa, araqdan istifadə etmək olarmı?

    Antiseptik yoxdursa, evdə və iş yerində səthləri tünd alkoqolla təmizləmək olar. Ancaq bunun effekti nisbətən az olacaq.

    “RİA Novosti”nin məlumatına görə, bunu rusiyalı həkim-infeksionist, tibb elmləri namizədi İlya Akinfeyev deyib.

    “Səthləri təmizləmək üçün istifadə edilən xüsusi antiseptiklərin tərkibində 60 faiz spirt olur. Arağın tərkibində isə 40 faiz spirt var, buna görə də effektivliyi az olur. Ancaq hər halda virusa təsir edir”.

    Bununla belə, o, imkan varsa, səthlər üçün antiseptiklər almağı tövsiyə edib.

    “Unutmamaq lazımdır ki, səthlər üçün olan antiseptiklərdən dəri üçün istifadə etmək olmaz, çünki kimyəvi yanıq ala bilərsiniz. Təlimata tam riayət etmək lazımdır”, – deyə, o xəbərdarlıq edib.

  • Karantin rejimində vətəndaşların icazə ilə evdən çıxması barədə xəbərə RƏSMİ AÇIQLAMA

    Nazirlər Kabineti yanında Operativ Qərargah xüsusi karantin rejimində vətəndaşların yalnız icazəli və üzrlü səbəblər əsasında yaşayış yerini müəyyən müddətə tərk edə bilməsi haqqında yayılan məlumatlara münasibət bildirib.

    Median.Az xəbər verir ki, Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov “report”un sorğusuna cavab olaraq bildirib ki, yayılan məlumatlar rəsmi deyil.

    “Belə bir sənəd qəbul olunmayıb”, – İ.Məmmədov vurğulayıb.

    Qeyd edək ki, xüsusi karantin rejimində vətəndaşların yalnız icazəli və üzrlü səbəblər əsasında yaşayış yerini müəyyən müddətə tərk edə bilməsi haqqında məlumatlar yayılıb.

    Məlumatlarda vətəndaşlar tərəfindən icazə almaq məqsədilə 803 nömrəsinə şəxsiyyət vəsiqəsinin nömrəsi və 1,2,3,4 rəqəmlərindən biri daxil edilməklə SMS məlumat göndərilməsi qeyd olunub. Bildirilib ki, vətəndaşlar təsdiq aldıqdan sonra yaşayış yerini tərk edə bilər və əks halda, inzibati məsuliyyətə cəlb olunacaqlar.

    Həmçinin yayılan məlumatlarda təxirəsalınmaz tibbi tədbirlər üçün cəmi 2 saat, ərzaq, tibbi avadanlıq, dava-dərman, bank və poçt xidmətləri üçün gündə 1 dəfə cəmi 2 saat, qohumun dəfni ilə əlaqədar 5 saat, açıq havada gəzmək üçün yaşayış yerindən 200 metr uzaq olmadan gündə 30 dəqiqə müddətin müəyyənləşdirildiyi qeyd olunub.

  • DİN-dən şəxsi avtomobillərin istifadəsi ilə bağlı AÇIQLAMA

    Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev şəxsi avtomobillərdən istifadə məsələsinə aydınlıq gətirib.

    Median.Az-in APA-ya istinadla verdiyi məlumata görə, o deyib ki, Bakı, Sumqayıt və Abşeron arasında avtomobillərin sərbəst hərəkətinə icazə verilib:

    “Eyni zamanda bölgələrin daxilində də avtomobillərin hərəkətinə icazə var”.

  • “Virtual məktəb”ə qoşula bilməyən şagirdlərlə bağlı RƏSMİ AÇIQLAMA

    “Bu gündən Təhsil Nazirliyinin bütün ölkə ərazisini əhatə edən yeni “Virtual məktəb” layihəsinə başlanan qeydiyyatdan istənilən vaxt keçmək olar, əlavə vaxt və ya saat məhdudiyyəti müəyyən edilməyib”.

    Median.Az “report”a istinadən xəbər verir ki, bunu Təhsil nazirinin müşaviri Elnur Məmmədov deyib.

    O qeyd edib ki, ölkənin bütün ərazisində yayımlanan “Teledərslər”lə yanaşı, “Virtual məktəb” layihəsi nazirlik tərəfindən şagirdlərin istifadəsinə verilmiş məsafədən tədris almaq üçün əlavə bir imkandır:

    “Virtual məktəb” layihəsi əsasında ənənəvi məktəbdaxili qiymətləndirmə aparılmayacaq. Bu layihə şagirdlərə əsasən özünü qiymətləndirmə alətlərini, müəllim və sinif yoldaşları ilə interaktiv əlaqə qurmağı və bir sıra digər yeni imkanları təqdim edəcək”.

    E.Məmmədov əlavə edib ki, “Virtual məktəb” layihəsinə bu və ya digər obyektiv səbəbdən hazırda qoşula bilməyən şagirdlərin vəziyyəti anlaşılandı, onların hansısa şəkildə bu layihəyə qoşulmasına məcbur edilməsindən və ya cəzalandırılmasından söhbət gedə bilməz:

    “Virtual məktəb” layihəsi müəllimlər tərəfindən mart ayının əvvəlindən müxtəlif proqram təminatları üzərindən fərdi şəkildə apardığı onlayn dərsləri istisna və ya qadağa etmir, sadəcə vahid platforma üzərindən daha geniş imkanlar verir. Bu fədakar müəllimlərə cəza yox, alqış düşür.

    “Virtual məktəb” layihəsi qarşılıqlı əməkdaşlıq prinsipi üzərində qurulub və bu barədə bütün yerli təhsili idarəetmə orqanlarına məlumat verilib. Hazırkı vəziyyətdə hər bir faydalı imkandan istifadə etməliyik”.

  • Karantin dövründə jurnalistlərin hərəkəti ilə bağlı açıqlama

    “Jurnalistlər də şəhər və rayonlararası qoyulan qadağalara əməl etməlidirlər. Yəni rayonda olan jurnalist Bakıya gələ bilməz”.

    Median.Az “report”a istinadən xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə çıxışı zamanı deyib.

    O bildirib ki, ümumilikdə isə jurnalistlərin işinə heç bir maneə yoxdur.

    Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev isə əlavə edib ki, ya xidməti vəsiqə, ya da arayış təqdim edilməlidir: “İkisinin bir arada olması mütləq deyil”.