Month: April 2020

  • Leninin posterinə görə deputatlarla mühafizəçilər arasında dava düşdü – VİDEO

    Rusiyada Saratov Vilayət Dumasının Kommunist Partiyasından olan deputatları iclas salonunun girişində təhlükəsizlik xidmətinin işçiləri ilə əlbəyaxa davaya çıxıblar.

    Lenta.ru xəbər verir ki, kommunistlər Vladimir Leninin 150 illik yubileyi ilə əlaqədar hazırladıqları posteri iclas salonuna keçirməyə cəhd ediblər.

    Kommunist Partiyasından olan deputat Nikolay Bondarenko bildirib ki, bütün təzyiqlərə rəğmən onlar sosialist inqilabının banisinin posterini iclas zalına keçirə biliblər.

  • İki saatlıq icazə ilə rayonu tərk etmək istədi – həbs olundu

    Samuxda karantin rejimini pozan şəxs saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

    Bildirilib ki, aprelin 20-də Samux rayon sakini Şahmar Əliyev 8103 nömrəsinə müraciət edərək, evdən iki saatlıq çıxmağa icazə alıb. Lakin o, müvafiq icazəni təyinatı üzrə istifadə etmək əvəzinə rayon ərazisini tərk etmək istəyib.

    Bu zaman rayonunun çıxışında xidmət aparan polis əməkdaşları vətəndaşa karantin qaydalarını izah edərək, bunun yol verilməz olduğunu bildiriblər və ondan geri qayıtmasını tələb ediblər.

    Ş.Əliyev polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymaraq, onların xidmətinə mane olmağa çalışdığına görə saxlanılaraq, Samux Rayon Polis Şöbəsinə gətirilib. Aidiyyəti məhkəmənin qərarı ilə Ş.Əliyev 10 gün müddətə inzibati qaydada həbs edilib.

  • Masallıda yol qəzası – ölən və yaralananlar var

    Masallıda ağır yol qəzası olub, ölən və yaralananlar var.

    Hadisə rayonun Ərkivan qəsəbəsi ərazisində baş verib. Belə ki, Ümid Habil oğlu Əşrəfovun idarə etdiyi “Mercedes” markalı 10 FS 064 dövlət qeydiyyat nişanlı avtomobil Qodman kənd sakini Kənan Heydər oğlu Nəsirovun idarə etdiyi “Jiquli-VAZ 2107”markalı 44 BM 853 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub. Nəticədə 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

    Yaralılar Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası əməkdaşları tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq reanimasiya şöbəsinə yerləşdiriliblər. Dünyasını dəyişən şəxsin VAZ 2107-nin sürücüsü olduğu deyilir.

    Xəstəxanaya çatdırılanların ikisi qadın, biri kiişidir. Onlar həmin nəqliyyat vasitəsində sərnişin olan Qızlavar kənd sakinləridir.

    Dünyasını dəyişən şəxsin meyidi aidiyyati üzrə təhvil verilib.

    Faktla bağlı prokurorluqda cinayət işi açılıb, araşdırma aparılır.

    ///Report

  • 68 yaşlı qadın ilk dəfə ana oldu – FOTO

    Nigeriyanın Laqos şəhərində yaşayan qadın 43 illik mübarizədən sonra ilk dəfə ana olub.

    Bu barədə “Daily Mail” xəbər yayır.

    68 yaşlı Marqaret Adenuqa və onun 70 yaşlı əri Noa Adenuqa 43 il övlad sahibi olmaq istəyiblər.

    Qadın dörd dəfə süni mayalanma əməliyyatı keçirsə də, bir nəticə hasil olunmayıb.

    Nəhayət, ömrünün 68-ci ilində Marqaret ana olub. Biri qız, digəri oğlan olmaqla sağlam əkiz uşaqlar dünyaya gəlib. Ananın və yenidoğulanların vəziyyətlərinin yaxşı olduğu bildirilir.

  • Sumqayıtda fəhlə 8-ci mərtəbədən yıxılaraq ölüb

    Sumqayıtda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

    Hadisə şəhərin bulvar ərazisində qeydə alınıb. Belə ki, ərazidə tikilən hündürmərtəbəli yaşayış binasında fəhlə işləyən Abşeron rayon sakini, 1991-ci il təvəllüdlü Qasımov Bəhruz Akif oğlu 8-ci mərtəbədən ehtiyatsızlıqdan yıxılıb. O, aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib.

    Faktla bağlı araşdırma aparılır.

    ///APA

  • Kloppdan narazı olan Mane Zidanla çalışmaq istəyir

    “Liverpul”un hücumçusu Sadio Mane Madridin “Real” klubuna keçmək niyyətindədir.

    Bu barədə “France Football” nəşri məlumat yayıb.

    Mənbə qeyd edib ki, seneqallı hücumçu “Real”ın baş məşqçisi Zinəddin Zidanla çalışmaq istəyir. Elə Zidan da bu futbolçu ilə işləməkdə maraqlıdır.

    S.Mane 2019-cu ildə “Qızıl top” uğrunda mübarizədə “Liverpul”un müdafiəçisi Van Deyki açıq şəkildə dəstəkləyən baş məşqçi Yurgen Kloppun mövqeyindən narazı qalıb.

    Qeyd edək ki, bu mövsüm S.Mane İngiltərə çempionatında 26 qarşılaşmada forma geyinib və 14 qol vurub.

  • Kürütökmə dövründə balıq ovuna çıxanlara müraciət edildi

    Kürütökmə dövründə balıq ovuna qoyulan moratoriumla əlaqədar Su Nəqliyyatında Polis İdarəsi və Ekoloji Təhlükəsizlik Xidməti balıq ovu ilə məşğul olan hüquqi və fiziki şəxslərə birgə müraciət edib.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, müraciətdə balıqların kürütökmə dövrü ilə əlaqədar balıq ovu ilə məşğul olan hüquqi və fiziki şəxslər mayın 1-dən sentyabrın 1-dək elan olunan moratorium müddətində balıq ovlanmasını dayandırmağa, balıqların təbii artımına və çoxalmasına bilavasitə maneə yaradan əməllərdən çəkinməyə çağırılırlar:

    “Qadağan olunan vaxtlarda və qadağan olunmuş vasitələrlə balıq ovlanması ölkəmizin su bioresurslarının, o cümlədən də, əhalinin qida rasionunda zəruri yer tutan balıq məhsullarının tamamılə azalmasına, hətta bəzi növlərin nəslinin kəsilməsinə şərait yaradır.

    Ona görə də, bütün balıqçılara tövsiyə edirik ki, müəyyən olunmuş tələblərə əməl etsinlər və sivil balıqçılıq qaydalarını mənimsəsinlər.

    Əks təqdirdə, tələblərə məhəl qoymayan, balıq ovuna davam edən şəxslərə qarşı Su Nəqliyyatında Polis İdarəsi tərəfindən qanunamüvafiq tədbirər görüləcək, cinayət işinin açılmasınadək ciddi cəza tədbirləri tətbiq olunacaq”.

    Su Nəqliyyatında Polis İdarəsi Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ilə birgə ölkənin su hövzələrində əməliyyat və nəzarət tədbirlərini davam etdirir.

  • İnternet təchizatında yaranan problemin səbəbi – RƏSMİ

    “İnternet təchizatında yaranan problemin səbəbi ilə əlaqədar paytaxt və regionlarda yerləşən hər hansı elektron ATS-in xidmət ərazisində təmir və ya qazıntı işləri ilə bağlı kabel zədələnməsinin olması, bu səbəbdən də internet probleminin qeydə alınması ilə bağlı məlumatlar həqiqəti əks etdirmir”.

    Bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Günel Gözəlova Oxu.Az-a açıqlamasında deyib.

    O bildirib ki, respublika ərazisində internetin təchizatında problem yaranmasının səbəbi beynəlxalq şəbəkəni ölkəyə nəql edən kommersiya provayderi ilə bağlıdır:

    “Ölkə ərazisində COVID-19 virusu ilə əlaqədar tətbiq edilən karantin rejimində bir çox şirkətlər işlərini onlayn rejimdə davam etdirir. Eləcə də, təhsil sistemində dərslər onlayn qaydada həyata keçirilir. Bununla əlaqədar, geniş zolaqlı internet şəbəkəsində əhəmiyyətli dərəcədə yüklənmə var. Bəzən internetlə əlaqəli vətəndaşın seçdiyi qurğu və evində yerləşdirdiyi cihaz bu günlərdə artan tələblərə cavab vermir.

    Mütəxəssislərimiz istifadəçilərin fasiləsiz və sürətli internetə çıxışını təmin etmək məqsədilə şəbəkənin təkmilləşdirilməsi istiqamətində gündəlik profilaktik tədbirlər həyata keçirir. Göstərilən xidmətlərin respublika üzrə fasiləsiz təmin edilməsi üçün magistral internet xətlərinə də daim nəzarət edilir. Nazirlik tərəfindən ölkə ərazisində internetlə təminat davamlı şəkildə həyata keçirilir”.

  • Azərbaycanda bu şəxslərə 75 faiz vergi güzəşti olacaq – RƏSMİ

    Koronavirus pandemiyasının təsirinə məruz qalan fəaliyyət sahələrinin əmlak və torpaq vergisindən azad olunması ilə yanaşı, həmin sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinə seçdikləri vergitutuma metodundan asılı olaraq, 2020-ci il 1 yanvardan etibarən bir il müddətinə bir sıra vergi güzəştlərinin verilməsi nəzərdə tutulur.

    Bu barədə İqtisadiyyat Nazirliyi tərəfindən pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə (o cümlədən, kiçik və orta sahibkarlığa) vergi güzəştlərinin və tətillərinin verilməsi ilə bağlı vergi və sosial qanunvericiliyə ediləcək əsas dəyişikliklərlə bağlı hazırlanan layihədə qeyd edilib.

    Sənəddə bildirilib ki, mənfəət (gəlir) vergisi rejimində fəaliyyət göstərən ödəyicilər üzrə əldə edilən mənfəətin (gəlirin) 75 faizi miqdarında vergi güzəştlərinin verilməsi nəzərdə tutulur.

    Sadələşdirilmiş verginin ödəyicisi olan ictimai iaşə və sərnişin daşımaları fəaliyyəti həyata keçirən vergi ödəyicilərinə sadələşdirilmiş vergi məbləği üzrə 50 faiz güzəşt verilməsi nəzərdə tutulur.

    Fəaliyyət ərazisindən asılı olaraq əmsallar tətbiq edilir.

  • VÖEN-i olub, 190 manat almaq istəyən vətəndaşların nəzərinə – Nazir müavini əsas şərtləri açıqladı

    “Xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləmiş aztəminatlı vətəndaşlar birdəfəlik ödəməni (190 manat) almaq istəyirlərsə, adlarına olan və istifadə etmədikləri VÖEN-ə xitam verməlidirlər”.

    Bunu Oxu.Az-a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib.

    O qeyd edib ki, aktiv VÖEN-i olan şəxslərə 190 manat müavinət verilməyəcək:

    “Vətəndaşın VÖEN-i olub, amma uzun müddət istifadə etmirsə, əvvəlcə ona xitam vermək lazımdır. Daha sonra 190 manat almaq üçün müraciət etmək mümkündür. Bu zaman sistemdə həmin şəxslərin məlumatları yoxlananda, o adamın adında aktiv VÖEN çıxmayacaq və vəsaiti alacaq. Yəni “kiminsə 3-5 il bundan qabaq VÖEN-i olubsa, ona 190 manat maddi yardım düşməyəcək” söhbəti yoxdur”.

    A.Kərimov qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tədbirlər görülür ki, qəbul olunmuş meyarlar əsasında vətəndaşların müraciətlərinə operativlik təmin edilsin:

    “Proqramın tətbiqinə aprelin 7-də başlanılıb. Müraciət edən şəxslərə müsbət və ya imtina cavabları mütləq gələcək. Əgər həmin şəxsə imtina gəlibsə, bunun səbəbi də qeyd ediləcək”.