Month: İyul 2020

  • Koronavirusla bağlı son STATİSTİKA

    Dünyada 10 590 953 nəfərdə koronavirus aşkarlanıb.

    Virusa yoluxan 514 021 nəfərin öldüyü, 5 798 970 nəfərin sağaldığı məlumdur.

    Qitələr üzrə koronavirusa yoluxma ən çox Şimali Amerikada (3 184 986 nəfər), Avropada (2 442 340 nəfər) və Cənubi Amerikada (2 238 884 nəfər) müşahidə olunur.

    Dünya ölkələri arasında bu ardıcıllığı 2 727 853 yoluxma ilə ABŞ, 1 408 485 yoluxma ilə Braziliya, 647 849 yoluxma ilə Rusiya qoruyur.

    İlk onluğa daxil olan İranda 227 662, digər sərhəd qonşularımızdan Türkiyədə 199 906, Ermənistanda 25 542, Gürcüstanda 928 yoluxma qeyd olunur.

    Azərbaycanda koronavirusun aşkar edildiyi 17 524 nəfərin 213-ü ölüb, 9 715-i sağalıb.

  • Bakıda karantin qaydalarını pozan gənc özünü doğradı

    Bakıda intihara cəhd hadisəsi baş verib.

    Report-un məlumatına görə, hadisə Səbail rayonunda qeydə alınıb.

    “Sahil” metrostansiyasının yaxınlığında 1991-ci il təvəllüdlü Həsənov Şəhriyar Şahin oğlu COVID-19 pandemiyası ilə əlaqədar qurulmuş postu keçmək istəyərkən polisin “Dayan” əmrinə tabe olmayaraq, karantin qaydalarını pozub.

    Ş.Həsənov məsuliyyətdən yayınmaq üçün çıxış yolunu üzərində gəzdirdiyi kəsici alət olan ülgüclə bədəninə çoxsaylı xəsarətlər yetirməkdə görüb.

    Yaralı ərazidə xidmət aparan polis əməkdaşlarının köməyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

    Müayinə zamanı onun boyun nahiyəsində və qarnın ön divarında çoxsaylı kəsilmiş yaralar aşkarlanıb.

  • Koronavirusun kişilər üçün qorxunc fəsadı açıqlandı

    Koronavirus infeksiyası keçirmiş kişilərdə sonsuzluq yarana bilər.

    “RİA Novosti”nin məlumatına görə, bunu RF Səhiyyə Nazirliyinin Uşaq və gənc yaşlar üzrə baş mütəxəssis ginekoloqu Yelena Uvarova deyib.

    Onun sözlərinə görə, bu gün COVID-19-la əlaqəli sonsuzluq problemləri, xüsusən kişilərdə daha çox ortaya çıxıb.

    “COVİD-19-dan sağalan kişilərin spermasının keyfiyyəti 38 faiz azalır. Bizdə isə sözügedən məsələdə keyfiyyət məsələsi onsuz da problem idi”, – deyə o vurğulayıb.

    Y.Uvarova uşaq vaxtı parotit (qulaqdibi) xəstəliyinə yoluxmağın da kişilərdə reproduktiv funksiyada problem yaratdığını deyib.

  • Azərbaycanlı həkim:”Xalqı, milləti məhv etməyin!”

    Əgər qərar verənlərin beyni, beyin kimi yox, pendir kimi fəaliyyət göstərirsə, onda bizdəki kimi vəziyyət alınır. Ay qardaş, əgər verdiyiniz qərarlar effekt vermirsə, demək ki, düz qərar vermirsiniz də. Bunu başa düşmək bu qədər çətindir? Çəkilin qırağa qoy bacaranlar bu işlə məşğul olsunlar!”.

    Median.Az Yeniavaz.com-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq həkim Aydın Əliyev “Facebook” hesabında qeyd edib.

    Həkim bildirib ki, ölkədə tətbiq olunan karantinlərin heç bir effekti olmayacaq:
    “Niyə eqoistlik edirsiniz? Bu bumeranq effekti verəcək, axırda sizin özünüzü vuracaq. Neçə ki, gec deyil, sağlam düşüncə ilə düzgün qərarlar verilməlidir. Bu COVID-19 problemini həll etmək üçün polad iradə lazımdır. O isə sizdə yoxdur! İmkan verin biz bunu həll edək və milləti bu bəladan qurtaraq! Təklifləri veririk, amma sizdə bu polad iradə, xalqına, millətinə sonsuz sədaqət, sevgi olmadığına görə siz bu problemi həll edə bilməyəcəksiniz! Xalqı, milləti məhv etməyin!

    Dövlət başçısı pandemiya ilə mübarizə üçün 5 milyon manata qədər pul ayırıb. Aidiyyatlı qurumlar bu pulu hara və nəyə xərcləyir? Bəlli deyil! Dövlət başçısının ölkəni əhatə edən minlərlə problemi var! O bizim əvəzimizdən bu problemi həll edəsi deyil ki…Sağolsun pulu ayırıb və artıq qalan işlər bizə düşür. COVID-19 xəstəliyinin müalicəsində çox effektiv preparat olan “Favipiravir” dərmanı ölkədə çatışmır. Niyə? Hanı bizim kimyagərlər? Hanı bizim əczaçılar? Nədi bu dərmanı istehsal etmək bu qədərmi çətindir? Dilənçi kimi başqa dövlətlərdən istəyirik bu dərmanı və xəstələrimizi, eləcə də həkimlərimizi buna görə itiririk. Allah şairə rəhmət eləsin! Deyirdi ki, Bizdən qabaqdadır avropalılar. Çünki, işi işbilənə tapşırır onlar”.
    Aydın Əliyev eyni zamanda müəyyən qaydalar hazırlayaraq, dəqiq 100% effekt verəcəyini bildirib:

    1. Bütün dövlət xəstəxanalarında COVID-19 xəstəliyinə aid test müayinələri, KT və rentgen müayinələri pulsuz olmalı və özəl xəstıxanalarda bu müayinələrin münasib qiymətə-hamının maddı imkanı çatacaq qədər olması təmin edilməlidir! 100-150 manata test olar? Camaat 190 manat yardım alır, onun da 150 manatın müayinəyə necə versin? Hə?

    2. Bütün qapalı yerlərin və ictimai nəqliyyatın girişində imkansız insanlara pulsuz, imkanlı insanlara isə pulla veriləcək maskalar qoyulmalıdır! Bizim xalqımız çox dəyərli xalqdır! Əminəm ki, imkanı olanlar imkanı olmayanlar üçün də maskaların pulun ödəyəcək!

    3. Bütün qapalı və açıq yerlərdə insanların ailə üzvlərindən başqa və 2-3 nəfərdən artıq olmamaqla fiziki ara məsafəsi saxlamasına ciddi nəzarət edilməlidir! Karantin postlarında şəxsi avtomobilində tək hərəkət edilən insanlar ciddi yoxlanılır, halbuki, tək avtomobildə hərəkət edən insanlar təhlükəsizdir! Avtobuslara isə sən keç deyilir. İctimai nəqliyyatda və bütün qapalı məkanlarda maska geyilməsinə nəzarət çox zəifdir. Əslində əksinə olmalıdır!

    4. Bütün digər karantin rejimləri ləğv edilməlidir, mütləq şəkildə! İnsanların rayonlara istirahət məkanlarına və dənizə getməsi, açıq təmiz havada, günəş altında olması mütləq şəkildə təmin edilməlidir! Əgər bu təmin edilməsə, biz payız-qış aylarına bu karantin rejimi ilə daxil olsaq hamımız qırılacağıq! Çünki immunitetimiz sıfra düşəcək. Broyler toyuqlarına dönürük!

    5. Yuxarıda göstərilən təminat olandan sonra bütün qapalı məkanlarda maska geyinməyənlər , bütün qapalı və açıq yerlərdə ailə üzvlərindən və 2-3 nəfərdən başqa fiziki ara məsafəsi gözləməyənlər çox ciddi cəzalandırılarsa, bu problemin öhdəsindən tezliklə gəlmək olar.

  • Uşaqların zarafatı faciə ilə sona çatdı

    Rusiyanın Krasnodar vilayətində, Anapa şəhərində Qara dəniz sahilində oynayan uşaqlar bir-birlərini qumda basdıran zaman faciə baş verib.

    “Anapskoe Chernomorye” xəbər verir ki, çoxuşaqlı ailə Vityazevo qəsəbəsində dincəlmək üçün ev tutublar. Ata-anası yatan zaman valideyn nəzarətindən kənarda qalan üç uşaq bir-birlərini qumda basdıraraq oynamağa başlayıblar.

    Onların ikisi zarafatla ən kiçik- səkkiz yaşlı uşağın üstünü tamamilə qumla örtüblər. Bu zaman havasız qalan azyaşlı ölüb.

    Hadisə yerinə xilasedicilər, təcili yardım və polis cəlb edilib. Uşağı həyata qaytara bilməyiblər.

    Hüquq-mühafizə orqanları ölümün səbəblərini araşdırır.

  • 11-ci sinif şagirdləri üçün iyunun 10-u və 11-də keçirilmiş buraxılış imtahanlarının nəticələri açıqlandı

    Dövlət İmtahan Mərkəzi 10 və 11 iyun 2020-ci il tarixlərində 11-ci sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanlarının nəticələrini elan edib.

    DİM-dən verilən məlumata görə, imtahanda iştirak edənlər mərkəzin internet saytına daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə tanış ola bilərlər.  İmtahan iştirakçıları iş nömrələrini buradan öyrənə bilərlər.

    Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

    Yazı işlərinin (açıq tipli tapşırıqların cavabları) yoxlanılması prosesi respublikada keçirilən sosial izolyasiya tədbirlərinə uyğun olaraq onlayn şəkildə həyata keçirilib. Belə ki, hər marker yoxlama prosesinə öz evindən qoşularaq proqramın onun kompüterinə təsadüfi göndərdiyi işləri yoxlayıb. Qeyd edək ki, onlayn (evdən) yoxlama prosesində üztanıma texnologiyası tətbiq edilib və yoxlama prosesinin bütün tələblərinə (meyarların təkmilləşdirilməsi, işlərin şifrələnməsi, markerlərin hər tapşırıq üzrə yoxlamadan əvvəl kalibrləmədə iştirak etməsi, yoxlama ərzində “seeding” prosesinin (markerlərə sayıqlığı itirməmək üçün əvvəlcədən hazırlanan və kalibrə edilən sualların mütəmadi olaraq göndərilməsi) tətbiqi, işlərin markerlərə proqram tərəfindən təsadüfi göndərilməsi, imtahan protokollarının araşdırılması və s.) əməl olunub.

    Yazı işlərinin onlayn (evdən) yoxlanılması üçün proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb.

    Qeyd edək ki, buraxılış imtahanında şagirdlərə (abituriyentlərə) ana dili fənnindən 4 açıq və 26 qapalı, riyaziyyat fənnindən 4 açıq, 8 kodlaşdırılan açıq, 13 qapalı, xarici dil fənnindən 4 açıq və 26 qapalı tipli tapşırıq olmaqla ümumilikdə 85 tapşırıq təqdim olunur. Bu mərhələdə fənlərinin hər biri üzrə toplanıla biləcək maksimal bal 100 olmaqla, ümumilikdə 300 baldır. Balların hesablanması qaydası ilə buradan tanış ola bilərsiniz.
    Bu imtahanlarında iştirakı nəzərdə tutulan 20896 nəfərdən 463 nəfər imtahana gəlməyib. 10 nəfər isə tələb olunan qaydaları pozduğu üçün imtahan nəticəsi ləğv olunub.

    İmtahan iştirakçıları arasında 1 nəfər – Abşeron rayonu Xırdalan şəhər 1 saylı orta məktəbin məzunu toplanıla biləcək maksimal nəticə – 300 bal toplayıb. İkinci ən yüksək nəticəni 297.7 bal toplayan Bakı şəhəri 36 saylı orta məktəbin məzunu göstərib. Bundan əlavə, 4 nəfər (Qəbələ rayonu Vəndam qəsəbəsi 1 saylı orta məktəbin, Qubadlı rayonu 3 saylı şəhər orta məktəbin, Bakı şəhəri 57 saylı orta məktəbin, Bakı şəhəri 178 saylı orta məktəbin məzunları) 297.1 bal toplayıb.

    Buraxılış imtahanlarında iştirak etməyən və ali və orta ixtisas təhsili müəssisələrinə sənəd verməyən şagirdlər üçün sentyabr ayında yenidən buraxılış imtahanları keçiriləcək. Həmin şəxslərin yekun qiymətləndirilməsi aparılaraq onlara attestat veriləcək.
    İmtahanın nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 13 iyul 2020-ci il tarixindən etibarən onlayn (“Zoom” proqramı və ya telefon əlaqəsi vasitəsilə) apelyasiya prosesi təşkil ediləcək. Apelyasiya komissiyasına müraciət etməmişdən əvvəl şagirdlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış olmalıdırlar. Ötən illərin təcrübəsi göstərir ki, apelyasiya üçün ərizə yazanların təqribən 30%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.

    Apelyasiya komissiyasına müraciət etmək istəyənlər 6-8 iyul tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apelyasiya üçün müraciət edə bilməyəcəklər. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apelyasiya təşkil olunmur. Apelyasiya müzakirəsində şagirdin iştirakı vacibdir. Şagird ilə yanaşı valideynlərindən biri müzakirədə iştirak edə bilər. Bir şagirdin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

  • Vətəndaşların qəbulu avqustun 1-dək dayandırıldı

    Ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə müvafiq qərara uyğun olaraq, Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi 2020-ci il avqustun 1-dək fəaliyyətini dayandırıb.

    Nazirlikdən verilən məlumata görə, təhsil sahəsində dövlət xidmətlərinin göstərilməsini təmin etmək üçün bu dövr ərzində müraciətlər 146-1 Telefon Məlumat Mərkəzi vasitəsilə cavablandırılacaq. Vətəndaşlar həmçinin Nazirliyin rəsmi office@edu.gov.az elektron poçt ünvanına müraciət edə və elektron resurslarında (www.edu.gov.azwww.ict.edu.az) təqdim olunan müxtəlif e-xidmətlərdən yararlana bilərlər.

    Rəsmi məlumatları Təhsil Nazirliyinin internet saytı və sosial şəbəkələrdəki səhifələrindən izləmək tövsiyə edilir.

  • Azərbaycanda siqaret bahalaşdı

    Bu gündən Azərbaycanda bütün tütün məmulatlarının qiyməti artırılıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, ölkə ərazisində siqaret əvvəlki vaxtlarla müqayisədə 10 qəpik baha satılır.

    “Bir neçə gündür ki, topdansatış mərkəzlərində siqaretin satışı dayandırılmışdı. Firmalar dünəndən bizə siqaret vermirdilər. Buna görə ehtimal edirdik ki, qiymətlər artacaq. Çünki, topdansatış mərkəzləri həmişə qiymət artımından 2-3 gün əvvəl satışı dayandırırlar”, – pərakəndə siqaret satıcıları “Report”a bildiriblər.