Month: İyul 2020

  • Avropa İttifaqı bəzi ölkələrlə sərhədləri açdı – SİYAHI

    Avropa İttifaqı bu gündən etibarən bəzi ölkələrlə sərhədləri açıb.

    Bu barədə 360 TV xəbər yayıb.

    Siyahıda Azərbaycana qonşu dövlətlərdən yalnız Gürcüstanın adı var.

    Bundan başqa, Avstraliya, Əlcəzair, Kanada, Mərakeş, Yeni Zelandiya, Ruanda, Serbiya, Tailand, Tunis, Uruqvay, Monteneqro, Cənubi Koreya və Yaponiya vətəndaşları da Avropa İttifaqı ölkələrinə rahat gedib-gələ bilərlər.

    Siyahıya Çin də əlavə oluna bilər, lakin bunun üçün rəsmi Pekinin təsdiqi tələb olunur.

  • Gömrükçülər sərhəddən qanunsuz xarici valyuta keçirilməsinin qarşısını aldılar

    Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları xarici valyutanın ölkənin gömrük sərhədindən bəyan etmədən keçirilməsinin qarşısını alıblar.

    Bu barədə DGK məlumat yayıb.

    İdarənin “Qırmızı Körpü” gömrük postunda Gürcüstana gedən “Mercedez-Benz Atego” markalı nəqliyyat vasitəsi saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub. Bu zaman vətəndaş idarə etdiyi avtomobildə gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Yoxlama zamanı nəqliyyat vasitəsinin salonunda köynəyə bükülü halda gömrük nəzarətinə bəyan edilməyən 22 400 ABŞ dolları aşkar edilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Prezidentdən İsmayıllı ilə bağlı SƏRƏNCAM

    Prezident İlham Əliyev İsmayıllı rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

    Sərəncama əsasən, İsmayıllı rayonunun əhalisi 37660 nəfər olan yeddi yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 10 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə Azərbaycanın rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması üçün göstərilmiş vəsaitin yeddi yüz min manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

  • Azərbaycanda daha bir yarışın dayandırılması qərara alındı – RƏSMİ

    Bu gün Azərbaycan Futzal Federasiyası (AFF) İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçirilib.

    İclasda AFF-nin prezidenti Zaur Axundov, vitse-prezident Rəmiş Malıyev, İcraiyyə Komitəsinin (İK) üzvləri – Mahmud Sadıqov və Turqay Fərzəliyev, AFFA-nın futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov iştirak edib.

    İK-nın iclasında koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar qeyri-müəyyən müddətə təxirə salınmış Yüksək Liqanın oyunlarının davam etdirilib-etdirilməməsi ilə bağlı məsələ müzakirə olunub.

    Pandemiya ilə əlaqədar yaranmış mövcud vəziyyət, infeksiyanın yoluxma statistikasının yüksəlməsi, ölkə ərazisində karantin rejiminin 2020-ci il avqustun 1-dək uzadılması, idman zallarının fəaliyyətinə qadağaların tətbiq edilməsi, ölkəmizi Çempionlar Liqasında təmsil edəcək klubun adının iyulun 31-dək UEFA-ya təqdim olunması, Nazirlər Kabineti yanında operativ qərargahın qəbul etdiyi müvafiq qərarlar və verilən tövsiyələr, ən əsası, futzalçıların, məşqçilərin və Yüksək Liqada oyunların təşkilində bu və ya digər şəkildə iştirak edən şəxslərin sağlamlığının qorunması nəzərə alınaraq, 2019/2020-ci il mövsümü üçün Yüksək Liqanın oyunlarının dayandırılması, qalibin və digər mükafatçı komandaların hazırkı turnir cədvəlinə uyğun olaraq müəyyənləşdirilməsi ilə bağlı qərar yekdilliklə (dörd səs lehinə) qəbul olunub.

    Qərara əsasən, “Araz” komandasına qızıl, “Marafon”a gümüş və EKOL-a bürünc medallar veriləcək. UEFA Çempionlar Liqasının 2020/2021-ci il mövsümündə ölkəmizi “Araz” klubu təmsil edəcək.

  • Çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınmasına başlanıldı

    Prezident İlham Əliyevin iyunun 11-də imzaladığı “Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” sərəncamın icrasına başlanılıb.

    Sərəncama əsasən, 2002-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1985–2001-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Silahlı Qüvvələrdə müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən 2020-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə yola salınacaqlar.

    Bu gündən etibarən çağırışçıların müəyyən edilmiş qrafik əsasında xidmət yerlərinə göndərilməsinə başlanılıb.

  • 1403 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edildi – RƏSMİ

    Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazilərində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə 30 iyun 2020-ci il saat 00:00-dan 1 iyul 2020-ci il saat 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 1 223 nəfər İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə 175 nəfər həmin Məcəllənin 211.2-ci və eyni əməllərin il ərzində təkrar törədilməsinə görə Məcəllənin 211.3-cü maddəsi ilə beş nəfər olmaqla ümumilikdə 1 403 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

    Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

    Qeyd olunan müddət ərzində Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan 40-ı rayon, 60-ı paytaxt istiqamətinə olmaqla 100, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan 115-i rayon, 270-i paytaxt istiqamətinə olmaqla 385, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 215-i rayon, 100-ü paytaxt istiqamətinə olmaqla 315 nəqliyyat vasitəsi geri qaytarılıb, ümumilikdə 800 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.

  • Azərbaycanda Aİ-95 benzininin bahalaşmasının səbəbi açıqlandı

    Bu gündən Azərbaycanda Aİ-95 (“Premium”) markalı benzin bahalaşıb.

    “SOCAR Petroleum” şirkətindən APA-ya verilən məlumata görə, Aİ-95 markalı yanacaq 0,10 manat bahalaşaraq 1,20 manat olub.

    “Bahalaşma bu markalı benzinin xaricdən alış qiymətinin artması ilə əlaqədardır”, – şirkətdən qeyd ediblər.

    Qeyd edək ki, Aİ-95 markalı benzinin qiyməti mayın 1-də 1,20 manatdan 1,10 manata endirilmişdi.

    Xatırladaq ki, sözügedən “Premium” markalı benzin Azərbaycanda istehsal olunmadığından xaricdən alınır.

  • Bəhram Bağırzadə ECMO cihazından ayrıldı – YENİLƏNİB

    “17 günə yaxın bir müddətdir ki, Bəhram Bağırzadənin müalicəsi ECMO cihazına bağlı olaraq davam etdirilirdi. Ötən gün axşam Əməkdar artistin ECMO cihazından ayrılmasına qərar verilib”.

    Bunu Oxu.Az-a açıqlamasında COVID-19-a yoluxmuş Əməkdar artist Bəhram Bağırzadənin müalicə olunduğu Mərkəzi Gömrük Hospitalının Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov deyib.

    O bildirib ki, ECMO cihazından ayrılmasına səbəb həm vəziyyətində müşahidə edilən müsbət dəyişiklik, həm də cihazın istifadə müddətinin 2-3 həftə olmasıdır:

    “ECMO cihazı müddətdən artıq istifadə edildikdə müəyyən fəsadların əmələ gəlməsinə şərait yarana bilər. Kolleqalarla ümumi müzakirə zamanı bütün bu ehtimallar nəzərə alınaraq, bu qərar verildi.

    Son bir həftə ərzində ağciyərlərin rentgen görüntüləri müsbət olub. Bəhram Bağırzadə hələlik dərman preparatları vasitəsilə koma vəziyyətində saxlanılır. Onun komadan oyandırılması üçün hələ çox tezdir.

    Hazırda ehtimal edilən bakterial superinfeksiyalar nəzarətə alınır. Növbəti dörd gün ərzində ağciyər bədənin bütün orqanlarına kifayət qədər oksigen ötürə bilərsə, komadan oyandırılması ilə bağlı fikirlər müzakirə edilə bilər.

    Biz ümid edirik ki, hər şey düşündüyümüz ardıcıllıqla getsə, qısa zamanda Bəhram Bağırzadənin süni tənəffüs aparatından ayrılmasına qərar verilər. İntensiv müalicə tədbirləri davam etdirilir.

    Bu gün əldə etdiyimiz nəticələr bu günə qədər mərhələli şəkildə tətbiq edilən müalicə prosedurlarının uğurlu nəticəsi kimi qiymətləndirilə bilər. Artıq orqanizmdə gedən dəyişiklikləri və ağciyərin bundan sonrakı fəaliyyəti özünü zamanla göstərəcək. Müalicə metodları da buna uyğun şəkildə tənzimlənəcək”.

    * * * * *

    “Bəhram Bağırzadənin ümumi vəziyyəti stabil-ağır olaraq qalır”.

    Bunu Oxu.Az-a açıqlamasında COVID-19-a yoluxmuş Əməkdar artist Bəhram Bağırzadənin müalicə olunduğu Mərkəzi Gömrük Hospitalının Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov deyib.

    O bildirib ki, Əməkdar artistin səhhətində az da olsa, müsbət irəliləyişlər müşahidə edilir:

    “Əvvəlki dövrlə müqayisədə, Bəhram Bağırzadənin vəziyyətində müşahidə edilən hər xırda müsbət irəliləyiş bizim üçün ümiddir. Ümumi vəziyyət stabil-ağır olaraq qalır. Əlimizdən gələni edirik ki, Əməkdar artist qısa zamanda öz sağlamlığına qovuşsun”.

    Xatırladaq ki, Azərbaycanın Əməkdar artisti Bəhram Bağırzadə koronavirus infeksiyasına yoluxub. O, vəziyyətinin kəskin pisləşməsi səbəbindən iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb.

    Ağciyər toxumasının 90 faizindən çoxunun zədələnməsi səbəbindən həkimlər tərəfindən onun ECMO cihazına qoşulmasına qərar verilib. Əməkdar artist B.Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.

  • Praqa koronavirusla vidalaşdı, sakinlər küçələrdə yeyib-içdilər – FOTOLAR

    Çərşənbə axşamı iyunun 30-da Praqanın əlamətdar yeri olan “Charles Bridge”də koronavirusla “simvolik olaraq vidalaşdıqları” bir ziyafət təşkil edilib.

    Bu haqda məlumatı Novinki nəşri yayıb.

    Mənbə bildirir ki, minlərlə sakinin evdən gətirdikləri yemək və içkilərlə bölüşərək yarım kilometrlik masada oturduqları qeyd olunur.

    Təşkilatçıların şərh etdiyi kimi, tədbir koronavirus böhranının keçmiş çətin dövrü ilə vidalaşmaya və qarşıdan gələn yay tətilinə həsr olunub.

    Bayram bütün ziyarətçilər üçün pulsuz olub, lakin gigiyenik və təşkilati səbəblərdən qeydiyyatdan keçiblər. Yerində qeydiyyata alınan şəxslər masaya oturmaq üçün dəvətnamə simvolu olan bir nişan alıblar.

    Ziyafət iştirakçıları maskasız olublar və sosial məsafəyə riayət etməyiblər.

    Tədbirin təşkilatçıları turistlər üçün giriş məhdudiyyətləri səbəbindən bağlı olan ən qədim Çex körpüsünün əsasən boş olduğu qeyri-adi vəziyyətdən yararlanmaq istədiklərini söyləyiblər.





    //konkret.az

  • Bakıda taksi sürücüsü müştərini döyərək qarət etdi

    Bakıda taksidə müştəri qarət edilib.

    Trend-in məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu Xocasən qəsəbəsində baş verib.

    Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü R.Bəbişovu sərnişin olduğu taksinin sürücüsü döyərək, mobil telefonunu və 45 manat pulunu quldurluq yolu ilə talayıb.

    Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 1990-cı il təvəllüdlü Allahqulu Əzimov saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.