Month: İyul 2020

  • Azərbaycanda TIR-ın törətdiyi qəzanın görüntüləri – ANBAAN VİDEO

    Bakı-Qazax avtomagistralının Goranboydan keçən hissəsində dünən baş verən dəhşətli qəzanın görüntüləri yayılıb.

    Hadisə zamanı TIR üç avtomobili əzib.

    Qəzaya yük maşınının sürücüsünün idarəetməni itirməsi səbəb olub.

    Qəza zamanı TIR əvvəlcə yol kənarındakı dəmirlərə, daha sonra park halında olan BMW, “Mercedes” və “VAZ-2199” markalı avtomobillərə çırpılıb.

    Xoşbəxtlikdən hadisə zamanı əzilən avtomobillərdə heç kim olmayıb.

    Qəza anı təhlükəsizlik kameralarına əks olunub.

    Həmin görüntüləri təqdim edirik:
    //oxu..az

  • Pensiya alanların nəzərinə: “Əlavə faiz tutulmadan əldə edə bilərlər”

    COVID-19 pandemiyası ilə əlaqədar olaraq xüsusi karantin rejimi müddətində bankomatlar qarşısında vətəndaş sıxlığının idarə olunması məqsədilə əmək pensiyalarını, sosial müavinət, təqaüd və kompensasiya ödənişlərini, eləcə də, ünvanlı dövlət sosial yardımlarını istənilən bankın, eləcə də, “Azərpoçt” MMC-nin istənilən bankomatından və ya POS-terminalından əldə edə bilərlər.

    Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası məlumat yayıb.

    Bildirilib ki, bu zaman həmin şəxslərdən hər hansı faiz tutulmayacaq.

  • Restoranda qonaqlıq təşkil edənlər ələ keçdi, sahibkar həbs edildi – FOTO

    Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədilə elan edilən xüsusi karantin rejiminin pozulması hallarının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər davam etdirilir.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, karantin rejimi ilə bağlı məhdudiyyətlər tətbiq edilməsinə baxmayaraq, bəzi şəxslər tərəfindən nizam-intizamın pozulması hallarına rast gəlinməkdədir.

    Belə ki, rayon ərazisindəki restoranların birində 20 nəfərə yaxın şəxs toplaşaraq, qonaqlıq təşkil edib, bununla da xüsusi karantin qaydalarını kobud şəkildə pozublar.

    Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən məclisdə iştirak edən yeddi nəfər saxlanılıb.

    Restoranın sahibi N.Orucov məhkəmənin qərarı ilə inzibati qaydada həbs edilib, digərləri isə 100 manat miqdarında cərimə ediliblər.

  • Baş Prokurorluqdan əməliyyat: Ölmüş heyvan ətləri satanlar ələ keçdi

    Ölkəmizdə dövlət strukturlarının əhalinin sağlamlığının qorunması, digər sahələr üzrə xidməti fəaliyyətin təşkili istiqamətində səfərbər olunduğu vaxtda mövcud vəziyyətdən öz maraqları naminə istifadə edərək, vətəndaşların və dövlətin qanunla qorunan mənafelərinə zərər vuran əməllərə qarşı prokurorluq orqanları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

    Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, Ağcabədi rayonu, Xocavənd kəndində yerləşən “AGRO-MEAT” MMC-yə məxsus kəsimxanada istifadəyə yarasız ət məhsullarının kəsimi və satışının həyata keçirməsi barədə daxil olmuş məlumatlar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

    Keçirilmiş əməliyyat tədbirləri nəticəsində “AGRO-MEAT” MMC-nin səlahiyyətli nümayəndəsi kimi özünü təqdim edən Ələkbərov Namiq Oktay oğlu, həmin müəssisəni icarəyə götürən Vəliyev Ehtiram İldırım oğlu, İsmayılov Cavid Qubad oğlu və digərlərinin qabaqcadan əlbir olaraq, “AGRO-MEAT” MMC-yə məxsus kəsimxanada insan həyatı və sağlamlığı üçün zərərli olan ət məhsullarının kəsimi və satışını həyata keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

    Belə ki, baxış zamanı qeyd olunan kəsimxanada 6 890 kiloqram çəkidə ət məhsulu aşkar edilib, həmin məhsullardan götürülmüş nümunələr Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasında müayinə olunaraq yararsız kimi qiymətləndirilib, ət nümunələrinin xəstə, ölmüş heyvan əti olması və istehlak üçün uyğun olmaması müəyyən edilib.

    Faktla bağlı Cinayət Məcəlləsinin 29, 200.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən istehlakçıları aldatmaya cəhd) və 200.2.3 (külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

    Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam, hərtərəfli yoxlanılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

  • Nazirlikdən yeni yaradılan agentliklərlə bağlı AÇIQLAMA

    Prezident İlham Əliyevin müvafiq fərmanları ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində olmaqla Dövlət Sosial Müdafiə Fondu, Dövlət Məşğulluq Agentliyi, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsləri yaradılıb və Nizamnamələri təsdiqlənib.

    ƏƏSMN-in bununla bağlı yaydığı açıqlamada qeyd olunub ki, nazirlik yanında müvafiq qurumların bazasında yeni publik hüquqi şəxslərin yaradılması həmin qurumların fəaliyyətində inzibati idarəçilikdən əhaliyə xidmət modelinə keçidi, onların daha çox ictimai əhəmiyyətli və vətəndaşların sosial məsələlərinin praktik müstəvidə operativ həllinə yönəlik funksiyalarının genişlənməsini təmin edəcək.

    Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat, əlillik və tibbi-sosial reabilitasiya sahələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, bu xidmətlərin daha çevik və əhaliyə əlçatan, şəffaf və effektiv təşkilinə imkan verəcək.

    Bu, eyni zamanda, qeyd edilən qurumların xidmətlərin təşkili və göstərilməsi zamanı qarşıya çıxan məsələlərə, vətəndaş müraciətlərinə daha adekvat, çevik reaksiyasına və nəticədə, onların keyfiyyətli həll mexanizmlərinə şərait yaradır.

    Hələ ötən ildən başlayaraq Nazirliyin tabeliyində yaradılan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin – DOST Agentliyinin DOST mərkəzləri bu sahədə müasir iş təcrübəsinin, əmək, məşğulluq, sosial müdafiə və sosial təminat, əlillik və tibbi-sosial reabilitasiya sahələrində innovativ həllərə əsaslanan müasir xidmətlərin əyani nümunəsini formalaşdırıb. Azərbaycanın artıq sosial sahədə brendi kimi tanınan DOST xidmətləri modeli vətəndaşlara bir pəncərədən və vahid standartlar əsasında, onlarla açıq iş şəraitində, operativ və tam şəffaf xidmətləri özündə ehtiva edir. Təsadüfi deyil ki, həmin xidmətlərdən vətəndaş məmnunluğu göstəricisi 96 faiz təşkil edir.

    Yeni mühüm struktur dəyişikliyi kimi yaradılan publik hüququ şəxslər də DOST nümunəsinə istinad edərək, əhaliyə dövlət sosial xidmətlərinin vətəndaş məmnunluğu prinsipinə uyğun təşkilinə və göstərilməsinə imkan yaradacaq.

  • AzTV-nin əməkdaşı koronavirusdan vəfat etdi – VİDEO

    “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşı koronavirusa yoluxaraq vəfat edib.

    Qurumun İctimai-siyasi və analitik verilişlər departamentinin rejissoru Samir Nəcəfzadə bir neçə gün əvvəl səhhətinin ağırlaşması səbəbindən xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb:

    “QSC kollektivi həyatını itirən əməkdaşına Allahdan rəhmət diləyir və ailəsinə dərin hüznlə baş sağlığı verir.

    Əlavə edək ki, hazırda daha beş əməkdaşımız xəstəxanada müalicə alır, bir nəfər isə evə buraxılıb və onların səhhətində hər hansı ağırlaşma yoxdur.

    Xəstəliyin əməkdaşlar arasında geniş yayılmaması üçün şirkət daxilində dezinfeksiya tədbirləri davam etdirilir, hərarəti yüksək olan əməkdaşlar QSC daxilinə buraxılmır və ümumi sayı 3000-ə yaxın olan kollektivin hazırda yalnız min nəfəri iş başındadır. Qalan əməkdaşlar isə əməkdaşlığı distant şəkildə, evdə qalaraq davam etdirir”.

  • Testin cavabı “neqativ” gəlsə də, sonra səhv olduğu deyildi

    Dövlət Neft Şirkəti (SOCAR) Çilov adasına neftçilərlə birgə koronavirus testi verməyən və sonradan koronavirusa yoluxduğu bəlli olan sakinlərin daşınmasına münasibət bildirib.

    Şirkətin mətbuat katibi İbrahim Əhmədov Qafqazinfo-ya açıqlamasında bildirib ki, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə mart ayından başlayaraq hər kəs əvvəlcədən analiz verib, COVID-19 virusuna yoluxma faktı aşkar edilmədikdən sonra Çilov adasına gəlir:

    “Yəni bu qayda yalnız neftçilərə deyil, bütün sərnişinlərə tətbiq olunur. Sərnişinlərə nəzarət SOCAR tərəfindən deyil, gəmilərin operatoru “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC tərəfindən həyata keçirilir.

    İyunun 28-də Pirallahıdan Çilov adasına PS-173 gəmisi ilə 30 sərnişin gəlib. Sərnişinlər arasında “28 May” neft və qazçıxarma idarəsinin (NQÇİ) işçiləri ilə yanaşı, səfərdən əvvəl analiz vermiş Çilov adasının sakinləri də olub.

    Sakinlərin arasında ailə üzvləri ilə birlikdə olan 12 yaşlı Aynur Fətullayeva da, hamı kimi analiz verib və sözügedən infeksiyaya yoluxması aşkar edilmədiyi barədə iyunun 27-də onun mobil telefonuna SMS gəlib. Gəmi dispetçerinə və gəmi heyətinə həmin SMS-i təqdim etdikdən sonra o, gəmiyə buraxılaraq adaya gəlib.

    Lakin bir gün sonra Çilov adasında yerləşən tibb müəssisəsinin işçiləri A.Fətullayevanın yaşadığı evə gəlib və ona gələn SMS-in səhvən göndərildiyini bildiriblər.

    A.Fətullayevadan və onun bütün ailə üzvlərindən təkrar yaxma götürülərək analiz üçün şəhərə göndərilib. Çilov qəsəbə nümayəndəsi tərəfindən A.Fətullayevanın ailə üzvləri ilə profilaktik söhbətlər aparılıb və onların özünütəcrid etmələri təmin edilib.

    Eləcə də, gəmi ilə gəlmiş digər işçilərdən iyulun 1-də analiz üçün təkrar yaxmaların götürülməsi təşkil edilib. Testin nəticələri hazır olmadığına görə, həmin işçilər arasında yoluxma faktı hələ təsdiqlənməyib. İşçilərimizin sağlamlığı bizim üçün ən üstün prioritet olaraq, onların səhhəti daim nəzarət altındadır. Yoluxma şübhəsi olan işçilərimiz hazırda digər işçilərdən təcrid olunub”.

    Qeyd edək ki, Neftçilərin Hüquqlarının Müdafiə İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı məlumat yayaraq bildirib ki, iyunun 27-də hava şəraiti ilə əlaqadar Günəşli yatağına helikopter olmadığı üçün “28 May” NQÇİ və Kompleks Qazma İşləri Trestinin Loqistika bölməsinin işçiləri (32 nəfər) test yoxlamasından keçib, karantindən çıxdıqdan sonra gəmi ilə (PS-153) Çilov adasına, iyunun 28-də isə helikopterlə dərin dəniz özüllərinə göndəriliblər.

    Gəmidə karantində olmuş işçilərlə yanaşı, heç bir tibbi müayinədən keçməyən Çilov adasının sakinləri də olub. Ümumilikdə gəmidə 70 nəfər olub. Çilov adasına çatdıqdan bir gün sonra həmin gəmidə gedən Çilov adasının sakinlərindən altı nəfərdə koronovirus aşkarlanıb. Gəmidə neftçilərlə birlikdə 28 May adına NQÇİ rəhbərliyi də olub.

  • Azərbaycan Fələstinə 300 min dollar yardım ayırdı

    Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə Nazirlər Kabineti tərəfindən Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə BMT-nin Yaxın Şərq Agentliyinə (UNRWA) 300 min ABŞ dolları məbləğində vəsait ayrılıb.

    Bu barədə Oxu.Az-a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

    Bu addım Fələstində koronavirus pandemiyası ilə mübarizənin aparılmasına dəstəyin verilməsi məqsədilə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Yusef Əl-Osaymin tərəfindən ünvanlanmış müraciətə cavab olaraq atılıb.

    Sözügedən təşkilat BMT Baş Assambleyasının müvafiq qərarı ilə fələstinlilərə birbaşa yardımın göstərilməsi və sosial xidmətlərin təmin edilməsi məqsədilə 1949-cu ildə təsis edilib.

    UNRWA-nın əsas fəaliyyət sahələrinə səhiyyə, təhsil, humanitar yardım, sosial xidmətlər, düşərgələrin qurulması, infrastruktur və mikromaliyyələşmənin təmin edilməsi istiqamətlərində müvafiq layihələrin həyata keçirilməsi daxildir.

    XİN bildirib ki, hazırda COVID-19 pandemiyasının yayılması və törətdiyi fəsadlarla əlaqədar olaraq, Fələstinə humanitar yardımın göstərilməsinə ehtiyac yaranıb.

  • Mədəniyyət Nazirliyində yoxlamalar aparılır? – RƏSMİ

    “Hazırda Hesablama Palatası tərəfindən Mədəniyyət Nazirliyində hər hansı yoxlama aparılmır”.

    Bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.

    Verilən məlumata görə, Hesablama Palatası 2019-cu ildə Mədəniyyət Nazirliyinin və quruma tabe olan müəssisələrin 2017-2018-ci illər üzrə fəaliyyətini əhatə edən audit yoxlaması aparıb.

    Qeyd edək ki, son günlər bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən Mədəniyyət Nazirliyində yoxlamanın keçirilməsi barədə xəbərlər yayılıb.

  • Səfirlik azərbaycanlıların qanunsuz miqrant kimi qeydə alınmaması üçün hərəkətə keçdi

    Azərbaycanın Kiyevdəki səfirliyi Ukraynanın müvafiq orqanlarına müraciət ünvanlayıb.

    Bu barədə səfirliyin məlumatında bildirilir.

    Müraciət Ukraynada yaşayan azərbaycanlıların koronavirus pandemiyası ilə əlaqədar qanunsuz miqrant statusuna düşməmələri və öz fəaliyyətlərini hüquqi zəmində tənzimləmələri ilə bağlıdır.

    Müraciətdə qeyd olunur ki, 2020-ci ilin yanvarın 1-dən etibarən müddəti bitmiş bütün növ pasportların 31 dekabr 2020-ci il tarixinədək uzadılmış hesab olunsun.

    “Diqqətinizə çatdırırıq ki, müddəti bitdiyi üçün uzadılmış hesab olunan pasportlar yalnız Ukrayna ərazisində etibarlı hesab olunur.

    Korlanmış, vaxtı keçmiş pasportu olan və ya pasportunu itirmiş vətəndaşlarımız Azərbaycan Respublikasına qayıtmaq istəyəndə qayıdış şəhadətnaməsi almaq üçün səfirliyə müraciət etməlidirlər”, – deyə səfirlik bildirib.
    //oxu.az