Month: July 2020

  • Sabah havanın hərarəti 38 dərəcəyə yüksələcək

    Azərbaycanda iyulun 5-də gözlənilən hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir.

    Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 32-37, Bakıda gecə 22-24, gündüz 34-36 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 60-65, gündüz 35-40 faiz təşkil edəcək.

    Abşeron çimərliklərində şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti təşkil edəcək.

    Sabah Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam saatlarında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz 23-28 dərəcə isti olacaq.

  • Koronavirusdan müalicə alan baş redaktor evə buraxıldı

    “Kaspi” qəzetinin baş redaktoru, Əməkdar jurnalist İlham Quliyev COVID-19 infeksiyasından sağalıb.

    Baş redaktor bu barədə sosial şəbəkə hesabında bildirib.

    O, koronavirusdan sağalaraq evə buraxıldığını qeyd edib:

    “Əziz dostlar! Müalicəmi yekunlaşdırıb xəstəxanadan evə buraxıldım. Allahın köməkliyi ilə çətin günləri arxada qoyduq! 14 günlük ev karantinindən sonra iş başına dönəcəyəm! Maraqlanan, narahat olan hamıya təşəkkür edirəm! Özünüzü qoruyun!”

  • Daha bir həkim koronavirusdan vəfat etdi – FOTO

    Bu gün daha bir tibb işçisi koronavirusdan vəfat edib.

    Sumqayıt şəhər xəstəxanasının həkim reanimatoloqu Fərman Süleymanovun ölüm səbəbinin COVID-19 olduğu deyilir.

    Bu barədə onun həmkarları sosial şəbəkədə məlumat paylaşıblar.

    F.Süleymanovun 1971-ci il təvəllüdlü olduğu deyilir.

  • TƏBİB sədri özəl xəstəxanalara səsləndi

    “Bəzən özəl xəstəxanalarda kompüter tomoqrafiyasından (KT) keçən şəxslərlə bağlı məlumatlar TƏBİB-ə gec daxil olur”.

    Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

    O bildirib ki, belə halların azalması üçün özəl tibb müəssisələri ilə danışıqlar aparılır:

    “TƏBİB özəl xəstəxanaları daha da həmrəy olmağa çağırır. Çünki bəzən xəstələr qanda saturasiya 50%-ə düşdükdən sonra bizə müraciət edir. Bu isə onların sağlamlıqları üçün ciddi riskdir.

    Belə vəziyyətdə həmin şəxsləri dərhal tənəffüs aparatına qoşmaq lazımdır. Əks halda, xəstəni itirə bilərik. Bunun qarşısının alınması üçün məlumatlar vaxtında ötürülməlidir”.

  • Ukraynanın birinci xanımı koronavirusdan sağaldı

    Ukrayna prezidenti Vladimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskaya COVID-19 virusundan sağalaraq xəstəxanadan evə buraxılıb.

    Median.Az “Report”a stinadən xəbər verir ki, ölkənin birinci xanımı müalicəsinə evdə davam edəcək.

    Daha əvvəl koronavirus aşkarlandığı Y.Zelenskaya əvvəlcə ambulator, daha sonra xəstəxanada müalicə alıb. Ölkə başçısının özü də ikihəftəlik karantinə alınmış, lakin nə özündə, nə də övladlarında koronavirus tapılmışdı.

  • Mehriban Əliyevanın göstərişi ilə daha bir şəhid ailəsinin mənzil problemi həll olundu – FOTO

    Bu gün daha bir şəhid ailəsinin mənzil problemi ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın diqqəti sayəsində həll olunub.

    Bu barədə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi sosial media hesabında məlumat paylaşıb.

    Məlumatda bildirilir ki, 2018-ci il aprelin 4-də cəbhənin Ağdam istiqamətində şəhid olan baş leytenant Nurid Abdullayevin ailəsinin yaşadığı mənzil ipoteka ilə alındığından ailə ödənişi etməkdə çətinlik çəkirdi. Sözügedən təşkilata müraciət edən şəhidin həyat yoldaşı Vəfa xanım, himayəsində iki azyaşlı sağlıq problemləri olan övladının olduğunu və ipoteka ödənişini ödəməyə imkanı çatmadığını bildirib.

    Təşkilat tərəfindən ailənin mənzil problemi ilə bağlı Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət edilib. Müraciət tez bir zamanda cavablandırılaraq ailənin hazırda yaşadığı mənzilin ipoteka borcu ödənilib, eyni zamanda şəhid övladlarının müalicəsi Heydər Əliyev Fondunun nəzarətinə götürülüb.

  • Bu gün ləğv olunan İstanbul-Bakı-İstanbul uçuşları bərpa edildi

    İyul ayının çərşənbə və cümə günlərində icra edilməsi planlanan və bu gün ləğv olunan “Türk Hava Yolları”nın İstanbul – Bakı – İstanbul uçuşları bərpa olunub.

    “Türk Hava Yolları”nın Bakı nümayəndəliyindən verilən məlumata görə, bilet almış bütün sərnişinlər öz qaydasında ölkələrinə qayıda biləcəklər.

    “Yaranmış olan bu narahatlıq səbəbi ilə “Türk Hava Yolları” sərnişinlərdən üzrxahlıq edir”, – deyə məlumatda deyilir.

  • “ASAN xidmət”də xüsusi karantin rejimi il bağlı qeyri-iş günləri məlum oldu – RƏSMİ

    COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılır.

    Virusa yoluxma dinamikasının azaldıması istiqamətindəki tədbirlər çərçivəsində 5-6 iyul 2020-ci il tarixində Bakı şəhərindəki bütün “ASAN xidmət” və “ASAN Kommunal”, Gəncə, Masallı, Sumqayıt, Mingəçevir, Bərdə, Şəki regional “ASAN xidmət” mərkəzlərində yalnız www.asan.gov.az saytı və 108 “Çağrı” Mərkəzi üzərindən müvafiq tarixlər üçün öncədən növbə götürmüş vətəndaşlara xidmət göstəriləcək. Eyni zamanda sənədlərinin hazır olacağı barədə əvvəlcədən məlumat verilən vətəndaşlar həmin mərkəzlərə yaxınlaşaraq sənədlərini əldə edə bilərlər.

    “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərindən verilən məlumatda belə deyilir.

    Qeyd olunan tarixlərdə 108 “Çağrı” Mərkəzi və “ASAN xidmət” mobil tətbiqi vasitəsi ilə müvafiq mərkəzlər üçün onlayn növbələr verilməyəcək. 11, 12, 18, 19 iyul tarixlərində isə qeyd olunan mərkəzlərdə qeyri-iş günü olacaq.

    Digər günlərdə isə vətəndaşlar müvafiq qaydalar əsasında mərkəzlərə müraciət etməklə xidmətlərdən yararlana bilərlər. Belə ki, 27 aprel tarixindən “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində vətəndaşların qəbulu “ASAN xidmət” mobil tətbiqi, www.asan.gov.az saytı və 108 Çağrı Mərkəzi vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir.

  • Türkiyədə yeni tədris ilinin başlayacağı tarix məlum oldu

    Türkiyədə 2020/2021 tədris ilinin nə vaxt başlayacağı məlum olub.

    Türkiyə Təhsil Nazirliyinin Orta məktəblər üzrə şöbəsinin baş direktoru Cengiz Mete bildirib ki, bu il tədris ili avqustun 31-dən başlayacaq.

    Türkiyə Səhiyyə Nazirliyi nəzdində yeni növ koronavirusla mübarizə tədbirləri çərçivəsində fəaliyyət göstərən Elm Qurumunun tövsiyələri nəzərə alınıb. Təhsil Nazirliyi Türkiyənin 81 vilayətinə bununla bağlı bildiriş göndərib.

  • Naxçıvanda koronavirusdan ölənlərin sayı açıqlandı

    “Naxçıvanda bu günə qədər şübhəli xəstələrə görə 9 290 test aparılıb. Ümumilikdə 142 yoluxma faktı aşkar edililib, onlardan 126-sı artıq sağalıb”.

    Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib. O qeyd edib ki, orada nəticəsi pozitiv çıxan 11 nəfər vəfat edib: “Hazırda 5 aktiv xəstənin müalicəsi davam edir”.