Month: July 2020

  • Coğrafiya İnstitutu: “Builki quraqlıq Aran rayonlarında su ehtiyatının azalmasına səbəb olacaq”

    Builki quraqlıq problemi Aran rayonlarında su ehtiyatının azalmasına, problemin bu bölgədə özünü daha çox büruzə verməsinə səbəb olacaq.

    Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.

    Onun sözlərinə görə, havanın quraq keçməsi rütubətin və su ehtiyatlarının azalmasına gətirib çıxarır.

    M.Həsənov qeyd edib ki, Azərbaycandakı çayların əksəriyyəti xarici ölkələrdə formalaşaraq ölkəmizin ərazisinə daxil olur. Azərbaycana daxil olana qədər bu çayların suyundan istifadə edilir və su azalır. Yay aylarında isə ölkəmizə gələn suyun miqdarı daha da azalır. Su ehtiyatının azalması suya ehtiyacın daha çox olduğu dövrdə təsərrüfata, məişətə öz mənfi təsirini göstərir:

    “Əkinçilik təsərrüfatları əsasən Aran rayonlarındadır. Suya tələbat da ən çox bu rayonlarda olur. Dağlıq rayonlarda yağış suyu təsərrüfatların suya olan ehtiyacını təmin edir. Ona görə də əsas məsələ Aran rayonlarının su ilə təminatının yaxşılaşdırılmasıdır”.

    Qeyd edək ki, ölkə ərazisində avqustun 20-dək olan dövrdə quraqlıqların daha çox olacağı ehtimal edilir. Quraqlığın daha çox Aran bölgəsində müşahidə ediləcəyi gözlənilir. Belə quraqlıq Azərbaycanda 2010 və ondan əvvəlki illərdə də müşahidə edilib.

    Azərbaycan əsasən, subtropik qurşaqda yerləşdiyindən burada yay aylarının quraq keçməsi bir neçə ildən-bir müşahidə edilir. Yay aylarında cənub hava kütlələrinin – həm tropik siklonların, həm də Şimali Afrikada – Ərəbistan yarmadası üzərində formalaşan isti hava kütlələrinin Azərbaycan ərazisinə daxil olması yayın quraq və isti keçməsinə səbəb olur.

  • Bakı polisindən gecə reydi – FOTO

    Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə paytaxtda polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən fasiləsiz, gücləndirilmiş nəzarət-profilaktik tədbirləri davam etdirilir.

    Bununla bağlı Bakı Şəhər Baş Polis İdarəsindən məlumat verilib.

    Yaşayış yerini icazəsiz tərk edən şəxslərlə profilaktik söhbətlər aparılır, mövcud sanitar-gigiyenik tələblər izah olunur. Diqqətə çatdırılır ki, hər bir şəxs tətbiq olunan qaydalara, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun profilaktikasına dair metodiki göstərişlərə əməl etməlidir.

    Göstərişlərə əməl etməyən şəxslər barəsində inzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolu tərtib edilir.

  • Bakıda qayda pozan sürücü qəza törədərək xəsarət aldı – FOTO

    Bakının Yasamal rayonunda iki avtomobilin iştirakı ilə baş verən qəzada bir nəfər xəsarət alıb.

    Baku TV xəbər verir ki, qəza Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb.

    “Hyundai” markalı avtomobilin sürücüsü küçə ilə hərəkətdə olan zaman geriyə dönmə əməliyyatı etmək istəyib. Bu zaman qarşıdan gələn “Dodge” markalı nəqliyyat vasitəsi “Hyundai”a çırpılıb.

    Qəza nəticəsində “Dodge” markalı avtomobilin sürücüsü ayaq nahiyəsindən yüngül xəsarət alıb.

    İlkin məlumata görə, qəzaya səbəb “Dodge” markalı avtomobilin sürücüsünün yol hərəkəti qaydasını pozaraq dönmə əməliyyatı edən “Hyundai”a yol verməməsi olub.

    Əraziyə Yasamal Rayon Polis İdarəsinin və DYP əməkdaşları cəlb olunub.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanda reanimasiyada olan xəstələrin sayı 300-dən aşağı düşdü – FOTO

    Azərbaycanda koronavirusla bağlı son statistika açıqlanıb.

    Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, bu gün 8429 koronavirus testi edilib. Onlardan 412-si pozitiv çıxıb. Bununla da ölkə ərazisində indiyə qədər edilən koronavirus testlərinin sayı 698 815-ə çatıb.

    Məlumata görə, hazırda reanimasiyada olan koronavirus xəstələrinin sayı 299 nəfərdir. Onlardan 73 nəfəri süni tənəffüs cihazında olan xəstələrdir.

  • “Twitter” Trampın oğluna paylaşım etməyi məhdudlaşdırdı

    “Twitter” sosial şəbəkəsi ABŞ prezidenti Donald Trampın oğlu Donald Conun öz hesabından paylaşım etməyi müvəqqəti olaraq məhdudlaşdırıb.

    Median.Az xəbər verir ki, buna səbəb onun öz səhifəsində COVID-19 haqqında yalan məlumat yaymağıdır.

    Qeyd edək ki, bundan əvvəl canlı yayım platforması olan “Twitch” ABŞ prezidenti Donald Trampın hesabını nifrət təşviq etdiyinə görə müvəqqəti bloklayıb.

    “Twich” platforması dünyanın ən varlı şəxsi olan Jeff Bezosa məxsusdur. Tramp administrasiyası isə 2019-cu ildə “Twich”də hesab yaradıb.

  • Ağdaşda teplovoz yandı

    Ağdaş rayonunun Yenicə kəndində “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus teplovozun mühərrik hissəsi yanıb.

    Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Teplovozun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Azərbaycanda bir nəfərin onlarla insanı koronavirusa yoluxdurduğu kənddən VİDEOREPORTAJ

    “Sosial məsafələri qoruyun, yaxın təmasdan qaçın” sözləri pandemiya dövrünün ən məşhur tövsiyəsinə çevrilib. Lakin nə xeyri..? Nə tövsiyələr dinlənir, nə də insanlar özlərini qoruyur. Bu ərəfələr kütləvi toplanış yerlərində yaxın təmas birə-bir təhlükə mənbəyidir.

    Milli mentalitetimizdə sakinlərimiz nə qədər cana yaxın olsalar da, dünyanı cənginə alan bu hücum dövründə gərək bu xüsusiyyətimizdən müvəqqəti də olsa, əl çəkək. Çünki onlar da yasa yığışmışdılar. Dünyadan köçən bir insanı son mənzilə yola salmaq üçün bir araya gəlmişdilər. Nəticəsi isə budur. Baxın, bircə anın içində virus daşıyıcısı olan bir insan başqa şəhərdən yasa gəlir və oradakı xeyli sayda insanı da yoluxdurur.

    Söhbət Kürdəmirin Pirili kəndindən gedir. Bakıdan Kürdəmirə yasa gələn qadın 45 nəfərin koronavirusa yoluxmasına səbəb olub.

    Məsələ ilə bağlı, nəinki rayon, ümumrespublika səviyyəsində həyəcan təbili çalınıb. Təəssüflər olsun ki, qısa aralarla bu təbilin səsi artıq ikinci dəfədir eyni məkandan gəlir. Yenə aidiyyəti qurumlar səfərbər olub, yenə hüquq mühafizə orqanları gecə-gündüz demədən nəzarəti artırıb. Kənddə mütamadi olaraq dezinfeksiya işləri aparılır.

    Ətraflı Baku TV-nin videosüjetində:

  • Xəzər dənizinin suyundan istifadə ilə bağlı təkliflər hazırlanacaq

    Alternativ mənbələrdən, o cümlədən qrunt, təmizlənmiş tullantı, kollektor-drenaj sularından, balıqçılıq təsərrüfatlarında istifadə olunan sulardan və Xəzər dənizinin suyundan istifadə ilə bağlı təkliflər Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim ediləcək.

    Bununla bağlı Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) məlumat yayıb.

    Bildirilib ki, bu, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı”nda əksini tapıb.

    İş 2020-ci ilin avqust-oktyabr aylarında AMEA, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Azmelsutəsərrüfat” ASC, “Azərsu” ASC və yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçiriləcək.

  • Nurməhəmmədov – Geyci döyüşünün yeni tarixi açıqlandı

    Yüngül çəkidə Mütləq Döyüş Çempionatının (UFC) qalibi Həbib Nurməhəmmədovla müvəqqəti çempion Castin Geyci arasındakı görüş oktyabrın 24-də keçiriləcək.

    Bu barədə UFC prezidenti Deyna Uayt açıqlama verib. O bildirib ki, qarşılaşma, böyük ehtimalla, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabidə UFC 254 turniri zamanı gerçəkləşəcək.

    Öncədən döyüşün sentyabrın 19-da UFC 253 turniri zamanı təşkili nəzərdə tutulmuşdu. Lakin görüş Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədovun ölümü ilə əlaqədar təxirə salınıb.

  • Qubada elektrik dirəyi aşıb, fındıq bağı yanıb – VİDEO

    Quba rayonunun Rustov kəndi ərazisində elektrik dirəyinin aşması səbəbindən yanğın baş verib.

    Median.Az report.az istinadən məlumata görə, yanğın nəticəsində 300 kvadratmetr sahədə quru kol-kos sahəsi və vətəndaşa məxsus 30 ədədə yaxın yeni əkilmiş fındıq ağacı yanıb.

    Hadisə yerinə gələn yanğınsöndürənlər tərəfindən yanğının qarşısı alınıb.

    Faktla bağlı araşdırma aparılır.