Month: July 2020

  • Azərbaycanda istifadəyə verilən yaşayış evlərinin ümumi sahəsi 26 dəfə artıb

    Bu ilin yanvar-iyun aylarında Azərbaycanda istifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsi ötən ilin analoji dövrü ilə müqayisədə kəskin artıb.

    Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hesabat dövründə ölkədə ümumi sahəsi 2 586,0 min kvadrat metr təşkil edən yaşayış evləri istifadəyə verilib. Bu, ötən ilin ilk yarısı ilə müqayisədə 26 dəfə çoxdur.

    “İstifadəyə verilmiş yaşayış evlərinin sahəsinə dair məlumatlarda müşahidə olunan kəskin artım “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Prezidentinin 2019-cu il 19 fevral tarixli 529 nömrəli Fərmanına əsasən, əvvəlki illərdə tikilmiş və müəyyən səbəblərə görə istismarına icazə verilməmiş bəzi çoxmənzilli binaların cari ilin hesabat dövründə istismarına icazə verilməsi ilə bağlı olub”, – Komitədən bildirilib.

  • İnsanları qula çevirib işləmək üçün icarəyə verdilər

    Ukraynanın Xerson əyalətinin sakini 13 həmvətənini gün ərzində 15 saat pulsuz çalışmağa məcbur edib.

    Bu barədə “Strana.ua” məlumat yayıb.

    Hadisə barədə zorla çalışdırılan və qaçmağa nail olan şəxslərdən biri deyib. Qul kimi çalışdırılan şəxslərdən ikisi qadın olub. Onlar 19-53 yaş aralığında olublar.

    30 yaşlı ukraynalı öz “əsirlərini” yerli fermerlərə icarəyə verib.

  • Ukrayna muzdlularının Azərbaycan tərəfindən vuruşmaları dezinformasiyadır

    Bəzi xəbər agentliklərinin guya Ukrayna muzdlularının Ermənistan-Azərbaycan münaqişəsində Azərbaycan tərəfindən vuruşduqları barədə xəbərlər heç bir əsası olmayan və tamamilə dezinformasiya xarakteri daşıyan məlumatdır.

    Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

    “Bu, heç bir əsası olmayan və tamamilə dezinformasiya xarakteri daşıyan məlumatdır. Azərbaycanın kifayət qədər güclü və peşəkar ordusu var və ölkəmizin düşmən qüvvələrinin hərbi təxribatlarının qarşısını almağa, eləcə də beynəlxalq tanınmış sərhədlərimiz çərçivəsində ölkəmizin ərazi bütövlüyünü bərpa etməyə heç bir kənar qüvvəyə ehtiyacı yoxdur.

    Məlum olduğu kimi, Ermənistan Azərbaycana qarşı yürütdüyü təcavüzkar siyasəti çərçivəsində Yaxın Şərq bölgəsindən muzdluları cəlb edib və görünür, mənfur düşmən qüvvələri öz əməllərindən diqqəti yayındırmaq məqsədilə bu kimi dezinformasiyaların yayılmasının arxasında dururlar”, – deyə məlumatda qeyd olunur.

  • Koronavirusdan sağalan Bəhram Bağırzadə məşq görüntülərini paylaşdı – VİDEO

    Bir müddət əvvəl koronavirusdan sağalmış Əməkdar artist Bəhram Bağırzadə rəsmi “İnstagram” hesabında video paylaşıb.

    Videoda Bəhramın boks məşqindən bir hissə əks olunub.

    İzləyiciləri aktyora xoş arzularını çatdıraraq, şərhlərdə videonun yeni, yoxsa köhnə çəkiliş olduğunu soruşublar.

    Həmin videonu təqdim edirik:

  • Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə yeni rəis təyin olunub – FOTO

    Dövlət Reyestri Xidmətinə yeni təyinat olub.

    Unikal.org-un məlumatına görə, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayevin əmri ilə Nigar Əyyub qızı Alimova Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə yeni rəis təyin olunub.

    Qeyd edək ki, N.Alimova daha əvvəl Vergilər Nazirliyində ümumi şöbənin müdiri olub.

  • Bakıdan İstanbul, Berlin və Londona xüsusi aviareyslər oktyabrın sonunadək yerinə yetiriləcək

    “Azərbaycan Hava Yolları” QSC (AZAL) 2020-ci ilin oktyabr ayının sonunadək Bakıdan İstanbul, Berlin və Londona xüsusi reyslər üzrə uçuşları davam etdirəcək.

    AZAL-dan verilən məlumata görə, yeni cədvələ uyğun olaraq, İstanbula uçuşlar hər gün, Londona hər həftənin cümə axşamları, Berlinə isə cümə günləri yerinə yetiriləcək.

    Aviabiletləri şirkətin rəsmi www.azal.az saytında əldə etmək olar.

    Bakıda COVID-19 testini keçmək üçün klinika və laboratoriyaların siyahısı ilə AZAL-ın saytından tanış olmaq mümkündür: https://www.azal.az/az/information/covid-clinics.

    Xaricdə COVID-19-a dair testdən dövlət və özəl klinikalarda, habelə laboratoriyalarda keçə bilərsiniz. Bu zaman sərnişinin uçuşa qəbul edilməsi üçün əsas şərtlərdən biri PCR-testinin keçirilməsinə dair arayışın mövcudluğudur.
    İstənilən halda həmin arayış uçuşdan əvvəl 48 saat ərzində alınmalıdır.

  • Qoyun ətini necə seçməliyik? – Araşdırma

    Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi şöbəsinin mütəxəssisləri Q.Ş.Cəlladov, R.B.Səfərova, K.N.Orucova qoyun ətinin xüsusiyyəti və qida dəyəri haqqında məqalə hazırlayıb.

    Median.Az medicina.az-a istinadən həmin məqaləni təqdim edir:
    “Azərbaycanda qoyun əti digər ölkələrlə müqayisədə daha çox istehlak olunur. Bu qoyun ətinin ekoloji təmiz, keyfiyyətli və asan həzm olunması ilə yanaşı, diyetik xüsusiyyətləri ilə bağlıdır. Qoyun ətinin xarakterik xüsusiyyətlərindən biri də tərkibindəki kreatinin metabolizmi ilə əlaqədar spesifik dad və qoxuya malik olmasıdır. Qoyun ətinin tərkibi heyvanın cinsi, yaşı, cinsiyyəti, qidalanması, bəslənməsi, həmçinin stress amilləri ilə əlaqədar olaraq dəyişir. Qida əhəmiyyətinə görə quzu əti daha keyfiyyətli və diyetik sayılır. Qoyun ətinin enerji dəyəri 190-300 kkal/100 q intervalında dəyişir.

    Kimyəvi tərkibinə görə qoyun əti zülallar, yağlar, ekstraktiv maddələr, mineral maddələr, fermentlər, vitaminlər, karbohidratlar, su və digər qida maddələrindən təşkil olunmuşdur.

    Qoyun ətinin əzələ toxumasında birləşdirici toxuma zülalları (kollagen, elastin, mutsin, mukoidlər və b.) istisna olmaqla, zəngin və yüksək bioloji dəyərə malik zülal kompleksi cəmləşmişdir. Bu sıraya miogen, mioqlobin, qlobin, mioalbumin, miozin, aktin, aktomiozin, troponin, tropomiozintitin, desmolin və b. şamil etmək olar. Miogen əzələ zülallarının 20-30 %-ni təşkil edir və digər zülallardan fərqli olaraq ət qaynadılarkən asanlıqla bulyonun tərkibinə keçib, səthində köpük şəklində toplanır. Mioqlobin intensiv işləyən əzələlərdə daha çoxdur. Əzələ toxumasının rənginin qırmızı çalarlı olması mioqlobinin miqdarından asılıdır. Yaşlı heyvanlara nisbətən quzuların əzələ toxumasının tərkibində mioqlobin az olduğundan ətinin rəngi də solğun-çəhrayı olur. Miozin əzələ toxuması zülallarının 35 %-ni təşkil edir və bir hissəsi aktinlə birləşərək tərkibində əvəzolunmaz amin turşuları ehtiva edən aktomiozin kompleksinə çevrilir.

    Göründüyü kimi, qoyun ətinin tərkibindəki ümumi zülalların çox hissəsi sadə zülal fraksiyalarından təşkil olunmuşdur ki, bu da onun digər ət növlərindən fərqli olaraq dadlı və şirəli olmasını şərtləndirir. Həmçinin zülalların aminturşu spektrində demək olar ki, bütün amin turşuları balanslaşmış şəkildə iştirak edir. Qoyun ətinin tərkibində qliko-, lipo-, nukleo-, fosfoproteidlər və digər mürəkkəb zülallar da mövcuddur.

    Qoyun ətinin tərkibindəki ekstraktiv maddələr də xüsusi əhəmiyyəti ilə seçilir. Belə ki, azotlu ekstraktiv maddələr (kreatin, kreatinin, qlutation, karnozin, amin turşuları, purin və pirimidin əsasları və b.) ətin orqanoleptik xüsusiyyətlərini (konsistensiyası, dadı, qoxusu və s.), azotsuz ekstraktiv maddələr isə (qlikogen, dekstrinlər, qlükoza, süd turşusu, piroüzüm turşusu və b.) onun yetişmə prosesini tənzimləyir. Qoyun ətində qlikogenin miqdarı az (0,8 %) olsa da, heyvan kəsildikdən sonra onun süd turşusuna parçalanması ilə ətin pH göstəricisi turşuluğa doğru (pH<7,0) dəyişərək ətin yetişməsini sürətləndirir. Bundan başqa əmələ gəlmiş turş mühit mikroorqanizmlərin inkişafına şərait yaratmır və ətin tez xarab olmasının qarşısı alınır.

    Əzələ toxumasında lipidlərin (yağların) tərkibi heyvanın cinsi, yaşı, yemlənməsi və bəslənməsindən asılı olaraq dəyişir. Əzələ toxumasındakı yağların tərkibində mono-, di- və triasilqliserinlər, sərbəst yağ turşuları, sterinlər, fosfolipidlər, quyruqda toplanan yağların tərkibində isə doymuş ali yağ turşuları (stearin, palmitin, miristin və s.) ilə zəngin triasilqliserinlər (neytral yağlar) üstünlük təşkil edir. Nəzərə almaq lazımdır ki, mal ətinə nisbətən qoyun ətinin tərkibində zərərli xolesterolun miqdarı az, faydalı lesitinin miqdarı isə çoxdur. Məhz bu səbəbdən qoyun əti həm də diyetikdir. El arasında qoyun ətinin “ağır” olması kimi fikir dolaşır. Bu da lipidlərin tərkibində doymuş ali yağ turşularının çox olması ilə əlaqədardır. Yağların konsistensiyasının bərk olmasında doymuş yağ turşuları üstünlük təşkil edir. Bu səbəbdən də həzm pozğunluğu zamanı belə yağlar orqanizm tərəfindən çətin mənimsənilir.

    Qoyun ətinin tərkibi makro və mikroelementlər (Ca, P, Na, K, Cl, J, Zn, Co, Cu, Ni, Fe, Mn, Mo, F, S, Se və b.), vitaminlər (B1, B2, B3, B6, B12, A, K, E, D, biotin, fol turşusu və s.), həmçinin digər bioloji aktiv maddələrlə zəngindir. Buna görə də immun sistemi, ürək-damar sistemi və mərkəzi sinir sisteminin fəaliyyətinə stimullaşdırıcı təsir göstərir. Belə ki, tərkibində zülal və lesitinin çox olması ilə yanaşı, karbohidrat və xolesterolun az olması səbəbindən yağsız qoyun əti (adətən cavan heyvan nəzərdə tutulur) orqanizm tərəfindən asan mənimsənilir və diabet xəstələri üçün faydalıdır. Dəmir elementi və B12 vitamini ilə zəngin olduğundan xüsusən də dəmir defisitli anemiya zamanı istehlakı tövsiyə olunur. Tərkibində olan B qrup vitaminləri isə mərkəzi sinir sisteminin funksiyasını tənzimləyir. Ətin tərkibində zərərli xolesterolun miqdarının az olması həm də ürək-damar sisteminin fəaliyyətini nizamlayır və aterosklerozun qarşısını alır. Bu növ ətin istehlakı hamiləlik dövründə dölün inkişafına müsbət təsir edir. Çünki qoyun ətinin tərkibi fol turşusu ilə zəngindir. Mütəmadi istehlak olunan qoyun əti müxtəlif biokimyəvi prosesləri sürətləndirməklə, orqanizmin müdafiə sistemini səfərbər edir.

    Qoyun ətinin faydalı xüsusiyyətləri ilə yanaşı, zərərli təsirləri də vardır. Belə ki, yağlı qoyun ətində doymuş yağ turşuları çox olduğundan hipertoniya və mədə-bağırsaq xəstəlikləri zamanı istehlakı tövsiyə olunmur. Ətin tərkibində çox olan purin əsaslarının sidik turşusuna çevrilməsi səbəbindən oynaq, böyrək və öd kisəsi disfunksiyasından (artrit, nefrit, podaqra, xolesistit və s.) əziyyət çəkənlər üçün də istehlakı zərərlidir.

    Digər ət növləri kimi qoyun əti də sanitar-gigiyenik qaydalara uyğun tədarük və istehlak edilmədiyi təqdirdə bir sıra virus, mikroorqanizm və parazit mənşəli təhlükəli zoonoz xəstəliklərin və qida toksikoinfeksiyalarının mənbəyi ola bilər. Odur ki, müvafiq müşayiətedici baytarlıq sənədləri olmayan qoyunların kəsiminə yol verilməməlidir. Həmçinin ətin satışı sanitar-gigiyenik tələblər çərçivəsində həyata keçirilməli və ya evlərə təhlükəsiz çatdırılması təmin olunmalıdır. Unutmayın ki, ev şəraitində ətin təhlükəsiz hazırlanması üçün ayrı lövhə və bıçaqdan istifadə olunmalıdır. Bundan başqa ətin soyuducuda yerləşdirilməsi çarpaz çirklənmənin qarşısını alacaq şəkildə həyata keçirilməlidir. Qoyun əti yalnız termiki olaraq yaxşı bişirilmiş şəkildə istehlak olunmalıdır.

  • Qobustanda yük avtomobili yanıb

    Qobustan rayonunun Qurbançı kəndində “QAZ” markalı yük avtomobilinin taxta konstruksiyadan ibarət banı, arxa təkərləri və banına yığılan üç ton ot bağlamasının 1,6 tonu yanıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

    Avtomobilin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • DİM 29-30 iyulda keçiriləcək buraxılış və qəbul imtahanlarının qrafikini açıqlayıb – CƏDVƏL

    Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 29-30 iyul 2020-ci il tarixlərində keçiriləcək buraxılış (qəbul) imtahanlarının qrafiki açıqlanıb.

    DİM-dən verilən məlumata görə, 29-30 iyul tarixlərində imtahan keçiriləcək rayon və şəhərlər, imtahanda iştirak etməli olan şəxslər və imtahanların növləri ilə qrafikdə tanış olmaq mümkündür.

    Xatırladaq ki, sərtləşdirilmiş karantin rejimi tətbiq olunan şəhər və rayonlarda imtahanların keçirilməsi ilə bağlı Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının müraciətinə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müsbət cavab verilib və imtahanlar pandemiya şəraiti və xüsusi karantin rejimi tələblərinə uyğun olaraq təşkil ediləcək.

    Bu imtahanlarda iştirakçıların kütləviliyinin azaldılması məqsədilə kolleclərə (və ya hərbi liseylərə) ərizə verməyən 9-cu sinif şagirdləri iştirak etməyəcəklər. Bu şagirdlər üçün buraxılış imtahanı sentyabr ayında keçiriləcək.

    Qeyd edək ki, 11 illik orta təhsil bazasında kolleclərə, eləcə də ali təhsil müəssisələrinə sənəd verməyən şagirdlər üçün “İmtahana buraxılış vərəqəsi” qoyulsa da, ictimai sağlamlığın qorunması ilə bağlı həyata keçirilən tədbirlərə uyğun olaraq onlar iyul ayında keçirilən buraxılış imtahanlarında iştirak etməyə bilərlər. Həmin şagirdlər buraxılış imtahanını sentyabr ayında verə bilərlər.

    29-30 iyul 2020-ci il tarixlərində:

    • 9 və 11-ci sinif üzrə buraxılış (qəbul) imtahanları;

    • Əvvəlki illərin məzunları üçün I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının 1-ci mərhələsi, V ixtisas qrupu və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanları;

    • Azərbaycan dilindən fərqli dildə təhsil alan 11-ci sinif (cari və əvvəlki illər) məzunları və 9-cu sinif cari ilin məzunları, həmçinin kollecə sənəd verən 9-cu sinif (cari və əvvəlki illər) məzunları üçün Azərbaycan dili (dövlət dili) imtahanları;

    • Ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən cari və əvvəlki illərin məzunları üçün qəbul imtahanları keçiriləcək.

  • Ermənilərin güllələdiyi tələbənin görüntüsü yayıldı — 18+ VİDEO

    Ötən axşam Ukraynanın paytaxtı Kiyevdə ermənilərlə azərbaycanlılar arasında baş vermiş insidentin bəzi təfərrüatları məlum olub.

    Median.Az-ın missiya.az-a istinadən məlumatına görə, güllə yarası alan 2 həmyerlilərimizdən biri ayağından yaralanıb. Ona 2 güllə dəyib.

    Artıq soydaşımıza tibbi yardım göstərilib.
    Qeyd edək ki, hadisəyə səbəb ermənilərin azərbaycanlılara qarşı qeyri-etik ifadələr işlətməsi olub.

    Məlumata görə, ayaqlarından güllə yarası alan tələbələrdən biri Nicat Kərimov, digəri isə 20 yaşlı Azər Əsədovdur.