Month: Avqust 2020

  • “Qalatasaray”ın oyunu ləğv edilib

    “Neftçi”nin Avropa Liqasındakı rəqibi “Qalatasaray”ın “Kasımpaşa” ilə yoxlama oyunu ləğv olunub.

    Apasport.az saytının məlumatına görə, bunu “sarı-qırmızılar” açıqlayıb.

    Bildirilir ki, sentyabrın 5-də baş tutması planlaşdırılan görüş keçirilməyəcək. Matçın ləğv edilməsinin səbəbləri açıqlanmır. Bu oyun Əli Sami Yen Spor Kompleksi Türk Telekom stadionunda keçirilməli idi.

    Qeyd edək ki, “Neftçi” – “Qalatasaray” oyunu sentyabrın 17-də Bakıda keçiriləcək.

  • Hindistanda yeddigünlük matəm elan edilib

    Hindistanın sabiq prezidenti, 85 yaşlı Pranab Mukercinin vəfatı ilə əlaqədar ölkədə yeddigünlük matəm elan edilib.

    “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumat Hindistan hökumətinin saytında yer alıb.

    Məlumatda bildirilir ki, avqustun 31-dən sentyabrın 6-dək Hindistan ərazisində matəm elan edilir. Bütün binalarda Hindistanın dövlət bayrağı endiriləcək və rəsmi tədbirlərin hamısı təxirə salınacaq.

    Daha əvvəl Hindistan Respublikasının Prezidenti Ram Nat Kovind və Pranab Mukercinin oğlu Abxicit Mukerci “Twitter” hesablarında siyasətçinin vəfatı barədə məlumat veriblər. Pranab Mukerci Nyu-Dehlidə hərbi hospitalda vəfat edib. O, avqustun 10-da trombun çıxarılması üçün əməliyyat olunub. Bundan başqa, sabiq prezidentdə koronavirus aşkarlanmışdı.

  • İran Ukrayna ilə birbaşa uçuşların bərpasını istəsə də, rəsmi Kiyev razılıq vermir

    “İran Ukrayna ilə birbaşa uçuşların bərpa edilməsinin tərəfdarıdır, lakin Kiyev bununla razılaşmır”.

    “Ukrinfo”nun məlumatına görə, bu barədə İran İslam Respublikasının Kiyevdəki səfiri Manuçehr Moradi bəyan edib.

    “Təəssüf ki, MAU şirkətinə məxsus təyyarə faciəsindən sonra rəsmi Kiyev İranla Ukrayna arasındakı birbaşa uçuşlar üçün icazəni ləğv etdi və səfirliyin dəfələrlə müraciətinə baxmayaraq, birbaşa uçuşlara icazə verilməsinə razı olmur”, – deyə səfir bildirib.

    Onun sözlərinə görə, Tehran Ukrayna ilə birbaşa uçuşların bərpasının tərəfdarıdır və münasibətlərin yaxşılaşdırılması üçün fürsət axtarır. Tehran Kiyevdən heç olmasa İran hava yolları vasitəsilə uçuşların həyata keçirilməsini istəyir.

    Xatırladaq ki, Ukrayna Beynəlxalq Hava Yollarına məxsus təyyarə, yanvarın 8-də Tehran hava limanından havaya qalxarkən vurulub. Hadisə nəticəsində 176 nəfər ölüb. İran təyyarəni səhvən vurduğunu etiraf edib.

    İki ölkə arasında hava rabitəsi Ukraynanın təşəbbüsü ilə yanvarın 9-dan etibarən dayandırılıb, “Boeing 737-800” qəzasının səbəbləri aydınlaşana qədər məsələ təxirə salınıb.

  • Azərbaycanda koronavirusla bağlı son vəziyyət

    Hazırda Azərbaycanda aktiv koronavirus xəstələrinin sayı 2054-dür.

    TƏBİB-dən verilən məlumata görə, reanimasiyada olan xəstələrin sayı 141, süni tənəffüs cihazında olan xəstələrin sayı isə 13-dür.

    Qeyd edək ki, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 126 yeni yoluxma faktı qeydə alınıb, 144 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

    Azərbaycanda indiyədək ümumilikdə 36435 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 33847 nəfər müalicə olunaraq sağalıb, 534 nəfər vəfat edib, aktiv xəstə sayı 2054 nəfərdir.

    Ölkədə son sutka ərzində 5042, hazırkı dövrədək isə 922069 test aparılıb.

  • Qax sakini evini yandırıb

    Qax rayonunda yanğın hadisəsi baş verib.

    “Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Uzuntala kəndində qeydə alınıb.

    Həmin kəndin sakini Kərimov Cuma Aydın oğlu ailəsi ilə birgə yaşadığı evi yandıraraq hadisə yerindən uzaqlaşıb.

    Yanğın yerinə Fövqaladə Hallar Nazirliyinin Qax rayon Dövlət Yanğından Mühafizə hissəsinin bir yanğınsöndürən maşın və şəxsi heyəti cəlb olunub.

    Yanğın zamanı 60 kv/m-lik, iki otaq və bir hamamdan ibarət olan yerdən tikilmiş ev içərisindəki əşyalarla birlikdə tamamilə yanıb. Hadisəni törədən ev sahibi C.Kərimov evi yandırdıqdan sonra ərazidən qaçıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Tovuz sakini həmkəndlisini bıçaqlayıb

    Tovuzda iki həmkəndlinin mübahisəsi birinin bıçaqlanması ilə nəticələnib.

    “Report”un Qərb Mərkəzinin məlumatına görə, Tovuz rayon İbrahim Hacılı kənd sakini, 1993-cü il təvəllüdlü Leysan Kazımov mübahisə zəminində həmkəndlisi, 1987-ci il təvəllüdlü Araz Əmiraslanov tərəfindən bıçaqlanıb. Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib. Bıçaq daxilə keçmədiyindən onun vəziyyəti qənaətbəxş hesab olunur.

    Hadisəni törətməkdə şübhəli bilinən A.Əmiraslanov isə polis şöbəsinə aparılıb.

    Fakta bağlı araşdırmalara başlanılıb.

  • Yumşalmadan sonra muzeylərdə ilk gün – VİDEO

    Yoluxma dinamikası nəzərə alınaraq muzey və sərgi zallarının da fəaliyyəti bərpa olundu. Amma bu gün ilk gün olduğu üçün muzeylər fəaliyyət göstərmir, dezinfeksiya və təmizlik işləri ilə məşğuldurlar. Amma həftənin çərşənbə günü, yəni ayın 2-dən muzeylər artıq öz ziyarətçilərini qəbul edəcəklər.

    Pandemiya dövründə ölkəyə turistlərin gələ bilməməsini də nəzərə alaraq muzeylərin rəsmi saytlarında olan videoturlar da yenilənib. Yəni, xüsusən də ölkə xaricində yaşayan insanlar muzeyləri virtual formada səyahət edib yeniliklərlə tanış ola biləcəklər.

  • Azərbaycanlı fotoqraf “National Geographic” üçün Beyrutdan material hazırladı – FOTO

    Dünyaca məşhur azərbaycanlı fotoqraf Rəna Əfəndi, “National Geographic” jurnalının məhv olmuş Beyrut haqqında məqaləsi üçün fotolar işləyib.

    R.Əfəndi bu barədə öz “İnstagram” hesabında yazıb:

    “Beyrut partlayışının nəticələrini əbədiləşdirmək üçün Livana getdim və insanların inanılmaz dözümünün şahidi oldum”.

    Qeyd edək ki, bu ilin 4 avqust tarixində Beyrut limanında baş verən güclü partlayış nəticəsində 158 nəfər ölüb, altı mindən çox adam yaralanıb.

  • Hacıqabulda iki yük maşını toqquşub

    Hacıqabulda yol qəzası baş verib xəsarət alan var.

    “Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Padar-Çöl kəndindən keçən hissəsində qeydə alınıb. Beləki, “KamAZ” markalı yük maşınının sürücüsü Qaradağ rayon sakini Niftəliyev Rəfael Mirağa oğlu həmin yolda hərəkətdə olarkən onun qaşısında hərəkət edən Goranboy rayon sakini Quliyev Sadiqin idarə etdiyi eyni markalı maşına çırpılıb.

    Nəticədə sürücü R.Niftəliyev ağır xəsarət alaraq avtomobildə sıxışıb qalıb .Hadisə yerinə FHN Hacıqabul rayon Dövlət Yanğından Mühafizə İdarəsinin xüsusi riskli xilasetmə qrupunun əməkdaşları cəlb olunub. Yaralı avtomobildən çıxarılıb və Şirvan şəhər Mərkəzi Xəstəxanasına aparılıb.

    Fakt araşdırılır.

  • Xəzər dənizində zəlzələ olub

    Avqustun 31-də Xəzər dənizində maqnitudası 3,3 olan zəlzələ qeydə alınıb.

    “Report” xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) məlumat yayıb.

    Yeraltı təkanlar yerli vaxtla saat 20:44-də qeydə alınıb.

    Zəlzələnin ocağı 34 kilometr dərinlikdə yerləşib.