Month: Avqust 2020

  • Bu gün təqdimatı olan məşhur futbolçuda koronavirus aşkarlandı

    İspaniya “Real Sosyedad”ının yeni transferi David Silva koronavirusa yoluxub.

    “Report” xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

    34 yaşlı futbolçu dərhal karantinə alınıb.

    Qeyd edək ki, İngiltərənin “Mançester Siti” klubundan ayrıldıqdan sonra La Liqa təmsilçisi ilə müqavilə bağlayan Silvanın bu gün təqdimat mərasimi keçirilib.

  • Ağstafada minik avtomobili yük maşınına çırpılıb, xəsarət alanlar var

    Bakı-Qazax avtomobil yolunun Ağstafa rayon Qırlı kənd ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi olub.

    “Report”un Qərb Mərkəzinin məlumatına görə, Ağstafa rayon Qırlı kəndində minik avtomobilinin yük maşınına çırpılması nəticəsində iki nəfər xəsarət alıb.

    Xəsarət alanlar: Qazax rayon sakinləri, 21 yaşlı Aysel Kərimova və 27 yaşlı Nürəddin Nağızadə.

    Xəsarət alan şəxslər Ağstafa Mərkəzi rayon Xəstəxanasına aparılıblar.

    Fakta bağlı araşdırmalara başlanılıb.

  • Goranboyda avtomobil qəzası olub, ölən və yaralanan var

    Goranboy rayon Safıkürd kəndində 1 nəfərin ölümü daha bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

    “Report”un Qərb Mərkəzinin məlumatına görə, hərəkətdə olan minik avtomobilinin ağaca çırpılması nəticəsində, 1993-cü il təvəllüdlü Samir Xanlarov hadisə yerində ölüb. Avtomobildə olan digər şəxs, 20 yaşlı Əli Məmmədov isə müxtəlif bədən xəsarətləri alıb. O, xəstəxanaya aparılıb.

    Yaralı ağır kəllə-beyin travması alıb və vətandaşlar tərəfindən Goranboy Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən yaralının vəziyyəti ağır olaraq qalır.

    Faktla bağlı araşdırmalara başlanılıb.

  • Dəniz səviyyəsi bədbin ssenariyə uyğun artır

    Qrenlandiya və Antarktidada buz qatlarının əriməsi nəticəsində dünya okeanının səviyyəsi 1990-cı illərdən etibarən 1,8 sm qalxıb ki, bu da iqlimin isinməsinə dair ən bədbin ssenarinin gerçəkləşməsi deməkdir.

    Median.Az xəbər verir ki, belə bir qənaətə Böyük Britaniyanın Lids şəhərindəki Qütblər Müşahidəsi və Modelləşmə Mərkəzi (CPOM) ilə Danimarka Meteorologiya İnstitutu (DMI) tərəfindən müştərək həyata keçirilən yeni tədqiqat nəticəsində gəlinib.

    Tədqiqata görə, mövcud vəziyyət davam etsə, cari əsrin sonunadək dəniz səviyyəsi 17 sm-dək qalxacaq, nəticədə 16 milyon əhalinin yaşadığı sahil bölgələri su altında qalacaq.

    1990-cı illərdə həyata keçirilən ilk peyk müşahdələrindən sonra Antarktidada buz qatının əriməsi 7,2 mm, Qrenlandiyada isə buz qatının əriməsi dəniz səviyyəsinin 10,6 mm artmasına gətirib çıxarıb. Son ölçmələrə görə, hazırda dünya okeanının səviyyəsi ildə 4 mm yüksəlir.

    “Bizim ehtimalımıza görə, okean və atmosferin isinməsi nəticəsində buz qatlarının əriyərək kütlə itirməsi bizim təsəvvür edə bildiyimizdən daha çox sürətlənib. Belə ki, buzların əriməsi bizim istifadə etdiyimiz iqlim modellərini üstələyir və biz artıq dəniz səviyyəsinin qalxmasından yaranan fəsadlara hazır olmamaq təhlükəsilə üz-üzəyik”, – deyə tədqiqatın rəhbəri, CPOM-in əməkdaşı Tom Slater bildirib.

    Bununla yanaşı, son 5 ildə dəniz səviyyəsinin qalxmasında buz qatları və dağlıq buzlaqlarının əriməsinin payı iqlim isinməsinin payını üstələməyə başlayıb. Tədqiqatın DMI-dan olan rəhbəri Rut Mottram bu barədə bildirib ki, son illər ərzində minlərlə kiçik buzlaq bütövlükdə əriyib yox olub: “Məsələn, İslandiyadakı Ok buzlağı 2014-cü ildə “canını tapşırıb”. Yəni buzların əriməsi hazırda dəniz səviyyəsinin artmasının əsas amilini üstələyib”.

  • Attraksion xarab oldu, insanlar bir neçə saat təhlükəli vəziyyətdə qaldılar – VİDEO

    İngtiltərədə əyləncə parkının zirayətçiləri xarab olmuş attraksionun “girovluğunda” qalıb.

    Bu barədə “Gloucestershire Echo” xəbər yayıb.

    Məlumata görə, azı dörd nəfər karusel formalı attraksionda təhlükə ilə üzləşib. Onları ancaq bir neçə saatdan sonra xilas etmək mümkün olub.


    Bundan əvvəl analoji hadisə Rusiyada baş vermişdi. Belə ki, Yekaterinburq şəhərində kişi və qadın attraksionun xarab olması səbəbindən saatlarla havadan asılı vəziyyətdə qalmışdılar.

  • Millət vəkili: “Ermənistan tərəfindən təxribatlara hazır olmalıyıq, döyüş gözlənilir”

    “Mənə belə gəlir ki, biz Ermənistan tərəfindən təxribatlara hazır olmalıyıq. Mənim gümanıma görə, döyüş gözlənilir”.

    Bunu “Qafqazinfo”ya açıqlamasında deputat Fəzail Ağamalı Ermənistanın Baş Naziri Nikol Paşinyanın Dağlıq Qarabağa səfər etməsinə münasibət bildirərkən deyib.

    O qeyd edib ki, döyüş baş verərsə, Azərbaycan genişmiqyaslı hərbi əməliyyatlara başlayaraq Rusiyanın hər hansı bir təpkisini, xahişini, təzyiqini nəzərə almadan sona qədər getməlidir:

    “Əgər Rusiya bu proseslərə qoşularsa, artıq son hadisələr göstərdi ki, qardaş Türkiyə Azərbaycanla bərabər olacaq. Mənə elə gəlir ki, gedən proseslər Azərbaycanın ziyanına deyil. Sadəcə olaraq biz bundan istifadə edib öz üstünlüyümüzə söykənərək qardaş Türkiyənin Azərbaycanın yanında olmasını da nəzərə alıb Ermənistana çox sarsıdıcı, ağır və son zərbələri vurmalıyıq.

    Bütövlükdə Dağlıq Qarabağ, Xankəndi də daxil olmaqla Azərbaycanın torpaqları azad edilməli və suverenliyimiz təmin olunmalıdır. Xalqımız buna hazırdır və dövlətimizlə bərabərdir. Ola bilsin ki, içəridə müəyyən təxribatlar törədə biləcək rusiyapərəst qüvvələr ola bilər. Mən əminəm ki, bizim xüsusi xidmət orqanlarımız bunun fərqindədir və dərhal onlar da zərərsizləşdirilməlidir. Onların da başı ermənilərin başı kimi əzilməlidir”.

    Deputat vurğulayıb ki, Rusiyanın rəhbərliyi altında Ermənistanda planlar hazırlanmaqdadır:

    “Bizim üçün narahatlıq doğuran bu planların detalları bəlli deyil. Burada iki məqamı yaddan çıxarmaq olmaz. Tovuz istiqamətində ağır məğlubiyyətə uğrayan Ermənistan iyulun 17-dən Rusiyadan geniş şəkildə davamlı olaraq silahlandırılmaqdadır. Baxmayaraq ki, Şoyqu Bakıya gələndə Şuşa nağılı danışdı. Guya ora inşaat materialları daşınır. Buna orta məktəb şagirdi də inana bilməz.

    Bir neçə gün əvvəl Paşinyan qondarma Dağlıq Qarabağ Respublikasında terrorçularla görüşə tələsdi. O görüşdə qeyd etdi ki, ciddi planları var. Bu nə plandır hələ bilinmir. Ancaq bunun təqribi şifrəsi ondan ibarətdir ki, Tovuz döyüşündən sonra həm Ermənistanın ciddi məğlubiyyətə uğraması, həm də Türkiyə ilə Azərbaycan arasında genişmiqyaslı 10 gün davam edən müxtəlif spektrli hərbi təlimlərin keçirilməsi və Türkiyənin prezidenti səviyyəsində Azərbaycana açıq dəstəyin verilməsi Rusiyanı ciddi şəkildə narahat edib”.

  • Rusiyada məktəblilər maska taxmaya bilər

    Rusiyada məktəblilərin sinif otaqlarında maska taxmamalarına icazə verilib.

    TASS xəbər verir ki, bu məsələ İstehlakçıların hüquqlarının müdafiəsi və insanın hüquqları üzrə Federal Xidməti ilə Təhsil Nazirliyinin birgə yaydığı tövsiyə xarakterli məlumatda öz əksini tapıb.

    Məlumatda bildirilir ki, şagirdlər məktəb daxilində dərs və ya tənəffüs zamanı maskasız ola bilərlər.

  • İsmayıllıdan olan gənc pianoçunun ifası izlənmə rekordu qırıb – VİDEO

    Gənc pianoçunun ifası sosial şəbəkələrdə izlənmə rekordları qırır.

    Söhbət İsmayıllı rayonunun Diyalı kənd sakini Cavanşir Abdullayevdən gedir.

    Qəhrəmanımız musiqi məktəbinin II sinif fortepiano şöbəsində dərs alır. Onun istedadı və ifası hər kəsi heyran edir.

    Rayon icra hakimiyyətinin dəstəyi ilə 16 yaşlı pianoçunun sənəti dəyərləndirilərək ifa etdiyi “Vals” əsərinə klip çəkilib. Ekran əsəri İvanovkanın taxıl zəmilərində, Aşıqbayram gölünün ətrafında, Tircan kəndinin dağlarında, Buynuz kəndində, Topçu meşəsində, Göyçay çayında, Lahıc qəsəbəsində və başqa turizm potensiallı yerlərdə lentə alınıb. Gənc piano ifaçısının klipi tez bir zamanda məşhurlaşaraq, müxtəlif televiziya kanallarında, saytlarda və 100 minlərlə izləyicisi olan sosial şəbəkə səhifələrində paylaşılaraq geniş auditoriya qazanıb.

    İfanı bir çox dünya şöhrətli musiqiçilər, həmçinin bu sahəyə uyğun tanınmış sosial şəbəkə səhifələri izləməyə alıblar. Hazırda onun kilipi şəhərin müxtəlif nöqtələrində quraşdırılmış monitorlarda yayımlanır.

    İstedadlı pianoçu müxtəlif vaxtlarda insanların istirahət etdiyi park və məkanlarda konsert də verir. Onun ən böyük arzusu isə Konservatoriyada təhsil alaraq böyük arenalarda Azərbaycanı yüksək səviyyədə təmsil etməkdir.

  • İşsiz şəxslərin sığorta ödənişi alması asanlaşacaq – VİDEO

    “Sosial sığorta haqqında” Qanuna uyğun olaraq iş yerlərinin ləğvi və ya ixtisarı zamanı işsizlikdən sığorta ödənişi verilir. Əvvəlki qaydaya görə, işsizlikdən sığorta ödənişi almaq üçün vətəndaşın ən azı üç il sığorta stajı olmalı idi və son 24 ayın 12 ayından çox işləyən vətəndaşlar müavinəti “İşsizlikdən sığorta haqqında” Qanuna uyğun olaraq hissə-hissə ala bilərdilər.

    Həmin vətəndaş üç ildən beş ilədək sığorta olduqda orta aylıq əmək haqqının 50, beş ildən 10 ilə sığorta olduqda 55, həmin müddətdən çox olduqda isə 60 faizi qədər müavinat alırdı. İndi isə İşsiz statusu alan və əmək müqaviləsinin müddəti bitən şəxslərin işsizlikdən sığorta ödənişi alması asanlaşacaq.

    Bu məsələ Milli Məclisdə müzakirə edilən “İşsizlikdən sığorta haqqında” qanuna təklif edilən dəyişiklik nəticəsində mümkün olacaq. “Yeni qanunun qəbulu “Sosial sığorta haqqında” Qanunun daha çox insanı əhatə etməsinə səbəb olacaq. Daha dəqiq desək bir il ərzində 30-40 min arası şəxsin yararlanmasına səbəb olacaq”.

    Bunu Dövlət Məşğulluq Agentliyinin sözçüsü Əsmər Nəcməddinqızı Baku.tv-yə müsahibəsində qeyd edib. Hazırda işsizlikdən sığorta ödənişi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dərhal həmin vətəndaşın mobil telefonuna SMS vasitəsilə təmin edilir. Vətəndaşın mobil telefonu olmadıqda, yaxud SMS gəlmədikdə yaşadığı rayonun məşğulluq mərkəzinə müraciət etmək olar.

    Ötən il 1.700 nəfərdən çox adama iki milyon manata yaxın sığorta ödənişi verilib.

  • Avqustun 21-də keçirilmiş imtahanların nəticələri elan edildi

    Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı verən, həmçinin qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün II və III ixtisas qrupları üzrə avqustun 14-də, I və IV ixtisas qrupları üzrə isə avqustun 21-də keçirilmiş əlavə imtahanların (Azərbaycan və ya rus dili) nəticələri elan edilib.

    DİM-dən verilən məlumata görə, imtahanda iştirak edən abituriyentlər imtahan nəticələri, “cavab kartı” və “cavab vərəqi”nin qrafik təsvirləri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə tanış ola bilərlər. 

    İştirakçılar imtahan nəticələri ilə buradan tanış ola bilərlər. 

    Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

    İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 2 sentyabr 2020-ci il tarixindən etibarən onlayn (“Zoom” proqramı və ya telefon əlaqəsi vasitəsilə) apelyasiya prosesi təşkil ediləcək. Apelyasiya komissiyasına müraciət etməmişdən əvvəl şagirdlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış olmalıdırlar. Ötən imtahanların təcrübəsi göstərir ki, apelyasiya üçün ərizə yazanların təqribən 30%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.

    Apelyasiya komissiyasına müraciət etmək istəyənlər 1-3 sentyabr tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apelyasiya üçün müraciət edə bilməyəcəklər. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apelyasiya təşkil olunmur.
    Apelyasiya müzakirəsində şagirdin iştirakı vacibdir. Şagird ilə yanaşı valideynlərindən biri müzakirədə iştirak edə bilər. Bir şagirdin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.