Month: Avqust 2020

  • Millət vəkili: “Ermənistan tərəfindən təxribatlara hazır olmalıyıq, döyüş gözlənilir”

    “Mənə belə gəlir ki, biz Ermənistan tərəfindən təxribatlara hazır olmalıyıq. Mənim gümanıma görə, döyüş gözlənilir”.

    Bunu “Qafqazinfo”ya açıqlamasında deputat Fəzail Ağamalı Ermənistanın Baş Naziri Nikol Paşinyanın Dağlıq Qarabağa səfər etməsinə münasibət bildirərkən deyib.

    O qeyd edib ki, döyüş baş verərsə, Azərbaycan genişmiqyaslı hərbi əməliyyatlara başlayaraq Rusiyanın hər hansı bir təpkisini, xahişini, təzyiqini nəzərə almadan sona qədər getməlidir:

    “Əgər Rusiya bu proseslərə qoşularsa, artıq son hadisələr göstərdi ki, qardaş Türkiyə Azərbaycanla bərabər olacaq. Mənə elə gəlir ki, gedən proseslər Azərbaycanın ziyanına deyil. Sadəcə olaraq biz bundan istifadə edib öz üstünlüyümüzə söykənərək qardaş Türkiyənin Azərbaycanın yanında olmasını da nəzərə alıb Ermənistana çox sarsıdıcı, ağır və son zərbələri vurmalıyıq.

    Bütövlükdə Dağlıq Qarabağ, Xankəndi də daxil olmaqla Azərbaycanın torpaqları azad edilməli və suverenliyimiz təmin olunmalıdır. Xalqımız buna hazırdır və dövlətimizlə bərabərdir. Ola bilsin ki, içəridə müəyyən təxribatlar törədə biləcək rusiyapərəst qüvvələr ola bilər. Mən əminəm ki, bizim xüsusi xidmət orqanlarımız bunun fərqindədir və dərhal onlar da zərərsizləşdirilməlidir. Onların da başı ermənilərin başı kimi əzilməlidir”.

    Deputat vurğulayıb ki, Rusiyanın rəhbərliyi altında Ermənistanda planlar hazırlanmaqdadır:

    “Bizim üçün narahatlıq doğuran bu planların detalları bəlli deyil. Burada iki məqamı yaddan çıxarmaq olmaz. Tovuz istiqamətində ağır məğlubiyyətə uğrayan Ermənistan iyulun 17-dən Rusiyadan geniş şəkildə davamlı olaraq silahlandırılmaqdadır. Baxmayaraq ki, Şoyqu Bakıya gələndə Şuşa nağılı danışdı. Guya ora inşaat materialları daşınır. Buna orta məktəb şagirdi də inana bilməz.

    Bir neçə gün əvvəl Paşinyan qondarma Dağlıq Qarabağ Respublikasında terrorçularla görüşə tələsdi. O görüşdə qeyd etdi ki, ciddi planları var. Bu nə plandır hələ bilinmir. Ancaq bunun təqribi şifrəsi ondan ibarətdir ki, Tovuz döyüşündən sonra həm Ermənistanın ciddi məğlubiyyətə uğraması, həm də Türkiyə ilə Azərbaycan arasında genişmiqyaslı 10 gün davam edən müxtəlif spektrli hərbi təlimlərin keçirilməsi və Türkiyənin prezidenti səviyyəsində Azərbaycana açıq dəstəyin verilməsi Rusiyanı ciddi şəkildə narahat edib”.

  • Azərbaycanda ilk dəfə tibbi məlumat sistemi tətbiq olunan modul tipli xəstəxana inşa edilib

    Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan növbəti modul tipli hospitalının inşa edilməsi dünyada COVID-19 infeksiyasının sürətlə yayılması fonunda ölkəmizdə bu xəstəliklə mübarizədə Azərbaycan dövlətinin atdığı mühüm addımlardan biridir.

    FHN-in mətbuat xidmətindən verilən məlumata görə, Bakı şəhərinin Zığ qəsəbəsində yerləşən bu modul tipli hospital ən müasir standartlara cavab verir. Modul tipli hospitalda koronavirus infeksiyasına yoluxmuş xəstələrin müalicəsi üçün bütün şərait yaradılıb, hospital müasir avadanlıqlarla təchiz edilib.

    Belə ki, 7 iyul 2020-ci il tarixində açılan 800 çarpayılıq hospital son 43 gün ərzində 2277 çarpayılıq hospitala çatdırılıb.

    Hospitalda hər bir çarpayı oksigen xəttinə birləşmiş cihazlarla təmin olunub.

    Hər birində 104 çarpayılıq 4 yeni böyük korpusda – 416 çarpayı

    Hər birində 80 çarpayılıq 3 yeni kiçik korpusda – 240 çarpayı

    Köhnə korpuslarda – 691 çarpayı

    Müalicə – diaqnostik korpusda:

    105 reanimasiya çarpayısı

    160 intensiv terapiya çarpayısı

    Hemodializ – 1 çarpayı

    Hemofiltr – 1 çarpayı

    Cəmi 267 reanimasiya çarpayısı vardır.

    Hospitalda:

    100 ədəd süni tənəffüs aparatı

    4 ədəd oksigen stansiyası

    2 ədəd mərkəzləşdirilmiş kompressor

    1 ədəd Kompüter tomoqrafiya aparatı

    6 ədəd portativ və 1 ədəd stasionar USM

    Qastroskopiya, bronxoskopiya, kolonoskopiya

    300 ədəd – Edan markalı xəstə başı monitorları

    5 ədəd defibrilyator

    3 ədəd portativ rentgen aparatı

    17 ədəd portativ EKQ cihazı

    1 ədəd EEQ

    1 ədəd hemodializ

    1 ədəd hemofiltr

    Kliniki, biokimyəvi, bakterioloji, mikrobioloji, PSR laboratoriya mövcuddur.

    Modul tipli hospitalda yaradılan şərait koronaviruslu xəsətələrin müalicə işini qısa müddətə və keyfiyyətlə aparmağa imkan verir. Hospitalda məlumatların idarəetmə sistemi mövcuddur. Burada mərkəzi qərargahda müalicə prosesinə aid olan bütün məlumatlar qəbul edilir və müalicə prosesi bu qərargahdan idarə edilir. Bu sistem vasitəsilə xəstələrin tibbi məlumatlarını, müalicə prosedurlarını və bütün digər tibbi və qeyri-tibbi prosesləri həm hospital daxilində, həm də hospital kənarından izləmək mümkündür. Eyni zamanda bu sistem hospitalın fəaliyyət dövrünü istənilən tarix aralıqları üzrə izləmək imkanını verir.

    Bu gün modul tipli xəstəxanaların açılması, bu xəstəliklə mübarizədə mühüm və effektiv addımların atılması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşların sağlamlığının qorunması və ölkənin səhiyyə sisteminin inkişafına göstərdiyi xüsusi diqqətinin təzahürüdür.

    Bu cür modul tipli xəstəxanaların tikintisinin xüsusi əhəmiyyəti vardır. Belə ki, bu cür xəstəxanaların qısa zamanda inşası Azərbaycan dövləti tərəfindən koronavirusla mübarizədə bütün mümkün qabaqlayıcı tədbirlərin həyata keçirilməsi və ölkəmizin bu qlobal çağırışa cavab verə bilməsi üçün yeni imkanlar yaradır.

    Ümumilikdə modul tipli xəstəxanaların istifadəyə verilməsi koronavirusa yoluxanların lazımi tibbi xidmətlərlə əhatə olunması üçün vahid idarəetmə və tibbi əlaqələndirmənin təmin edilməsində böyük rol oynayır.

    Hazırda ölkə rəhbərliyi tərəfindən atılan bu mühüm addımlar əhalinin sağlamlığının qorunması, xəstəliyin nəzarətdə saxlanılmasına şərait yaradır.

    Xəstəxananın fəaliyyətinin özəl xüsusiyyəti Azərbaycanda ilk dəfə tətbiq olunan və tibb praktikasında bənzəri olmayan, yeni növ koronavirus infeksiyası üçün ixtisaslaşdırılmış tibbi məlumat sisteminin olmasıdır.

    Tibbi məlumat sistemi tibb işçilərinin işini optimallaşdırmaq və hər bir xəstə üçün fərdi olaraq tibbi qərar qəbul etmək üçün intellektual dəstəyi təmin edir.

    Xəstəxanaya qəbul olunduqda xəstə xüsusi təlim keçmiş tibb bacısı tərəfindən qeydiyyata alınır, epidemioloji analiz, baxış və müayinədən keçir və nəticələr elektron məlumat sistemində qeydə alınır. Beləliklə, sistem avtomatik olaraq xəstənin tibbi tarixçəsini yaradır, vəziyyətini qiymətləndirir, lazımi instrumental və laborator müayinələrinin həcmini müəyyən edir.

    Aparılmış manipulyasiyalar tibb bacısı tərəfindən elektron imza ilə qeydə alındıqdan sonra, həkimin elektron cihazına xəstənin vəziyyəti, əsas və müşayiət olunan diaqnozları ilə tibbi tarixçəsi göndərilir. Alınan məlumatları araşdırdıqdan sonra həkim xəstəni müayinə edir, alınan materialları təsdiqləyir və ya müvafiq düzəlişlər edir. Müayinəni təsdiqlədikdən sonra həkim beynəlxalq protokollara əsasən tövsiyə olunan terapevtik tədbirlərin siyahısını, o cümlədən antiviral, iltihabəleyhinə və antikuaqulyant dərmanları, infuziyon terapiyası, oksigen təchizatı rejimlərini və s. görmək imkanı əldə edir. Həkim bu tövsiyələrdən xəstə üçün lazım olan müalicə sxemini seçir və qeydə alır. Həkim tərəfindən edilən təyinatlar onun elektron imzasından sonra avtomatik olaraq tibb bacısının planşetinə ötürülür. Tibb bacısı səsli siqnal vasitəsilə həkim tərəfindən göndərilən tibbi təyinatlar barədə xəbərdar olunur və dərhal onların yerinə yetirilməsinə və qeydiyyatına başlayır. Tibb bacısı qrafik şəklində müşahidə kartına yazılan tənəffüs tezliyi, qanın oksigen təminatı, arterial təzyiq, Elektrokardioaqrifaya göstəricilərinin dinamik müşahidəsini aparır.

    Tibbi İnformasiya Sistemi dəyişikliklərin dinamikasının proqnostik qiymətləndirməsinə imkan verir, planşetin ekranında yarana biləcək ağırlaşmalara dair xəbərdarlıqları göstərir, müalicə və oksigen terapiyası rejiminin korreksiyasına dair tövsiyələr verir. Sistem xəstələrin bioparametrlərinin dinamik müşahidəsi haqqında məlumatların və ultrasəs, kompyuter tomoqrafiyası, elektrokardioqrafik müayinələrin təsvirlərinin Xəstələrin Müşahidə Mərkəzinə ötürülməsinə və mürəkkəb halların kollegial müzakirəsinə, zəruri hallarda Teletibb Məsləhətləşmələri kanalları vasitəsilə xarici mütəxəssislərlə müzakirəyə çıxarmağa imkan verir.

  • “YouTube”da canlı efirdə intihar etmək istədi, polis işə qarışdı

    Avqustun 30-da saat 22.23-də Abşeron rayonunun Məmmədli kəndində yaşayan R.Hüseynzadə DİN-in “102” Zəng Mərkəzinə müraciət edərək evinin yaxınlığında bir nəfərin onu döyərək bədən xəsarətləri yetirməsi barədə məlumat vermişdir.

    Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Verilən məlumata görə, bundan sonra o, “YouTube” kanalında canlı yayım açaraq sifətində qan izləri olduğunu nümayiş etdirərək intihar edəcəyini bildirmişdir.

    Müraciətlə əlaqədar Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının ”isti izlər”lə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində R.Hüseynzadəni yumruqla vuraraq xəsarət yetirməkdə şübhəli bilinən həmkəndlisi, yeniyetmə V.Abdullayev müəyyən edilərək Mehdiabad Polis Bölməsinə dəvət edilmişdir.

    Araşdırmalarla müəyyən edilmişdir ki, yeniyetmə R.Hüseynzadənin yaşadığı evin qarşısında ünvansız nalayiq ifadələr işlətdiyinə görə R.Hüseynzadə ona irad bildirmiş, bu zaman aralarında yaranmış mübahisə zamanı R.Hüseynzadə onu əli ilə vurmuş, yeniyetmə isə cavabında yumruqla onun burun nahiyəsindən zərbə endirmişdir.

    Vətəndaş R.Hüseynzadəyə bədən xəsarəti yetirilməsi faktı üzrə Abşeron Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsində araşdırma aparılır.

  • Hazırda Bakının sıxlıq müşahidə olunan əraziləri

    Hazırda pik saatı olduğu üçün paytaxtın bəzi küçə və porspektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

    Oxu.Az xəbər verir ki, həmin ərazilər aşağıdakılardır:

    Q.Qarayev prosepekti (hər iki istiqamət), Dakar dairəsi ətrafı

    Z.Bünyadov prospekti -“Koroğlu” metrostansiyası istiqaməti

    K.Rəhimov küçəsi – Ak. H.Əliyev küçəsi istiqamətində

    A.Mustafayev küçəsi – Z.Bünyadov prospekti istiqamətində

    Babək prospekti – Y.Səfərov küçəsi istiqamətində

    Tbilisi prospekti – 20 Yanvar dairəsi istiqamətində

    Bildirilir ki, sıxlıq müşahidə olunan küçə və prospektlərdən hərəkət edən müntəzəm və ekspres xətlər üzrə avtobusların hərəkət intervalında gecikmələr yaranıb.

  • Bakıda kafe və restoranlarda qiymətlər artıb – VİDEO

    Fəaliyyətinə icazə verilib, yumşalmaların tətbiq edildiyi sahələrdən biri restoran və kafelər oldu. Uzun zamandan sonra açıq havada bu məkanlarda vaxt keçirməyə üstünlük verən müştəriləri restoranların qiymətləri təəccübləndirib.

    Deyəsən, bu məkanlara gələn qonaqların sayı ilə qiymət bir- birinə tərs mütənasibdir, yəni adam sayı azaldıqca qiymət artıb.

    Azad İstehlakşılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, kafe və restoranlarda 20 faizə qədər qiymət artımı müşahidə olunur.

    Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

  • İlham Əliyev Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın üzvlərini təyin etdi

    Prezident İlham Əliyev Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin edilməsi haqqında Sərəncam imzalayıb.

    AZƏRTAC-ın məlumatına görə, Sərəncamda deyilir:

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

    1. Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının tərkibinə aşağıdakı şəxslər təyin edilsinlər:

    Samir Nuriyev – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri

    Fuad Ələsgərov – Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri

    Gündüz Kərimov – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi

    Vilayət Eyvazov – Azərbaycan Respublikasının Daxili İşlər naziri

    Əli Nağıyev – Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi.

    2. “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 21 aprel tarixli 196 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 4, maddə 277; 2005, № 6, maddə 524; 2008, № 1, maddə 9; 2015, № 11, maddə 1301; 2017, № 1, maddə 51; 2018, № 6, maddə 1297; 2019, № 9, maddə 1487) ləğv edilsin.

    3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

  • Rüşvətə görə işindən ömürlük uzaqlaşdırılmış azərbaycanlı hakimin apellyasiyası təmin olunmadı

    Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib.

    AFFA-nın saytının xəbərinə görə, danışılmış oyunlarda adı hallandığı üçün üç il əvvəl futboldan ömürlük uzaqlaşdırılmış hakim Anar Niyazov haqda qərarı dəyişməyib.

    İclasda qəbul olunan qərara görə, UEFA-dan daxil olmuş “danışılmış oyunlarla” bağlı hesabatlara və AFFA-nın İcraiyyə Komitəsinin bununla bağlı tövsiyələrinə əsaslanaraq, “danışılmış oyunlarda” iştirak etdiyinə görə hakim Anar Niyazova futbola aid hər bir məşğuliyyətin ömürlük qadağan edilməsi barədə İntizam Komitəsinin 16.03.2017-ci il tarixli qərarı qüvvədə saxlanılıb.

  • Təhsil Nazirliyindən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ

    Təhsil Nazirliyi xaricdə təhsil almaq istəyən abituriyent, tələbə və onların valideynlərini seçim edərkən daha diqqətli olmağa çağırıb.

    Nazirlikdən bildirilib ki, əvvəlki illərin təcrübəsi göstərir ki, bu sahədə vasitəçi şirkətlərin xidmətlərindən istifadə edən bir çox vətəndaşlar çətinlik və mənfi hallarla üzləşirlər:

    “Belə hallarla rastlaşmamaq üçün vətəndaşlara, təhsil müəssisəsini və tədris proqramını (ixtisası) seçməzdən öncə müstəqil olaraq, birbaşa həmin təhsil müəssisəsinin özünə müraciət edərək (rəsmi internet səhifəsi vasitəsilə), qəbul şərtləri, təhsil haqqı, yaşayış xərcləri və digər tələblər barədə ətraflı məlumat əldə etməyi tövsiyə edirik.

    Eyni zamanda xaricdə təhsil və xaricdə əldə olunan ali təhsil ixtisaslarının ölkə ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) ilə bağlı diqqət yetirilməli olan əsas məqamlara (ali təhsil müəssisəsi və tədris proqramının (ixtisasın) aid olduğu ölkədə akkreditə olunması, təhsil müddəti ərzində həmin ölkənin və yerli qanunvericiliyin tələblərinə uyğun olaraq dərslərdə iştirak edilməsi, bakalavriat və magistratura ixtisasları arasında uyğunluq olması, tədris dilində ünsiyyət qura bilmək bacarığının olması, təhsilalma formasının yerli qanunvericiliyin tələblərinə uyğunluğu və s.) dair zəruri məlumatları özündə əks etdirən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin rəsmi internet səhifəsinin (tkta.edu.az) “Nostrifikasiya” və “Mütəmadi verilən suallar” bölmələri ilə tanış ola bilərsiniz.

    Xüsusi olaraq vurğulanmalıdır ki, Təhsil Nazirliyi xaricdə təhsil sahəsində, o cümlədən tanınma (nostrifikasiya) prosedurları ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətlərinə görə məsuliyyət daşımır.

    Qeyd olunan məsələlərlə bağlı vətəndaşlara hər hansı şirkət və ya şəxslər tərəfindən verilən vəd heç bir rol oynamır və belə hallarla rastlaşdığınız təqdirdə Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (146-1) məlumat verməyiniz xahiş edilir”.

  • Qubada ağacları qanunsuz kəsən sahibkarın işi məhkəməyə göndərildi

    Bəzi kütləvi informasiya vasitələrində Quba rayonu Tülər kəndi ərazisində meşə ağaclarının qanunsuz olaraq kəsilərək odun materialı kimi istifadə edilməsi barədə məlumatlar yayılıb.

    Quba Rayon Prokurorluğundan verilən məlumata görə, Quba rayonu Tülər kənd sakini Yasər Baxışovun işlətdiyi taxta emalı sexinə baxış keçirilən zaman qanunsuz yolla əldə olunmuş odun materialının aşkar edilməsi barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş material üzrə Quba Rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırma aparılıb.

    Araşdırma zamanı Yasər Baxışovun kənd sakinlərinin həyətlərində kəsdiyi ağacları alması, özünə məxsus torpaq sahəsində olan köhnə ağacları kəsərək yerinə meyvə bağı salması, kəsdiyi ağacları taxta emalı sexində doğrayaraq yeşik taxtası düzəltməsi müəyyən edilib.

    Yasər Baxışovun əməlində İnzibati Xətalar Məcəlləsinin 398-ci (qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma) maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətləri olduğu üçün 27 avqust 2020-ci il tarixdə Quba rayon prokuroru tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılmaqla toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə Quba rayon məhkəməsinə göndərilib.

  • Bakıda evdən 45 min dollarlıq parça oğurlandı

    Bakının Yasamal rayonunda mənzildən külli miqdarda və qeyri-standart oğurluq edilib.

    Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

    Belə ki, cinayətkarlar qapının kilidini qıraraq 2-ci Alatava küçəsində yaşayan 1959-cu il təvəllüdlü biznesmen Eyvaz Qasımovun mənzilinə girib, ümumi dəyəri 45 000 dollar (76 500 AZN) olan 200 rulon bahalı parça aparıblar.

    29-cu Polis Bölməsinin əməkdaşları oğurluq hadisəsinin araşdırılması ilə məşğul olublar.

    Əldə edilən məlumata görə, əməliyyatçılar oğurluqda əsas şübhəli bilinən şəxsi artıq müəyyənləşdiriblər. O, hələ tutulmayıb, amma bu istiqamətdə işlər davam etdirilir. Eyni zamanda, polis oğurlanmış və gizlədilmiş rulonların bir hissəsini tapa bilib.

    Məlum olub ki, cinayətkar oğurluğu törətmək üçün yük maşınından və yükləmə işində ona kömək edən bir neçə nəfərdən istifadə edib. Cinayətdə əli olan digər şəxslərin kimliyi müəyyənləşdirilir.