Month: August 2020

  • Azərbaycan tankçıları döyüş maşınlarının texniki vəziyyətini yoxlayıb

    “Beynəlxalq Ordu Oyunları – 2020” yarışları çərçivəsində keçiriləcək “Tank biatlonu” müsabiqəsində iştirak edən tankçılarımız onların istifadəsinə verilən döyüş maşınlarını qəbul edib, texniki qulluq göstərib və baxış keçiriblər.

    Müdafiə Nazirliyindən verilən məlumata görə, tank heyətləri və texniki dəstək qrupu döyüş maşınlarının mühərrikləri, idarəetmə sistemləri və rabitə vasitələrinin texniki vəziyyətini yoxlayıblar.

    Qeyd edək ki, Azərbaycan tankçıları avqustun 23-də Çin, Belarus və Serbiyadan olan tank heyətləri ilə yarışacaqlar.
    Müsabiqə sentyabrın 5-dək davam edəcəkdir.

  • ÜST-dən çağırış: “2020-ci ildə hamı qrip əleyhinə peyvənd olunsun”

    Bu il geniş yayılmış qrip peyvəndi xəstəxanalara yükü azaltmağa və COVID-19 ilə mübarizəni asanlaşdırmağa kömək edəcək.

    TASS xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş məsləhətçisi Bryus Eylvord Cenevrədə keçirilən brifinqdə deyib.

    ÜST-dən bildirilib ki, qrip virusuna qarşı testlər aparmağa davam etmək lazımdır:

    “Koronavirusun mövcudluğuna dair testlərlə yanaşı, bütün dünyada qripə qarşı testlərimizi davam etdirməliyik”.

  • “Qarabağ” – “Sileks” matçında hesab açıldı

    UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki “Qarabağ” – “Sileks” matçında hesab açılıb.

    11-ci dəqiqədə “Qarabağ”ın futbolçusu Xayme Romero fərqlənib. İspaniyalı yarımmüdafiəçi bu mövsüm Azərbaycan klublarının avrokuboklarda ilk qolunun müəllifi kimi tarixə düşüb.

  • Peşə təhsili almaq istəyənlər göstərilən tarixə qədər ixtisas seçimi etməlidirlər

    8 min 263 nəfər 2020-2021-ci tədris ili üzrə peşə təhsili pilləsinə tələbə qəbulu prosesində iştirak edərək elektron qeydiyyatdan keçib. Onlardan 6061 nəfəri ixtisas seçimi edib.

    Median.Az xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, peşə təhsili almaqda maraqlı olan şəxslər 24 avqust tarixinədək https://qebul.vet.edu.az/ platforması üzərindən ödənişsiz qaydada qeydiyyatdan keçməklə yanaşı, ixtisas seçimini də yekunlaşdırmalıdırlar.

    Peşə təhsili pilləsi üzrə müraciət ünvanlayan şəxs müvafiq ixtisasları seçdikdən və təsdiq etdikdən sonra şəxsi kabinetinə daxil olaraq müraciətinin statusunu izləyə bilər.

    Qeyd edək ki, buraxılış imtahanında iştirak etməyən şagirdlər də ümumi təhsil müəssisələri tərəfindən şagirdin bitirdiyi tədris ili, təhsil bazası və fənlər üzrə illik qiymətləri qeyd olunan arayış əsasında peşə təhsili pilləsinə qəbul prosesində iştirak edə bilər.

    Müraciətçinin qeydiyyat prosesi ilə bağlı çətinliyi yaranarsa, şəxsi kabinetində yer alan “təlimat”la, həmçinin “videotəlimat”la tanış olmalıdır. Digər hallarda Peşə Təhsili üzrə Dövlət Agentliyinin qaynar xətti (012-599-12-77) və sosial media vasitələri üzərindən müraciət ünvanlaya bilər.

    İlk dəfə olaraq cari tədris ilində tələbə qəbulu prosesində işəgötürənlərlə birgə ikili proqramlar tətbiq olunacaq. Peşə təhsili almaq istəyənlər arasında ən çox üstünlük verilən ixtisaslar, məhz işəgötürən müəssisələrlə birgə həyata keçirilən ikili proqramlardır.

    2020-2021-ci tədris ili üzrə tələbə qəbulu 66 peşə təhsili müəssisəsində 120 ixtisas üzrə aparılmaqdadır.

  • Qazaxda iki avtomobil toqquşub, xəsarət alanlar var

    Qazaxda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, iki avtomobilin toqquşması nəticəsində Tovuz rayon sakini, 1986-cı il təvəllüdlü İsgəndərov Məqsəd Şakir oğlu və Ağstafa rayon sakini, 1986-cı il təvəllüdlü Tağıyeva Nuranə Vilayət qızı xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

    Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Abşeronda COVİD-19 vurusu ilə bağlı genişmiqyaslı reydlər keçirilir

    Abşeron rayonunun kənd və qəsəbələrində COVİD-19 vurusunun yayılmasının qarşını almaq məqsədi ilə mütəmadi olaraq maarifləndirmə, təbliğat tədbirləri həyata keçirilir.

    Median.Az xəbər verir ki, rayon İcra Hakimiyyəti başçısı yanında yaradılmış Operativ Qərargahın üzvləri, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşlarının və könüllülərdən ibarət mobil qrupların birgə iştirakı ilə fəaliyyətinə icazə verilən obyektlərə baxış keçirilir, sakinlərlə söhbətlər aparılır.

    Qeyd edək ki, ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejiminin tələblərinə riayət etməklə açıq hava məkanlarında iaşə müəssisələrin fəaliyyət gəstərməsinə icazə verilib. Bununla əlaqədar olaraq Abşeron rayonu ərazisində fəaliyyətinə icazə verilmiş iş və xidmət sahələrində sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarətin gücləndirilməsi məqsədilə Abşeron Rayon İcra Hakimiyyəti və digər dövlət qurumları mütəmadi olaraq nəzarət tədbirləri həyata keçirir, sahibkarlar və sakinlərlə maarifləndirici söhbətlər aparılır, onlara müvafiq metodiki göstərişlər paylanılır. Bu qəbilədən olan növbəti reydlər Xırdalan şəhəri də daxil olmaqla rayonun 15 kənd və qəsəbəsində həyata keçirilib.

  • Yeni həyat tərzinə uyğunlaşmamaq bizi yenidən sərt karantinə apara bilər

    İctimai iaşə obyektləri fəaliyyətini bərpa etsə də, unutmaq lazım deyil ki, yeni həyat tərzinə uyğunlaşmamağın sonu yenidən sərt karantinə apara bilər. Ölkədə koronavirusa yoluxma sayı azaldıqca hökumət karantin rejiminin yumşaldılması istiqamətində müvafiq addımlar atır. Ümumbəşəri bəlaya çevrilən virus bütün dünyanı iflic edib, iqtisadiyyatlar çökür, işsizlik baş alıb gedir, dövlət vətəndaşlara və biznesə maliyyə yardımı göstərməkdə davam edir. Bu prosesin nə qədər davam edəcəyi isə hələ məlum deyil.

    dövlətimiz öz vətəndaşına və sahibkarına əlindən gələn köməyi artıqlaması ilə edir ki, o, həm sağlamlığını qorusun, həm də maddi baxımdan ayaqda dura bilsin. İqtisadiyyata və sahibkarlığa maliyyə dəstəyi, məşğulluğun qorunması və sosial rifaha dəstək tədbirləri həyata keçirilib, dövlət sektorunda çalışan 900 min nəfərin iş yeri və əməkhaqqı qorunub, özəl sektorda isə 760 min nəfərin işsizliklə üzləşməsinin qarşısı alınıb. Bu günlərdə İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərinə növbəti mərhələdə 250 manat həcmində maliyyə dəstəyinin göstərilməsinə start verib.

    Birinci mərhələdə birdəfəlik ödəniş almış fərdi (mikro) sahibkarlara təkrarən vəsait ödənilir. Yaxın zamanlarda isə pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi prosesinə başlanılacaq. Bütün bunların timsalında bir daha görürük ki, Azərbaycan dövləti hər zaman vətəndaşının yanındadır, onun sağlamlığını və rifahını qorumaq, təhlükəsiz həyat tərzini təmin etmək məqsədilə heç nəyi əsirgəmir.

    Təəssüf ki, yoluxma sayının azalmasına görə arxayınlaşan, maskasını cibində, qolunda, alnında, çənəsində gəzdirən insanlara rast gəlirik. İşlədiyi kollektivdə, alış-veriş etdiyi obyektlərdə sanitar-epidemioloji qaydalara əməl etməyən insanlar məsuliyyət hissini itirirlər. Onlar tək özləri və yaxın ətrafları üçün deyil, həmçinin bütöv cəmiyyət üçün təhlükə mənbəyinə çevrilirlər. Dövlət qurumları, xüsusilə İqtisadiyyat Nazirliyi tərəfindən mütəmadi olaraq keçirilən monitorinqlərdə çoxsaylı karantin qaydalarının pozuntusu halları aşkara çıxarılır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, hələ də ticarət obyektlərinə maskasız daxil olan insanlar müşahidə edilir.

    Avrustun 18-dən ölkəmizdə bir sıra fəaliyyət sahələrinin, o cümlədən insanların uzun müddət gözlədikləri restoran-kafe fəaliyyəti, nəhayət, bərpa olunur. Biznes sahibləri özləri maraqlı olmalıdırlar ki, karantinin yumşaldılması ilə fəaliyyətə başlayan sahələr yoluxmanın artması ilə yenidən qapanmasın. Bunun üçün isə müvafiq dövlət qurumları tərəfindən təsdiq olunmuş sanitar-tibbi-gigiyenik-epidemioloji normalara əməl edilməlidir. Nazirlər Kabineti tərəfindən demək olar ki, bütün sahələri, o cümlədən ictimai iaşə, ticarət, xidmət, turizm və s. sahibkarlıq fəaliyyətini əhatə edən normativlər müəyyən olunub. Bu qaydalarda dəqiq və aydın şəkildə pandemiya dövründə davranış kriteriyaları, standartları əks etdirilib.

    İctimai iaşə obyektlərində epidemioloji qaydalara riayət edilməsi üçün ölkəmizdə xeyli sayda maska və gigiyenik məhsullar ehtiyatı mövcuddur, qıtlıq müşahidə olunmur. Satışda kifayət qədər maska, antiseptik və dezinfeksiya vasitələri var. Həmçinin sahibkarlara bu sahədə bəzi güzəştlər verilib və qanunvericliklə tənzimlənir. Vergi Məcəlləsində edilmiş dəyişikliklərə əsasən, epidemiyanın qarşısının alınması və əhalinin həyat və sağlamlığının qorunması məqsədilə vergi ödəyiciləri tərəfindən aparılan zəruri profilaktik, o cümlədən dezinfeksiya tədbirlərinə görə çəkilmiş xərclər məhdudiyyət qoyulmadan xərclərdən çıxıla bilər.

    İctimai iaşə müəssisələri fəaliyyətə başladıqdan sonra məsul qurumlar mütəmadi keçiriləcək monitorinqlər zamanı qayda pozuntusuna yol vermiş obyektlərə qarşı qanunvericilik çərçivəsində müvafiq tədbirlər görəcək. Burada cərimələr əsas təsiredici qüvvəyə malikdir. İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin (epidemiya əleyhinə rejimin, sanitar-gigiyena və karantin rejimlərinin pozulması) tələblərinin pozulmasına görə fiziki şəxslər 200 manatdan 400 manatadək, vəzifəli şəxslər 3.000 manatdan 4.000 manatadək, hüquqi şəxslər 4.000 manatdan 10.000 manatadək məbləğdə cərimə ediləcək. Hətta xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs cəzası da tətbiq oluna bilər. İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinin (Epidemiya əleyhinə rejim, sanitar-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə) tələblərinin pozulmasına görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 yüz manat, hüquqi şəxslər 400 manat məbləğində cərimə edilməsi nəzərdə tutulur. Qeyd olunan qanun pozuntusu halları bir il ərzində təkrar törədildiyi halda, fiziki şəxslərə 200 manat, vəzifəli şəxslərə 400 manat, hüquqi şəxslərə 800 manat məbləğində cərimə nəzərdə tutulur.

    Virusla mübarizədə müsbət dinamikanın əldə olunması sayıqlığımızı itirməyə əsas vermir. Əksinə, karantin rejiminin yumşaldılması indi bizi daha ehtiyatlı olmağa məcbur edir. Çünki bir çox iş yerlərinin açılması ilə insan sıxlığının çoxalması yoluxma təhlükəsini xeyli artırır. Tibbi maskadan istifadə etmək, sosial məsafə saxlamaq, bütün sanitar-epidemiloji və gigiyenik qaydalara əməl etmək normal sosial-iqtisadi həyata davam etməyimizin başlıca şərtidir. Həyat tərzimiz dəyişməlidir – əks halda, bağlamağa çalışdığımız qapıları bir də döyməli olacağıq.

  • Azərbaycandan poçtla xaricə narkotik göndərmək istəyən şəxslər aşkarlanıb

    İyulun 27-də Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi tərəfindən kütləvi informasiya vasitələrində adları istintaqa məlum olmayan, gömrük qanunvericiliyinin tələblərini ciddi şəkildə pozduğu müəyyən edilən, lakin məsuliyyətdən yayınmağa müvəffəq olan şəxslərin foto və video görüntüləri yayımlanmışdı.

    Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumata görə, xəbərdən dərhal sonra ictimaiyyətin dəstəyi ilə daxil olmuş əməliyyat məlumatı əsasında aparılmış təxirəsalınmaz istintaq və əməiyyat-axtarış tədbirləri nəticəsində həmin şəxslərin kimliyi və olduqları yer müəyyən edilib və onlar tutularaq istintaqa cəlb ediliblər. Müəyyən edilib ki, onlar hər ikisi Azərbaycan Respublikasında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Gürcüstan vətəndaşları- 1974-cü il təvəllüdlü Rasim Mehtiyev və 1979-cu il təvəllüdlü Aynur Əhmədova adlı şəxslərdir.

    Baş vermiş cinayət hadisəsinin təfərrüatına gəlincə, cari ilin fevral ayının 16-da Əhmədova Aybəniz Əhməd qızı adından 1 ədəd eynək və 2 ədəd ayaqqabı kimi bəyan edilərək “Azerexpresspost” poçt daşımaları şirkəti vasitəsi ilə Azərbaycan Respublikasından Çexiya Respublikasına göndərilən poçt bağlaması Heydər Əliyev Beynəlxalq Hava limanının Bakı Karqo Terminalında gömrük nəzarətindən keçirilərkən rentgen aparatında şübhəli təsvirlər müşahidə edilib. Kinoloji xidmət itinin reaksiyasına əsasən aparılmış baxış zamanı malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə bağlamanın içərisindəki 2 cüt ayaqqabının hər birinin daban hissəsindəki boşluqda gümüşü rəngli falqalara bükülərək gömrük nəzarətindən gizlədilmiş 4 bükümdə, ümumilikdə 91,743 qram narkotik vasitə-heroin aşkar edilərək götürülüb.

    Aparılmış istintaqla Əhmədova Aybəniz Əhməd qızı adından göndərilən narkotik vasitənin sonuncu tərəfindən deyil, onun adından şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslər tərəfindən göndərilməsi müəyyən edilib.

    İstintaqın ilkin mərhələsində görülmüş bütün zəruri istintaq və əməliyyat-axtarış tədbirlərinə baxmayaraq həmin şəxslərin kimliyini müəyyən etmək mümkün olmamışdı.

    Məlum foto və video görüntülər yayımlandıqdan sonra tutularaq istintaqa cəlb edilən Rasim Mehtiyev və Aynur Əhmədovanın əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin tərkibi olmasına əsaslı şübhələr müəyyən edildiyindən hər ikisinə həmin maddələrlə ittiham elan edilərək barələrində Yasamal rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

    Dövlət Gömrük Komitəsi göstərilən dəstəyə görə ictimaiyyətə təşəkkürünü bildirir.

  • 25 nəfər ədliyyə orqanlarından xaric olunub – Nazirlik

    Son dövrdə fəaliyyətində pozuntulara və ciddi nöqsanlara yol verən 400 ədliyyə işçisi, o cümlədən 40 icra xidməti əməkdaşı intizam məsuliyyətinə cəlb olunub.

    Median.Az Trend-ə istinadən bildirir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.

    Nazirlik bildirir ki, cəza almışlardan 25 nəfəri ədliyyə orqanlarından xaric olunub, 12-si məsul vəzifəsindən azad edilib. Hətta 5-i barədə materiallar istintaqa göndərilib. 16 nəfər ədliyyə işçisi xüsusi karantin rejimi tələblərini pozduqlarına görə cəzalanıb: “Bundan əlavə, Nazirlikdə son zamanlar aparılan kadr islahatları çərçivəsində bir neçə baş idarə və idarələrin rəhbərliyi yenilənmiş, o cümlədən də İcra Baş idarəsinin rəisi tutduğu vəzifəsindən azad edilib”.

    Həmçinin bu ilin 6 ayı ərzində 80-dən artıq gənc ədliyyə orqanlarına qulluğa qəbul olunub, 70 işçinin rotasiyası aparılıb.

  • Fransada açılış oyunu təxirə salındı

    Fransa Liqasında yeni mövsümünün ilk turunun “Marsel” – “Sent-Etyenn” açılış matçı təxirə salınıb.

    Median.Az qol.az-a istinadən xəbər verir ki, buna “Marsel”də 3 nəfərdə koronavirus aşkarlanması səbəb olub. Qarşılaşmanın 16 və ya 17 sentyabrda keçiriləcəyi vurğulanıb.

    Qeyd edək ki, “Marsel” – “Sent-Etyenn” görüşünün avqustun 21-i keçirilməsi planlaşdırılırdı.