Month: Avqust 2020

  • Babazənan dağlarında min bir dərdin dərmanı olan bulaqlar baxımsız qalıb – VİDEO

    Bura Babazənan dağlarıdır. İnsan sağlamlığı üçün olduqca faydalı isti suları, bulaqları var.

    Əsrlərdir ki, dağın ətəklərində bu isti sular, bulaqlar qaynayaraq üzə çıxır, insanlar bunlardan yetərincə faydalanırlar. Şəfa tapmaq üçün bura təkcə yerli sakinlər, ətraf bölgələrdən deyil, hətta bir sıra xarici ölkələrdən gələnlər olur.

    Baku TV xəbər verir ki, müxtəlif xəstəliklərdən əziyyət çəkən insanlar üç-dörd gün vanna qəbul etdikdən sonra isti suların müalicəvi əhəmiyyətini hiss edirlər.

    Radikulit, revmatizm, xüsusilə də qadınlarda ginekoloji xəstəlikləri müalicə etmək üçün həmin isti sular əvəzsizdir.

    Bulaqdakı hidrogen-sulfid qazı dəri xəstəlikləri ilə yanaşı, şişxassəli xəstəlikləri törədən ağır metalları belə bədəndən çıxarır. İsti suların baxımsız qalması isə şəfa tapmaq üçün bura üz tutanları daha çox narahat edir.

    Mütəxəssislər hesab edir ki, sözügedən ərazidə turizmi inkişaf etdirmək üçün potensial imkanlar var.

  • UFC döyüşçüsü yarışda qondarma rejimin “bayrağını” qaldırdı, XİN hərəkətə keçdi – FOTO

    UFC yarışında erməni əsilli döyüşçünün Azərbaycanın işğal olunmuş ərazilərində işğalçı Ermənistan tərəfindən yaradılmış qanunsuz rejimin qondarma “bayrağının” qaldırılması ilə bağlı Azərbaycanın Los-Anceles şəhərindəki Baş Konsulluğu tərəfindən UFC prezidenti Dana Vayta etiraz məktubu göndərilib.

    Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva bildirib.

    Məktubda qanunsuz qurumun Ermənistanın hərbi təcavüzünün nəticəsindən başqa bir şey olmadığı qeyd olunub.

    ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünə dəstəyinə dair birmənalı mövqeyi UFC rəhbərliyinin diqqətinə çatdırılıb.

    UFC qaydalarına istinadən yalnız beynəlxalq tanınmış dövlətlərin bayraqlarının nümayiş etdirilməsinə icazə verildiyi qeyd olunaraq, yarışı siyasiləşdirmək cəhdlərinə görə erməni əsilli döyüşçüyə qarşı müvafiq nizam-intizam tədbirlərinin həyata keçirilməsi və gələcəkdə bu kimi halların təkrarlanmaması tələb edilib”, – deyə L.Abdullayeva əlavə edib.

  • 688 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edildi – RƏSMİ

    Koronavirusun yayılmasının qarşısının alınması məqsədilə Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Goranboy, Göygöl, Siyəzən və Şəki rayonları ərazisində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə 2 avqust 2020-ci il saat 00:00-dan 3 avqust 2020-ci il saat 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 429 nəfər İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə isə həmin Məcəllənin 211.2-ci maddəsi ilə 65 nəfər olmaqla, ümumilikdə 688 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

    Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

    Qeyd olunan müddət ərzində Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan 90-ı rayon, 115-i paytaxt istiqamətinə olmaqla 205, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan 35-i rayon, 75-i paytaxt istiqamətinə olmaqla 110, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 50-si rayon, 55-i paytaxt istiqamətinə olmaqla 105 avtomobil geri qaytarılıb, ümumilikdə 420 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.

  • Deputatlar avqustun 5-də plenar iclasa toplanır

    Avqustun 5-də Milli Məclisin növbədənkənar sessiyasının plenar iclası keçiriləcək.

    Bu barədə Oxu.Az-a parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

    Qeyd edək ki, iclasda 2020-ci ilin dövlət büdcəsinə dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılacaq.

    İclasda “İşsizlikdən sığorta haqqında”, “Məşğulluq haqqında” qanunlara, İnzibati Xətalar Məcəlləsinə, İşsizlikdən sığorta fondunun, Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il büdcəsinə dəyişikliklər birinci oxunuşda təqdim ediləcək.

  • Fazil Məmmədovun kürəkəni 3,3 milyona bina alıb – FOTO

    Keçmiş Vergilər naziri Fazil Məmmədovun kürəkəni Əbdül Əliyev İngiltərənin Nottinqem şəhərinin mərkəzində 1.5 milyon funt sterlinq dəyərində binanı satın alıb.

    Median.Az “qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli məlumat yayıb.

    Qeyd olunur ki, Nottinqem şəhərinin NG1 6JB, Long Row küçəsindəki 50, 51 və 52 saylı ünvanı əhatə edən əmlak bu ilin yanvar ayında “NovaLoca” əmlak agentliyi vasitəsilə satışa təqdim edilib.

    Binanın ümumi sahəsi 1791 kvadrat metrdir. Ticarət obyektlərindən ibarət alt mərtəbəsinin sahəsi isə 475 kvadratmetrdir və 2021-ci ilin mart ayınadək qüvvədə olan illik icarəsi 90 min funt sterlinq təşkil edir.

    İyulun 10-da Əbdül Əliyev binanı satın almaq barədə razılaşıb. İyulun 20-də isə keçmiş nazirin kürəkəninə məxsus “NOAP PROPERTIES LIMITED” şirkəti Dartforddakı “The Bridging Group Limited” maliyyə şirkəti ilə müqavilə bağlayaraq satınalmanı reallaşdırıb. “NOAP PROPERTIES LIMITED” 2019-cu il iyunun 27-də Əbdül Əliyevin təsisçiliyi ilə Londonda qeydiyyatdan keçib.

    Əbdül Əliyevin atası Namiq Əliyev Vergilər naziri Fazil Məmmədovun müavini olub.

  • Bakıda iki sərnişin avtobusu toqquşub, yaralılar var – FOTO

    Bakı şəhərinin Nərimanov rayonunda “İveco” markalı iki sərnişin avtobusu toqquşub.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtobuslardan birində sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

    Qeyd edək ki, qəza nəticəsində yolda böyük tıxac yaranıb.

    Daha sonra yolda hərəkət birtərəfli bərpa olunub. Qəza etmiş avtomobillərin yoldan götürülməsi üçün evekuatorlar gətirilib.




  • “Bakı Metropoliteni”nin rəisi ilə bağlı İTTİHAM: Karantin pulları Londona gedir – FOTOFAKT

    “Maliyyə nazirliyinin açıqlamasına görə, pandemiyadan ziyan çəkən dövlət şirkətlərinə maliyyə dəstəyi çərçivəsində “Bakı Metropoliteni”nə 2 mln. 600 min manat ilkin maliyyə dəstəyi göstərilib. Metro işləmir, bəs pullar hara gedir?”

    Bu sualla jurnalist Cavanşir Həsənli öz sosial şəbəkə hesabında çıxış edib.

    C.Həsənli verdiyi suala elə özü də aydınlıq gətirməyə çalışıb: “Aşağıdakı sənədlər bu sualın cavabıdır. “Bakı Metropoliteni”nin rəisi Zaur Hüseynovun Londonda yaşayan 28 yaşlı oğlu Həbib Hüseynzadə ötən ay İngiltərədə böyük həcmdə yeni investisiya müqaviləsi imzalayıb. İyunun 29-da bununla bağlı razılaşma əldə olunub, iyulun 21-də müqavilənin tələblərinə uyğun olaraq ödəmə Britaniyanın Barclay’s Bank UK PLC bankı vasitəsilə icra olunub. 41 səhifəlik müqavilənin şərtləri əsasında vəsaitin həcmi və hansı məqsədlə köçürülməsinin detalları məxfi saxlanılır”.

    “Metropoliten rəisinin oğlu tikinti və daşınmaz əmlak biznesi ilə məşğul olur, indiyədək Callington yaxınlığında “Downgate”də böyük ərazini satın alaraq çoxsaylı evlər tikib, satışa çıxarıb”, – deyə jurnalist idda edib.
    //yenicag.az












  • Sərt karantin rejimi avqustun 5-də bitir? – RƏSMİ AÇIQLAMA

    Azərbaycanda hazırkı sərt karantin rejminin müddəti avqust ayının 5-də başa çatır.

    Hazırda hər kəsi maraqlandıran sual sərt karantin rejiminin uzadılıb-uzadılmamasıdır.

    Azərbaycan Respublikası Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov Qazet.az-a açıqlamasında bildirib ki, hələ ki, sərt karantinin rejiminin uzadılması ilə bağlı rəsmi qərar yoxdur.

    Qeyd edək ki, yumşaldılma koronavirusa yoluxanların sayının kəskin azalacağı təqdirdə mümkün olacaqdır ki, hazırda da yoluxma sayı nisbətən azalıb. Göstəricilər onu deməyə əsas verir ki, Azərbaycanda sərt karantin rejimi yumşaldıla bilər.

  • Qaxda yük maşınını və buldozeri sel apardı – VİDEO

    Ötən gün axşam saatlarında Qax rayonuna, eləcə də, rayonun dağlıq ərazilərinə güclü yağış yağıb.

    Qafqazinfo-nun məlumatına görə, yağışın güclü olması rayonun ən böyük çaylarından biri olan Kürmük çayına sel gəlməsi ilə nəticələnib.

    Sel nəticəsində çay məcrasında bənd tikintisi işləri aparan təşkilata məxsus ZİL markalı avtomobil və bir ədəd ağır tonnajlı buldozeri sel aparıb. Hər iki texnika yararsız vəziyyətə düşüb.

  • Heydər Əliyev Fondu 100 mindən çox aztəminatlı ailəyə qurban payı çatdırdı – FOTO

    Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Qurban bayramı münasibətilə aztəminatlı ailələrə qurban payları və müxtəlif ərzaq sovqatlarının verilməsi başa çatıb.

    AZƏRTAC xəbər ki, aksiya respublika üzrə 100 mindən çox aztəminatlı ailəni əhatə edib.

    Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri aztəminatlı ailələrin evlərinə baş çəkərək, onları bayram münasibətilə təbrik ediblər. Ailələrə ətlik cins heyvanların xüsusi ət kəsimi yerlərində kəsilərək ayrı-ayrılıqda qablaşdırılmış paylar və ərzaq sovqatları çatdırılıb.

    Qeyd edək ki, Mehriban Əliyevanın tapşırığı ilə bundan əvvəlki dövrlərdə də müxtəlif bayramlar, əlamətdar günlər münasibətilə həssas əhali qrupları, aztəminatlı ailələrlə bağlı minlərlə ailəni əhatə edən dəstək layihələri həyata keçirilib.

    Bu cür aksiyalarda məqsəd xüsusi qayğıya ehtiyacı olan şəxslərə sosial dəstək göstərmək, müxtəlif bayram və əlamətdar günləri onlarla birlikdə qeyd etməkdir.