Month: Avqust 2020

  • Bir gündə 53 nəfərin koronavirusa yoluxduğu məhəllədə son vəziyyət – VİDEOREPORTAJ

    Yevlaxda aprelin son günlərindən qaraçıların yaşadığı küçələrdə virusa yoluxma halları qeydə alınmağa başlayıb. İlk günlərdə hətta ailələrdə yoluxanların sayı 10-15 nəfərə çatıb. Həmin küçə sakinlərinin qaydalara məhəl qoymaması orda may ayında vəziyyəti daha da gərginləşdirib. İyunun ortalarından isə “Qaraçılar” məhəlləsində qabaqlayıcı tədbirlər nəticəsində vəziyyət stabilləşib.

    Yevlax Gigiyena və Epidemologiya Mərkəzindən bildirilib ki, qaraçıların yaşadıqları ərazi tez-tez dezinfeksiya edilib, həmin küçələrə giriş-çıxış bağlanıb. Hətta onların şəhərə çıxıb, xəstəliyi yaymaması üçün səyyar bankomatlar quraşdırılıb, çörək və digər ərzaq mağazaları, apteklər açılıb. Bu tədbirlərdə isə öz nəticəsini verib, artıq “Qaraçılar” məhəlləsində virusa yoluxma qeydə alınmır. Polis postları da ərazidən yığışdırılıb.

    Onu da qeyd edək ki, rayonda ümumi yoluxma faizi də aşağı düşüb. Bir sözlə qaydalara əməl olunması nəticəsiz qalmayıb.

    Xatırladaq ki, may ayında həmin məhəllədə bir gündə 53 nəfər koronavirusa yoluxmuşdu.

    Ətraflı Baku TV-nin hazırladığı videoreportajda:

  • Bakıda qurban payı üstündə qarşıdurma: Bir neçə nəfər ayaq altında qaldı – VİDEO

    Bakıda bayram münasibətilə yardımın paylanılması zamanı sıxlıq və qarşıdurma yaranıb.

    Bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb.

    Hadisə Xəzər rayonu Şüvəlan qəsəbəsində baş verib.

    Qarşıdurma zamanı bir neçə nəfər ayaq altına yıxılıb.

    Həmin görüntüləri təqdim edirik:

  • Gəncədə qaz partlayıb, bir nəfər yanıq xəsarəti alıb

    Gəncə sakini yanıq xəsarətləri alıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb.

    1956-cı il təvəllüdlü Kərimov Vidadi Rəşid oğlu bədəninin 2-3 dərəcəli yanıq diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

    Məlumata görə, 64 yaşlı kişi yaşadığı evin vanna otağında qazı yandıran zaman partlayış olub.

    Hadisənin başvermə səbəbləri araşdırılır.

  • Daha 42 Azərbaycan vətəndaşı Qazaxıstandan Vətənə yola salındı

    COVID-19 pandemiyası dövründə xaricdəki Azərbaycan vətəndaşlarının ölkəyə gətirilməsi davam etdirilir. Azərbaycan hökuməti koronavirus (COVID-19) pandemiyasının yayılma təhlükəsi səbəbindən sərhədlərin bağlanmasına görə müvəqqəti olaraq (xidməti və şəxsi səfərlərlə əlaqədar) Qazaxıstanda qalmış daha 42 vətəndaşı ölkəmizə təxliyyə edib.

    Azərbaycanın Aktaudakı baş konsuluğundan AZƏRTAC-a verilən məlumata əsasən, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Merkuri” bərə gəmisi ilə yola salınan vətəndaşların hamısı COVID-19 testindən keçiblər.

    Ümumilikdə bu günə qədər baş konsulluq vasitəsilə Aktau limanından gəmi ilə 107 nəfər Vətənə göndərilib. Azərbaycana təxliyyə olunmağı gözləyən vətəndaşların baş konsulluqda qeydiyyatı davam etdirilir.

  • Uzun müddət xəstəlikdən əziyyət çəkən şəxs intihar etdi

    Cəlilabad rayonunda intihar hadisəsi baş verib.

    Report-un məlumatına görə, hadisə Cəlilabad şəhərinin Həməşəra küçəsində yerləşən evlərdən birində qeydə alınıb.

    Həmin küçənin sakini, 1960-cı il təvəllüdlü Ehtiram Bəşirov özünü yaşadığı evdə asaraq intihar edib. İlkin məlumata görə, intihar səbəb onun, uzun müddətdi xəstəlikdən əziyyət çəkməsidir.

    Qeyd edək ki, o, əvvəl də intihara cəhd edib.

    Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

  • Bakıda avtomobil 13 yaşlı qızı vurdu

    Bakıda yeniyetmənin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

    Report-un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.

    Minik avtomobili yolu keçən 2007-ci il təvəllüdlü Bəkirova Gülcamal Timur qızını vurub. Müxtəlif bədən xəsarətləri alan yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı G.Bəkirovaya sağ qamış sümüyünün yerdəyişən sınığı diaqnozu qoyulub.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda mədən ərazisini zəbt edən maklerlər mühafizəçilərə hücum etdilər – FOTO

    Qurban bayramı ilə əlaqədar qeyri-iş günü olmasını fürsət bilən bir qrup şəxs neft sənayesinə məxsus torpaqları zəbt edərək, qanunsuz tikinti işləri aparmağa cəhd edib.

    Report xəbər verir ki, belə faktlara xüsusilə Bayıl – 20-ci yaşayış sahəsində tez-tez rast gəlinir.

    İyulun 31-i “Bibiheybətneft” Neft Qaz Çıxarma İdarəsinin (NQÇİ) 3 saylı mədən ərazisində 3 366 saylı işlək neft quyusunun təqribən 40 metrliyində maklerlər Arif və Ruslan Zeynalovların tikintiyə hazırlıq işləri gördüyü mühafizəçilər tərəfindən aşkarlanıb. Onlara neft quyusuna minimum 300 metr məsafədə şəxsi tikinti işlərinin aparılmasının qanunla qadağan edildiyi izah olunub. Lakin onlar xəbərdarlıqlara məhəl qoymayaraq, bu gün də (01.08.2020) oğurladıqları torpaq sahəsində tikinti işlərini davam etdiriblər.

    Mühafizəçilər tikintinin qarşısını almağa çalışarkən Arif və Ruslan Zeynalovlar onlara qarşı təhqiredici sözlər, nalayiq ifadələr işlədiblər. Maklerlərin ətrafına topladığı şəxslər də öz vəzifəsini icra edən “Etalon Security” MMC-nin əməkdaşlarına hücum ediblər. Yaranan qarşıdurma nəticəsində mühafizəçi Mətin Məmmədov zədələr alıb və uniforması cırılıb. Mühafizə komandasının rəis müavini Azər Osmanov isə ciddi xəsarət alıb, səhhəti pisləşdiyi üçün təcili tibbi yardım çağırılıb. Aldığı xəsarətlərə görə Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə məlumat verilib və ekspertizaya müraciət olunub.

    Araşdırmalar onu göstərir ki, Bayıl – 20-ci yaşayış sahəsində mədən ərazilərini zəbt edən qruplaşmaya özünü “Sizin media” qəzetinin təsisiçisi kimi təqdim edən, jurnalist adı altında maklerliklə məşğul olan Rövşən Şirəliyev dayanır. Onun qanunsuz əməlləri haqqında mətbuatda geniş araşdırmalar dərc olunub.

    Elə Arif və Ruslan Zeynalovlar da Rövşən Şirəliyevin dəstəsinin üzvləridir. Belə ki, Ruslan Zeynalov da “Sizin media” qəzetinin vəsiqəsini daşıyır.

    Qeyd edək ki, “Bibiheybətneft” NQÇİ-nin 3 saylı mədən ərazisində qanunsuz, özbaşına tikinti işləri baş alıb gedir. Artıq bu ərazilər mədən sahəsini yox, yaşayış massivini xatırladır. Ərazidəki acınacaqlı vəziyyətin dəfələrlə ictimailəşdirilməsinə, mühafizəçilərin bütün cəhdlərinə baxmayaraq qanunsuz tikintinin qarşısını almaq mümkün olmur. Doğrudanmı hüquq mühafizə orqanları 3-5 dələduzun öhdəsindən gələ bilmir?





  • Sumqayıtda sərxoş kişi qardaşını və onun oğlunu xəstəxanalıq etdi

    Sumqayıtda sərxoş şəxs qardaşını bıçaqlayıb, qardaşı oğluna isə xəsarət yetirib.

    APA-nın məlumatına görə, hadisə şəhərin Corat qəsəbəsində qeydə alınıb. Eyni həyətdə yaşayan qardaşlar arasında yaranan mübahisə qanla nəticələnib. Belə ki, sərxoş vəziyyətdə olan 50 yaşlı Nəcəf Şirinov qardaşı, 1957-ci il təvəllüdlü Zakir Şirinova bıçaqla hücum edərək əvvəlcə sağ qoluna, sonra isə sinə nahiyəsinə xəsarət yetirib. Daha sonra o, bıçağın tiyəsi ilə qardaşı oğlunun göz nahiyəsinə zərbə endirib.

    Xəsarət alan ata və oğlu xəstəxanaya yerləşdirilib. Vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir.

    N. Şirinov polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanda koronavirusla bağlı SON STATİSTİKA

    Azərbaycanda koronavirusla bağlı son statistika açıqlanıb.

    Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, bu gün 7283 koronavirus testi edilib. Onlardan 279-u pozitiv çıxıb. Bununla da ölkə ərazisində indiyə qədər edilən koronavirus testlərinin sayı 732 236-ə çatıb.

    Məlumata görə, hazırda reanimasiyada olan koronavirus xəstələrinin sayı 267 nəfərdir. Onlardan 64 nəfəri süni tənəffüs cihazında olan xəstələrdir.

    Hazırda ölkədə 5229 nəfər aktiv koronavirus xəstəsi var.

  • “Ordumuz düşmən müdafiəsinin dərinliyindəki hərbi obyektlərə zərbə endirmək iqtidarındadır” – RƏSMİ

    “Azərbaycan Ordusu düşmən müdafiəsinin dərinliyindəki seçilmiş hərbi obyektlərə zərbə endirmək iqtidarındadır və ehtiyac olduqda bunu edəcək”.

    Bu sözlər Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda yer alıb.

    Bildirilib ki, Azərbaycan Ordusunun minaatan, raket və artilleriya zərbələri nəticəsində guya Ermənistanın mülki infrastrukturuna $300.000 dəyərində ziyan vurulması ilə bağlı yayılan məlumat sərhədyanı yaşayış məntəqələrində yerləşən köhnəlmiş və texnogen qəzalar nəticəsində sıradan çıxmış fərdi yaşayış binalarının, uşaq bağçalarının, su və qaz borularının, zavodların, müəssisələrin, bir sözlə illərlə baxımsızlıq səbəbindən onsuz da qəzalı vəziyyətdə olan, yaxud xarabalığa çevrilən obyektləri təmir etməyə gücü və imkanı çatmayan Ermənistan hökumətinin bütün günahı Azərbaycan tərəfinin üzərinə yıxmaq cəhdindən başqa bir şey deyildir:

    “Müəyyən bir ziddiyyət yaranır. Dövlət sərhədinin Tovuz istiqamətində iyul döyüşləri zamanı Ermənistan müdafiə nazirliyi dəfələrlə bəyan etdi ki, hərbi əməliyyatlar zamanı erməni tərəfi “layiqincə” müdafiə olunub, əhəmiyyətli dərəcədə itki verməyib, Ermənistanın yaşayış məntəqələrinə və infrastrukturuna vurula biləcək mümkün dağıntıların qarşısını alıb. Lakin heç iki həftə belə keçməmiş Ermənistan İstintaq Komitəsinin sədri Qayk Qriqoryan Tavuş vilayətinə vurulan “miqyaslı ziyan” barədə həyəcan təbili çalmağa başladı. Göründüyü kimi, Ermənistanın bir rəsmi dövlət nümayəndəsinin açıqlaması digər dövlət rəsmisinin açıqlamasına tamamilə ziddir. Bu da onu göstərir ki, Ermənistan tərəfinin yaydığı hətta rəsmi məlumatlar belə sırf yalan və böhtan üzərində qurulur.

    Bir daha bəyan edirik ki, düşməndən fərqli olaraq Azərbaycan Ordusunun bölmələri mülki vətəndaşları, yaşayış məntəqələrini, yaşayış binalarını və mülki obyektləri heç vaxt hədəfə almır və heç vaxt atəşə tutmur. Azərbaycanın hərbi qulluqçuları heç vaxt mülki əhali ilə savaşmır. Ermənistan tərəfinin bütün iddiaları və ittihamları tam əsassızdır. Bütün bunlar Ermənistanın beynəlxalq ictimaiyyətin və beynəlxalq təşkilatların diqqətini özünə cəlb etmək məqsədilə etdiyi uğursuz cəhddir.

    O ki, qaldı Ermənistan-Azərbaycan dövlət sərhədində baş vermiş döyüşlər zamanı Azərbaycan tərəfinin guya TOS-1 ağır odsaçan və “Qrad” yaylım atəşli reaktiv sistemlərindən istifadə olunması ilə bağlı Ermənistanın İstintaq Komitəsinin əsassız iddialarına, birmənalı şəkildə qeyd etməliyik ki, bu döyüşlərdə Azərbaycan Ordusu qeyd olunan silah növlərindən istifadə etməyib. Bu silahlardan və digər daha müasir silah növlərindən Azərbaycan Ordusu yalnız düşmən müdafiəsinin dərinliyindəki seçilmiş hərbi təyinatlı obyektlərin, hərbi infrastrukturun, həmçinin böyük ərazilərdə olan canlı hərbi qüvvəsinin dəqiq atəşlə məhv edilməsi üçün istifadə etməyi nəzərdə tutub.

    Lakin bilindiyi kimi bu cür obyektlər tərəfimizdən hələlik hədəfə alınmayıb və məhv edilməyib. Əgər erməni tərəfinin iddia etdiyi kimi, Azərbaycan Ordusu adı çəkilən silahlardan istifadə etsəydi, o zaman dağıntıların və dəyən ziyanın miqyası dəfələrlə artıq olardı. Əksinə, bu döyüşlər zamanı düşmən tərəfindən bölmələrimizin mövqeləri ilə yanaşı, yaşayış məntəqələrimiz və mülki obyektlərin də intensiv artilleriya atəşinə tutulması nəticəsində iyulun 14-də Tovuz rayonunun Ağdam kəndinin dinc sakini 76 yaşlı Əziz Əzizov həlak olub. Bununla yanaşı, mülki əhaliyə, dövlət əmlakı, fərdi mülklərə, eləcə də infrastruktur obyektlərinə ziyan dəyib. Hazırda dəymiş zərərin həcmi və dəyəri qiymətləndirilir.

    Azərbaycan Ordusunun bölmələri yalnız düşmənin tətbiq etdiyi silah və döyüş vasitələrinin gücü və dağıdıcı imkanlarına uyğun müvafiq adekvat cavab tədbirləri görüb. Əgər Ermənistan tərəfində TOS-1 ağır odsaçan və “Qrad” yaylım atəşli reaktiv sistemlərinin tərəfimizdən tətbiq edilməsi barədə hər hansı bir sübut varsa, onu təqdim etsin.

    Bu xəbəri qəti surətdə rədd edir, yayılan məlumatın növbəti yalan olduğunu bildiririk. Ermənistan bu cür dezinformasiya xarakterli məlumatlar yaymaqla hər zaman olduğu kimi bu dəfə də beynəlxalq ictimaiyyəti aldatmağa çalışır”.