Month: Avqust 2020

  • Sosial şəbəkədə görüntülər yayıldı, Bakı polisi hərəkətə keçdi: Məsuliyyətə cəlb olunanlar var – VİDEO

    Sosial şəbəkələrdə “Bakı bu axşam” başlığı altında yayılan videogörüntülər tərəfimizdən tam və hərtərəfli araşdırılıb.

    Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, iyulun 31-də gecə saatlarında Nəsimi rayonu, Neftçilər prospektində onlayn fəaliyyət göstərən bir neçə kafe, restoranın inzibatçı və müştərilərinin karantin rejim qaydalarını pozmaları müşayiət olunub:

    “Oradan alış-veriş etmiş bir qrup şəxs həmin kafe və restoranların qarşısında yerləşən parkda sosial məsafəni gözləmədən, beş nəfərdən artıq qrup halında toplanaraq mövcud karantin rejimi ilə əlaqədar tətbiq edilən qaydaları pozaraq, əyləniblər.

    Yayılan görüntülərdə İnzibati Xətalar Məcəlləsinin epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması hallarının tərkib əlamətləri olduğuna görə, Nəsimi RPİ tərəfindən həmin inzibati xətaları törədən hüquqi və fiziki şəxslər müəyyən olunaraq, inzibati məsuliyyətə cəlb olunublar.

    Qeyd olunanları nəzərə alaraq, paytaxt sakinlərindən tələb edirik ki, mövcud karantin rejimi ilə əlaqədar tətbiq edilən qaydalara əməl etsinlər”.

  • Məşhur meyxanaçı vəfat etdi – FOTO

    Məşhur meyxanaçı Vüqar Coratlı vəfat edib.

    Median.Az ölkə.az-a istinadən xəbər verir ki, meyxanaçının hansı səbəbdən vəfat etdiyi hələ ki məlum deyil.

    Qeyd edək ki, Vüqar Coratlı ANS-də yayımlanan məşhur “De Gəlsin” meyxana yarışmasının iştirakçılarından olub.

  • Azərbaycanda tanınmış şairin dənizdə batan oğlunun meyiti tapıldı – VİDEO

    İyulun 30-da Sumqayıt şəhərində, dənizdə (nəzarətsiz ərazidə) batan 2005-ci il təvəllüdlü Vəliyev Pərviz Şaiq oğlunun meyiti saat 17:00-da Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

    Bu barədə FHN məlumat yayıb.

    Xatırladaq ki, iyulun 30-da eyni ərazidə batan 2005-ci il təvəllüdlü Məmmədov Babalar Famil oğlunun meyiti bu gün saat 10:40-da tapılaraq aidiyyəti üzrə təhvil verilib.

    Qeyd edək ki, P.Vəliyev tanınmış şair Şaiq Vəlinin oğludur.

     *  * * * * *

    İyulun 30-da Sumqayıt şəhərində, dənizdə (nəzarətsiz ərazidə) batan 2005-ci il təvəllüdlü Məmmədov Babalar Famil oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, eyni gündə həmin ərazidə batan 2005-ci il təvəllüdlü Vəliyev Pərviz Şaiq oğlunun axtarışları davam etdirilir.

  • İsraildə Azərbaycana dəstək aksiyası keçiriləcək

    Avqustun 9-da İsrailin Tel-Əviv Yafo şəhərində müstəqil dövlətimizə və Azərbaycan əsgərinə dəstək məqsədilə yürüş-mitinq keçiriləcək.

    Bununla bağlı Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

    “İsraildəki Azərbaycan Evi”nin rəhbəri Nexemya Şirin Mixaelinin təşkilatçılığı ilə baş tutacaq aksiya şəhərdəki erməni mərkəzi və erməni kilsəsinin qarşısında gerçəkləşdiriləcək.

    Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, “The Jerusalem Post” qəzetinin siyasi şərhçisi Arye Qut deyib ki, Azərbaycan diasporu ilk dəfə İsraildə iri miqyaslı həmrəylik aksiyası keçirməyə hazırlaşır.

    Azərbaycan və İsrailin dövlət bayraqlarının dalğalanacağı, “Qarabağ Azərbaycandır!”, “Qarabağ bizimdir, Bizim olacaq!” şüarlarının səsləndiriləcəyi icazəli aksiya zamanı ictimai asayişin qorunmasına İsrail polisi nəzarət edəcək. O, bildirib ki, bu aksiya Azərbaycan-İsrail münasibətlərinin yüksək səviyyədə olduğunu göstərir.

    “Ermənistan və ona havadarlıq edən dövlətlər bu aksiyanın keçirilməsini istəməsələr də, bu tarixi hadisə baş verəcək. İsraildəki Azərbaycan diasporunun səfərbər edilməsi baxımından tarixi bir gün yaşayacağıq”, – deyə həmvətənimiz vurğulayıb.

    A.Qut İsraildə yaşayan Azərbaycan əsilli yəhudilərə müraciət edərək, onları aksiyada fəal iştirak etməyə çağırıb.

  • Prezidentin təyin etdiyi yeni nazir müavini kimdir? – DOSYE

    Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Sarvan Cəfərovu Kənd Təsərrüfatı naziri İnam Kərimovun müavini vəzifəsinə təyin edib.

    Median.Az yeni nazir müavinin tərcümeyi-halını təqdim edir:

    Cəfərov Sarvan Elxan oğlu 28 oktyabr 1985-ci ildə anadan olub. 1992-2003-cü illərdə Bakı şəhərinin 178 saylı orta məktəbində təhsil alıb. 2003-2007-ci illərdə Bakı Dövlət Universitetində Politologiya ixtisası üzrə bakalavr, 2008-2010-cu illərdə isə Milli təhlükəsizlik və siyasi strategiya ixtisası üzrə magistr təhsili alıb.

    Hər iki pillə üzrə təhsilini fərqlənmə diplomu ilə bitirib. 2007-2008-ci illərdə hərbi xidmətdə olub. 2012-2015-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin təşkili və idarə olunması ixtisası (MBA) üzrə magistr təhsili alıb.

    “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə” Dövlət Proqramı çərçivəsində 2015-2017-ci illərdə Avstriyada yerləşən Beynəlxalq Anti-Korrupsiya Akademiyasında magistr təhsili alıb.

    Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Aqrar Tədqiqatlar Mərkəzinin doktorantıdır. 2009-2012-ci illərdə Əmlak Məsələləri Dövlət Komitəsində məsləhətçi, 2012-2018-ci illərdə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində sədrin köməkçisi vəzifəsində işləyib.

    2018-ci ilin aprel ayından 2019-cu ilin noyabr ayına qədər Kənd Təsərrüfatı Nazirliyində nazirin köməkçisi, 2019-cu ilin noyabr ayından 2020-ci ilin mart ayına kimi nazirin müşaviri vəzifəsində işləyib. 2020-ci ilin mart ayından Kənd Təsərrüfatı Nazirliyində Aparat rəhbəri vəzifəsində işləyib.

    İngilis və rus dillərini bilir. Evlidir, üç övladı var.

  • Kanadada Azərbaycanın dövlət bayrağı ucaldıldı

    İyulun 31-də Kanadanın Kalqari şəhərində azərbaycanlı icma üzvlərinin müstəqil Azərbaycan dövlətinə və ordumuza dəstək məqsədilə yürüş-mitinqi təşkil olunub.

    Bununla bağlı Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

    Alberta–Azərbaycan Mədəniyyət Cəmiyyətinin (ALACS) təşkilatçılığı ilə baş tutan aksiya Kalqari şəhər bələdiyyəsinin inzibati binası önündə üçrəngli dövlət bayrağımızın ucaldılması ilə başlayıb. Bayrağın 24 saat ərzində dalğalanması üçün öncədən meriyadan müvafiq icazə alınıb.

    Günün ikinci yarısında isə “Olimpik Plaza” binasının qarşısından Azərbaycanın dövlət bayrağının ucaldığı meydana doğru yürüş edilib. Pandemiya ilə bağlı karantin qaydalarına uyğun olaraq, yürüşə 60 nəfər həmvətənimiz qatılıb.

    Yürüş-mitinq zamanı Azərbaycan, Türkiyə və Kanadanın dövlət bayraqları dalğalanıb, Ermənistanın hərbi təxribatları zamanı həlak olmuş şəhidlərimizin şəkillərinin, müxtəlif şüarların və məlumatların əks olunduğu plakatlar nümayiş etdirilib.

    Aksiya zamanı Azərbaycanın dövlət himni ifa edilib, “Qarabağ Azərbaycandır!”, “Erməni təcavüzünə son!”, “Yaşasın Azərbaycan!”, Şəhidlər ölməz, Vətən bölünməz!” şüarları səsləndirilib.

    Tədbir Tovuz cəbhəsində qəhrəmanlıqla həlak olan hərbçilərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başa çatıb. Karantin qaydalarına uyğun olaraq, gün ərzində soydaşlarımız meriyanın qarşısına gəlib, Azərbaycanın dövlət bayrağının fonunda şəkillər çəkdirməklə Vətənimizlə həmrəyliklərini ifadə ediblər.

  • Yaponiya və Özbəkistandakı Dostluq Cəmiyyətləri ermənilərin təcavüzkar siyasətini pisləyib

    Azərbaycanın Tovuz istiqamətindəki dövlət sərhədində Ermənistanın törətdiyi hərbi təxribatları və Dağlıq Qarabağın indiyədək erməni işğalından azad olunmadığını kəskin şəkildə pisləyənlər arasında ölkəmizlə dostluq əlaqələri olan cəmiyyətlər də var.

    Bununla bağlı Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

    Bildirilib ki, Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin və Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin yaydıqları bəyanatlarda uzun illərdir Ermənistanın Azərbaycana qarşı apardığı işğalçı və təcavüzkar siyasətə, ölkəmizin kobudcasına pozulmuş ərazi bütövlüyünün hələ də bərpa olunmamasına, dünyanın bir sıra ölkələrində son hərbi təxribatlara etiraz edən azərbaycanlıların, Ermənistanın işğalçı mahiyyətini ifşa etdiklərinə görə Los-Anceles və Brüssel şəhərlərində ermənilərin azğın və quldur dəstələrinin hücumlarına və zorakı əməllərinə məruz qaldıqlarına diqqət cəlb edilib.

    Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin icraçı direktoru, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü Xəlil Kələntər bildirib ki, bəyanatda Los-Ancelesdəki cinayət zamanı üç min erməninin 50 azərbaycanlıya hücum edərkən ASALA (“Ermənistanın azadlığı uğrunda erməni məxfi ordusu”) sözü yazılmış köynəklərdə olduğu vurğulanıb.

    Yaponiya ictimaiyyətinin nəzərinə çatdırılıb ki, ASALA ermənilərin terrorçu təşkilatı kimi dünyada tanınıb.

    Sənəddə Ermənistan dövlətindən Azərbaycana qarşı işğalçı siyasətini dayandırması, qonşu dövlətlərin ərazilərinin işğalı yolu ilə “böyük Ermənistan dövləti”nin yaradılmasına xidmət edən xülyasından əl çəkməsi tələb edilib.

    Azərbaycan icmasının üzvləri yapon parlamentarilərini sayıqlıq nümayiş etdirməyə, erməni terrorunun qarşısını almağa, Yaponiyada və dünyanın istənilən nöqtəsində təcavüz aktlarını pisləyən bəyanatlarla çıxış etməyə çağırıblar.

    Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin professoru Erkin Nuriddinov isə bildirib ki, mütərəqqi qüvvələr yaranmış vəziyyətlə bağlı susmamalı, Azərbaycana qarşı illərdir davam edən bu işğalçı siyasətə qarşı səslərini ucaltmalı, baş verənləri yaşadıqları ölkələrin hökumətlərinin, parlamentlərinin və ictimaiyyətlərinin diqqətinə çatdırmalıdırlar.

    Professor qeyd edib ki, Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları işğal edilib.

    “Bu, bir ölkənin digər qonşu ölkəyə açıq ərazi iddiası və təcavüzüdür. Azərbaycanın 20 min günahsız dinc sakini erməni zorakılığının qurbanı olub. Bu təcavüz nəticəsində 50 min nəfər isə əlil olub və 4866 nəfər itkin düşüb. Ermənistan tərəfindən bu cür təcavüzə, qanlı hadisələrə heç bir şəkildə əsas tapıla bilməz.

    Üstəlik, beynəlxalq hüququn prinsiplərinə görə, mülki və dinc əhaliyə qarşı həyata keçirilmiş soyqırım və cinayətlərə görə beynəlxalq məhkəmə qarşısında cavab verilməlidir. Mən Özbəkistanın elm və ictimai xadimi kimi Azərbaycan xalqının bu ağrıları ilə çoxdan tanışam və erməni tərəfinin təcavüzkar hərəkətlərini kəskin şəkildə qınayıram”, – deyə E.Nuriddinov bildirib.

    Alim hesab edir ki, münaqişənin yeganə həlli Azərbaycan torpaqlarının işğaldan azad olunması və ölkənin ərazi bütövlüyünün təmin olunmasıdır.

    “Biz – dünya birliyi əgər bu ədaləti bərpa etməsək, gələcəkdə bu cür təcavüzlər, soyqırımlar, işğallar, dinc insanların öldürülməsi davam edəcək və daha da kəskinləşəcək. Bir daha bəyan edirəm ki, ədalətin gec-tez zəfər çalacağına, bir milyona yaxın mülki, dinc azərbaycanlıların öz ata-baba yurdlarına qaytarılacağına, sülhün regionda bərqərar olacağına inanıram.

    Çünki həqiqət daim zəfər çalır. Bu ağır günlərdə Azərbaycan xalqına baş vermiş hadisələrə görə başsağlığı verir, səmimi dəstəyimi və duyğularımı çatdırıram”, – deyə professor əlavə edib.

  • Azərbaycanda 279 nəfər koronavirusa yoluxdu, 592 nəfər sağaldı

    Azərbaycanda koronavirus infeksiyasına 279 yeni yoluxma faktı qeydə alınıb, 592 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Bu barədə  Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

    İndiyədək ölkədə ümumilikdə 32 157 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 26 474 nəfər müalicə olunaraq sağalıb, 454 nəfər vəfat edib, aktiv xəstə sayı 5 229-dur.

    Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 283, ötən müddət ərzində isə ümumilikdə 732 236 test aparılıb.

  • Abşeron RİH-dən satdığı soğanı yandıranla bağlı – Açıqlama

    “Bəzi kütləvi informasiya vasitələrində Abşeron rayonunun Masazır kəndində meyvə-tərəvəz satışı ilə məşğul olan Vüqar Əzizov tərəfindən RİH-in adıçəkilən kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahlar Həsənova etiraz əlaməti  olaraq satdığı soğanı yandırması ilə bağlı videogörüntülər yayılıb”.  Bu barədə  Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib.

    “Məsələ ilə əlaqədar bildiririk ki, müəyyən olunmamış yerlərdə ərzaq və kənd təsərrüfatı məhsullarının satılması, küçə ticarəti ilə məşğul olmaq ətraf mühitin çirklənməsi, mərkəzi küçə və prospektlərin estetik gözəlliyinə xələl gətirməsi, insanların  sağlamlığına ziyan olmaqla yanaşı eyni zamanda da qanunla qadağandır.

    Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 454-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmamış yerlərdə malların satılması inzibati məsuliyyət müəyyən edir. Bununla əlaqədar olaraq Masazır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ş.Həsənov tərəfindən qanunamüvafiq olaraq satıcı V.Əzizova küçə ticarətinin dayandırılması və ərazinin təmizlənməsi ilə bağlı xabərdarlıq edilib. V.Əzizov isə qanunun tələblərinə riayət etməkdən imtina edib və satdığı soğanı yandırıb. Öz qanunsuz əməllərinin həyata keçirilməsi üçün belə şantaj vasitələrindən istifadə olunması yolverilməzdir. Rayon İcra Hakimiyyəti tərəfindən bu kimi qanunsuz əməllərin, küçə ticarətinin və ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması istiqamətində bundan sonra da qanunamüvafiq tədbirlər həyata keçiriləcək.

    Sakinlərə müraciət edərək bildiririk ki, yerli icra və bələdiyyə orqanlarının, Qida Təhlükəsizliyi Agentliyinin və polis əməkdaşları ilə birgə aparılan reydlərə baxmayaraq bəzi fiziki şəxslər və istehsalçılar tərəfindən küçədə ərzaq məhsullarının, xüsusən də plasmas qablarda qazlı suların, kənd təsərrüfatı məhsullarının, tez xarab olan süd və süd məhsullarının heç bir gigiyenik normaya əməl olunmadan satışının həyata keçirildiyi müşahidə edilir. İsti yay günlərində bu məhsulların açıq havada satılması əhali arasında mədə-bağırsaq və qida zəhərlənmələrinin yaranması üçün əlverişli şərait yaradır.

    Bununla yanaşı, satılmayan məhsullar, qida qalıqları və xarab olan kənd təsərrüfatı məhsulları yolların kənarlarına tökülür. Bu da antisanitariya vəziyyətinin yaranmasına, ətraf mühitin çirklənməsinə səbəb olur. Rayon ərazisində yaşanan bu kimi hallara qarşı yerli strukturlar tərəfindən qanunamüvafiq şəkildə tədbilər həyata keçiriləndə isə bəzi şəxslər tərəfindən küçə ticarətinin müdaifiə olunması, qanunlara əməl edilməməsi və hətta şantaj xarakterli əməllər törədilir ki, bu da son nəticədə rayonda sanitar-gigiyenik normaların pozulmasına gətirib çıxardır. Ona görə də Abşeron sakinlərindən küçə ticarətinə qarşı tədbirlərin aparılmasında aidiyyatı təşkilatlara köməklik göstərmələrini xahiş edirik. Bu həm də hər bir sakinin vətəndaşlıq borcudur”, – açıqlamada deyilir.

  • Azərbaycanda 25 yaşlı qadın intihar etdi

    Sumqayıtda intihar hadisəsi baş verib.

    APA-nın məlumatına görə, 1995-ci il təvəllüdlü Əliyeva Elnarə Yusif qızı Corat qəsəbəsində yaşadığı evdə özünü asıb.

    İntiharın səbəbləri bilinmir.

    Meyit aidiyyəti üzrə təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.