Month: Avqust 2020

  • Siyəzəndə yanğında iki nəfərin ölməsi ilə bağlı cinayət işi başlandı

    İyulun 31-də saat 12 radələrində Siyəzən rayonunun Sədan kəndi yaxınlığında baş vermiş yanğın nəticəsində 1959-cu il təvəllüdlü Nizami Qanbayev və 1970-ci il təvəllüdlü Cahangir Zeynalovun ölmələri barədə məlumat daxil olub.

    Siyəzən Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə yerinə prokurorluq, polis, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti və hal şahidlərinin iştirakları ilə baxış keçirilib.

    Faktla bağlı Siyəzən Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

    İş üzrə məhkəmə-tibb, məhkəmə-yanğın ekspertizaları təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

    Hazırda cinayət işi üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla təqsirli şəxslərin dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

  • Bakı sakinlərinə xəbərdarlığın səbəbi bilindi: DİN də cəlb edildi

    Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda koronavirus epidemiyasına qarşı tədbirlərin daha da genişləndirilməsi məqsədilə kompleks tədbirlər davam etdirilir.

    İcra Hakimiyyətindən verilən məlumata görə, bu tədbirlər çərçivəsində avqustun 1-də səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxtdakı əsas küçə və prospektlərdə kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2000 nəfər əməkdaşı tərəfindən xüsusi kimyəvi maddələrlə növbəti – doqquzuncu əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilir.

    Gün ərzində mərkəzi küçələrlə yanaşı, paytaxtın qəsəbə və yaşayış massivlərindəki küçələrdə də dezinfeksiya işləri aparılacaq. Bu zaman istifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq, paytaxt sakinləri əvvəlcədən KİV-lər vasitəsilə xəbərdar edilib.

    Hər dəfə olduğu kimi, bu dəfə də Daxili İşlər Nazirliyinin şəxsi heyəti 20 ədəd xüsusi təyinatlı avtonəqliyyat vasitələrinin köməyi ilə gün ərzində keçirilən bu dezinfeksiya işlərində yaxından iştirak edir.

    Küçələrdə aparılan dezinfeksiya işləri ilə yanaşı, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin əməkdaşları xüsusi qrafikə uyğun Departamentin balansında olan yaşayış binalarında, lift kabinələrində, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri davam etdirirlər.

    Dezinfeksiya işlərinin kütləviliyi nəzərə alınaraq, kommunal xidmətlərin işçiləri lazımi qoruyucu geyim, maska, eynək və digər vasitələr, yeni dezinfeksiyaedici aparatlarla təmin olunublar.

    Bildirilir ki, geniş dezinfeksiya tədbirlərinin keçirilməsində əsas məqsəd vətəndaşlarımızı bu pandemiyadan qorumaqdır. Bu istiqamətdə hər cür tədbirlər görülür.

  • Sabah havanın hərarəti 38 dərəcəyə yüksələcək

    Avqustun 2-də ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi, cənub küləyinin əsəcəyi, axşama doğru mülayim şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir.

    Havanın temperaturu Abşeron yarımadasında gecə 19-23, gündüz 30-35, Bakıda gecə 21-23, gündüz 32-34 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz təşkil edəcək.

    Abşeron çimərliklərində cənub küləyi əsəcək, axşama doğru mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 24-25, Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26 dərəcə isti təşkil edəcək.

    Sabah Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz şimal və qərb rayonlarından başlayaraq, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 14-17, gündüz 18-23 dərəcə isti olacaq.

  • Büdcədən koronavirusla bağlı ayrılacaq pullar – RƏSMİ + MƏBLƏĞ

    Koronavirus pandemiyası ilə əlaqədar sosial müdafiə və sosial təminat üzrə maliyyə dəstəyinin davam etdirilməsi üçün 238 milyon manat vəsaitin ayrılması gözlənilir.

    Oxu.Az-ın xəbərinə görə, bununla bağlı Azərbaycanın 2020-ci il dövlət büdcəsinə dəyişikliyi nəzərdə tutan layihənin izahatında yazılıb.

    Pandemiya ilə bağlı dövlət şirkətlərinə maliyyə dəstəyinin davam etdirilməsi üçün 136,6 milyon manat ayrılması proqnozlaşdırılır.

    Koronavirus infeksiyasının yayılması ilə bağlı iqtisadi dəstək üzrə tədbirlərin maliyyə təminatı, o cümlədən, sahibkarlara dövlət tərəfindən maliyyə dəstəyinin davam etdirilməsi üçün 100 milyon manat xərc çəkiləcək.

    Səhiyyə sahəsi üzrə əlavə tələbatın ödənilməsi üçün 369 milyon manat vəsaitin xərclənəcəyi də proqnozlaşdırılır. Bu məbləğ koronavirus infeksiyası ilə əlaqəli əmək şəraitinə görə tibb işçilərinə verilən müddətli əlavənin maliyyələşdirilməsinə, zəruri tibb ləvazimatlarının, avadanlıqlarının və başqa ehtiyacların tədarükünə, karantin nəzarətinə götürülmüş şəxslərə karantin müəssisələrində göstərilən xidmətlərə görə yaranmış xərclərin, stasionar müalicə tədbirlərinə cəlb edilmiş Tədris Cərrahiyyə Klinikasının və Tədris Terapevtik Klinikasının, Mərkəzi Neftçilər Xəstəxanasının, yeni tikilən modul tipli xəstəxanaların saxlanılmasına yönəldiləcək.

    Layihə Milli Məclisin növbədənkənar sessiyasının iclaslarında müzakirəyə çıxarılacaq.

  • Bakı sakini boğazından bıçaqlandı

    Bakının Xəzər rayonunda dava zamanı bir nəfər boğazından bıçaqlanıb.

    APA xəbər verir ki, hadisə Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində baş verib.

    1985-ci il təvəllüdlü Qurbanov Xalid Allahşükür oğlu naməlum şəxslə mübahisə edib.

    Mübahisə zamanı o, boğazından bıçaq xəsarəti alıb. Yaralı 3 nömrəli Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

    Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

  • ABŞ və Rusiya nüvə silahları ilə bağlı saziş üzərində çalışır

    ABŞ Rusiya ilə nüvə silahları barədə müqavilə imzalamağa şad olacaq.

    “RİA Novosti”nin məlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

    ABŞ Prezidenti hazırda bu istiqamətdə işlərin aparıldığını qeyd edir.

  • 1 Avqust – Azərbaycan Əlifbası Günüdür

    Bu gün Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. Ulu Öndər həmin Fərmanı latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkədə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətinin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq imzalayıb. 1 avqust tarixinin seçilməsi də təsadüfi olmayıb, belə ki, həmin gün 1990-cı ildə Azərbaycan Əlifba Komissiyası yaradılıb.

    Məlumat üçün bildiririk ki, Azərbaycanda əlifba islahatının aparılmasında Azərbaycanın görkəmli dilçi alimi, türkoloq və ictimai xadim, müasir Azərbaycan əlifbasının müəllifi, əməkdar elm xadimi, dövlət mükafatı laureatı, akademik Afad Qurbanovun misilsiz xidmətləri olub: onun təşəbbüsü ilə 1 avqust 1990-cı ildə Azərbaycan Əlifba Komissiyası yaradılıb və əlifba mütəxəssisi kimi bilik və bacarığı nəzərə alınaraq, o, komissiyanın sədri təyin edilib.

    Bu gün Əlifba Komissiyanın yaradılmasından 30 il keçir. Ötən zaman kəsiyində dövlətimiz daha da güclənib, Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsi daha da genişlənib.

    Ana dilin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tədbirlərində eşidilməsi qürurvericidir. Çünki dil təkcə ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixi, ədəbiyyatı, mədəniyyətidir. Hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz ana dilini, dinini, milli adət və ənənələrini unutmamalı, onları təbliğ etməlidir. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: “Dil ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla bağlıdır. Bunlarsız isə vətənpərvərlik formulu yoxdur”.

    Hər bir kəs bu günün Ana dili günü olduğunu bilməli, dilini sevib qorumalı, onu bir miras kimi gələcək nəsillərə ötürməli, həmçinin XX əsrin 20-ci illərində Azərbaycanda istifadə olunan latın qrafikalı əlifba böyük mütəfəkkir M.F.Axundovun ideyası əsasında yaradıldığı halda, hazırda istifadə etdiyimiz latın qrafikalı Azərbaycan əlifbasının müəllifinin akademik Afad Qurbanov olduğunu bilməlidir.

  • İki təyyarə toqquşdu: Ölənlər var

    ABŞ-ın Alyaska ştatının ərazisində iki yüngül mühərrikli təyyarə toqquşub.

    “Anchorage Daily New” bu barədə ABŞ-ın Federal Aviasiya Administrasiyasına (FAA) istinadən xəbər yayıb.

    Qəza nəticəsində ümumilikdə yeddi nəfər həyatını itirib. Onlardan biri siyasətçi, Alyaska nümayəndələr palatasının üzvü Harri Knoppdur.

    İnsident nəticəsində sağ qalan olmayıb.

    İstintaq qrupunun ilkin məlumatına görə, təyyarələrin toqquşduğu vaxt hava şəraiti əlverişli olub, səmada görüntü ilə bağlı hər hansı problem yaşanmayıb.

  • Vilayət Eyvazovdan yeni TƏYİNATLAR

    Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

    Bu barədə nazir, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

    Əmrə əsasən, Xəzər Rayon Polis İdarəsinin İstintaq şöbəsinin rəisi, polkovnik-leytenant Erol Əliyev işdən çıxarılıb.

    O, Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin rəisi təyin olunub.

    Qaradağ RPİ-nin İstintaq Şöbəsinin rəisi, polkovnik- leytenant Həsən İsmayılov da Xəzər RPİ İstintaq Şöbəsinin rəisi təyin edilib.

  • Qazaxıstanda koronavirusa qarşı peyvənd insan üzərində sınaqdan keçirildi

    Qazaxıstanda koronavirusa qarşı peyvənd insan üzərində sınaqdan keçirilib.

    “Xabar-24” məlumat verir ki, peyvəndləmə Qazaxıstan Milli Aqrar Universitetindəki Beynəlxalq Peyvənd Mərkəzində baş tutub.

    Respublikanın peyvənd vurulan ilk sakini mərkəzin direktoru Kaysar Tabınov olub.

    Ona Avstraliyada hazırlanan və birinci klinik mərhələdə olan “COVAX-19” adlı peyvənd vurulub.

    Qazaxıstan Təhsil və Elm Nazirliyinin mətbuat xidməti Qazaxıstan mütəxəssisləri tərəfindən hazırlanan koronavirus peyvəndinin klinik sınaqlardan uğurla keçdiyini bildirib.

    Hazırda ölkədə 90 367 nəfərdə koronavirus infeksiyası təsdiqlənib, 60 825 xəstə sağalıb, 793 nəfər ölüb.