Month: August 2020

  • Mingəçevirdə birmərtəbəli evdə yanğın olub

    Mingəçevir şəhərində fərdi yaşayış evində yanğın baş verib.

    APA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə zamanı ümumi sahəsi 250 kv/m olan bir dam altında tikilən 3 ailənin yaşadığı birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 10 kv/m sahədə, içərisində 1 ədəd paltar dolabı və tavan 5 kv/m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

  • Mehmanxanalarda xəstəlik daşıyıcıları ilə bağlı nəzarət tədbirləri məlum olub

    Mehmanxanalarda xəstəlik daşıyıcıları ilə bağlı nəzarət tədbirləri məlum olub.

    APA-nın məlumatına görə, bu, Nazirlər Kabineti tərəfindən təsdiqlənən “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları”nda əksini tapıb.

    Qaydalara əsasən, mehmanxanada şübhəli COVID-19 hallarında ünsiyyət üçün yetərli sayda müvafiq qoruyucu geyimlərin (qoruyucu forma (kombinezon, üz üçün sipər), baxil, tibbi əlcək, tibbi eynək, saç örtüyü (bone), tibbi maska) olması təmin edilməlidir.

    – Mehmanxana daxilində xüsusi karantin otağı (otaqları) ayrılmalıdır.

    – İnfeksiyanın yayılmasının qarşısını almaq üçün hərarəti və respirator simptomları olan qonaqların və ya işçilərin tibbi maskalar geyinməsi təmin edilir.

    – Xəstəlik şübhəsi olan qonağa və ya işçiyə dərhal tibbi xidmət göstərilməsi üçün 103 Təcili Tibbi Yardıma müraciət edilir.

    – Təcili tibbi yardım gələnədək xəstəlik şübhəsi olan qonaq və ya işçinin digər qonaqlardan və işçilərdən izolyasiya edilməsi məqsədilə o, xüsusi karantin otağında yerləşdirilir.

    – Xəstəlik şübhəsi olan qonaq və ya işçi ilə işçi heyətin təması minimuma endirilir və onunla təmasda olan şəxslər tərəfindən fərdi mühafizə vasitələrindən (tibbi maska, əlcək, üz sipəri, baxil) istifadə olunması təmin edilir.

    – Xəstəlik şübhəsi olan qonaq və ya işçi 103 Təcili Tibbi Yardımın həkimləri tərəfindən laboratoriya müayinəsindən keçirilir və nəticələri əldə olunanadək həmin şəxslər xüsusi karantin otağında saxlanılır. Laboratoriya müayinəsinin nəticəsi pozitiv olduqda, Azərbaycan Respublikasında səfərdə olan şəxslər yoluxucu xəstəliyin müalicəsi üçün ayrılmış xüsusi tibbi müəssisəsinə yerləşdirilirlər.

    – Xəstəlik şübhəsi olan qonaqla eyni otaqda qalan asimptomatik şəxsin və ya şəxslərin (əgər varsa) öz otaqlarında izolyasiya olunmaları təmin edilməli və onlardan test götürülməsi və iltizam alınması üçün 103 Təcili Tibbi Yardıma məlumat verilməlidir.

    – Karantin otağında pəncərələr (mümkün olduğu halda) açıq saxlanılır və otaqda havalandırma təmin edilir.

    – Təmizlik işlərini həyata keçirəcək işçilərin təhlükəsizliyini təmin etmək məqsədilə xəstə qonaq və ya işçi mehmanxananı tərk etdikdən sonra karantin otağının və aidiyyəti üzrə qonaq otağının 72 saat istifadəsiz saxlanılması və oraya heç kimin daxil olmasına icazə verilməməsi, qapının üzərinə “istifadəyə yararsızdır” nişanının vurulması tövsiyə olunur.

    Eyni zamanda qaydalara əsasən, Xəstə qonaq və ya işçi mehmanxananı tərk etdikdən sonra karantin otağının və aidiyyəti üzrə qonaq otağının 72 saatdan sonra (tövsiyə olunan müddət) aşağıdakı qaydada təmizlənməsi və dezinfeksiya olunması təmin edilməlidir:

    – otağın təmizlənməsi zamanı əlcək, tibbi maska, üz sipəri, saç örtüyü (bone) və xalat istifadə edilməlidir;

    – tənəffüs sekresiyaları və ya bədən mayeləri ilə çirklənmə halında, çirklər ilkin olaraq maşa vasitəsilə idarə olunmaqla maye uducu parçalarla təmizlənməlidir;

    – maşa və parçalar diqqətlə tullantı torbalarına yerləşdirilməlidir;

    – bütün səthlər 1:100 normal durulaşdırılmış ağardıcı ilə təmizlənməli (Natrium hipoxlorit), əhəmiyyətli dərəcədə çirklənmə olduqda isə 1:10 normal durulaşdırma ilə hazırlanmış ağardıcıdan istifadə edilməlidir. Ağardıcının hazırlanma dərəcələri (10 faizlik): 1:10 nisbətdə ağardıcının hazırlanması: 1 ölçü ağardıcı + 9 hissə su (5000- 6000 ppm xlor sərbəst buraxılır); 1:100 nisbətdə ağardıcının hazırlanması: 1 ölçü ağardıcı + 99 hissə su (500-600 ppm xlor sərbəst buraxılır). 1:100 nisbətində ağardıcı əldə etmək üçün praktik olaraq 10 litr suya 1 kiçik çay stəkanı qədər ağardıcı əlavə edilir);

    – ağardıcıdan istifadə etmək mümkün olmadığı təqdirdə (məsələn; telefon, uzaqdan idarəetmə pultları, lift düyməsi və s.), 70 faiz spirt tərkibli məhlul istifadə edilə bilər;

    – istifadə edilən paltar, döşək üzləri, yataq örtükləri, dəsmallar və s. camaşırlar silkələnməməli, birdəfəlik istifadə üçün nəzərdə tutulmuş, ağzı sıx bağlanan, polietilen paketlərə yerləşdirilməlidir. Şübhəli şəxsin istifadə etdiyi paltar, dəsmal, yataq örtüyü kimi tekstil məhsulları 72 saat kənarda saxlanıldıqdan sonra 60- 90°C temperaturda yuyucu toz ilə yuyulmalıdır;

    – yumşaq mebel və matras buxarlı təmizləyici ilə təmizlənməlidir;

    – xəstə qonağın və ya işçinin təmasda olduğu digər şəxslər və yerlər (misal üçün, dəhlizlər, lobbi və s.) müəyyən olunmalı, müvafiq qaydada izolyasiya, təmizləmə və dezinfeksiya tədbirləri görülməlidir;

    – dezinfeskiya prosesi başa çatdıqdan sonra istifadə olunan bütün vasitələr (qoruyucu geyimlər, parçalar) tullantı torbalarına yerləşdirilməli və əl gigiyenası həyata keçirilməlidir;

    – yeni əlcəklər geyinilməli və tullantı torbalarının ağızları bərk sıxılaraq qapaqlı tullantı qutularına yerləşdirilməli, 72 saat (tövsiyə olunan müddət) digər tullantılardan kənar saxlanılmalı, daha sonra digər tullantılarla birgə utilizasiya edilməlidir;

    – yekunda əllər təkrar yuyulmalıdır.

    Qaydalara əsasən, mehmanxanalarda kütləvi xəstəlik şübhəsi hallarında evakuasiya həyata keçirilməli, bu haqda öncədən təlimatlandırılmış işçi heyətin nəzarəti altında bütün qonaqlar mehmanxanadan çıxarılmalı və mehmanxana tamamilə dezinfeksiya olunmalıdır.

    Qaydalara görə, təsirə məruz qalan işçi olduqda, həmin işçiyə xüsusi diqqət yetirilməsi, COVID-19-a spesifik olan əlamət (əlamətlər) müşahidə olunduqda (hərarət, quru öskürək, nəfəs darlığı, ishal və s.) dərhal işini dayandırması, tibbi maska ilə təmin olunaraq qapalı otaqda izolyasiya edilməsi və tibbi xidmətin göstərilməsi üçün 103 Təcili Tibbi Yardıma müraciət edilməsi təmin edilməlidir.

    Xəstəlik əlaməti olan işçinin iş yerinin dezinfeksiya edilməsi təmin olunmalıdır.

    Həmin işçidə laborator üsulla COVID-19 təsdiqləndiyi halda, onunla sıx təmasda olan işçilərdən test götürülməsi və cavablar müəyyənləşənədək qədər onların evdə özünütəcrid rejimində olması təmin edilməlidir.

    Xəstəlik əlamətləri müşahidə olunan qonaq və işçilərin dərhal təmasda olduğu (qonağın otaq yoldaşı, xəstəlik əlamətləri müşahidə olunan qonaq və işçilərə qayğı göstərən şəxslər, fərdi qoruyucu vasitələrdən istifadə etmədən təmasda olan şəxslər) müəyyənləşdirilməsi və idarə edilməsi təmin olunmalıdır.

    Bu barədə ərazi Gigiyena və Epidemiologiya Mərkəzinə məlumat verilməlidir.

  • Tovuzda bıçaq xəsarəti alan qadın xəstəxanada öldü

    Tovuz rayonunda həyat yoldaşı tərəfindən bıçaqlanan qadın yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.

    “Report”un Qərb Mərkəzinin məlumatına görə, həkimlərin səyinə baxmayaraq 1990-cı il təvəllüdlü Rəqsanə Məmmədovanın həyatını xilas etmək mümkün olmayıb.

    Faktla bağlı araşdırma aparılır.

    Qeyd edək ki, R. Məmmədova həyat yoldaşı, 1986-cı il təvəllüdlü Malik Məmmədəliyev tərəfindən bıçaqlanmışdı.

  • Beyrutda etirazçılar iki nazirlik binasını zəbt ediblər, toqquşmada bir polis ölüb – YENİLƏNİB

    Beyrutun mərkəzində nümayişlər zamanı odlu silahdan atılan atəş nəticəsində təhlükəsizlik xidmətinin bir əməkdaşı ölüb.

    APA xəbər verir ki, bu barədə “Al-Hadath” telekanalının “Twitter” səhifəsində məlumat yer alıb.

    Məlumata görə, daha bir neçə nəfər odlu silah yarası alıb.

    Bildirilir ki, şəhərdə keçirilən aksiyalar zamanı etirazçılar Livan XİN-in binasına daxil olublar. Binanın yaxınlığında cəmləşən polislər onlarla danışıqlar aparır. Bildirilir ki, etirazçılar burada prezident Mişel Aunun portretini yandırıblar və XİN-in binasını özləri üçün mənzil-qərargah elan ediblər.

    “Sky News Arabia” telekanalının məlumatına görə, etirazçılar, həmçinin Beyrutun mərkəzində İqtisadiyyat Nazirliyinin binasına daxil olublar.

    Qeyd edək ki, faktiki olaraq şəhər mərkəzi bütövlükdə təhlükəsizlik qüvvələri və etirazçılar arasında yaranan toqquşma meydanına çevrilib. Kütləvi etiraz aksiyaları “Al-Kataib” müxalifət partiyasının lideri Sami Jmayelin çağırışlarından sonra baş qaldırıb. Qırmızı Xaç Cəmiyyətinin Livan ofisinin məlumatına görə, etiraz aksiyaları zamanı 130 nəfər xəsarət alıb.

    ***
    Livanın paytaxtı Beyrutda etirazçılar şəhərin Əşrəfiyyə bölgəsində yerləşən Livan Xarici İşlər Nazirliyinin binasını zəbt ediblər.

    APA “RİA Novosti”yə istinadən xəbər verir ki, aksiya iştirakçıları XİN-in binasına girərək “Beyrut – silahsızlaşdırılmış şəhər” və “İnqilab paytaxtı” yazılan plakatlar qaldırıblar.

    Bildirilir ki, Beyrut limanında baş vermiş partlayış zamanı Xarici İşlər Nazirliyinin binası da ciddi ziyan görüb.

    Qeyd edək ki, Beyrutda minlərlə insan hökumətin istefası və islahatlar keçirilməsi tələbi ilə hökumət əleyhinə mitinqlər keçirir. Aksiya iştirakçıları kütləvi şəkildə polisə daş və partlayan pirotexnikalar atırlar. Polis qüvvələri isə bunun cavabında gözyaşardıcı qazdan istifadə edir.

  • Polad Həşimovun yaşadığı binada təmir işləri aparılır – FOTOLAR

    Şəhid general-mayor Polad Həşimovun yaşadığı binada təmir işləri görülür.

    Median.Az xəbər verir ki, Sumqayıt şəhəri “on üçüncü mikrorayon” ərazisində yerləşən 43-cü binada təmir işləri başlayıb. Polad Həşimovun yaşadığı həmin binada dünəndən başlayan fasad işləri davam edir.

    Qeyd edək ki, Polad Həşimov Sumqayıtda anadan olub və o, iyulun 13-14 keçən gecə Azərbaycan-Ermənistan sərhədində Tovuz istiqamətində gedən döyüşlərdə həlak olub.

  • Salyan sakini intihar edib

    Salyan rayonunda intihar hadisəsi baş verib.

    “Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Xıdırlı kəndində qeydə alınıb.

    Belə ki, kənd sakini, 1973-cü il təvəllüdlü Çələbiyev Raqib Oruc oğlu yaşadığı evin həyətyanı sahəsindəki yarımtikilidə özünü asaraq intihar edib.

    İntiharın səbəbləri hələlik məlum deyil.

    Faktla bağlı araşdırma aparılır.

  • Siqaretə görə yol qəzası baş verdi, 3 nəfər ağır yaralandı

    Bakı-Şamaxı magistral avtomobil yolunda bir neçə nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un məlumatına görə, hadisə magistral yolun 20-ci km-də qeydə alınıb.

    Belə ki, sürücü siqaret çəkmək üçün avtomobilini yolun kənarında park vəziyyətdə saxlayıb. Bu zaman arxadan gələn yük avtomobili minik avtomobilinə çırpılıb.

    Hadisə zamanı 5 yaşlı Kərimov Yusif Rüfət oğlu, 1962-ci il təvəllüdlü Qarayeva Xuraman Atamoğlan qızı, 1983-cü il təvəllüdlü Acanov Vüsal Azad oğlu ağır bədən xəsarətləri alıblar.

    Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıblar.

    Müayinə zamanı Y. Kərimova qapalı kəllə-beyin travması, sol qamış sümüyünün yerdəyişən sınığı və təpə-ənsə nahiyəsinin cırılmış yarası, X. Qarayevaya qapalı kəllə-beyin travması və təpə-ənsə nahiyəsinin cırılmış yarası, V. Acanova isə qapalı kəllə-beyin travması, baş nahiyəsinin cırılmış yarası diaqnozları qoyulub.

    Faktla bağlı araşdırma aparılır.

  • Sumqayıtda motosiklet minik avtomobilinə çırpılıb, xəsarət alan var – FOTO

    Sumqayıtda motosiklet minik avtomobilinə çırpılıb.

    APA-nın yerli bürosunun məlumatına görə, qəza şəhərin Sülh prospektində qeydə alınıb.

    Belə ki, hərəkətdə olan motosiklet yol kənarında dayanmış BMW markalı minik avtomobilinə çırpılıb.

    Qəza nəticəsində motosikletin sürücüsü xəsarət alıb və ona yerində təcili tibbi yardım xidmətinin əməkdaşları tərəfindən yardım göstərilib.

    Əraziyə yol polisinin əməkdaşları cəlb olunub.

    Faktla bağlı araşdırma aparılır.

  • Məşhur rusiyalı oyunçudan maraqlı qərar: Ölkəsində futbol oynamaq istəmir

    İspaniyanın “Valensiya” klubunda çıxış edən yarımmüdafiəçi Denis Çerışev Rusiya klublarından gələn təklifləri rədd edib.

    Bu barədə “Superdeporte” nəşri məlumat yayıb.

    29 yaşlı yarımmüdafiəçi Rusiyada oynamaq istəmədiyini bildirib.

    Futbolçuya CSKA və “Spartak” (Moskva) klublarının elçi düşdüyü məlum olub.

  • Beyrutda iğtişaşlar zamanı xəsarət alanların sayı 130-a çatıb

    Livanın paytaxtı Beyrutda nümayişçilərlə güc strukturları arasında yaranan qarşıdurmalarda xəsarət alanların sayı 130-a çatıb.

    Median.Az xəbər verir ki, bu barədə Qırmızı Xaç cəmiyyətinin Livan ofisi özünün “Twitter” səhifəsində bildirib.

    Buna qədər 60 nəfərin xəsarət aldığı deyilirdi.

    “28 yaralı yaxınlıqdakı xəstəxanalara aparılıb. 102 nəfərə isə yerində tibbi yardım göstərilir”, – deyə məlumatda qeyd olunub.

    Qeyd edək ki, Beyrutda minlərlə insan hökumətin istefası və islahatlar tələbi ilə küçələrə çıxaraq hökumət əleyhinə mitinqlərə başlayıblar. Nəticədə etirazçılarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında toqquşmalar baş verib.