Month: August 2020

  • Sumqayıtda hamilə qadın dənizdə boğularaq öldü – YENİLƏNİB + VİDEO

    Xəzər dənizinin Sumqayıt şəhərinə düşən hissəsində batan hamilə qadının kimliyi açıqlanıb.

    Baku TV xəbər verir ki, o, 33 yaşlı Əhmədova Şəhanə Sərzalı qızı dır.

    Yaxınları onu sudan çıxarıblar.

    Hadisə yerinə Sumqayıt Şəhər Təcili Tibbi Yardım xəstəxanasın biriqadası cəlb olunub.

    Lakin Şəhanə Əhmədovanın həyatını xilas etmək mümkün olmayıb.

    * * * *

    Sumqayıt şəhərinin Sahil küçəsində yerləşən çimərliklərdən birinin ərazisində boğulma hadisəsi qeydə alınıb.

    APA xəbər verir ki, avqustun 7-də, təxminən, saat 21:50-də dörd aylıq hamilə qadın dənizdə boğulma təhlükəsilə üzləşib. O, sudan çıxarılsa da, həyatını xilas etmək mümkün olmayıb.

    Mərhumun meyiti müayinə üçün aidiyyəti üzrə təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Nazirlik monitorinq apardı, 97 obyektdə pozuntu aşkarlandı

    İqtisadiyyat Nazirliyi ticarət və xidmət obyektlərində növbəti monitorinqləri davam etdirir.

    Nazirliyin mətbuat xidmətindən bildirilib ki, zəruri qayda və tələblərə əməl edilməsinə nəzarət məqsədilə avqustun 5-6-da keçirilən növbəti monitorinqlərdə Bakı şəhərinin Nərimanov rayonunda “Atlanta İnteryer” mağazasında, “Prime Food CO” MMC-yə məxsus mağazada, “Dokta” MMC-yə və “Zeytun Pharmaceuticals” MMC-yə məxsus apteklərdə, Binəqədi rayonunda “Super Çərəz Mağazası”nda, Naim Salamova məxsus ət, Rahil İbrahimova məxsus təsərrüfat malları, Svetlana Musəvi və Arzu Vəliyevaya məxsus ərzaq mağazalarında, Ramin Cabbarova məxsus kafedə, Xəzər rayonunda “Oba Market”də, Nadir Ələkbərova, Cavid Şirinova, Məzahir Ağayevə, Cəmaləddin Hüseynzadəyə məxsus mağazalarda, İlqar Abdulova məxsus “Zoo Mağaza”da, “Buta Farm” MMC-yə məxsus aptekdə, Səbail rayonunda “Grand Mart” mağazasında, “Bon Appetit” mağazasında, “İlkin Market”də, “Sizin Market”də, “Pizza Holiday”də, “Avand Gözəllik Salonu”nda, “Edelss Baku Gözəllik Salonu”nda, “Elqa Gözəllik Salonu”nda, Xuraman Ağayevaya məxsus ərzaq mağazasında, Suraxanı rayonunda Orxan Nəbizadəyə məxsus xırdavat, Anar Mirzəyevə məxsus qarışıq mallar, Əfsanə Həsənovaya məxsus ərzaq mağazalarında, Nizami rayonunda İlqar Məlikova, Tariyel Ələkbərova, Ruslan Əlləzova, Tahir Əliyevə, Etibar Baxşəliyevə məxsus mağazalarda, Şofiq Rəfiyə məxsus “Quru meyvə” dükanında, Qaradağ rayonunda Qaraş Quliyevə, Həzi Xanlarova, Zöhrab Əlimanova, Elşən Xankişiyevə məxsus pərakəndə ticarət obyektlərində, Nəsimi rayonunda Vüsal Bayramova, Zahir Tahirova, Laçın Gülməmmədovaya, Cövhər Mərdanova, Rasim Əhmədova, Tehran Hüseynova məxsus mağazalarda, Sabunçu rayonunda “Ərzaq və dönər satışı 24 saat” ticarət obyektində, “BazarStore”da, Nigar Hüseynovaya məxsus “Kimyəvi Təmizləmə” xidmət obyektində, Yasamal rayonunda “Kaspian Kristal İçkilər və Ərzaq Mağazası”nda, Maarif Abışova, Əvəzxan Qədirova, Aydın Əmirmetova məxsus ticarət obyektlərində, “Molekul” MMC-yə məxsus aptekdə, Xətai rayonunda “Aptek 222”də, “İce Clean” MMC-yə məxsus kimyəvi təmizləmə obyektində, Şamil Əlimova, Həbib Pənahova, Fərid Seyidova məxsus mağazalarda, ümumilikdə, monitorinq aparılmış 632 obyektin 97-də zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərə əməl olunmaması hallarına rast gəlinib.

    Monitorinqlərdə müvafiq qayda və tələblərə əməl edilməsinin zəruriliyi bir daha sahibkarların diqqətinə çatdırılıb, onlar tələblərin pozulması hallarına yol veriləcəyi halda ciddi tədbirlərin görüləcəyi barədə məlumatlandırılıblar.

    Avqustun 5-6-da nəzarət-yoxlama tədbirləri keçirilmiş 1323 obyektin 189-da epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib və nöqsana yol vermiş vergiödəyiciləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokollar tərtib olunub.

    Qeyd edək ki, mayın 22-dən avqustun 7-dək monitorinq aparılmış 21 min 708 sahibkarlıq subyektindən 7818-də zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərin pozulması halları aşkarlanıb.

    Nəzarət və maarifləndirmə tədbirləri davam etdirilir.

  • Cəlilabadda kənd yaxınlığında yanğın başlayıb

    Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Cəlilabad rayonunun Uzuntəpə kəndi yaxınlığında açıq sahədə yanğın olması barədə məlumat daxil olub.

    Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb edilib.

    İlkin məlumata görə, iki hektar sahədə quru ot və kol-kos yanır.

    Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

  • Şəmkirdə velosiped sürən azyaşlını maşın vurub

    Şəmkirdə minik maşını velosipedçini vurub.

    APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Düyərli kəndində qeydə alınıb.

    Hərəkətə olan “VAZ 2107” markalı avtomobil velosiped sürən azyaşlını vurub. Hadisə nəticəsində 2 nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

    Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

    Faktla bağlı araşdırma aparılır.

  • Polkovnik Vaqif Dərgahlı: “Sarqsyan öz canını qurtarmaq üçün çürük saman çöpündən yapışır”

    “Uzun sürən sükutdan sonra Ermənistanın üçüncü prezidenti Serj Sarqsyanın 2016-cı ilin aprel döyüşləri barədə erməni ictimaiyyətinə çatdırdığı “həqiqətlər” yalan və iftiradır, onun iflasa uğramış reytinqinin bərpa edilməsi üçün atılmış növbəti uğursuz addımdır. O, səsləndirdiyi fikirlərə bəlkə də Ermənistandakı öz tərəfdaşlarını inandıra bilər. Əslində isə aprel döyüşlərinin həqiqətləri hamıya bəllidir”.

    APA xəbər verir ki, bu sözləri S.Sarqsyanın fikirlərini şərh edərkən Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.

    Polkovnik V.Dərgahlının sözlərinə görə, aprel fiaskosundan sonra Ermənistan parlamentində döyüşlərin nəticələrini araşdıran İstintaq Komissiyası yalnız canlı qüvvə sarıdan ermənilərin 560 nəfər hərbçisinin öldürüldüyünü açıqlamışdı. Həmin döyüşlərdə ermənilərin 33 tankının və 15 topunun da məhv edildiyi danılmazdır.

    “S.Sarqsyan Ermənistan silahlı qüvvələrinin itkilərinin sayını azaltmaq və Azərbaycan Ordusu tərəfindən azad edilən ərazilərin ölçülərini kiçiltməklə öz çirkin niyyətlərinə nail olmaq və bacarıqsızlığına haqq qazandırmaq istəyir. O, ikiüzlülük edərək real faktları danmaqla guya apreldə qələbə qazandıqlarını utanmadan bəyan edir. Sual olunur: əgər o dediyi kimi aprel döyüşlərində qalib gəlibsə, bəs nə üçün həmin hadisələrdən qısa bir müddət sonra onun yaxın dostu və silahdaşı müdafiə naziri vəzifəsində olan Seyran Ohanyan, ardınca isə Ermənistan silahlı qüvvələrinin bütün ali rütbəli rəhbərliyi istefaya göndərildi?

    Məgər döyüşlərdə erməni tərəfi xeyli sayda itki verdiyinə görə Ermənistan cəmiyyətinin ayağa qalxması, erməni analarının kütləvi etiraz aksiyaları keçirməsi, “Sasna Srer” qruplaşmasının hakimiyyətə qarşı kortəbii silahlı üsyanı və nəhayətdə Sarqsyanın özünün siyasi hakimiyyətinə son qoyulması Azərbaycan Ordusunun aprel zəfərinin əks-sədası deyildimi? Bütün bunların dünya ictimaiyyətinin gözü qarşısında baş verdiyini bilə-bilə ancaq erməni xislətli Sarqsyan həqiqəti danaraq hansısa qələbədən danışa bilər.

    Azərbaycan Ordusunun ön xətt bölmələrinin sərəncamında olan silah və hərbi texnikanın az bir hissəsini istifadə edərək qısa zamanda 2000 hektar ərazisini işğaldan azad etdiyinə rəğmən Sarqsyan Ermənistan silahlı qüvvələrinin məğlubiyyətinə ciddi cəhdlə bəraət qazandırmağa çalışaraq utanmadan qələbədən danışır.

    Döyüşlər zamanı Serj Sarqsyanın guya Ermənistan ordusundan bu əraziləri qaytarmağı tələb etməməsinin səbəbinin erməni əsgərlərinin həyatının xilas edilməsinə üstünlük verməsi fikrinə gəldikdə isə, bu, onun Ermənistan tərəfindən yenidən işğala cəhd edilərsə həm canlı qüvvə və hərbi texnikada, həm də işğal olunmuş ərazilərin azad edilməsi baxımından böyük itkilər verəcəklərini yaxşı başa düşdüyünə bir daha dəlalət edir.

    Əminliklə demək olar ki, Aprel döyüşləri və bu döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin verdiyi itkilər təkcə Ermənistanın o vaxtkı hərbi-siyasi rəhbərliyi üçün deyil, eyni zamanda Ordumuzla baş verə biləcək növbəti döyüşlərin bərpa olunmayacaq itkilərə, o cümlədən sarqsyan rejimi ilə olduğu kimi hakimiyyət itkisinə gətirib çıxaracağını yaxşı anlayan hazırkı rejim üçün də əsl dərs oldu.

    Xüsusi olaraq onu da qeyd etmək istərdim ki, bu çıxışı ilə Ermənistan ictimaiyyətini növbəti dəfə aldatmağa çalışan Sarqsyan özünü qəhrəman kimi qələmə verməklə canını qurtarmaq məqsədilə çürük saman çöpündən yapışır”, – deyə polkovnik V.Dərgahlı bildirib.

  • Hindistana məxsus “Boeing 737” sərnişin təyyarəsinin qəza enişi zamanı 17 nəfər ölüb, 123 nəfər xəsarət alıb – YENİLƏNİB

    Hindistanın “Air India Express” hava yollarına məxsus “Boeing 737” sərnişin təyyarəsinin qəza enişi etməsi nəticəsində 17 nəfər ölüb, 123 nəfər xəsarət alıb.

    APA “ANI” xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə Hindistanın Mülki Aviasiya İdarəsi məlumat yayıb.

    Bildirilib ki, hadisə yerinə Təcili Tibbi Yardım briqadası və yanğınsöndürənlər cəlb edilib.

    “Flightradar24” xəbər portalının məlumatına görə, qəza enişi edən “Boeing 737” Hindistana Dubaydan (BƏƏ) uçuş həyata keçirib.

    “Airfleets” portalı təyyarənin 13 il əvvəl istehsal edildiyini açıqlayıb.

    Məlumata görə, təyyarə əlverişsiz hava şəraitində eniş edib.

    Qeyd edək ki, uçuş pandemiya zamanı Hindistan vətəndaşlarının xaricdən qayıtması proqramı çərçivəsində həyata keçirilib.

    ***

    Hindistanın “Air India Express” hava yollarına məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb.

    APA-nın “Economic Times” saytına istinadən verdiyi xəbərə görə, təyyarənin göyərtəsində 174 sərnişin və 6 uçuş heyəti üzvü olub.
    Dubaydan uçan təyyarə Hindistanın Kerala ştatının Kəlkətə hava limanına eniş edərkən uçuş-enmə zolağından çıxaraq qəzaya uğrayıb.
    Hava yollarının sözçüsü bildirib ki, qəza nəticəsində bir neçə nəfər xəsarət alıb. Yerli media isə ən azı 40 adamın yaralandığını yazır.
    Xilasetmə və təcili yardım qüvvələri qəza baş verən yerə gəlib. Qəza nəticəsində ölənlərin olub-olmadığı hələ məlum deyil.

  • В Азербайджане с 10-го августа разрешается проведение спортивных соревнований и игр на открытом воздухе

    С 00.00 10 августа 2020 года на территории городов Баку, Сумгайыт, Гянджа, Евлах, Масаллы, Джалилабад, Мингячевир и Абшеронского, Бардинского, Сальянского, Хачмазского, Геранбойского, Гейгельского районов разрешается проведение спортивных соревнований и игр на открытом воздухе.

    Как передает АПА, это нашло отражение в очередном пакете мер по смягчению ужесточенного карантинного режима.

  • Tovuzda qadın bıçaqlanıb

    Tovuzda bıçaqlanma hadisəsi baş verib.

    APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.

    Belə ki, 1990-cı il təvəllüdlü Rəqsanə Məmmədova bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal qadın əməliyyata götürülüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda çimərlikdə uşağı avtomobil vurub

    Bakının Suraxanı rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər xəsarət alıb.

    APA xəbər verir ki, hadisə Hövsan qəsəbəsindəki çimərlik ərazidə baş verib.

    12 yaşlı Əliyev Fuad Emin oğlu yol kənarında olarkən onu minik avtomobili vurub. Sürücü yaralını xəstəxanaya çatdırıb. Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti ağırdır. Hazırda xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

  • Bakıda 13 yaşlı oğlan dənizdə batıb

    Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Xəzər rayonu, Bilgəh qəsəbəsində, dənizdə (nəzarətsiz ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub.

    FHN-dən APA-ya verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 2007-ci il təvəllüdlü İbadov Ruslan Adil oğlunun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.