Month: August 2020

  • Ordumuz Ermənistanın daha bir PUA-sını vurub

    Ordumuz Ermənistan silahlı qüvvələrinə məxsus daha bir pilotsuz uçan aparatı məhv edib.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, avqustun 6-da, günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.

    Hava Hücumundan Müdafiə bölmələri tərəfindən düşmənin növbəti PUA-sı dərhal aşkar olunaraq məhv edilib.

  • Rezidenturaya qəbul imtahanının birinci mərhələsinin nəticələri açıqlanıb

    Dövlət İmtahan Mərkəzi (DİM) rezidenturaya qəbul olmaq üçün avqustun 5-də keçirilmiş baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının nəticələrini elan edib.

    Median.Az xəbər verir ki, hər bir namizəd DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Namizədlər imtahan nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

    Nəticələrə əsasən, imtahanda iştirakı nəzərdə tutulan 1526 namizəddən 98 nəfəri imtahana gəlməyib. 762 namizəd birinci mərhələnin müsabiqə şərtini (40 və daha yüksək bal) ödəyib.

    295 nəfər bu ilin, 336 nəfər isə əvvəlki illərin məzunları olmaqla, ümumilikdə 631 namizəd ikinci mərhələyə buraxılıb.
    Müsabiqə şərtini ödəyənlərdən 131 nəfər 4 və ya 5-ci kurs tələbələridir. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan 4-cü və 5-ci kurs tələbələri ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olunmaq hüququ əldə etdikdən sonra buraxılırlar.

    İmtahanda ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 82 bal olub.

    Qeyd edək ki, imtahan nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün onlayn qaydada Apelyasiya komissiyası fəaliyyət göstərəcək. Apelyasiya komissiyasına müraciət etmək üçün elektron ərizə forması apelyasiya.dim.gov.az saytında yerləşdiriləcək. Namizədlər Apelyasiya komissiyasına 7-9 avqust 2020-ci il tarixlərində müraciət edə bilərlər.

  • Koronavirusa qarşı molekul bazalı sprey hazırlanır

    İspaniyalı alimlər ağız ətrafına püskürdülməklə koronavirusun yayılmasının qarşısını almaq imkanına malik sprey hazırlayırlar.

    Median.Az ted.az-a istinadən bildirir ki, bu barədə İspaniyanın Elmi Tədqiqatlar üzrə Ali Şurasından (CSIC) məlumat verilib.

    Spreyin polisaxarid əsaslı molekullarının infeksiyanı effektiv şəkildə saxlaması təsdiq olunduğu təqdirdə ondan, həmçinin virusun başqa növləri ilə mübarizə məqsədilə istifadə olunacaq. Bu molekullar bir çox mikroorqanizmlərin hüceyrələrə daxil olmaq üçün istifadə etdiyi mexanizmə təsir edir.

    Araşdırmanın müəlliflərindən biri, Ümumi Üzvi Kimya İnstitutunun əməkdaşı Xulia Revueltanın sözlərinə görə, bu infeksiya ağız boşluğu-udlaqda başlayır. Ona görə də spreyin müəyyən molekul bazalı dərman forması virusun hissəciklərinin keçməsinə maneə yaradacaq və onun təsirini məhv edəcək.

  • Ermənistanda son günlər ərzində mindən çox koronavirus xəstəsi ölüb

    Ermənistanda koronavirusa yoluxma, eləcə də bu virusdan və COVID-19 virusuna yoluxmuş xəstələrin naməlum səbəblərdən ölüm halları artmaqda davam edir.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası Milli Mərkəzi məlumat yayıb.

    Məlumatda bildirilir ki, son 24 saat ərzində Ermənistanda daha 288 nəfərdə koronavirus aşkarlanıb. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 39 min 586-ı olub.

    Ermənistanda pandemiyadan ölənlərin sayı isə 770-ə çatıb.

    Yerli mətbuatının yazdığına görə, başqa səbəblərdən ölən koronavirus xəstələrinin sayı minlərlədir.

    Təkcə avqust ayının ilk günlərində 1000 (min) nəfərdən çox COVID-19 xəstəsi başqa səbəblərdən dünyasını dəyişib.

    Qeyd olunur ki, avqustun 4-də və 5-də hər gün 228 nəfər, əvvəlki günlərdə isə 200, 221 nəfər koronavirus xəstəsi dünyasını dəyişib. Koronavirusdan ölüm sayının azaldılması ölkə iqtidarının maraqlarına xidmət edir.

    Siyasi analitiklərin fikrincə, əslində, Ermənistan iqtidarı bu yolla koronavirusdan ölənlərin sayını gizlətməyə çalışır.

    Bildirilir ki, hazırda Ermənistanda 7 min 738 aktiv koronavirus xəstəsi var. Lakin bu rəqəm də həqiqəti əks etdirmir. Aktiv xəstələrin sayının daha çox olduğu vurğulanır.

  • COVID-19-a qarşı təbii vasitə

    Beynəlxalq alimlər qrupu yosunların tərkibindəki heparinin ABŞ-da COVID-19-un müalicəsində istifadə olunan “Remdesivir” dərmanından daha təsirli olması qənaətinə gəliblər.

    Median.Az ted.az-a istinadən bildirir ki, “Cell Discovery” jurnalında çap edilən nəticələrə əsasən, alimlər dəniz yosunundan əldə edilən üzvi maddələrin – heparinin üç variantının və fukoidanların iki növünün antiviral aktivliyini testdən keçiriblər.

    Məlum olub ki, heparin SARS-CoV-2-ni bloklamaq qabiliyyəti ilə “Remdesivir” də daxil olmaqla, bir çox antiviral dərmanları üstələyir.

    “Hazırda COVID-19 infeksiyası burun daxilində başlayır və bu maddələrin hər biri antiviral burun spreyinin yaradılması üçün əsas ola bilər.

    Bununla infeksiyanı erkən mərhələdə müalicə etmək, hətta qarşısını almaq mümkündür”, – deyə tədqiqatçılardan biri – professor Robert Linhardt bildirib.

  • Cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb

    Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 36 cinayətin üstü “isti izlər”lə açılıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 16 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 10 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

    Respublikanın avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.

    Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

    Cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb.

  • Azərbaycan istehsalı olan ikinci tanker inşasının növbəti mərhələsi üçün suya salındı – VİDEO

    “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sifarişi ilə “Bakı Gəmiqayırma Zavodu” MMC-də inşa edilən “Kəlbəcər” neftdaşıyan tankeri növbəti mərhələsinin tikintisinin aparılması üçün suya salınıb.

    Gəminin gövdə hissəsinin inşası 100% başa çatıb. Qalan tamamlanma işləri Gəmiqayırma Zavodunun yanalma körpüsündə davam etdiriləcək. Bu məqsədlə “Kəlbəcər” tankeri zavodun tikinti-quraşdırma sahəsindən üzən dok üzərindən hidravlik arabacıqlar vasitəsilə suya salınıb.

    Bu gəminin konsepsiyası Odessa Dəniz Mühəndisliyi Bürosu və ASCO-nun təcrübəli mütəxəssisləri ilə birgə hazırlanıb. Volqa-Don MAX layihəsi olan gəmi maksimum yükgötürmə qabiliyyəti ilə Volqa-Don çayından keçmək imkanına malikdir.

    Yeni nəsil “Kəlbəcər” tankerinin uzunluğu 141, eni 16.9, bortunun hündürlüyü isə 6 metrdir. 15 nəfərlik heyətlə idarə olunan gəmi saatda 10 knot sürətlə hərəkət edə biləcək. Tanker xam neft və neft məhsulları daşınması üçün nəzərdə tutulmuş ümumi tutumu 9212 kub metr olan altı yük çəninə malikdir. Dedveyti dənizdə 7,875 T və çayda 5,447 T olan gəmi hər biri 1,200 kW gücə malik iki ədəd “Wartsila” istehsalı mühərriklərlə təchiz edilib.

    Zavodun yanalma körpüsündə istismar sınaqları başa çatddıqdan sonra “Kəlbəcər” tankerinin dəniz-istismar sınaqlarına başlanacaq.

    Yeni nəsil “Kəlbəcər” tankerinin xarici sularda istismarı nəzərdə tutulur.

    Unikal dizaynı ilə seçilən və texniki göstəricilərinə görə geniş imkanlara malik bu gəmi Bakı Gəmiqayırma Zavodunda inşa edilmiş sayca ikinci neftdaşıyan tankerdir. Ötən ilin sonunda istismara verilmiş “Laçın” adlı ilk tanker artıq üçrəngli bayrağımız altında xarici sularda istismar olunur. Eyni zamanda, ASCO-nun sifarişinə uyğun olaraq, daha iki ədəd eyni tipli gəminin tikinti işləri də qrafikə uyğun davam edir.

    Bununla belə, hazırda ASCO-nun donanmaları üçün zəruri olan müxtəlif təyinatlı gəmilərin inşası ilə bağlı Gəmiqayırma Zavodu ilə danışıqlar davam etdirilir.

  • В Азербайджане должностное лицо выдавало поддельные справки в период особого карантинного режима

    Органы прокуратуры продолжают принимать комплексные и последовательные меры против нарушений правил особого карантинного режима, объявленного в нашей стране с целью предотвращения распространения пандемии коронавируса.

    Как сообщили в прокуратуре Геранбойского района, в ведомство поступила информация о том, что представитель главы Исполнительной власти города Нафталан по 1-му административному округу Асаф Джаббаров выдал поддельные справки различным лицам для их свободного передвижения в период особого карантинного режима.

    В ходе расследования появились обоснованные подозрения в том, что Асаф Джаббаров, злоупотребляя своими официальными полномочиями, незаконно выдал 100 справок отдельным лицам для предъявления во время проверок на карантинных постах и для свободного ведения деятельности в городе.

    По данному факту в прокуратуре Геранбойского района возбуждено уголовное дело по статье 309.1 (превышение должностных полномочий) Уголовного кодекса АР. Асафу Джаббарову было предъявлено обвинение по той же статье, в его отношении избрана мера пресечения в виде подписки о невыезде.

    4 августа 2020 года было завершено предварительное следствие и уголовное дело направлено в Нафталанский городской суд для рассмотрения.

  • Azərbaycanda vəzifəli şəxs xüsusi karantin rejimində saxta arayışlar verib

    Koronavirus pandemiyasının yayılmasının qarşının alınması məqsədilə ölkəmizdə elan edilən xüsusi karantin rejimi qaydalarının müxtəlif yollarla pozulması hallarına qarşı prokurorluq orqanları tərəfindən kompleks və ardıcıl tədbirlər davam etdirilir.

    Goranboy Rayon Prokurorluğundan verilən məlumata görə, Goranboy Rayon Prokurorluğuna Naftalan Şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Asəf Cabbarovun “Koronavirus infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Nazirlər Kabinetinin qərarına zidd olaraq, xüsusi karantın rejimində sərbəst hərəkət etmələri üçün müxtəlif şəxslərə arayışlar verməsi barədə məlumat daxil olub.

    Araşdırmalarla Asəf Cabbarovun xidməti vəzifə səlahiyyətlərindən istifadə edərək, ayrı-ayrı şəxslərə karantin postlarında yoxlamalar zamanı təqdim etmələri və şəhər ərazisində rahat hərəkət edərək iş fəaliyyətləri ilə məşğul olmaları üçün qanunsuz olaraq 100 ədəd arayış tərtib etməklə verməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Goranboy Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işinə başlanılıb, Asəf Cabbarov təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan edilib və barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilib.

    4 avqust 2020-ci il tarixində cinayət işinin ibtidai istintaqı tamamlanaraq aidiyyəti üzrə baxılması üçün Naftalan şəhər məhkəməsinə göndərilib.

  • AQTA daha 97 obyektdə nöqsan aşkarladı – SİYAHI

    Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən daha 235 ictimai iaşə və ərzaq satışı müəssisəsində reyd keçirilib.

    Agentlikdən verilən məlumata görə, reyd keçirilən obyektlərdən 97-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.

    Bakı şəhəri üzrə:

    “Sirab”, “Optimal”, “Sevimli”, “Orxan”, “Ayxan”, “Yaşıl”, “Yuva” marketləri, Əliyev Əli Musa oğluna, Ələkbərova Mərziyyə Namaz qızına, Rəcəbov Həsən Məhərrəm oğluna məxsus ərzaq mağazaları;

    Digər şəhər və rayonlar üzrə:

    Abşeron rayonunda Bayramov Mirismayıl Damət oğluna məxsus ət satışı mağazası;

    Sumqayıt şəhərində İsmayılov Etibar Aslan oğluna və Mərdanova Vüsalə Maarif qızına məxsus marketlər;

    Qusar rayonunda Sərkərova Nurcahan Şıxmət qızına, Ağakərimov Təklif Narulla oğluna, Ağamirzəyeva Natavan Nadir qızına məxsus kafelər, “Xıdır” restoranı;

    Şabran rayonunda Cavadov Gündüz Qənbər oğluna, Gülməmmədov Vahid Əbdülhəsən oğluna, Səddərov Hacıməmməd Eyyub oğluna məxsus kafelər;

    Xaçmaz rayonunda Hüseynov Ramin Şəfayət oğluna, Hüseynov Yavər Həzrət oğluna, Ağayev Rifaq Sabir oğluna, Əhmədov Murad Hakim oğluna məxsus ət satışı mağazaları;

    Şamaxı rayonunda Şahbazov Nurlan Elxan oğluna, Cəbrayılov Cəbrayıl Səxavət oğluna, Quliyev Ziyad Kamal oğluna məxsus marketlər, Cəbrayılov Mayis Kamal oğluna, Qəhrəmanov Rəvan Fərasət oğluna və Həsənzadə Cəlil Kabus oğluna məxsus kafelər;

    İsmayıllı rayonunda Babayev Röyal Vahid oğluna, Məmmədli Taleh Elçin oğluna, Ramazanov Nahid Maarif oğluna məxsus kafelər, Cavadov Xanlar Ələddin oğluna, Dəmirov Sübhan Xalı oğluna, Hacıyev Oktay Ələddin oğluna, Əkbərli Orxan Allahverdi oğluna məxsus marketlər;

    Ağsu rayonunda Quliyev Ziyad Zahir oğluna, Quliyev Əmrah Əsgər oğluna məxsus ərzaq mağazaları, Nağıyev Hakim Vahab oğluna və Rəsulov Elxan Vəlixan oğluna məxsus kafelər;

    Kürdəmir rayonunda Rəsulov İlqar Əlövsət oğluna və Bəşirov Niyazi Bircəxan oğluna məxsus marketlər, Sərdarov Əflatun Sərdar oğluna və Qasımov Elman Əjdər oğluna məxsus kafelər;

    Sabirabad rayonunda Əzizov Əlioğlan Güloğlan oğluna məxsus kafe;

    Şirvan şəhərində Abdullayev Cavid Mirzəbək oğluna, Qarayev Ramil Şirəli oğluna məxsus kafelər, Əhmədov İlham Sabir oğluna, Əhmədov Rəfael Ağalar oğluna və Tahirov Tərlan Teyyub oğluna məxsus ərzaq mağazaları;

    Cəlilabad rayonunda Kərimov Səyyad Habil oğluna, Həsənov Aqil İsgəndər oğluna, Səfərov Elsevər Ağahəsən oğluna, Həsənov Arzuman Əli oğluna məxsus ət satışı mağazaları;

    Masallı rayonunda İbadov Kamran Bahəddin oğluna və Niftullayev Çingiz Balabəy oğluna məxsus ət satışı mağazaları;

    Mingəçevir şəhərində Hüseynov Seymur Vidadi oğluna, Babakişiyeva İntizar Umar qızına, Hüseynov Əhməd Oruc oğluna, Mirzəzadə Ağcagül Hacı oğluna məxsus ərzaq mağazaları, “Ramil”, “Tacir”, “Kəlbəcər Əli” marketləri, Nəsibov Amil Nəsib oğluna məxsus ət satışı mağazası;

    Samux rayonunda “Nəbioğlu”, “İki qardaş”, “Bizim mağaza”, “Əli” marketləri, Mehdiyev Rasim Elyar oğluna və Abdullayev Nuşirəvan Xəzail oğluna məxsus ərzaq mağazaları;

    Gəncə şəhərində “Araz Real”, “Seymur”, “Firuzə”, “Universal”, “Nəbi”, “Sadiq”, “Eldarado”, “Maxi” marketləri, Hüseynov Vidadi Həsən oğluna, Mirzəliyev İlqar İlyas oğluna, Cəfərov Sadiq Şakir oğluna məxsus ərzaq mağazaları;

    Daşkəsən rayonunda “Arzu”, “Sünbül”, “Seymur” marketləri və İmamverdiyeva Nigar Abbas qızına məxsus ərzaq mağazası;

    Tovuz rayonunda “Çapay”, “Nuş olsun”, “Lion”, “Fənər”, “Atlı bulaq” kafeləri;

    Gədəbəy rayonunda “Dəyirmandağ”, “Göyəli”, “Dost qapısı”, “Elçin”, “Tala” və “Yurd yeri” kafeləri.

    Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.