Month: August 2020

  • Deputat: “Ümumiyyətlə, Azərbaycanda Səhiyyə Nazirliyi yoxdur”

    “Əlilliyin müəyyən olunması səlahiyyəti Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən alınıb Səhiyyə Nazirliyinə verildi. Buna görə də, əlilliklə bağlı bu nazirliyi ittiham etmək lazım deyil”.

    Median.Az Modern.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin iclasında çıxış edən deputat Aqil Abbas deyib.

    Deputat Səhiyyə Nazirliyini süddən çıxmış ağ qaşığa bənzədib:

    “Səhiyyə Nazirliyinin yerlərdəki baş həkimləri guya əlilliyin müəyyən olunmasını həyata keçirirlər. Azərbaycanda Səhiyyə Nazirliyi heç öz işini görə bilmir. Ümumiyyətlə, Azərbaycanda Səhiyyə Nazirliyi yoxdur”.

    Milli Məclisin sədri Sahibə Qafarova isə deputatın səsləndirdiyi iradlara münasibət bildirib:

    “Parlamentdə “Səhiyyə Nazirliyi yoxdur” fikirləri səsləndi. Hesab edirəm ki, bu doğru deyil. Pandemiya dövründə Səhiyyə Naziriyi, tibb işçiləri çox yaxşı çalışdılar”.

  • “Özlərinə əziyyət verib bu qədər yolu getməsinlər” – Rayona gedənlərin nəzərinə

    Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərarı ilə avqustun 5-dən etibarən icazə sistemi ilə hərəkət etmək ləğv edilib və rayonlara gedənlər yalnız ezamiyyə vərəqi əsasında postlardan buraxılır.

    Lakin yay ayı olduğu üçün məzuniyyətə çıxan şəxslər bölgələrdə istirahət etmək üçün postlara üz tuturlar və bunun nəticəsində, bu gün giriş-çıxış postlarında sıxlıq yaranıb və ezamiyyə vərəqi olmayan şəxslər geri qaytarılıb. Geri qaytarılanlar gedənlərin əksəriyyətini təşkil edib.

    Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi, polis polkovniki Kamran Əliyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, xüsusilə bu gün getməyə cəhd göstərənlər çoxdur:

    “Bu gün bir avtobusun içində Lerikə getmək istəyən 40 nəfər saxlanılıb. Onlar düşünmürlər ki, qərarda göstərilən inzibati ərazilərdən giriş-çıxışa qoyulan məhdudiyyət qüvvədədir. Amma bu qərar qüvvədə ola-ola 40 nəfər bir avtobusun içində istirahətə getməyə cəhd edir. Hazırda postlarda daha da ciddi formada yoxlamalar aparılır. Qanuna uyğun olaraq ezamiyyə vərəqi olmayanlar birmənalı olaraq geri qaytarılır.

    Vətəndaşlar bəzən elə bilirlər ki, məzuniyyətlə ezamiyyət eynidir. Ona görə məzuniyyət sənədi ilə postu keçmək istəyənlər də olur. Bunlar ayrı-ayrı şeylərdir, məzuniyyətə çıxmış şəxs hansı orqanda işləməsindən asılı olmayaraq sərtləşdirilmiş karantin zonasından buraxıla bilməz. Həmin şəxslər karantin postundan geri qaytarılırlar. Buna görə də özlərinə, ailə üzvlərinə əziyyət verib bu qədər yolu getməsinlər. Onsuz da onlar məzuniyyət sənədi ilə rayonlara buraxılmayacaqlar.

    Bəzən insanlar fikirləşirlər ki, “gedim, buraxarlar”. Bu da səhv fikirdir, bununla postlarda tıxac yaradırlar və belə düşünənlər həqiqətən xidməti fəaliyyətinə görə ezam olunan şəxslərin postlarda gözləməsinə səbəb olurlar”.

    K.Əliyev kimlərin kağız, kimlərin elektron ezamiyyə vərəqi ilə buraxıldığını açıqlayıb:

    “Nazirlər Kabinetinin qərarı ilə xidməti vəsiqə ilə fəaliyyətinə icazə verilən şəxslər ezamiyyə vərəqini kağız formasında təqdim edirlər. Bundan öncə fəaliyyətinə icazə portalı vasitəsilə icazə verilən şəxslər isə ezamiyyə vərəqini portalda aktivləşdirməlidirlər”.

  • Sərt karantin rejiminə nəzarət gücləndirildi – VİDEO

    Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu rayonların sırasına Salyan da əlavə olunub. Rayonda giriş-çıxışa məhdudiyyətlər qoyulub.

    Baku TV xəbər verir ki, polis əməkdaşları Daxili Qoşunların hərbi qulluqçuları ilə birgə nəzarət postlarında sürücülərin və sərnişinlərin icazə sənədlərini yoxlayır, icazəsi olmayanlar isə geri qaytarılır.

    Bununla yanaşı, rayonda iri ticarət obyektlərinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Rayonda digər bölgələrlə müqayisədə koronavirusa yoluxma hallarının artması Salyanın Bakı-Astara magistral yolunun üstündə olması ilə əlaqələndirilir.

    Əlbəttə, bunun digər səbəbləri də var. Rayonda koronavirus pandemiyasına qarşı lazımi tədbirlər görülməsinə baxmayaraq, bəzi sakinlərin karantin rejimi qaydalarına laqeydliyi virusun artmasına gətirib çıxarıb.

    Hazırda rayonda sərtləşdirilimiş karantin rejiminə əməl olunmaqla yanaşı, virusun geniş yayılmasının qarşısını almaq üçün zəruri tədbirlər həyata keçirilir.

  • Azərbaycanda daha bir şəhərdə çimərliklər yenidən açıldı – VİDEOREPORTAJ

    Ölkə ərazisində çimərliklərin açılmasına icazə verildikdən sonra Mingəçevir Su Anbarının ərazisində olan çimərliklərə də az sayda gələnlər olub.

    Baku TV xəbər verir ki, daha çox uşaqların sevimli məkananına çevrilən su hövzəsinə gələnlər qaydalara uyğun olaraq istirahət ediblər.

    Uzun müddət çimərlikdən kənarada qalan yaşlı sakinlər də sevinclərini gizlədə bilməyiblər.

    Çimərlik ərazisində insanların rahat dincəlməsi üçün işlər də aparılıb. Əraziyə qum tökülüb, soyunub-geyinmə otaqları təmir edilib. Həmçinin, həmin hissələrə dezinfeksiyaedici məhlullar yerləşdirilib.

    Qeyd edək ki, əvvəlki illərdə çimərlik ərazisində bu aylarda sıxlıq müşahidə edilirdi. Hazırda isə az sayda yerli sakin qaydalara əməl etməklə bu çimərlikdən istifadə edir.

  • Azərbaycanda kişi sevgilisini öldürdü: Qadın evli və iki uşaq anası olub – TƏFƏRRÜAT

    Goranboy rayonunda baş verən qətllə bağlı bəzi detallar məlum olub.

    Bununla bağlı Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

    Məlumata görə, 1986-ci il təvəllüdlü Goranboy rayon, Qazançı kənd sakini Zamanov Qərib Əfqan oğlu qeyri-rəsmi münasibətdə yaşadığı Goran qəsəbə sakini, 1983-cü il təvəllüdlü İmanova Gülbuta Gülzalı qızını odlu silahdan açılmış atəşlə qətlə yetirib.

    Bildirilir ki, silah Q.Zamanovun atasından qalmış ov tüfəngi olub.

    Evli olan G.İmanova evli Q.Zamanovla sevgi münasibəti yaşayıb.

    Onun həyat yoldaşından iki övladı var.

    Qətli törədən şəxs saxlanılıb.

    Faktla bağlı Goranboy Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

  • Putin üç generalı istefaya göndərdi

    Rusiya Prezidenti Vladimir Putin ölkənin İstintaq Komitəsinin üç generalının vəzifələrindən azad edilməsi üçün sərəncam imzalayıb.

    Bununla bağlı RBK məlumat yayıb.

    Bildirilib ki, istefaya göndərilənlər – general-mayor Andrey Bunyev, general-mayor Sergey Vasyulin və general-leytenant Vadim Buqayenkodur.

    Hər üç şəxs vəzifədən azad olunmaq üçün Putinə ərizə ilə müraciət etmişdi.

  • Sabah səhər yağış yağacaq

    Azərbaycanda avqustun 7-də gözlənilən hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.

    Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 30-34, Bakıda gecə 22-24, gündüz 31-33 dərəcə isti olacaq.

    Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 45-55 faiz təşkil edəcək.

    Abşeron çimərliklərində şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 24-25, Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26 dərəcə isti olacaq.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, Böyük Qafqazın bəzi yerlərində leysan xarakterli olacağı, dolu düşəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 18-23, gündüz 31-36, dağlarda gecə 11-16, gündüz 19-24 dərəcə isti olacaq.

    Tibbi-meteoroloji proqnoza gəlincə, avqustun 7-8-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

  • Ödənişli təhsil alan tələbələrin təhsil haqqını dövlət ödəyəcək – AÇIQLAMA

    2019-2020-ci tədris ilində ali məktəblərdə ödənişli təhsil alan 15 200 tələbənin təhsil haqqının ödənilməsi üçün 40 milyon manat vəsait nəzərdə tutulub.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

    Komitə sədri qeyd edib ki, dövlət büdcəsində sahibkarlğıa dəstək üçün əlavə 100 milyon manat nəzərdə tutulub.

  • “Relax”a istirahətə gedən 40 nəfər saxlanıldı – Video

    Lerikə karantin qaydalarını pozaraq istirahətə gedən paytaxt qeydiyyatında olan 40 nəfər sərnişin karantin postunda saxlanılıb.

    DİN-in mətbuat xidmətindən daxil olan məlumata görə, 14 nəfər azyaşlı olub. Qalan 26 nəfər cərimə olunub. Sürücü barəsində materiallar məhkəməyə göndərilib.

  • Bakıda məşhur restoranda polis əməliyyatı – Qaçan müştəri belə tutuldu – VİDEO

    Səbail rayonu, Nəriman Nərimanov prospektində yerləşən “40 pillə” restoranı karantin qaydalarına zidd olaraq fəaliyyət göstərib.

    Median.Az Real TV-yə istinadla xəbər verir ki, məlumat daxil olan kimi Səbail Rayon Polis İdarəsi və 9-cu polis bölməsinin əməkdaşları sözügedən kafeyə yollanıb.

    Hüquq Mühafizə orqanının əməkdaşları kafedə 8 nəfər müştərinin olduğunu aşkarlayıb. Müştərilərdən biri isə iaşə obyektindən qaçmağa çalışsa da, polisin çevikliyi ilə həmin adam saxlanılıb.

    İçəridə isə iki kabinetdə müştərilərin olduğu aşkarlanıb. Ancaq onlar polisin gəlişindən xəbər tutaraq qaçıb. Stolun üzərində qalan hesab qaiməsi buna sübut idi. Digər kabinetdə isə bir nəfər qəlyan çəkirdi ki, polisin gəlişindən xəbər tutaraq qaçmağa çalışdı.

    Kafedə müştəri qismində əyləşən 8 nəfər post patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq 9-cu polis bölməsinə aparılıb. Səbail RPİ tərəfindən müəssisə rəhbəri barəsində toplanılan materiallar məhkəmə orqanına göndərilib. Müştərilərin hər biri İntizabatı Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə edilib.