Month: August 2020

  • Qubada avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

    Qubada ağır yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un Şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Quba-Xaçmaz yolunun Zərdabi qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

    Belə ki, “BMW” markalı avtomobil yol kənarındakı ağaca çırpılıb.

    Hadisə nəticəsində iki nəfər Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    Yaralılara tibbi yardım göstərilir. Qəzanın baş vermə səbəbi araşdırılır.

  • Zaqatalanın asfalt zavodunda bədbəxt hadisə: Fəhlənin qolu amputasiya edildi

    Zaqatalada zavodunda işləyən fəhlənin qolu bədbəxt hadisə nəticəsində amputasiya olunub.

    APA-nın məlumatına görə, hadisə bu gün axşam saatlarında Zaqatala rayonu ərazisində fəaliyyət göstərən asfalt zavodunda baş verib.

    Zavodda fəhlə işləyən, Balakən rayon sakini, 1967-ci il təvəllüdlü Eldar Süleyman oğlu Dərvişzadə ehtiyatsızlıqdan sağ qolundan ağır xəsarət alıb. E.Dərvişzadə iş yoldaşlarının köməkliyi ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

    O, dərhal əməliyyat olunub, sağ qolu bazu hissədən amputasiya olunub.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanda reanimasiyada olan xəstələrin sayı açıqlandı – FOTO

    Azərbaycanda koronavirusla bağlı son statistika açıqlanıb.

    Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, bu gün 7883 koronavirus testi edilib. Onlardan 193-ü pozitiv çıxıb. Bununla da ölkə ərazisində indiyə qədər edilən koronavirus testlərinin sayı 759 229-a çatıb.

    Məlumata görə, hazırda reanimasiyada olan koronavirus xəstələrinin sayı 255 nəfərdir. Onlardan 51 nəfəri süni tənəffüs cihazında olan xəstələrdir.

    Hazırda ölkədə 3787 nəfər aktiv koronavirus xəstəsi var.

  • Azərbaycanda karantin rejimini pozan 45 nəfər həbs edilib

    Koronavirus infeksiyasının respublikamızın ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Prokurorluğu da Nazirlər Kabineti yanında Operativ Qərargahla əlaqəli şəkildə qarşıya qoyulan vəzifələrin icrasında müntəzəm surətdə iştirak etməkdədir.

    Bu barədə prokurorluq orqanları tərəfindən 2020-ci ilin birinci yarımilində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsində Baş prokuror Kamran Əliyev bildirib ki, ötən dövr ərzində Şirvan və Naftalan şəhərlərində, Yevlax, Masallı, Goranboy, Hacıqabul, Göygöl və digər rayonlarda koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması tədbirlərinə zidd olaraq qanunsuz hərəkətlərə, aztəminatlı ailələrə ayrılmış yardım paylarının mənimsənilməsi, təyinatından kənar və ya ədalətsiz bölüşdürülməsi, yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin və müalicə müəssisələrinin vəzifəli şəxsləri tərəfindən xüsusi karantin rejimində sərbəst hərəkət hüququ verən cəmi 802 arayışın, tibbi göndəriş vərəqələrinin verilməsi, koronavirus xəstəliyinə tutulmuş şəxslər və digərləri tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimi qaydalarının pozulması, xuliqanlıq, hakimiyyət nümayəndələrinə müqavimət göstərilməsi və sair əməllərə yol vermiş şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə prokurorluq orqanlarında 32, daxili işlər orqanlarında isə 30 olmaqla cəmi 62 cinayət işi başlanaraq, 45 nəfər barəsində həbs, 6 nəfər barəsində polisin nəzarəti altına vermə, 2 nəfər barəsində isə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilib, 13 nəfər barəsində 7 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib, 1 iş üzrə 3 şəxs barəsində ittiham hökmü çıxarılıb.

    Həmçinin, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimi qaydalarını pozan şəxslərə qarşı inzibati xətalar haqqında işlər üzrə icraatlar başlanmaqla, qanunsuz olaraq toplantılar keçirmə, 8103 qısa SMS xidmətinə müraciət etmədən icazəsiz yaşayış yerlərini tərk etmə və digər pozuntulara yol verdiklərinə görə rayon (şəhər) məhkəmələrinin qərarları ilə 7 nəfər barəsində uzunmüddətli inzibati həbs və cərimə tənbehləri seçilib.

  • Azərbaycanda bu markalı benzinin qiyməti bahalaşdı – FOTO

    Azərbaycanda “Premium” sayılan “Aİ-95” markalı yanacağın qiyməti qalxıb.

    Bu barədə BAKU.WS-in “Qaynar Xətti”nə məlumat daxil olub.

    Bildirilir ki, “Aİ-95” markalı benzinin satış qiyməti 1,20 AZN-dən 1,25 AZN-ə qalxıb.

    Qeyd edək ki, qiymət artımı SOCAR YDM-lərində müşahidə olunmur.

  • Ramin Bayramlı: “Modul tipli xəstəxanaların fəaliyyətə başlaması üçün heyət yox idi” – VİDEO

    “ÜST-ün və digər beynəlxalq səhiyyə qurumlarının ölkəmizə dəvət edilən ekspertləri payız aylarına hazırlıqla bağlı tövsiyələr verirlər”.

    Baku TV xəbər verir ki, bu sözləri TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Gənclər və İdman nazirliyinin tabeliyində olan Hövsan və Abşeron Olimpiya İdman Komplekslərinin müvəqqəti xəstəxanaya çevrilməsinin açılış mərasimində deyib.

    Onun sözlərinə görə, bütün dünya ölkələri bu hazırlığı görür, çünki xəstəliyin gedişatını öncədən proqnozlaşdırmaq çox çətindir:

    “Virusun gələcəkdə mutasiyaya uğraması, payız aylarında ehtimal olunan digər respirator virus infeksiyalarla birlikdə gedişatı və s. problemlərə səbəb ola bilər. Bununla səhiyyə müəssisələrinin üzərinə düşən yük arta bilər. Bu baxımdan bütün ölkələr ehtiyat tədbirini görür. Bu gün vəfat edənlərin sayını dünya statistikası ilə müqayisə etsəniz, görərsiniz ki, ölkədə bu rəqəm iki faizdən daha azdır. Orta yaş təxminən 65 yaş civarındadır. Bu da onu göstərir ki, tibb müəssisələrimizin hazırlanması, müalicə protokollarının düzgün tərtibi insanlarımızın sağlamlığını qorumağımıza imkan verib”.

    Jurnalistlərin suallarını cavablandıran sədr lazım gələrsə, modul tipli xəstəxanaların tibbi personalla təmin oluna biləcəyini də deyib:

    “Xaricdən dəvət etdiyimiz mütəxəssislərin burada olmasının bir səbəbi də təlimlərin tez keçirilməsidir. Əslində tibbi heyətimiz yetərlidir, sadəcə reanimasiya vəziyyətində yardım göstərmək üçün müəyyən təcrübəyə ehtiyac var. Bir müddət əvvəl istifadəyə verilmiş “Yeni Klinika” tibbi mərkəzi 575 yataqdan ibarətdir. İstifadə edilən modul tipli beş xəstəxananın hərəsində 200 yer var. Bunlar ümumilikdə 1500 çarpayı edir. Bu xəstəxanaların fəaliyyətə başlaması üçün heyət yox idi. Biz TƏBİB-in tabeliyində olan digər xəstəxanalardakı tibbi heyətə təlim keçərək ora yönəltmişik. Proses bu şəkildə də davam edəcək”.

    Gənclər və İdman naziri Azad Rəhimov isə bildirib ki, kompleksdə fəaliyyət göstərən yeməkxana və camaşırxana da tibb heyətinin istifadəsinə veriləcək. Hövsan Olimpiya İdman Kompleksinin iki idman zalında müvəqqəti arakəsmələr qurulmaqla çarpayı sayı 280-ə yaxın xəstəxana palataları və 10 çarpayılıq reanimasiya zalı quraşdılıb.

    “15 günə ən müasir avadanlıqla ranimasiya bloku yarada bildik. Təcrübəmiz var, çox istərdik ki, bu kompleks yenidən idman üçün əsas fəaliyyətinə qayıtsın. Amma mən də razıyam ki, ola bilsin payızda pandemiya ilə bağlı çoxalma olsun. Buna görə də bizdə ehtiyat olmalıdır”, – deyə A.Rəhimov bildirib.

    Xatırladaq ki, hər iki kompleksin fasiləsiz elektrik təchizatı üçün müvafiq gücdə generatorlar quraşdırılıb, cari təmir işləri görülüb əlavə zəruri kommunikasiya xətləri və sistemləri çəkilib. Binalara giriş-çıxış üçün əlavə panduslar quraşdırılıb.

  • Azərbaycanda hüquqi şəxslərə və fərdi sahibkarlara icarə haqqı ilə bağlı güzəşt edildi – QƏRAR

    Baş nazir Əli Əsədov “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 1998-ci il 27 aprel tarixli 93 nömrəli, “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddinin müəyyən edilməsi barədə” 2000-ci il 23 dekabr tarixli 226 nömrəli, “Dövlət əmlakının (mənzil fondundan başqa) icarəyə verilməsi üçün icarə haqqının minimum məbləği”nin təsdiq edilməsi haqqında” 2007-ci il 29 noyabr tarixli 191 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə qərar imzalayıb.

    Bununla bağlı Nazirlər Kabineti məlumat yayıb.

    Qərara əsasən, paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində koronavirus (COVID-19) pandemiyasının mənfi təsir etdiyi sahələr üzrə fəaliyyət göstərən hüquqi şəxslərə və fərdi sahibkarlara münasibətdə “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyekt-lərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”yə uyğun müəyyən edilmiş icarə haqları 2020-ci il 1 aprel tarixindən 2021-ci il 1 yanvar tarixinədək hesablanmır.

    İqtisadiyyat Nazirliyi ölkə ərazisində koronavirus (COVID-19) pandemiyasının mənfi təsiri nəticəsində zərər çəkmiş sahibkarlıq subyektlərinin (o cümlədən, sənaye məhəllələrinin iştirakçılarının) siyahısını müəyyən edərək bu qərarın icrasını təmin etməlidir.

    Bundan başqa, İqtisadiyyat Nazirliyi bu qərarla nəzərdə tutulan güzəşt nəticəsində yaranan fərqin dövlət büdcəsində nəzərə alınması üçün zəruri məlumatların Maliyyə Nazirliyinə təqdim olunmasını təmin edilməlidir.

  • Azərbaycan Livana bir milyon dollar yardım edəcək

    Baş nazir Əli Əsədov Livana maliyyə yardımı edilməsi ilə bağlı sərəncam imzalayıb.

    Bununla bağlı Nazirlər Kabineti məlumata yayıb.

    Bildirilib ki, 2020-ci il 4 avqust tarixində Livan Respublikasının paytaxtı Beyrut şəhərində baş vermiş güclü partlayış çoxsaylı insan tələfatına və irimiqyaslı dağıntılara səbəb olub.

    Bununla əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 2 iyun tarixli 74 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə Qaydaları”nın dördüncü hissəsinə əsasən, baş vermiş faciənin nəticələrinin aradan qaldırılması üçün Livan Respublikasının humanitar yardıma ehtiyacını nəzərə alaraq, həmin ölkəyə maliyyə yardımının göstərilməsi məqsədilə Azərbaycan Respublikasının 2020-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş ehtiyat fondundan Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə bir milyon ABŞ dollarının manat ekvivalenti məbləğində vəsait ayrılacaq.

    Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsi ilə ayrılan vəsaitin müəyyən olunmuş qaydada ödənilməsini təmin edəcək.

    Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

  • Əli Əsədovdən peşə təhsili ilə bağlı VACİB QƏRAR

    Baş nazir Əli Əsədov “Vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahanın keçirilməsi və onlara peşə ixtisasını təsdiq edən sənədin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında qərar imzalayıb.

    Bununla bağlı Nazirlər Kabineti məlumat yayıb.

    Bildirilib ki, Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə
    bilər.

    “Vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahanın keçirilməsi və onlara peşə ixtisasını təsdiq edən sənədin verilməsi Qaydası” ilə buradan tanış ola bilərsiniz.

  • Müdafiə Nazirliyindən müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərə MÜRACİƏT

    Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 35 yaşınadək hərbi vəzifəlilər avqustun 6-dan 31-dək müvafiq sənədlərlə birliklərin, qoşun növlərinin və hərbi hissələrin qərargahlarında fəaliyyət göstərən qəbul komissiyalarına müraciət edə bilərlər.

    Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

    “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”na qəbul olunmaq üçün müraciət etmiş vətəndaşlar qəbul komissiyaları tərəfindən hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədi ilə Müdafiə Nazirliyinin tibb müəssisələrinə göndərilir. Hərbi Həkim Komissiyalarının qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılırlar.

    Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq, liderlik və qərar qəbuletmə bacarıqları, həmçinin fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər kursa qəbul edilirlər.

    Kursu müvəffəqiyyətlə başa vuran şəxslərlə üç (üç) il müddətinə bağlaşma imzalanır və onlar ixtisaslarına uyğun müvafiq vəzifələrə təyin olunurlar.

    Namizədlər qəbul komissiyalarına müraciət edərkən aşağıdakı sənədləri təqdim etməlidirlər:

    – kursa qəbul olunmaq barədə ərizə (qəbul komissiyasının sədrinə);

    – şəxsən yazılmış tərcümeyi-hal, əlyazma ilə 1 nüsxədə, çap variantı 2 nüsxədə;

    – xidmət (iş və ya təhsil) yerindən xasiyyətnamə;

    – təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti – 2 nüsxədə;

    – doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surəti – 2 nüsxədə;

    – şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti – 2 nüsxədə;

    – nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (evli olduqda) – 2 nüsxədə;

    – uşaqların doğum haqqında şəhadətnamələrinin notarial qaydada təsdiq edilmiş surətləri (uşaq olduqda) – 2 nüsxədə;

    – evlər idarəsindən və ya yerli icra hakimiyyəti orqanlarından ailə tərkibi və yaşayış yeri haqqında arayış – 2 nüsxədə;

    – 4 ədəd rəngli fotoşəkil (baş geyimsiz, anfas, 2 ədəd 3×4 sm və 2 ədəd 4,5×6 sm ölçüdə);

    – qeydiyyatda olduğu poliklinikadan (dəri-zöhrəvi, vərəm, ruhi-əsəb, narkoloji və son 5 (beş) ildə infeksion xəstəliklərlə bağlı müraciət edib-etməməsi barədə) arayış;

    – hərbi biletin bütün vərəqlərinin surəti (notarial qaydada təsdiq olunmuş) – 2 nüsxədə;

    Müraciətlər avqustun 6-dan 31-dək, hər gün (bazar günləri istisna olmaqla) saat 09.00-dan 18.00-dək birliklərin, qoşun növlərinin və hərbi hissələrin qərargahlarında fəaliyyət göstərən qəbul komissiyaları tərəfindən qəbul ediləcək.

    Qeyd edək ki, müddətdən artıq həqiqi hərbi xidmətdən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmış hərbi qulluqçuların və məhkumluğunun ödənilməsindən asılı olmayaraq məhkum olunmuş hərbi vəzifəlilərin kursa qəbul üçün müraciət etməmələri xahiş olunur.