Month: August 2020

  • İdeoloji işin təşkilinə cavabdeh zabitlərin iştirakı ilə işçi qrupunun görüşü keçirilib

    Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin son çıxışlarında ideoloji işin gücləndirilməsi ilə bağlı qarşıya qoyduğu vəzifələrin icrasının təmin edilməsi ilə bağlı Prezident Administrasiyasının Siyasi Partiyalar və Qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev və Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyevin görüşü keçirilib.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, görüşdə müvafiq sahə üzrə görülən işlərdən danışılıb, həyata keçirilən tədbirlər təhlil olunub və ideoloji işlə bağlı planlar nəzərdən keçirilib.

    Sonra Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin Təhlil və Proqnozlaşdırma sektorunun müdiri Tahir Kərimovun iştirakı ilə Azərbaycan Ordusunda ideoloji işin təşkili və həyata keçirilməsinə cavabdeh zabitlər də cəlb edilməklə müvafiq mövzu ilə bağlı işçi qrupunun görüşü təşkil olunub.

    Tədbirdə Azərbaycan Ordusunda ideoloji işin təşkili və həyata keçirilməsi ilə bağlı müvafiq sahəyə cavabdeh zabitlərin ictimai-siyasi hazırlıq, mənəvi-psixoloji təminat, ictimaiyyətlə əlaqələr, eləcə də digər istiqamətlərə aid hesabat xarakterli məruzələri dinlənilib, prezentasiyalar təqdim olunub, görülən işlər və bu sahədə aparılan işin səmərəliliyinin artırılması üçün nəzərdə tutulan addımlar barədə məlumat verilib.

    Toplantıda çıxış edən Tahir Kərimov Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunda həyata keçirilən islahatlar nəticəsində hərbi hissələrin döyüş qabiliyyətinin artdığını, şəxsi heyətin döyüş əzminin, vətənpərvərlik ruhunun və mənəvi-psixoloji hazırlığının daim yüksəldiyini bildirib.

    İdeoloji işin əhəmiyyətindən danışan T.Kərimov xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan Ordusunun formalaşmasında tarixi fəaliyyətinin, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuzda həyata keçirilən islahatların, hərbi xidmətin nüfuzunun yüksəldilməsi istiqamətində görülən işlərin təbliğinin, gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsinin, gənclərin milli dəyərlərə, tarixi ənənələrə bağlılıq ruhunda, Vətənə məhəbbət və torpaqlarımızın işğaldan azad etməyə daim hazır olmaq hissləri ilə böyüməsinin ideoloji işin əsas istiqamətlərindən olduğunu bir daha diqqətə çatdırıb.

    Tədbirdə Ali Baş Komandan cənab İlham Əliyevin son çıxışlarında ideoloji işin gücləndirilməsi ilə bağlı qarşıya qoyulan vəzifələrin icrasını təmin etmək məqsədilə hərbi hissələrdə həyata keçiriləcək ideoloji işin istiqamətləri və perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb, yeni forma və metodlarla bağlı təkliflər müzakirə olunub.

    Sonda kreativ ideyalardan, müasir texnologiyalardan, fleşmoblardan, sosial şəbəkələrin imkanlarından daha çevik istifadə etməklə ideoloji işlə bağlı qarşıya qoyulan tapşırıqların icrasına daha təsirli, daha keyfiyyətli nail olmanın yolları haqqında da müzakirələr aparılıb.

    Müzakirələr zamanı Müdafiə Nazirliyində ideoloji işlə bağlı görülən işlər və həyata keçirilən tədbirlər müsbət qiymətləndirilib.

  • В Баку возбуждены уголовные дела в отношении 10 пациентов с COVID-19 – ФОТО

    В Баку возбуждены уголовные дела в отношении 10 пациентов с COVID-19, покинувших место жительства.

    Как сообщили в пресс-службе МВД, в июле нынешнего года в результате мероприятий, проведенных правоохранителями Сумгайыта, Мингячевира, Джалилабада, Евлаха, Гейчая, а также Бинагадинского, Сабаильского, Сабунчинского, Хатаинского районов столицы, было установлено, что 10 человек, инфицированных коронавирусом и проходящих лечение на дому, покинули место жительства, невзирая на запрет.

    В отношении нарушителей возбуждено уголовное дело по соответствующей статье УК АР.



  • Azərbaycanda yaşayış yerini tərk edən 10 koronavirus xəstəsinə qarşı cinayət işi açılıb – FOTO

    Daxili işlər orqanlarının əməkdaşları tərəfindən ölkə ərazisində tətbiq olunmuş xüsusi karantin rejimi dövründə COVID-19-un yayılması hallarının qarşısının alınması istiqamətində bir sıra tədbirlər həyata keçirilib, vətəndaşlar tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena qaydalarının pozulması hallarına yol verilməməsi ciddi nəzarətdə saxlanılıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən xəbərə görə, TƏBİB-dən daxil olmuş məlumatlara dərhal reaksiya verilməklə zəruri tədbirlər görülüb, COVID-19 virusuna yoluxmuş və ev şəraitində müalicə olunan şəxslərin müəyyən edilmiş qaydalara riayət etmələri, öz hərəkətləri ilə digər şəxslərin yoluxmasına təhlükə yaratmamaları diqqət mərkəzində saxlanılıb.

    Təkcə cari ilin iyul ayı ərzində paytaxtın Binəqədi, Səbail, Sabunçu, Xətai, həmçinin Sumqayıt, Mingəçevir, Cəlilabad, Yevlax, Göyçay şəhər və rayon polis orqanları tərəfindən görülmüş tədbirlər nəticəsində koronavirus infeksiyasına yoluxmuş və ev şəraitində müalicə olunan 10 nəfərin mənzillərini tərk edərək, küçəyə çıxmaları və digər şəxslərin sağlamlığını təhlükə qarşısında qoymaları müəyyən olunub.

    Görülmüş tədbirlərlə həmin şəxslər dərhal təcrid edilib və xüsusi karantin rejimi qaydalarını pozmaqla virusun yayılmasına real təhlükə yaratdıqlarına görə barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə cinayət işinə başlanılıb.

    Bu istiqamətdə tədbirlər davam etdirilir.



  • SMS icazənin ləğvindən sonra Bakı – VİDEOREPORTAJ

    Bu gün saat 06:00-dan etibarən sərtləşdirilmiş xüsusi karantin zonasına daxil olan şəhər və rayonlarda şəxslərin yaşayış yerini və olduğu yeri SMS icazə, xidməti vəsiqə, icaze.e-gov.az portalı vasitəsilə tərk etmək sistemi ləğv olunub. Yəni vətəndaşlar istədikləri ünvana rahatlıqla gedib-gələ bilərlər.

    “28 May” metrostansiyasının qarşısında əvvəlki günlərlə müqaisədə, daha çox insanın hərəkəti müşahidə olunur. İcazə sisteminin ləğv olunmasından məmnun olan vətəndaşlar yumşalmanın davamını səbirsizliklə gözləyirlər.

    “Nazirlər Kabinetinin müvafiq qərarı ilə fəaliyyətinə icazə verilmiş sahələrdə çalışan əməkdaşların ezamiyyələrinin 5 avqust tarixindən icaze.e-gov.az portalına əlavə olunması imkanı yaradılıb.

    Bunun üçün qurumun möhür səlahiyyətli şəxsi “icaze.e-gov.az” portalında “İcazələr” bölməsinə daxil olur. Açılmış bölmədə “Əməliyyatlar” sütunundan “ezamiyyə et” düyməsinə klik edərək müvafiq məlumatlar doldurulur və təsdiq edilir.

    Əgər əməkdaşın indiyədək sistemdə icazəsi olubsa bu zaman “İcazələr” bölməsinə daxil olaraq “Aktivləşdir” düyməsinə klik etmək, sistemə indiyədək daxil edilməyən əməkdaş üçün isə “Yeni” düyməsinə klik edərək öncə əməkdaşa icazə əldə etmək lazımdır”.

    Bunu “ASAN Xidmət”in sözçüsü Elnur Niftəliyev Baku TV-yə açıqlamasında qeyd edib.

    COVID-19 infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla 2020-ci il 31 avqust saat 00:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarında tətbiq olunacaq. Bu müddətdə isə həmin şəhər və rayonlarda giriş-çıxış əvvəlki qaydada tənzimlənəcək.

  • Ramin Bayramlı: “Xəstəlik mutasiyaya uğrayaraq yenidən yayıla bilər”

    “Mart ayının əvvəllərində 22 xəstəxananı koronavirusla mübarizə üçün ayırmışdıq. İyun-iyul aylarında ölkə ərazisində, xüsusilə Bakı şəhərində artım oldu.COVİD-19-la mübarizə üçün xəstəxanaların sayı 46-ya çatdırıldı”.

    Median.Az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu sözləri TƏBİB-in sədri Ramin Bayramlı Abşeron İdman Olimpiya Kompleksinin modul tipli xəstəxanaya çevirilməsi üçün təşkil olunan açılış mərasimindən sonra deyib.

    O bildirib ki, bunlardan 10-u modul tipli xəstəxana idi:

    “Bundan başqa Fövqaladə Hallar Nazirliyinin modul tipli xəstəxanası da istifadəyə verildi. 800 çarpayıdan ibarət xəstəxanada çarpayıların sayı daha 1200 ədəd artırılması nəzərdə tutulub. Modul tipli xəstəxanalardan yalnız 5-ni istifadə etmişik. İyun-iyul aylarında artım zamanı çarpayıların doluluq səviyyəsi bəzən Bakıda 85-88 faizə çatdı, rayonlarda isə 30 faizdən yuxarı olmayıb. Bunu nəzərə alaraq, əlavə müəssisələrin cəlb olunmasına başladıq. Lakin tətbiq olunan əks-pandemiya mübarizəsi və karantin şəraiti ilə sayın azalmasına nail olduq.

    Ancaq Ümumdünya Səhiyyə Təşkilatı və ölkəmizə cəlb olunan ekspertlər payız aylarına hazırlıq üçün tövsiyə verirlər. Bu bütün dünya ölkələrində aparılır. Xəstəlik mutasiyaya uğrayaraq yenidən yayıla bilər və payız aylarında ehtimal olunan digər respirator infeksiyalar yayıla bilər. Buna hazır olmalıyıq. Bu gün ölkəmizdə yoluxma və ölüm sayını digər ölkələrlə müqayisə edə bilərsiz. Ölüm sayı təxminən 2 faizdir, yaş həddi isə orta hesabla 65-dir. Tibb müəssisələrinin vaxtında hazırlanması, adekvat tədbirlərin görülməsi, müalicə üsullarının hazırlanması xəstələrimizə kömək oldu. Bir az bundan öncə Çindən gələn nümayəndə, dünən isə İtaliyadan gələn nümayəndə heyəti ilə görüşmüşəm.

    Bizim əməkdaşlar onlarla çalışırlar. Bütün müalicə prosesləri və gələcək planlar barədə danışırıq. Ümid edirəm ki, bütün çarpayı fondumuzdan istifadə etməyəcəyik. Amma zərurət yaransa, istifadə oluna bilər. Abşeron İdman Kompleksində yaradılan modul tipli xəstəxana müasir standartlara cavab verir. Burada çalışacaq tibbi personal rahat işini görəcək. Azərbaycan azsaylı ölkələrdəndir ki, tibbi personal üçün nəqliyyat vasitələri ayırıb”.

  • “Yeni Klinika”da mərhum jurnalist Əmrah Fəqanoğlunun telefonu oğurlanıb

    Bir neçə gün öncə koronavirusdan vəfat etmiş jurnalist Əmrah Fəqanoğlunun telefonu oğurlanıb.

    Bu barədə jurnalistin oğlu məlumat verib.

    O, məsələnin ictimailəşməsində və bu məsələnin həll olmasında köməklik göstərilməsini xahiş edib: “17 iyul 2020 ci il tarixdən 28 iyul 2020 ci il tarixə qədər özünə təhvil verdiyim Əmrah Fəqanoğluna məxsus olan telefon müalicə aldığı “Yeni Klinika” tərəfindən ailəsi və yaxınlarına təhvil verilməyib və oğurlanıb, itib adı altında məlumat verilib. Bu cür məsuliyyətsizlik və mənəvi dəyəri olan şəxsi əşyanın qaytarılmaması yolverilməzdir”.

    Qeyd edək ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin koronavirusa yoluxan böyük redaktoru, tanınmış jurnalist Əmrah Fəqanoğlu iyulun 28-də müalicə aldığı “Yeni Klinika”da vəfat edib.

  • Azərbaycan səfiri İtaliya mətbuatında erməni yalanlarını ifşa etdi

    Bu günlər İtaliyada erməni tərəfi baş verənlərlə bağlı həqiqətləri işıqlandıran kütləvi informasiya vasitələrinə, hadisələrə münasibətdə obyektiv mövqe tutan siyasətçilərə, tədqiqatçılara, jurnalistlərə təzyiqlər edir, məlumatlar üzərində manipulyasiya etməyə və dezinformasiya yaymağa cəhd göstərir. Həqiqətlərin İtaliya ictimaiyyətinə çatdırılması istiqamətində növbəti addımlardan biri kimi Azərbaycanın İtaliyadakı səfir Məmməd Əhmədzadənin İtaliyanın “Kmetro” xəbər portalında jurnalist Alessandro Luonqo ilə geniş müsahibəsi dərc olunub.

    Bu barədə Azərbaycanın İtaliyadakı səfirliyi məlumat yayıb.

    Bildirilib ki, müsahibəsində diplomat Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələri, Tovuz rayonu istiqamətində Azərbaycan-Ermənistan dövlət sərhədi boyu Ermənistanın son hərbi avantürası, qarşı tərəfi buna təhrik edən səbəblər, o cümlədən Ermənistan tərəfinin Cənub Qaz Dəhlizinin də keçdiyi bu strateji ərazinin destabilizasiyası və önəmli nəqliyyat infastrukturuna xələl yetirmək məqsədləri barədə danışıb.

    Səfir bildirib ki, özünü dünyaya “əzabkeş xalq” kimi təqdim edən erməni tərəfi bu imici əbədiləşdirmək üçün dünya ictimaiyyətini aldadaraq, öz hərəkətlərini gizlətməyə və baş verənlərə görə Azərbaycanı ittiham etməyə cəhd göstərir. Ermənistan Tovuz rayonu kimi strateji bir əraziyə etdiyi hücumlarla əlaqəli riskləri etiraf etmək əvəzinə, Metsamor nüvə stansiyasına Azərbaycan tərəfindən mümkün xəyali hücum riskinin olduğu kimi uydurma məlumatlar yaydı.

    Erməni tərəfinin bu iddialarının Azərbaycan tərəfindən dərhal rədd edilməsinə baxmayaraq, Ermənistan bu “bayraqdan” beynəlxalq həmrəylik əldə etmək məqsədilə dünyadakı erməni icmasını səfərbər etmək üçün istifadə etsə də, buna nail ola bilmədi. Üstəlik, erməni icması dünyanın müxtəlif ölkələrində Azərbaycanın diplomatik nümayəndəliklərinə hücumlar təşkil edərək, onlara ciddi xəsarət yetirdi.

    Diplomat eləcə də erməni tərəfinin Dağlıq Qarabağ münaqişəsini dünyaya dini münaqişə kimi təqdim etməyə çalışdığını, əslində bu problemlərin dini amillə heç bir əlaqəsinin olmadığını və sırf ərazi münaqişəsi olduğunu deyib. Azərbaycanın çoxmədəniyyətli ölkə, dinlərarası dialoq üçün bir model olduğunu, ölkəmizin bütün dinlərə münasibətdə açıqlığını, ölkəmizdə çoxsaylı dini abidələrin, sinaqoqların, kilsələrin, hətta Bakının mərkəzində erməni kilsəsinin bunun sübutu olduğunu, Azərbaycanda yaşayan müxtəlif dinlərə mənsub insanların etiqad azadlığının olduğunun tam təmin edildiyini bildirib. Bütün bu dəyərlərin Azərbaycan xalqının dərin tarixi köklərində olduğunu və bunun sivil dünya tərəfindən daha çox təqdir edilməli olduğunu vurğulayıb. Beynəlxalq hüququ pozan və digər xalqların mədəni irsini məhv edən monoetnik Ermənistanın bu dəyərlərlə heç bir əlaqəsinin olmadığını deyib.

    Müsahibəsində diplomat eləcə də Azərbaycanla İtaliya arasında strateji tərəfdaşlıq əlaqələri, bunu şərtləndirən səbəblər, Azərbaycan Respublikasının Prezidentinin İtaliyaya dövlət səfəri və bu səfərin tarixi nəticələri, iki ölkə arasında müxtəlif sahələrdə geniş əməkdaşlıq gündəliyi, Azərbaycan-İtaliya dostluğunun bariz nümunəsi kimi COVID-19 pandemiyası dövründə qarşılıqlı həmrəylik və dəstək təşəbbüsləri barədə də danışıb.

    Müsahibə ilə aşağıdakı keçidlə tanış olmaq mümkündür:

  • Koronavirusla mübarizəyə cəlb olunan həkimə şiddətli töhmət verildi

    Qazaxda koronavirusla mübarizəyə cəlb olunan rayon Təcili Tibbi Yardım Stansiyasının işçiləri üçün ayrılan müvəqqəti binadakı şəraitdən şikayət edən həkim Sevda Nəsibovaya şiddətli töhmət verilib.

    Bu barədə “Report”un sorğusuna cavab olaraq Qazax Rayon Mərkəzi Xəstəxanasından bildirilib.

    Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) isə qeyd olunub ki, S.Nəsibova vəzifə səlahiyyətlərini aşaraq məlum videoda yanlış məlumatlar yaydığı, əhali arasında çaşqınlıq yaratdığı və görülən işlərə kölgə saldığına görə şiddətli töhmət alıb.

    Töhmət alan həkimin Azərbaycanın görkəmli aşığı, əməkdar incəsənət xadimi Aşıq Ədalətin (Ədalət Nəsibovun) gəlini olduğu bildirilir.

    Qeyd edək ki, sosial şəbəkələrdə yayılan videoda S.Nəsibova həkimlər üçün ayrılan müvəqqəti binadakı şəraitdən şikayət edib.

  • Gürcüstanda yeni dərs ili sentyabrın 15-də başlayacaq

    Gürcüstanda orta və ali məktəblərdə yeni dərs ili sentyabrın 15-də başlayacaq.

    “Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin təhsil naziri Mixeil Çxenkeli keçirdiyi brifinqdə bildirib.

    Nazir deyib ki, müvafiq qərar cari epidemioloji vəziyyət nəzərə alınmaqla qəbul edilib: “Lakin biz bütün ssenarilərə hazırıq”.

  • Sahibkarlara 250 manat ödəniləcək – Rəsmi açıqlama

    Nazirlər Kabineti sahibkarlıq subyektlərinə yeni maliyyə dəstəyinin göstərilməsi barədə qərar qəbul edib.

    İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, qərara əsasən, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkədə karantin tədbirləri davam etdirildiyindən, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, mövcud şəraitin sahibkarlığa mənfi təsirlərini minimallaşdırmaq və məşğulluğun qorunmasına dəstək məqsədilə pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramlarının növbəti mərhələsinə start verilir.

    Nazirlər Kabineti tərəfindən qəbul edilmiş qərara əsasən, bu günədək pandemiyadan zərər çəkmiş sahələrdə çalışan, maliyyə dəstəyi almış və dövlət başçısının çağırışına cavab olaraq işçi saylarında ciddi azalmalara yol verməmiş vergi ödəyicilərinə 1 iyul 2020-ci il tarixinə olan işçi sayına münasibətdə bir aylıq əmək haqqı fondu həcmində maliyyə dəstəyi göstəriləcək. Maliyyə dəstəyi avqust və sentyabr aylarını əhatə etməklə 2 mərhələdə bərabər hissələrlə ödəniləcək.

    Eyni zamanda, maliyyə dəstəyinə daha çox ehtiyacı olan və birinci mərhələdə 250 manat həcmində birdəfəlik ödəniş almış fərdi (mikro) sahibkarlara da təkrarən 250 manat həcmində maliyyə dəstəyi göstəriləcək.

    Qeyd etmək lazımdır ki, birinci mərhələ çərçivəsində maliyyə dəstəyi əldə etmiş vergi ödəyicilərinin yenidən müraciət etməsinə ehtiyac yoxdur. Maliyyə dəstəyi proqramının ikinci mərhələsi üzrə ödənişlər proqramın birinci mərhələsində bu dəstəyi almış vergi ödəyiciləri üzrə həyata keçiriləcək. İndiyə qədər maliyyə dəstəyi almamış vergi ödəyiciləri də dəstək üçün müraciət edə bilərlər. Yeni müraciətlər avqust ayının 10-dək qəbul ediləcək.

    Məlumat üçün bildiririk ki, pandemiyanın biznesə təsirləri ilə bağlı avqustun 7-də İqtisadiyyat naziri Mikayıl Cabbarovun sahibkarlarla onlayn görüşü keçiriləcək. Görüşdə yeni şəraitdə biznesin fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılacaq, pandemiyanın sahibkarlığa mənfi təsirlərinin aradan qaldırılması yolları müzakirə ediləcək, özəl sektorun təklifləri dinləniləcək, sualları cavablandırılacaq.

    Sahibkarlardan qeyd edilən məsələlər barədə təkliflərini 6 avqust saat 18:00-dək teklif@economy.gov.az elektron ünvanına göndərmələri xahiş olunur.