Month: August 2020

  • İcra hakimiyyətindən Bakıda zibillərin küçəyə atılması ilə bağlı AÇIQLAMA

    Binəqədi Rayon İcra Hakimiyyəti G.Ramazanov küçəsi, döngə 2 ünvanında məişət tullantıları üçün nəzərdə tutulmuş yerdə zibil yeşiklərinin olmaması nəticəsində yaranmış antisanitariya vəziyyəti ilə bağlı məlumata münasibət bildirib.

    Oxu.az-ın sorğusuna cavab olaraq icra hakimiyyətindən bildirilib ki, Binəqədi qəsəbəsi, G.Ramazanov küçəsi, döngə 2 ünvanında tullantı konteynerlərinin olmaması ilə bağlı işıqlandırılmış xəbər Rayon İcra Hakimiyyəti tərəfindən araşdırılıb:

    “Məlumat üçün qeyd edək ki, rayon ərazisində məişət tullantıları üçün nəzərdə tutulmuş meydançaların təmizlənməsi mütəmadi olaraq həyata keçirilir. Bundan əlavə, məsul şəxslər tərəfindən monitorinqlər aparılır və ərazidə aşkar edilən tullantılardan ibarət poliqonlar davamlı olaraq təmizlənir.

    Həmin ərazinin tullantılar üçün nəzərdə tutulmamasına və yaxınlıqda konteynerlərin mövcud olmasına baxmayaraq, sakinlər tərəfindən əraziyə mütəmadi olaraq tullantıların atılması davam edir”.

    “Qeyd etmək istərdik ki, hazırda həmin ərazi tullantılardan təmizlənib. Sakinlərimizə tullantıları ətraf ərazilərə atmamağı və yaxınlıqda olan məişət tullantıları üçün nəzərdə tutulmuş konteynerlərdən istifadə etməyi tövsiyə edirik”, – deyə qurumdan qeyd olunub.

  • Prezidentin köməkçisi: “Həmsədrlərin mandatının əsasını təşkil edən məqsədlər həyata keçirilməyib” – MÜSAHİBƏ

    Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev APA-ya müsahibə verib.

    Median.Az həmin müsahibəni təqdim edir:

    – Prezident İlham Əliyev Balakən regional “ASAN Xidmət” mərkəzinin açılışında bildirdi ki, quldur, kriminal rejimlə heç bir danışıqlar aparılmayacaq. İndiki şərtlər daxilində Ermənistan və Azərbaycan arasında danışıqların dayandırılması mümkündürmü?

    – Azərbaycan Respublikası Ermənistan-Azərbaycan münaqişəsinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə həlli prosesinə sadiqdir.

    Biz hesab edirik ki, bu fəaliyyət Minsk Qrupunun həmsədrlərinin mandatının əsasını təşkil edən sənədlər, xüsusilə də ATƏT-in Budapeşt sammitinin qərarları və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həyata keçirilməlidir.

    Amma Azərbaycan Respublikasının qaldırdığı məsələ ondan ibarətdir ki, danışıqlar prosesi nəticəsində Azərbaycanın işğal edilmiş ərazilərinin işğaldan azad edilməsi təmin olunmalıdır.

    Yəni bu mandat əsasında qoyulmuş məqsədlər həyata keçirilməyib. Burada da əsas məqsəd ondan ibarətdir ki, danışıqlar prosesinin nəticəsi olaraq Azərbaycanın işğal olunmuş torpaqları işğaldan azad edilməlidir.

    Görünən odur ki, Ermənistan danışıqlar prosesinə riyakarlıqla yanaşır. Ermənistan atəşkəs rejimi adı altında danışıqlar prosesinin yubatmağa, hətta uzatmağa çalışır. Ermənistanın məqsədi işğala əsaslanan status-kvonu gücləndirməkdir.

    Ona görə də Azərbaycanın gözləntisi Minsk Qrupu həmsədrlərinin öz üzərinə düşən mandat əsasında ciddi, konkret gündəlik, həmçinin, 90-cı illərin ortalarında BMT Təhlükəsizlik Şurasının qətnaməsi əsasında hazırlanmış təcili və təxirəsalınmaz addımlar haqqında proqramda nəzərdə tutulan konkret vaxt ərzində Ermənistan qoşunlarının Azərbaycan ərazisindən çıxarılmasıdır. Bu plan nəyə görə həyata keçirilmir?!

    Bu gün biz Ermənistanın ritorikasına baxsaq, görərik ki, onlar yenə də beynəlxalq ictimaiyyəti aldatmaqla məşğuldur. Onlar qəsdən yenə də atəşkəs rejiminin gücləndirilməsi ilə bağlı məsələləri gündəmə gətirirlər.

    Axı burada məqsəd atəşkəsin gücləndirilməsi deyil, işğal faktına, hərbi işğala son qoymaqdır. Danışıqlar prosesinin də mahiyyətində bu durmalıdır. Azərbaycan Respublikası Düşənbə görüşündən – 2018-ci ilin sentyabr ayından başlayaraq danışıqların intensiv əsasda hazırlanması üçün bütün konstruktiv addımları həyata keçirib.

    Ancaq bunun müqabilində biz Ermənistanın destruktiv və provokativ addımlarını gördük. Ermənistan danışıqlar prosesinin formatını pozmağa çalışır, danışıqlar prosesinin mahiyyətini dağıdır, ATƏT-in Minsk Qrupu həmsədrlərinə hörmətsiz yanaşır.

    Ermənistanın təcavüzkar siyasətinin davamı kimi biz Tovuzda növbəti hücumu, təxribatı gördük. Bunlar baş verdiyi şəraitdə beynəlxalq ictimaiyyət, həmsədrlər tərəfindən Ermənistanın fəaliyyətinə qiymət verilməli, danışıqlar konkret əsasda aparılmalıdır.

    – Bunun üçün Azərbaycan tərəfindən hansısa şərtlər irəli sürülübmü? ATƏT-in Minsk Qrupu qarşısında hansısa məsələ qaldırılıbmı?

    – Azərbaycanın qarşıya qoyduğu məqamlardan biri həmsədrlərin öz mandatından irəli gələn məsələlərin həlli üçün öz fəaliyyətlərini nəzərdən keçirmələridir. Həmçinin, danışıqlar prosesində artıq müəyyən olunmuş əsasların Ermənistan tərəfindən pozulmasına və müəyyən qeyd-şərtlər irəli sürməsinə yol vermək olmaz.

    Ermənistanın baş naziri Azərbaycan tərəfinə yeddi qeyd-şərt irəli sürüb. Bu, danışıqlar prosesinə çox ciddi zərbədir. Danışıqlarda Ermənistanın hər hansı şərt qoymasının əsası yoxdur.

    Həmçinin, Azərbaycan o məqamla çıxış edir ki, ATƏT-in Minsk Qrupunun 11 üzvü də prosesdə aktiv iştirak etsin. Onların hamısının iştirakı ilə toplantılar, Minsk Qrupunun geniş tərkibli iclasları keçirilsin.

    Ən vacib məqam odur ki, işğal faktına son qoyulmalı, Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır. Ermənistanın hərbi-siyasi rəhbərliyində olan insanları, nəhayət, öz məsuliyyətlərini başa düşməlidirlər. Onlar anlamalıdır ki, bu işğala görə şəxsən məsuliyyət daşıyırlar.

  • Bakıda gücləndirilmiş nəzarət tədbirləri davam etdirilir – FOTO

    Koronavirusun kütləvi yayılmasının qarşısının alınması məqsədilə paytaxtın küçə və prospektlərində, məhəllədaxili yollarda, ictimai nəqliyyatda, qapalı məkanlarda gücləndirilmiş nəzarət-profilaktik tədbirləri davam etdirilir.

    Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat xidmətindən verilən məlumata görə, polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən tədbirlərdə yaşayış yerini icazəsiz tərk edən, sosial məsafəni gözləməyən, beş nəfərdən artıq qrup halında toplaşan, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (maskalardan) istifadə etməyən şəxslərlə profilaktik söhbətlər aparılır, mövcud sanitar-gigiyenik tələblər izah olunur.

    Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun profilaktikasına dair metodiki göstərişlərə əməl etməyən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolu tərtib edilir.










  • Daha bir ölkə birdəfəlik plastik torbalardan imtina etdi

    Çili hökumətinin qərarına əsasən, ölkədə plastik torbalardan istifadə tamamilə qadağan olunub.

    Hökumət müvafiq qərarın qəbul edilməsi üçün iki il əvvəldən müvafiq islahatlar aparıb.

    “RİA Novosti” agentliyi xəbər verir ki, qərar iyulun 3-dən qüvvəyə minib.

    Hazırda ölkədə fəaliyyət göstərən mini marketlərdə plastik torbalardan istifadə qadağandır.

    Qeyd edək ki, son iki il ərzində Çilidə beş milyondan çox plastik torba satışının qarşısı alınıb.

  • İnəkləri Göyçayda oğurlayıb Bərdədə satanlar tutuldu

    Göyçay Rayon Polis Şöbəsinə rayonun Birinci Ərəbcəbirli kəndində ümumi dəyəri 3 000 manat olan iki baş inəyin oğurlanması barədə müraciət daxil olub.

    Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupu məlumat yayıb.

    Bildirilib ki, daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində iribuynuzlu heyvanları oğurlayan şəxslərin zərərçəkmişin həmkəndlisi, əvvəllər məhkum olunmuş Elşən Niyatov və rayonun Mallı-Şıxlı kənd sakini Kənan Şəfizadə olduğu müəyyən edilib.

    Onlar şübhəli şəxs qismində saxlanılaraq, Polis Şöbəsinə gətirilib. Araşdırma zamanı saxlanılan şəxslərin həmin heyvanları oğurladıqdan sonra Bərdə rayonunda satdıqları məlum olub.

    Faktla bağlı araşdırma aparılır.

  • Şimşək, leysan, sel – FAKTİKİ HAVA

    Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub, şimal-qərb küləyi güclənib.

    Düşən yağıntının miqdarı Ağdərədə (Ordubad) 22 mm, Astarada 16 mm, Salyanda 10 mm, Lerikdə 8 mm, Beyləqanda 6 mm, Biləsuvarda 5 mm, Qubada 4 mm, Daşkəsən, Göygöl, Balakən, Qrız, Xınalıqda 3 mm, Gədəbəy, Ağdam, Qəbələ, Qusar, Neftçala, Yardımlı, Lənkəran, Ağsuda 2 mm, Sumqayıt, Bakı, Maştağa, Pirallahı, Naftalan, Şəmkir, Zaqatala, Şəki, İsmayıllı, Şamaxı, Altıağac, Xaltan, Yevlax, Göyçay, İmişli, Sabirabad, Cəfərxan, Qazıməmməd, Kişçay (Şəki), Şabran, Nabran, Şahdağda 1 mm olub. Yağan leysan xarakterli yağış nəticəsində avqustun 3-də Talaçay Zaqatala və Əyriçay Başdaşağıl məntəqələrindən sel keçib.

    Şimal-qərb küləyi gün ərzində arabir Neftçalada 26 m/s, Naftalanda 23 m/s, Bakı, Qum adasında 28 m/s, Maştağada 25 m/s, Çilov adasında 23 m/s, Ələt, Pirallahıda 20 m/s, Sumqayıt, Binədə 19 m/s, Neft Daşlarında 23 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 5 metrə çatıb.

    Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 25-27, Aran rayonlarında 29-31, dağlıq rayonlarda 18-21, Naxçıvan MR-da 31-34 dərəcə isti olub.

  • Bakıda sakinlər etiraz edir – Video

    Nəsimi rayonu, Abbas Səhhət küçəsinin sakinləri evlərinin qanunsuz sökülməsinə etiraz ediblər.

    BAXAR.AZ-a danışan sakinlər , adını bilmədikləri tikinti şirkəti onların evlərini sökməyə və onları evindən məcburi şəkildə çıxarmağa çalışır. Sakinlərin dediklərinə görə, onları evindən çıxmağa məcbur edənləri məhkəməyə veriblər. Nəticə olaraq Ali Məhkəmə qərar verib ki, sakinlərə kompensasiya ödənilməlidir.

    Sakinlər bildirirlər ki, tikinti şirkətinin əməkdaşları kompensasiya ödəməkdən də boyun qaçırırlar. Həmçinin,onların heç bir hüquqi sənədinin olmadığı da bildirirlər.

    Sakinlər qeyd edir ki, 1 həftəyə evlərini tərk etmələri ilə bağlı onlara təzyiqlər olunur.

  • İki vəzifəli şəxs məsuliyyətə cəlb olunub – RƏSMİ

    Cari ilin ilk altı ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 2 893 fakt aşkar olunub. Onlardan 1 015-i narkotik vasitələrin qanunsuz satışı, 1 665-i qanunsuz əldə edilib saxlanılması, 170-i qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya edilməsi, 43-ü isə digər cinayətlərlə bağlı olub.

    Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu hesabat yayıb.

    Aşkar edilmiş faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunan 2 ton 309 kq 543,2 qr narkotik vasitələrin və psixotrop maddələrin 1 ton 460 kq 615,3 qr-nı heroin (63,2%), 524,2 kq-nı marixuana (22,6%), 168 kq 675,3qr-nı tiryək (7,3%), 20 kq 469,8 qr-nı həşiş (0,8%), 394 qr-nı kokain (0,01%) narkotik vasitələr, 135 kq 91,2 qr-nı psixotrop maddələr və digərləri (5,8%) təşkil edib.

    Həmçinin hesabat dövründə aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 926,5 hektar sahədən çəkisi 90 ton 163 kq 710,6 qr olan 271 min 712 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq, müvafiq qaydaya uyğun olaraq məhv edilib.

    Cinayət məsuliyyətinə 1 933 nəfər cəlb edilib ki, onlardan 16-18 yaşadək dörd nəfər, 18-25 yaşadək 170 nəfər, 26-29 yaşadək 341 nəfər, 30 yaş və ondan yuxarı isə 1 418 nəfər təşkil edir.

    Məsuliyyətə cəlb olunanlardan 85-i fəhlə, beşi qulluqçu, ikisi vəzifəli və maddi məsul şəxs, ikisi nəqliyyat işçisi, üçü kənd təsərrüfatı işçisi, doqquzu əvvəllər xüsusi qeydiyyatda olan, 545-i əvvəllər cinayət törədənlər, 1 307-si işləməyən, 1 890-ı kişi, 43-ü qadın, 49-u isə xarici ölkə vətəndaşı olub.

    Məsuliyyətə cəlb edilmiş 49 xarici ölkə vətəndaşından 25-i İran, 8-i Gürcüstan, 13-ü Rusiya, ikisi Qazaxıstan, biri Pakistan vətəndaşı olub. Onlardan çəkisi 448,3 kq müxtəlif növ narkotik vasitə, 13 kq 314,8 qr psixotrop maddə, 950 qr həb, 98 kq 28,7 qr (635 ədəd) çətənə bitkisi götürülüb.

    Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə görə ümumilikdə cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərin sayı 4 732, ötən altı ay ərzində bu növ cinayətlərə görə həbs olunmuşların sayı 1 661, narkomaniyadan məcburi müalicə təyin edilmiş məhkumların sayı 2 740 nəfərdir.

    Hüquq-mühafizə orqanları tərəfindən narkotiklərin qaçaqmalçılıq yolu ölkə ərazisinə gətirilməsi ilə bağlı 143 fakt aşkar edilib, faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 289,1 kq müxtəlif növ narkotik vasitə və psixotrop maddə çıxarılıb.

    Ümumilikdə aşkar edilmiş cinayətlərin 194-ü qrup halında törədilib və həmin faktlar üzrə çəkisi 769,6 kq narkotik vasitə müsadirə edilib.

    Qeydə alınmış cinayətlərin 822-si isə əvvəllər cinayət törətmiş şəxslər tərəfindən törədilib və onlardan 208,4 kq müxtəlif növ narkotik vasitələr götürülüb.

    Təhlil göstərir ki, ötən ilin birinci yarımili ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən aşkar edilən faktların sayı 340, qanunsuz satışı ilə bağlı faktların sayı 308, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 13, qrup şəklində törədilmiş cinayətlərin sayı 47 fakt, ümumilikdə aşkar edilmiş faktlar üzrə qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisi 658 kq 793,9 qr, yabanı halda müyyən edilmiş narkotik xassəli bitkilərin yaş kütləsi 16 ton 271 kq 409 qr, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı 250 nəfər artıb, 16-18 yaşadək olanların sayı bir, məsuliyyətə cəlb edilmiş xarici ölkə vətəndaşlarının sayı yeddi nəfər azalıb.

    Qaçaqmalçılıqla bağlı aşkar edilən faktlarin sayı 108 vahid azalsa da, faktlar üzrə qanunsuz dövriyyədən götürülmüş narkotiklərin çəkisi 400,4 kq çox olub.

    Hesabat dövründə sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinədən 10 832 nəfər keçirilib.

    Onlardan 3 101 nəfər narkotik vasitələrin istifadəsinə görə müayinə olunub, 1 759 nəfər istifadəçi aşkarlanıb və müvafiq qeydiyyata götürülüb.

    Hazırda əvəzedici müalicə proqramı üzrə fəaliyyət göstərən üç məntəqədə proqram çərçivəsində (Respublika QİÇS-lə Mübarizə Mərkəzində – 345, Respublika Narkoloji Mərkəzində – 165, Sumqayıt şəhər Narkoloji Dispanserində – 73) 583 nəfər xəstə müalicə alır.

    Ədliyyə Nazirliyi tərəfindən Respublika Narkoloji Mərkəzinə göndərilmiş şəxslərin məhkəmə-narkoloji tibbi yoxlaması təmin olunub və ekspertizadan cəmi 1 794 nəfər keçib.

    Onlardan 1 228 nəfərə narkomaniyadan məcburi müalicə təyin olunub, mülki işlə bağlı narkoloji tibb müəssisəsində məcburi müalicədə olan narkomanlıq xəstəliyinə düçar olan şəxslərin ümumi sayı 12 nəfərdir.

  • В Билясуваре в кафе выявлен притон – ФОТО

    Сотрудники управления полиции Билясуварского района в ходе рейда в селе Хырмандалы выявили притон, устроенный местным жителем З.Гасанли в принадлежащем ему кафе Yaşıl Ada.

    Как сообщает лянкяранская региональная группа пресс-службы МВД, в результате задержаны владелец заведения и шестеро посетителей.

    По данному факту возбуждено уголовное дело, проводится расследование.

  • Azərbaycanda əxlaqsızlıq yuvası aşkarlandı – FOTO

    Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Salyan rayonunun Şorsulu kənd sakini Z.Həsənlinin Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində işlətdiyi “Yaşıl Ada”adlı kafenin əxlaqsız yuva kimi fəaliyyət göstərdiyi aşkar olunub.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində həmin kafeni icarə əsasında işlədən Z.Həsənli və orada olan 6 nəfər müştəri saxlanılaraq Rayon Polis Şöbəsinə gətirilib.

    Faktla bağlı Biləsuvar RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.