Month: Avqust 2020

  • Meyxanaçı Ağamirzə: “Ağakərimin vəziyyəti pisdir”

    Meyxanaçı Ağamirzə Məmmədov həmkarı Ağakərimin səhhəti haqda danışıb.

    Axşam.az xəbər verir ki, “Bağ mövsümü” proqramında qonaq olan sənətçi insult keçirən meyxanaçının vəziyyətinin pis olduğunu söyləyib:

    “Ağakərimin vəziyyəti pisdir. Bizə dua etmək, Allahdan şəfa diləmək qalıb. Onun yanına gedib-gələndə çox pis oluram. Övladlarımı aparıram ki, gedin halını soruşun gəlin. Özüm də oturub maşında gözləyirəm. Ürəyim kövrəkdir, Ağakərimi elə görə bilmirəm”.

    Qeyd edək ki, meyxanaçı Ağakərimin 2017-ci ilin martında beyninə qan sızıb. Həmin gündən ifaçının səhhətində ciddi problemlər yaranıb.

  • Azərbaycanlı alimin hazırladığı vaksin insanlar üzərində sınaqdan keçiriləcək

    Türkiyənin Biotexnologiya İnstitutunun Peyvənd Elmi Komitəsinin üzvü, Akdeniz Universitetinin professoru, AMEA-nın müxbir üzvü Tərlan Məmmədovun rəhbərliyi ilə COVID-19-a qarşı yaşıl bitkilər üzərində hazırlanan iki peyvənd tədqiqatı heyvanlar üzərində uğurlu nəticələr verib və o, insanlar üzərində sınaqdan keçirilməyə hazırdır.

    Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) verilən məlumata görə, Tərlan Məmmədov təxminən dörd ay əvvəl 20 nəfərlik qrupu ilə COVID-19-a qarşı peyvənd işlərinə başlayıb.

    Alim açıqlamasında laboratoriyada xüsusi olaraq istehsal etdikləri tütün bitkisi ailəsinə aid olan “Nicotiana Benthamiana” üzərində yeni nəsil peyvəndləmə işləri apardıqlarını bildirib. Qeyd edib ki, istehsal etdikləri peyvəndin bir dozası COVID-19-a qarşı xüsusi immunitet yaradır.

    Bu istiqamətdə iki peyvənd inkişaf etdirdiklərini deyən T.Məmmədov qazandıqları nəticələrin son dərəcə uğurlu olduğunu bildirib:

    “İstehsal etdiyimiz vaksin namizədlərinin bütün mutasiyalara qarşı təhlükəsiz və effektiv olacağına inanırıq. Artıq COVID-19-a qarşı peyvənd namizədlərini insanlar üzərində sınaqdan keçirə bilərik. İstehsal və saflaşdırma effektivliyi anticisimlərin ticarəti üçün kifayət qədər yüksəkdir”.

    T.Məmmədov araşdırmanı Türkiyə Peyvənd Elmi Komitəsinə hesabat şəklində təqdim etdiklərini və yaxın zamanda Səhiyyə Nazirliyinə göndərəcəklərini əlavə edib.

  • Bakıdan Frankfurta uçuşlar başlayır

    Sentyabrın 1-dən Bakıdan Almaniyanın Frankfurt şəhərinə uçuşlar başlayır.

    Bu barədə “Lufthansa”nın rəsmi saytında qeyd edilib.

    Biletlərin qiymətinin 483 AZN-dən başlayacağı bildirilib.

  • Azərbaycanda koronavirusdan sağalanların sayı yoluxanları üstələdi: Üç nəfər vəfat etdi – FOTO

    Azərbaycanda koronavirus infeksiyasına 126 yeni yoluxma faktı qeydə alınıb, 144 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Bu barədə Nazirlər Kabineti yanında operativ qərargahdan məlumat verilib.

    Son sutkada koronavirusdan üç nəfər vəfat edib.

  • Masallıda bacısını kəndirlə boğub öldürənin işi məhkəməyə göndərildi

    Bu il mayın 15-də Masallı rayonu Çaxırlı kənd sakini Könül Məmmədrzayevanın kəndirlə boğularaq qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə Masallı rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

    Masallı rayon prokurorluğundan verilən məlumata görə, istintaqla zərərçəkmişin qardaşı Rafiq Gözəlovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Könül Məmmədrzayevanı kəndirlə boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

    Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

  • Əlilliyi olan 155 şəxsə reabilitasiya vasitələri verilib

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi səyyar xidmətlərini Siyəzən, Xızı, Şabran, Xaçmaz, İsmayıllı, Qəbələ və Oğuz rayonlarında davam etdirib.

    Nazirlikdən verilən məlumata görə, həmin yeddi rayon üzrə 155 nəfər əlilliyi olan şəxsə ehtiyac duyduqları 896 reabilitasiya vasitəsi Mərkəzin əməkdaşları tərəfindən həmin rayonlara aparılaraq onlara təqdim edilib.

    Bir sıra əlilliyi olan şəxslərin isə yaxın günlərdə reabilitasiya vasitələri ilə təmin edilmələri üçün müayinələri aparılıb və onlardan müvafiq ölçülər götürülüb.

  • “Vasmoy bazarı” bağlanır? – RƏSMİ AÇIQLAMA

    Bakının məşhur “8-ci kilometr bazarı”nın bağlanması ilə bağlı bəzi saytlarda eləcə də sosial şəbəkələrdə məlumatlar yayılıb.

    Yayılan məlumatların nə dərəcədə həqiqəti əks etdirdiyini öyrənmək üçün Nizami Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq.

    İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri Cavid Qafarov Oxu.Az-a açıqlamasında “8-ci kilometr bazarı”nın fəaliyyətinin dayandırılması ilə bağlı məlumatların əsassız olduğunu deyib:

    “Hazırda “8-ci kilometr ticarət mərkəzi” adlanan ərazi fəaliyyət göstərir. Bazarda kənd təsərrüfatı məhsullarının satışı gedir. Ola bilər ki, geyim satılan bölmələr bağlansın, amma bütün hallarda bu barədə dəqiq məlumatımız yoxdur. Belə bir şey olsa belə, qərarı biz vermirik. Özəl sahibkarlıq subyektidir, qərarları da özləri verir. Orada çalışan kiçik sahibkarlardan bizə bazarın bağlanması ilə bağlı şikayət daxil olmayıb. Bazar bağlansa, aidiyyəti üzrə qurumlar rəsmi açıqlama vermiş olardı”.

  • Qaradağda Aşura keçirmək istəyənlər cərimələndi

    Qaradağ rayonu Sahil qəsəbəsində Aşura mərasimi keçirmək istəyənlər cərimələnib. Təşkilatçı inzibati qaydada həbs edilib.

    Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.

    Bildirilib ki, avqustun 30-da Qaradağ rayonu, Sahil qəsəbəsi, B.Əliyev küçəsi, ev 43 ünvanında bir qrup şəxs dəfələrlə edilən xəbərdarlıqlara baxmayaq karantin qaydalarını pozaraq Aşura mərasimi təşkil edib.

    Qeyd olunub ki, Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinin əməkdaşları ilə birgə həmin ünvan nəzarətə götürülüb. Polis əməkdaşlarının keçirdikləri tədbir zamanı mərasimin təşkilatçısı, qəsəbə sakini Vüsal Tarverdiyev və daha 25 nəfər saxlanılaraq Polis İdarəsinə gətirilib. İdarədə onlarla profilaktik söhbətlər aparılıb.

    Xüsusi karantin rejimi qaydalarını pozan 25 nəfər barəsində inzibati protokollar tərtib olunub və onların hər biri cərimələnib. Məclisin təşkilatçısı V.Tarverdiyev barəsində isə məhkəmənin qərarı ilə 10 sutka inzibati həbs qərarı verilib.

  • Lerikdə Aşura mərasimi keçirmək istəyənlər saxlanıldı

    Lerik rayonunun Cəngəmiran kəndi ərazisində bir qrup şəxsin Aşura mərasimi keçirmək üçün məscidin qarşısına toplaşmaq istədikləri müəyyən olunub.

    Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu məlumat verib.

    Bildirilib ki, ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən saxlanılan həmin şəxslər Lerik Rayon Polis şöbəsinə gətiriliblər.

    Qeyd olunub ki, onlarla izahedici söhbətlər aparılıb. Xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə beş nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib. Həmin şəxslər cərimə olunublar. Bir nəfər barəsində toplanan materiallar isə baxılması üçün Rayon Məhkəməsinə göndərilib.

  • DİN: “Tətbiq olunan məhdudiyyətlərin yeganə məqsədi əhalinin sağlamlığının müdafiəsidir”

    Bu il Aşura mərasimi də xüsusi karantin rejimi dövrünə təsadüf etdiyindən vətəndaşlarımız məsələyə anlayışla yanaşaraq, operativ qərargah tərəfindən müəyyən edilmiş məhdudiyyətlərə bütövlükdə əməl ediblər.

    Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

    Məlumatda qeyd olunub ki, yalnız bir neçə şəhər və rayonda insanların yoluxma riskini dəfələrlə artıran toplaşmağa cəhdlər qeydə alınıb ki, görülmüş tədbirlərlə həmin pozuntuların qarşısı alınıb:

    “Bununla belə, bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə müvafiq qadağaları məhz Aşura günündə dini mərasimlərin keçirilməsinə imkan verilməməsi ilə əlaqələndirməyə cəhdlər edilib.

    Bu cür məlumatların yanlış olduğunu xüsusi vurğulayaraq, eləcə də insanların dini etiqad azadlığına dərin hörmətimizi ifadə edərək bildiririk ki, xüsusi karantin rejimi dövründə istənilən toplantının, hətta Silahlı Qüvvələrə dəstək xarakterli kütləvi aksiyanın keçirilməsi də yolverilməzdir. Tətbiq olunan məhdudiyyətlərin yeganə məqsədi isə – əhalinin sağlamlığının müdafiəsidir.

    Bir daha vətəndaşlarımızı koronavirus pandemiyasının doğurduğu ciddi təhlükəni unutmamağa, bu sahədə böyük və gərgin səylər bahasına əldə olunmuş müsbət nəticələri qorumağa, o cümlədən özünütəcrid qaydalarına riayət etməyə, sosial məsafəni gözləməyə, nəfəs yollarını qoruyan vasitələrdən daim istifadə etməyə çağırırıq.

    Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə 2020-ci il sentyabr ayının 30-dək ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə bütün kütləvi tədbirlər, o cümlədən ictimai və digər yerlərdə şəxslərin 5-10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilib, məscidlərin fəaliyyəti dayandırılıb”.