Month: September 2020

  • Rusiyada koronavirusa qarşı kütləvi peyvəndləmənin tarixi açıqlandı

    Rusiyada ilk dəfə sentyabrda risk qrupundan olan insanlar, xüsusilə həkimlər və müəllimlər peyvənd ediləcəklər.

    TASS Rusiyanın səhiyyə naziri Mixail Muraşkonun açıqlamasına istinadla xəbər verir ki, bu ilin noyabr-dekabr aylarından sonra kütləvi peyvəndləmə planlaşdırılır.

    Muraşkonun sözlərinə görə, dərmanın qeydiyyatdan sonrakı tədqiqatları bu həftə başlayacaq:

    “Bu tədqiqatlar bütün nüansları, detalları izləməyimizə imkan verəcək. Peyvəndin təsirli, təhlükəsiz olduğunu görürük, amma daha da ətraflı araşdırma aparmaq istəyirik. Müxtəlif patologiyaları, bəzi özəllikləri olan xəstələrə rast gəlirik”.

  • Yarıçılpaq kişi yoldan keçənləri qılıncla hədələdi – VİDEO

    Yarıçılpaq kişi yoldan keçənləri qılıncı ilə hədələyib.

    “Daily Mail”in məlumatına görə, kadrlar İngiltərənin paytaxtı Londonda qeydə alınıb.

    Videodan aydın olur ki, əvvəlcə bir neçə gənc onun əlindən soyuq silahı almağa cəhd edir. Lakin bacarmırlar və kişi onlara hücum edir. Sonra isə başqa biri onunla danışıqlar apararaq qılıncı əlindən alır.

    Məlumata görə, az sonra polis gəlib və kişini həbs edib.

    Hadisə ilə bağlı istintaq başlanılıb.

  • Kəndə apardıqları qadını yolda zorlamaq istədilər – Azərbaycanda cinayətin təfərrüatları

    Azərbaycanda seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən Şamaxı şəhər sakini, 1983-cü il təvəllüdlü Rasim Təhməzov və Qobustan rayon sakini, 1991-ci il təvəllüdlü Əhməd Qəribovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az “teleqraf.com”a istinadən xəbər verir ki, Rasim Təhməzov 25 iyul 2018-ci il tarixdə Əhməd Qəribov, Əjdər Abdullayev, Faiq Şıxəliyev və sonuncunun vasitəsilə həmin gün tanış olduğu Şamaxı rayonu, 2-ci Çaylı kənd sakini Samirə Məmmədova (cinayət işindəki şəxslərin ad və soyadları şərti verilib – red.) ilə birlikdə İsmayıllı rayonu ərazisində yerləşən yeməkxanaya gəliblər.

    Onlar orada şam yeməyindən sonra Samirə Məmmədovaya qarşı zor tətbiq etməklə cinsi əlaqədə olmaq məqsədilə Əhməd Qəribov ilə qabaqcadan əlbir olublar.

    Hər iki şəxs bu cinayətkar niyyətlərini həyata keçirməkdən ötrü Rasim Təhməzovun idarə etdiyi “VAZ-21011” markalı avtomobillə Samirəni yaşadığı Şamaxı rayonu 2-ci Çaylı kəndinə aparıblar.

    Gecə yarı saat 2 radələrində Rasim avtomobili kəndarası yolda, kəndin giriş hissəsindən 700 metr məsafədə saxlayıb və Samirənin onlarla cinsi əlaqəyə girməyəcəyi halda gecə vaxtı avtomobildən düşürəcəyini bildirib. Samirə onların intim əlaqədə olmaq barədə təkliflərini rədd edib.

    Bu səbəbdən Samirə avtomobildən düşüb, piyada yaşadığı kəndin içərisinə doğru yollanıb.

    Həmin vaxt Rasim qadının arxasınca gedib, zorla onu avtomobilə doğru gətirib. Orada cinsi əlaqədə olmaq istəyiblər.

    Bu zaman Faiq Şıxəliyev Rasimin bu hərəkətlərinin qarşısını almaq üçün mübahisə edib, Əjdər Abdullayev və Əhməd Qəribov onların mübahisə etməsinə imkan verməyib.

    Bu ərəfədə Samirə mobil telefon vasitəsilə Daxili İşlər Nazirliyinin “102” məlumat mərkəzinə zəng edib, şikayət etdiyini hiss edən Əjdər Abdullayev və Faiq Şıxəliyev oradan qaçıblar.

    Bu zaman Rasim və Əhməd Samirənin qollarından tutaraq zor tətbiq etməklə, onu avtomobilin arxa oturacağına uzandırıblar. Əhməd Samirənin əllərindən tutaraq saxlayıb, Rasim isə arxası üstə avtomobilin oturacağına uzanıqlı vəziyyətdə olan Samirəni döyüb, əynində olan şalvarı soyundurub.

    Həmin vaxt Rasim Samirə ilə cinsi əlaqədə olmaq istəyən zaman sonuncunun daha öncədən Daxili İşlər Nazirliyinin “102” məlumat mərkəzinə etmiş olduğu şikayəti əsasında Şamaxı rayon polis şöbəsinin əməliyyat qrupunun üzvlərinin xidməti avtomobillə hadisə yerinə yaxınlaşmaları ilə əlaqədar niyyətini başa çatdıra bilməyib.

    İstintaq orqanı tərəfindən Rasim Təhməzov və Əhməd Qəribovun barəsində Cinayət Məcəlləsinin 29, 149.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən zorlama törədildikdə) maddəsilə ittiham elan edilib.

    Təqsirləndirilən şəxs qismində ifadə verən Rasim Təhməzov iddia edib ki, onlar Samirə ilə cinsi əlaqədə olmaq istəməyiblər. Qeyd edib ki, sərxoşluğun təsiri altında avtomobildə olan zaman Əhmədlə Samirə mübahisə edib, bu mübahisədən sonra Samirə polisə şikayət edib.

    Digər təqsirləndirilən Əhməd Qəribov da ifadəsində Samirə ilə mübahisə etdiyini, onların arasında dava olduğunu etiraf edib. O, Samirə ilə mübahisə edən zaman sərxoş olduğunu söyləyib. Əhməd Qəribov qeyd edib ki, Samirə ilə intim əlaqədə olmağı təklif etməyib, bu səbəbdən ona qarşı zorakılıq göstərməyib.

    Cinayət işi üzrə zərərçəkmiş qismində tanınan Samirə Məmmədova isə ifadəsində hər iki təqsirləndirilən şəxsin zorakılığı ilə üzləşdiyini etiraf edib. Kafedə ofisiant işlədiyini deyən zərərçəkmiş həmin vaxtdan Faiqlə tanış olub.

    O, qeyd edib ki, hadisə baş verən gün kafedə yeyib-içiblər. Sonra evə qayıdanda Əhməd ona intim əlaqədə olmağı təklif edib. Bu səbəbdən aralarında mübahisə yarandığını deyən zərərçəkmiş polisə şikayət etdiyi bildirib.

    Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 6 il müddətinə azadlıqdan məhrum ediliblər.

    Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti veriblər. Onlar günahsız olduqlarını və barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.

    Hər iki təqsirləndirilən şəxsin şikayəti araşdırılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilib. Hakim Elman Əhmədovun sədrliyi ilə baş tutan iclasda apellyasiya şikayətinin dəlilləri araşdırılıb.

    Hakim heyəti təqsirləndirilən şəxslərin şikayətini qismən təmin edib. Onların cəzaları 6 ildən 5 ilə endirilib.

    Bu qərardan narazı qalan Rasim Təhməzov kasasiya şikayəti verib. O, barəsində ədalətli qərar qəbul edilməsini xahiş edib.

    Rasim Təhməzova aid olan cinayət işi baxılması üçün Ali Məhkəməyə göndərilib.

    Hakim Hafiz Nəsibovun sədrliyi ilə baş tutan iclasda kasasiya şikayətinin dəlilləri araşdırılıb, sonda kasasiya şikayətinin təmin olunmaması barədə qərar qəbul edilib.

  • Azərbaycanda ailəsini təhqir edən polis işdən qovuldu – RƏSMİ

    Azərbaycanda polis əməkdaşı olduğu deyilən şəxsin mübahisə zəminində yaşlı qadını təhqir etdiyinə dair görüntülər yayılıb.

    Sözügedən görüntülər sosial şəbəkələrdə sürətlə tirajlanıb. Ailədaxili mübahisə zəminində cavan oğlan yaşlı qadına qarşı söyüş və təhqirlər səsləndirir. Videoda qadın ananı söyməzlər deyə ifadə səsləndirib.

    İlkin ehtimala görə, oğlan öz anasına qarşı bu cür xoşagəlməz davranışlar sərgiləyib. Oğlu tərəfindən təhqir edilən qadın isə ağlaya-ağlaya onun söyüş söyməməsini deyib. Görüntülərdə qadına əl qaldırmaq istəyən oğlanı yeniyetmə otaqdan çıxarıb.

    Paylaşım edən şəbəkə istifadəçiləri qadını təhqir edən şəxsin Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi əməkdaşı Abbasov Kamran Nadir oğlu olduğu iddia edir.

    Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, Bakı şəhər BPİ-nin Dövlət Yol Polisi İdarəsinin operatoru Kamran Abbasov ailə münaqişəsi zəminində valideynlərinə qarşı yol verdiyi kobud davranışa, işlətdiyi nalayiq ifadələrə, bununla da “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi” ilə müəyyən olunmuş qaydaların tələblərini pozduğuna görə daxili işlər orqanlarında xidmətdən xaric edilib.

  • Azərbaycanda vəzifəli şəxsə cinayət işi açıldı

    İstintaqdan yayınan vəzifəli şəxsin istintaqa cəlb edilməsi təmin edilib.

    Baş Prokurorluqdan verilən məlumata görə, ölkəmizdə iqtisadiyyatın hər bir sahəsində olduğu kimi, aqrar sektorun inkişafı da daim diqqət mərkəzində saxlanılmaqla, onun rəqabət qabiliyyətliliyinin yüksəldilməsi, mövcud münbit resurslardan səmərəli istifadə edilməsini stimullaşdıran dəstək xarakterli dövlət proqramları reallaşdırılmaqdadır.

    Öz növbəsində Azərbaycan Respublikasının prokurorluq orqanları aidiyyəti dövlət qurumları ilə əlaqəli şəkildə bu mühüm sahənin inkişafına mane ola biləcək korrupsiya və digər bu kimi neqativ hallara qarşı qətiyyətli tədbirlər görməkdədir.

    Belə tədbirlərdən biri kimi, Azərbaycan Respublikasının Kənd təsərrüfatı nazirliyi tabeliyində fəaliyyət göstərən “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Ağcabədi Regional Nümayəndəliyinin direktoru vəzifəsində işləmiş Məmmədov Zaur Vaqif oğlunun qanunsuz hərəkətləri barədə həmin ASC-dən daxil olmuş müraciət üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış araşdırmalar nəticəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmışdır.

    Aparılmış istintaqla Zaur Məmmədovun 8 noyabr 2018-ci il tarixdən 11 dekabr 2019-cu il tarixədək olan müddət ərzində direktoru olduğu nümayəndəliyin Ağcabədi rayon ərazisində yerləşən anbarına qeyd edilən Cəmiyyət tərəfindən satış üçün yığılmış mineral gübrə və pestisidləri həmin anbardan hər hansı sənədləşmə aparmadan 2019-cu il ərzində öz qulluq mövqeyindən istifadə edərək satmasına, bununla da ona etibar olunmuş cəmi 469 min 276 manat məbləğində əmlakı ASC-yə külli-miqdarda ziyan vuraraq vahid niyyətlə mənimsəməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

    24 avqust 2020-ci il tarixdə Zaur Məmmədov Cinayət Məcəlləsinin 179.3.2-ci (külli-miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, lakin istintaqın çağırışlarına üzrlü səbəb olmadan gəlməməklə istintaqdan yayındığından barəsində axtarış elan edilmişdir.

    Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Zaur Məmmədov 31 avqust 2020-ci il tarixdə tutularaq istintaqa təqdim edilmiş, ona qeyd edilən maddə ilə ittiham elan edilməklə, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.

    Hazırda iş üzrə əhəmiyyət kəsb edən halların aşkar edilməsi məqsədilə intensiv əməliyyat-istintaq tədbirləri davam etdirilir.

  • “BakuBus”ın avtobusu yandı

    Bakıda avtobusda baş vermiş yanğınla bağlı Bakı Nəqliyyat Agentliyi (BNA) açıqlama verib.

    BNA-dan bildirilib ki, bu gün səhər saatlarında “BakuBus” MMC-nin istismarında olan 24 müntəzəm marşrut xətti üzrə 99 JH 246 dövlət qeydiyyat nişanlı avtobusda yanğın hadisəsi olub:

    “Yanğın zamanı sürücü təlimata uyğun davranaraq dərhal sərnişinləri təxliyə edib. Nəticədə sərnişinlər arasında xəsarət alan olmayıb. Hazırda hadisə ilə bağlı müvafiq araşdırmalar aparılır”.

    08:35
    Bakı şəhərinin Sabunçu rayonunda “Iveco” markalı sərnişin avtobusunun yanar hissələri yanıb.

    AZXEBER.COM FHN-ə istinadən xəbər verir ki, yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Dövlət Neft Fondunda yüksək vəzifəyə yeni təyinat

    Azərbaycan Respublikası Neft Fondunun İdarə Heyətində yeni təyinat olub.

    ARDNF-dən verilən məlumata görə, Bəhruz Bəhramov Neft Fondunun İcraçı direktorunun müşaviri təyin edilib.

    Qeyd edək ki, Bəhruz Bəhramov 2016-cı ildən hazırkı tarixədək ARDNF-nin Risklərin idarə edilməsi departamentinin direktoru vəzifəsində çalışıb. Daha öncə Fondun İnvestisiya və Risklərin idarə edilməsi departamentlərində müxtəlif vəzifələrdə, 2014-2016-cı illər ərzində isə ARDNF-nin Risklərin idarə edilməsi departamentinin direktor müavini vəzifəsində işləyib.