Month: September 2020

  • Hökumət maska ilə bağlı qadağanı ləğv etdi

    Baş nazir Əli Əsədov “Bəzi malların ölkə ərazisindən aparılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dair tədbirlər haqqında” Nazirlər Kabinetinin 2020-ci il 14 fevral tarixli 42 nömrəli Qərarında dəyişiklik edib.

    Bununla bağlı Nazirlər Kabineti məlumat yayıb.

    Dəyişiklikdən öncə, qərarın 2020-ci il sentyabrın 1-dək qüvvədə idi. Əli Əsədovun bugünkü dəyişikliyindən sonra qərarın qüvvədə olma müddəti noyabrın 1-dək uzadılıb.

    Bundan başqa, dəyişikliyə əsasən, tibbi maskaların ölkə ərazisindən çıxarılmasına qoyulan məhdudiyyət ləğv edilib.

  • “Qarabağ”ın pley-offda qarşılaşacağı potensial rəqiblər bilindi

    “Qarabağ” komandasının UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki potensial rəqibləri bəlli olub.

    Ağdam təmsilçisi III təsnifat mərhələsində Norveç çempionu “Molde”ni keçərsə, “Ferentsvaroş” (Macarıstan) – “Dinamo” (Xorvatiya) cütünün qalibi üz-üzə gələcək.

    Ölkə çempionu ilk oyununu evdə, cavab qarşılaşmasını səfərdə (Budapeşt və ya Zaqreb) keçirəcək.

    Pley-off mərhələsinin ilk matçları 22-23 sentyabr, cavab qarşılaşmaları isə 29-30 sentyabr tarixlərində oynanılacaq.

    Qeyd edək ki, “Qarabağ” – “Molde” oyunu sentyabrın 16-da keçiriləcək. Bu matç saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək.

  • Sahibkarlara şad xəbər: sentyabrın 10-dan sonra…

    Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən pandemiyadan zərər çəkmiş sahələrdə çalışan vergi ödəyicilərinin muzdlu işçilərinə və fərdi sahibkarlara maliyyə dəstəyi proqramları çərçivəsində vəsaitlərin köçürülməsi davam etdirilir.

    İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, muzdlu işçilərin əməkhaqqına 2-ci dəfə maliyyə dəstəyi pandemiyadan zərər çəkmiş sahələrdə çalışan, birinci maliyyə dəstəyi proqramı çərçivəsində vəsait almış və işçi saylarında ciddi azalmalara yol verməmiş vergi ödəyicilərinə 1 iyul 2020-ci il tarixinə olan işçi sayı əsas götürülməklə bir aylıq əməkhaqqı fondu həcmində göstərilir. Maliyyə dəstəyinin ikinci mərhələsi çərçivəsində vergi ödəyicilərinin yenidən müraciət etmələrinə ehtiyac yoxdur və vəsaitlər avqust və sentyabr aylarını əhatə etməklə 2 mərhələdə bərabər hissələrlə ödənilir.

    Avqust ayında yeni maliyyə dəstəyi çərcivəsində 234.355 muzdlu işçini əhatə edən 22.885 vergi ödəyicisinə 51.939,4 min manat vəsait ödənilib. Maliyyə dəstəyi proqramının ikinci mərhələsində ödənişlə əhatə olunmuş muzdlu işçilərin sayı birinci mərhələdə vəsait almış muzdlu işçilərin sayından 18.245 nəfər çoxdur ki, bu da şəffaflaşdırma nəticəsində əmək müqavilələri bağlamış işçi saylarının artması ilə əlaqədardır. İkinci maliyyə dəstəyi çərcivəsində avqust ayında 49.887 fərdi (mikro) sahibkara 12.471,8 min manat birdəfəlik maliyyə dəstəyi göstərilib.

    Sentyabr ayının 10-dan sonra ikinci maliyyə dəstəyi proqramı çərçivəsində sahibkarların muzdlu işçilərinə ödənilməli vəsaitlərin növbəti hissəsinin köçürülməsinə başlanacaqdır.

    Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və onların cavabları, maliyyə dəstəyi almış vergi ödəyicilərinin mütəmadi olaraq yenilənən siyahısı, eləcə də digər faydalı məlumatlarla aşağıdakı linklərdən istifadə etməklə tanış ola bilərsiniz.

    Ətraflı:

    Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi: https://bit.ly/3c7VAAt

    Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti: https://bit.ly/2VlICZ7

  • Sabah rayonlarda yağış yağacaq, dolu düşəcək

    Milli Hidrometeorologiya Xidməti 2 sentyabrda gözlənilən hava şəraitini açıqlayıb.

    Sabah Bakıda və Abşeron yarımadasında havanın günəşli olacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək.

    Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 28-32, Bakıda gecə 21-23, gündüz 30-32 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 45-55 faiz təşkil edəcək.

    Abşeron çimərliklərində mülayim cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti olacaq.

    Azərbaycan rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti təşkil edəcək.

    Tibbi-meteoroloji proqnoz

    Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

  • Keçmiş icra başçısının həbs müddəti artırılır

    İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanı Səbail Rayon Məhkəməsinə təqdimat verib.

    “Report”un məlumatına görə, istintaq orqanı təqdimatı məhkəməyə daxil olub.

    Təqdimat hakim Mədinə Bağırova icraatına verilib və gün ərzində baxılacaq.

    Qeyd edək ki, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin icra hakimiyyətinin sərəncamında olan vəsaitlərin sosial yardım adı altında bir hissəsini ələ keçirilməsini, eləcə də ölkə ərazisində xüsusi karantin rejiminin tələblərinin pozulması ilə sərbəst hərəkət etmək üçün bəzi vətəndaşlara saxta arayışların verilməsini tapşırmasına, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsənilən pul vəsaitlərini sahibliyində olan yaşayış evində qəbul etdiyinə əsaslı şübhələr müəyyən olunub.

    2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Vilyam Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilmişdir. Müvafiq ünvanlarda keçirilmiş baxış zamanı Vilyam Hacıyevin rayon icra hakimiyyətinin baş mühasibi Cəmil Musayev və başqaları vasitəsi ilə qəbul etdiyi pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, habelə ayrı-ayrı valyutalarda xüsusi qaydada qablaşdırılaraq saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.

    İstintaq araşdırmaları zamanı, sosial-məişət şəraitinin aşağı olması ilə bağlı mənzil növbəsində olan şəxslərə İmişli şəhərində dövlət büdcəsi vəsaiti hesabına inşa edilmiş çoxmənzilli yaşayış binasında növbəli qaydada verilməli olan mənzillərin Vilyam Hacıyev tərəfindən rüşvət müqabilində qanunazidd verilməsinə əsaslı şübhələr müəyyən edilib.

    Eyni zamanda, işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb edilərək aylıq qazanc əldə edə bilmələri üçün əməkhaqqı kartlarına köçürülən məbləğlərin Vilyam Hacıyev tərəfindən ələ keçirilməsinə dair məlumatlar əldə edilib.

    Həmçinin Vilyam Hacıyevin rayon ərazisində təmir-tikinti, abadlıq işlərinə, habelə İmişli Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının tikintisinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsinin müntəzəm nağdlaşdıraraq mənimsəməsinə dair əsaslı şübhələr müəyyən edilib.

    Bundan başqa, Vilyam Hacıyevin tabeçiliyində olan vəzifəli şəxslər vasitəsilə yerli icra hakimiyyəti və digər dövlət orqanlarının vəzifəli şəxslərindən, eləcə də rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlardan müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına dair məlumatlar əldə edilib.

    İstintaq orqanı tərəfindən Vilyam Hacıyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.

    Səbail Rayon Məhkəməsində V.Hacıyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

  • Şirvanda meyit sahibləri məhkəmə-tibbi ekspertizasının rəisinə hücum etdi

    Şirvan şəhərində Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və Patoloji anatomiya” Birliyinin Şirvan şəhər şöbəsinin rəisinə hücum edilib.

    Bu barədə Trend-ə Səhiyyə Nazirtliyindən məlumat verilib. Məlumatda bildirilir ki, 01.09.2020-ci il tarixdə, gecə saatlarında VAZ-2106 markalı avtomobilin sürücüsü, 1992-ci il təvəllüdlü Qiyaslı Orxan Yaşar oğlu Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində qəza törətmiş, sürücü hadisə yerində vəfat etmişdir. Mərhumun meyiti məhkəmə-tibbi müayinə məqsədilə aidiyyəti hüquq mühafizə orqanları tərəfindən Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və Patoloji anatomiya” Birliyinin Şirvan şəhər şöbəsinin meyitxanasına gətirilmişdir.

    Bu gün səhər saatlarında mərhumun yaxın adamları Sabirabad rayonunun Qaragünə kənd sakinləri Birliyin Şirvan şəhər şöbəsinə gələrək meyitin morqa gətirilməsinə aqressiv şəkildə iradlarını bildirmiş, meyitin müayinə olunmaması tələbi ilə şöbə əməkdaşlarını, xüsusilə də şöbənin rəisi – məhkəmə-tibb eksperti Eldar Məmmədovu təhqiramiz ifadələr və küçə söyüşləri ilə təhqir edərək ona zor tətbiq etmiş, bədən xəsarəti yetirmişlər. Hadisə zamanı orada iştirak edən Daxili İşlər Nazirliyinin təhqiqatçısı və digər polis əməkdaşlarının köməkliyi ilə aqressiv şəxslər meyitxanadan çıxarılmış və daha ağır hadisələrin baş verməsinin qarşısı alınmışdır.

    Baş vermiş hadisəyə hüquqi qiymət verilməsi məqsədi ilə Şirvan şəhər prokurorluğuna müraciət edilib.

  • “Kurtlar vadisi”nin məşhur aktyoru vəfat etdi

    Türkiyəli məşhur aktyor Haldun Boysan dünyasını dəyişib.

    Aktyor serial çəkilişləri üçün getdiyi Nevşehirin Ürgüp bölgəsində infarkt keçirib. Onun qaldığı oteldə halı pisləşəndən sonra dərhal xəstəxanaya çatdırılıb. Lakin buna baxmayaraq aktyorun həyatını xilas etmək mümkün olmayıb.

    Xatırladaq ki, Boysan “Kara Melek”, “Gemide”, “Çılgın Bediş”, “Kurtlar Vadisi” kimi bir çox serial və filmlərdə rol alıb.
    ///ölkə.az

  • Toyların keçirilməsi ilə bağlı MÜHÜM AÇIQLAMA

    Operativ Qərargahın yeni qərarı ilə Bakı, Sumqayt şəhərləri, Abşeron rayonu istisna olmaqla ölkə ərazisindəki sərt karantin rejiminə son qoyuldu. Lakin bu, o demək deyil ki, virus yoxa çıxıb, yenidən yayıla bilməz, digər rayonlarda alovlana bilməz.

    Median.Az xəbər verir ki, bunu “Azvision”a Milli Məclisin deputatı Musa Quliyev deyib.

    “Hesab edirəm ki, koronavirusun geniş şəkildə tətbiq olunan vaksini tapılmayınca pandemiyanın diktə etdiyi şərtlər daxilində yaşamağa davam etməliyik. Bu şərtlər fiziki məsafəyə və təcrid qaydalarına əməl etmək, maska taxmaq, dezinfeksiyaedici vasitələrdən istifadə etmək və məsuliyyətli olmaqdır.

    Bütün bu şərtləri yerinə yetirsək koronavirusun bizim üçün o qədər də qorxusu yoxdur. Qapalı məkanlarda mütləq maska taxmalıyıq. Qanunvercilik də bunu tələb edir. Həkimlərimiz də bildirir ki, koronavirusun yoluxma ehtimalı qapalı məkanlarda açıq havadan qat-qat yüksəkdir. Heç kəs bilmir ki, yanındakı şəxs virus daşıyıcısıdır, virusa yoluxub, ya yox. Ona görə istənilən qapalı məkana daxil olan zaman maska taxmaq olduqca zəruridir”, – deyə millət vəkili bildirib.

    Toy və yas mərasimlərilə bağlı qadağanın qüvvədə qaldığını bildirən deputat qeyd edib ki, toyların keçirilməsi üçün müəyyən, çox güman ki, yüngül şərtlər olacaq:

    “Çünki ömür boyu insanlara toy mərasimini keçirməyə qadağa qoymaq olmaz. Bunlar hamısı diktə edir ki, özümüzü qoruyaq. Mart, aprel, may aylarında insanlar koronavirusun olduğuna inanmırdı. Artıq insanlarda şübhə yoxdur ki, virus var. Amma başqa problem ortaya çıxıb. İnsanlarda məsuliyyət hissi bir o qədər deyil.

    Virus nə qədər azalırsa, qonşu, qohumda yoluxan olmayanda, düşünürlər ki, daha virus yoxdur. Ona görə də məsuliyyət hissimizi ayıq saxlamalıyıq və tibbi qaydalara əməl etməliyik”.

  • Prezident büdcədən 22 milyon ayırdı

    Azərbaycan Prezidenti İlham Əliyev Quba rayonunun Quba–Qonaqkənd avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

    Sərəncamda deyilir:

    1. Altmış səkkiz min nəfər əhalinin yaşadığı 66 yaşayış məntəqəsini birləşdirən Quba–Qonaqkənd avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 22,0 (iyirmi iki) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

    2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

    3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

  • Dilqəm Əsgərovun xanımının pensiyası ləğv olunub? – RƏSMİ

    “Erməni girovluğunda qalan soydaşımız Dilqəm Əsgərovun həyat yoldaşı Firuzə Əsgərovanın əlilliyi və ona pensiya ödənişi dayandırılmayıb”.

    Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı deyib.

    Onun sözlərinə görə, F.Əsgərovanın əlillik sənədlərində elektron sistem tərəfindən müəyyən uyğunsuzluq aşkar edilib:

    “Lakin onun əyani müayinəsi nəticəsində tərtib olunan sənəd əsasında bu uyğunsuzluq aradan qaldırılıb. F.Əsgərovanın əlilliyi və buna görə ona pensiya ödənişi davam edir. Ümumilikdə əlillik təyinatlarının araşdırılması e-sistem tərəfindən aparılır və fərdi xarakter daşımır. Hər hansı uyğunsuzluq aşkar olunduqda bu barədə vətəndaşa məlumat verilərək əyani müayinə nəticəsində aradan qaldırılır”.