Month: September 2020

  • Azərbaycanın bir sıra əraziləri işğaldan azad edildi – RƏSMİ + SİYAHI

    Azərbaycan ordusu bir sıra əraziləri işğaldan azad edib.

    Median.Az-ın Müdafiə Nazirliyinin brifinqindəki müxbirinin məlumatına görə, bunu nazirliyin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov deyib.

    Qeyd edilib ki, işğal altındakı bir sıra strateji yüksəkliklər, kəndlər azad olunub:

    “Hazırkı məlumata görə, Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdürrəhmanlı, Cəbrayılın Böyük Mərcanlı və Nüzgər kəndləri işğaldan azad edilib.

    Ağdərə rayonu istiqamətində və Murovdağı silsiləsində hündürlüklərində yerləşən düşmən postları darmadağın edilərək, bir sıra hakim yüksəkliklər nəzarətə götürülüb.

    Döyüş əməliyyatları davam edir. Mən sizi əmin edirəm ki, bundan sonra da sizi uğurlu əməliyyatlarımızla sevindirəcəyik. Qələbə bizimlədir”.

  • İranda dini tədbirlər ləğv olundu

    İranda koronavirus pandemiyası ilə əlaqədar ənənəvi dini ziyarətlər və hər il keçirilən İmam Hüseynin ölümü ilə əlaqədar 40 mərasiminə həsr olunan yürüşlər ləğv edilib.

    İRNA-nın məlumatına görə, bunu İran Prezidenti Həsən Ruhani dövlət televiziyasındakı çıxışı zamanı bəyan edib.

    Ruhani bildirib ki, İraq bu il zəvvar qəbul edə bilməyəcəyi üçün ora yürüş və ya səfərlər olmayacaq.

    İranın ali dini lideri Əli Xameneinin nümayəndələri dini tədbirlərin evdə keçirilməsinə dair tapşırıq verib.

  • “Vest Hem”in baş məşqçisi komandasını uzaqdan idarə edəcək

    Londonun “Vest Hem” komandasının baş məşqçisi Devid Moyes İngiltərə Premyer Liqasının üçüncü turu çərçivəsində “Vulverhempton”a qarşı qarşılaşmada komandasına uzaqdan rəhbərlik edəcək.
    Bu barədə BBC məlumat yayıb.
    57 yaşlı mütəxəssis onda və komandasının iki futbolçusunda koronavirus aşkarlandığı üçün özünütəcrid rejimindədir. Məşqçinin köməkçisinin sözlərinə görə, vəziyyəti nəzərə alaraq, Moyes uzaqdan qərarlar qəbul edəcək və bunlar oyun zamanı məşqçilər heyətinə çatdırılacaq.

  • “Charlie Hebdo”nun keçmiş binasının yaxınlığındakı hücumun səbəbi açıqlandı

    Fransanın paytaxtı Parisdə insanlara silahlı hücumun səbəbləri məlum olub.

    “Liberation” xəbər verir ki, “Charlie Hebdo”nun keçmiş binasının yaxınlığında insanlara silahlı hücumda şübhəli bilinənlərdən biri bunun səbəbini deyib.

    Həmin şəxs etirafında bildirib ki, Məhəmməd peyğəmbərlə bağlı köhnə karikaturanın təkrar nəşr edilməsi onu cinayətə sövq edib.

    Qeyd edilir ki, Fransa hökuməti 25 sentyabr hadisəsini terror kimi qəbul etdiyini bildirib.

    Xatırladaq ki, dünən Parisdə “Charlie Hebdo”nun keçmiş binasının yaxınlığında iki kişinin piyadalara maçete ilə hücumu nəticəsində dörd nəfər yaralanıb.

  • ABŞ-da minlərlə şirkət Tramp administrasiyasını məhkəməyə verdi

    “Tesla”, “Ford Motor”, “Target”, “Walgreen” və “Home Depot” şirkətləri də daxil olmaqla 3500-ə yaxın ABŞ şirkəti prezident Donald Trampın administrasiyasını məhkəməyə verib.

    Bu barədə “Amerikanın səsi” məlumat yayıb.

    Onlar hesab edirlər ki, federal hakimiyyət Çin məhsulları üçün rüsumları qanunsuz şəkildə artırıb.

    ABŞ-ın Ticarət nümayəndəsi Robert Laythayzer və ABŞ Gömrük-Sərhəd Xidməti təqsirkar olaraq göstərilir.

    Şikayətə əsasən, ABŞ rəhbərliyi tariflərin tətbiqi üçün əvvəlcədən müəyyən olunmuş qaydaları pozub və bir sıra prosedurları işə salıb.

    Tramp administrasiyası öz növbəsində iddia edir ki, rüsumların artırılması əsaslıdır. Belə ki, Çin ABŞ-ın əqli mülkiyyətini oğurlayır və ABŞ şirkətlərini Çin bazarında çalışmaq hüququ müqabilində öz texnologiyalarına giriş təmin etməyə məcbur edir.

  • Ukraynada deputatın oğlu təyyarə qəzasında öldü

    Ötən gün Ukraynanın Xarkov vilayətində texniki nasazlıq səbəbindən qəzaya uğrayan An-26 hərbi təyyarəsində Nikolayev vilayət şurasının deputatı Vadim Olabinin oğlu Vladimir də həlak olub.

    Bu barədə “Müxalifət platforması – Həyat üçün” partiyasının saytında məlumat verilir.

    20 yaşlı Vladimir Xarkov Hava Qüvvələri Universitetinin kursantı olub.

  • Göyçayda qadın əri tərəfindən altı bıçaq zərbəsi aldı

    Göyçay rayonunda ailə münaqişəsi zəminində bıçaqlanma hadisəsi baş verib.

    “Report”un məlumatına görə, hadisə Qarabaqqal kəndində qeydə alınıb.

    Belə ki, 1962-ci il təvəllüdlü Nəsirova Gülşən Qafur qızı həyat yolaşı tərəfindən çoxsaylı bıçaq xəsarətləri alıb. Yaralı əvvəlcə Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, lakin vəziyyəti ağır olduğu üçün Bakıda yerləşən xəstəxanaların birinə göndərilib və cərrahi əməliyyat olunub.

    Yaralının vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

    Hadisənin təfərrüatı polis tərəfindən araşdırılır.

  • Bakıda əli elektrik dəzgahında qalan qadının beş barmağı amputasiya edidi

    Bakıda iş yerində bədbəxt hadisə baş verib.

    “Report”un məlumatına görə, hadisə Nərimanov rayonunda yerləşən plasmas sexində qeydə alınıb.

    Belə ki, 1975-ci il təvəllüdlü Mayılova Natavan Yunis qızı elektrik dəzgahında işləyərkən ehtiyatsızlıqdan sol əli dəzgahın arasında qalıb. Hadisə yerində ağır yaralanan 45 yaşlı qadın təcili yardımın köməyi ilə huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb. N.Mayılova cərrahi əməliyyat olunub, həkimlərin səyinə baxmayaraq, onun sol əlinin beş barmağı amputasiya olunub.

    Hadisənin təfərrüatı Nərimanov rayon Prokurorluğunda araşdırılır.

  • Bu aparat koronavirus testinin cavabını 39 dəqiqəyə verir

    Nəticəni 39 dəqiqə ərzində öyrənməyə imkan verən koronavirus test sistemi yaradılıb.

    Median.Az qafqazinfo-ya istinadən bildirir ki, test sistemini dünyaca məşhur alman şirkəti “Bosch” istehsal edib. Bu barədə şirkət 25 sentyabrda yayımlanan press-relizində elan verib.

    “Vivalytic analitik aləti üçün, SARS-CoV-2 patogenini müəyyən edə bilən yeni sürətli bir test hazırlayıb. Beləliklə, test nəticəsi 39 dəqiqə ərzində hazır olur. Hazırda dünyada PCR əsasında işləyən daha sürətli test yoxdur”, – açıqlamada qeyd olunub.

    Bildirilib ki, test sistemi operativ nəticə əldə etmək üçün səyyar test məntəqələrində, xüsusən hava limanlarında və avtodayanacaqlarda istifadə oluna bilər.

    Şirkətin açıqlamasına əsasən, məhsul artıq Avropanın müxtəlif ölkələrində mövcuddur.

    Bildirilib ki, test sistemi Alman Təhsil və Elm Nazirliyinin dəstəyi ilə hazırlanıb.

  • Regionlar da avtobusarda kartla ödəniş sisteminə keçə bilər

    Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin Şamaxıda reallaşdırdığı sərnişin daşımalarında nağdsız ödəniş üzrə pilot layihə müvafiq orqanlar tərəfindən təsdiqlənərsə, bu, digər regionlarda da tətbiq oluna bilər.

    Median.Az xəbər verir ki, bu barədə Trend-ə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildiriblər.

    Qeyd olunur ki, bu sahədə dəyişikliklər yalnız müsbət istiqamətdə baş verir. Təmassız texnologiyanı dəstəkləyən əməkhaqqı, pensiya, bank kartları olan sərnişinlər bu sistemdən rahat istifadə edə biləcəklər. Kartı olmayan şəxslər “Azərtürkbank” tərəfindən “prepaid” kartlar əldə edərək bu xidmətdən istifadə edəcək. Elektron ödəmələrə keçid mərhələli şəkildə baş verəcək.

    Müraciət olunacağı təqdirdə Məlumat Hesablama Mərkəzi bu sistemi bütün ölkə ərazisində tətbiq edə bilər. Sistem ictimai nəqliyyat üzrə ödəniş siseminə inteqrasiya oluna bilər.