Month: September 2020

  • Quş əti diyetik və faydalıdır

    Morfoloji quruluşuna görə əzələ, yağ və birləşdirici toxumalardan təşkil olunmuş müxtəlif növ quşların (toyuq, hinduşka, qaz, ördək, ov quşları və b.) ətinin tərkibi onların növündən, cinsindən, cinsiyyətindən, yaşından, köklüyündən, yetişdirilmə şəraitindən və digər amillərdən asılı olaraq dəyişir. Biokimyəvi tərkibinə görə quş əti zülallar, yağlar, karbohidratlar, ekstraktiv və mineral maddələr, vitaminlər, fermentlər və həmçinin digər bioloji aktiv maddələrlə zəngindir.

    Zülalların (proteinlər) miqdarı qaz ətində 15 %, ördək ətində 17 %, toyuq ətində 20-22 %, hinduşka ətində 24 %, ov quşlarının ətində 22-25 % olduqda tam dəyərli sayılır. Belə ki, sadə proteinlərin (miogen, mioalbumin, mioqlobin və b.) tərkibində əksər aminturşularına, o cümlədən orqanizm üçün əvəzolunmaz aminturşularına (92 %-ə qədər) rast gəlinir. Tərkibində triptofanın çox olması səbəbindən quş ətinin istehlakı zamanı orqanizmdə serotonin hormonunun (“sevinc hormonu”) miqdarı artır. Beyin hüceyrələrində sintez olunan serotonin əhval-ruhiyyəni yüksəldir, stressi aradan qaldırır və orqanizmdə rahatlıq hissi yaradır. Qlutamin turşusunun çox olması isə quş ətinə spesifik dad və qoxu verir. Həmçinin quş ətinin bioloji dəyərliliyi triptofan/oksiprolin və zülal/yağ nisbəti ilə qiymətləndirilir ki, keyfiyyətli quş əti üçün bu rəqəmlər müvafiq olaraq 5-7 və 2-3 arasında dəyişir. Mal ətinə nisbətən quş ətində lizinin miqdarı 3 dəfəyə qədər üstünlük təşkil edir. Quş ətinin tərkibində azdəyərli hesab olunan birləşdirici toxuma zülallarının (elastin, kollagen və s.) miqdarı 1,5 %-ə çatır.

    Yağların (lipidlərin) miqdarı broyler toyuğunun ətində 12 %, qaz ətində 38 %, ördək ətində 39 %-ə qədər təşkil edir. Onların da çox hissəsi dəri və dərialtı toxumada, həmçinin daxili orqanların ətrafında toplanır. Ov quşlarının ətində isə yağların miqdarı az (1-3 %) olur. Əzələ toxumasında yağların əzələ lifləri arasında bərabər şəkildə paylanması quş ətinin yumşaq konsistensiyalı, dadlı və aromatlı olmasını təmin edir. Bu səbəbdən də mal ətindən fərqli olaraq quş əti “mərmər” görünüşə malik deyil. Quş ətində olan yağlar 41 %-ə qədər triqliserollar (neytral yağlar) və 38 %-ə qədər lipoidlərdən (fosfolipidlər, sterollar və s.) ibarətdir. Tərkibində 69-73 %-ə qədər doymamış ali yağ turşuları vardır. 18-22 növ ali yağ turşusuna malik quş ətinin yağları əvəzolunmaz polidoymamış turşularla (olein, linol, linolen, araxidon və b.) zəngin olduğundan aşağı temperaturda (23-35o C ) əriyir. Odur ki, həmin yağların 80-98 %-i insan orqanizmi tərəfindən mənimsənilir. Bu yağların tərkibində doymuş turşulardan palmitin və stearin turşuları isə üstünlük təşkil edir.

    Quş ətində mineral maddələrin miqdarı 0,5-1,2 % təşkil edir. Tərkibi Na, K, Ca, Mg, P, Fe, Cu, Zn, Se, J, S, Mn, o cümlədən digər makro və mikroelementlərdən ibarətdir.
    Azotlu və azotsuz ekstraktiv maddələrin (karnitin, karnozin, kreatin, kreatinin, qlikogen, süd turşusu, sərbəst aminturşuları, adenozinfosfatlar və b.) miqdarına görə quş əti mal ətini üstələyir. Onların da çox hissəsi döş ətində toplanır. Bildiyimiz kimi, bu maddələr fermentlərin təsiri ilə ətin “yetişməsi” prosesini (avtoliz) tənzimləyir. Quş ətində digər heyvan ətlərindən fərqli olaraq purin əsaslarının miqdarı az olur. Tərkibindəki qida maddələrinin, xüsusilə yağ və zülalların miqdarından asılı olaraq quş ətinin enerji dəyəri dəyişkən olur (100 qr-da 120-350 kkal).

    Quş əti insan orqanizmi üçün vitamin kompleksi mənbəyidir. Tərkibi A, D, E və B qrupu vitaminləri (B1, B2, B3, B4, B5, B6, B9), həmçinin biotinlə (vitamin H) zəngindir.
    Broyler toyuqlarının inkişafının 8-10 həftəlik dövründə əzələ toxumasında zülalların, daha sonra isə digər maddələrin, xüsusilə də yağların toplanması prosesi gedir. Odur ki, quşçuluq təsərrüfatlarında broyler toyuqlarının optimal yetişdirilmə dövrü 35-45 gün ərzində başa çatdırılmaqla, istehsal olunan quş əti məhsulu biokimyəvi xüsusiyyətlərinə görə keyfiyyətli və diyetik hesab olunur. Quş ətinin tərkibində karbohidratlar əsasən “əzələ şəkəri” adlanan qlikogen şəklində təmsil olunur ki, bu da onun diabet xəstələri tərəfindən təhlükəsiz istehlakı üçün zəmin yaradır.

    Quş ətinin rəngi tərkibindəki zülal-yağ nisbətindən asılı olaraq ağ-çəhrayı, sarımtıl və ya tünd qırmızı çalarlı ola bilər. Müxtəlif nahiyələrdə ətin rəngi fərqli olur. Məsələn, toyuq və hinduşkalarda döş əti ağ-çəhrayı rəngdə, qanad və bud əti isə nisbətən tünd çəhrayı və ya tünd qırmızı çalarlı olur. Quş ətinin açıq rəngdə olması onun tərkibində zülal və ekstraktiv maddələrin çox, yağların isə az olmasının göstəricisidir.

    Ov quşlarının əti qırmızı-qəhvəyi çalarlı, həmçinin balıq və ya qətran qoxulu olur. Yağların miqdarı ov quşlarının ətində az olsa da, zülalların miqdarı çoxluq təşkil edir (22-25 %).
    Quş ətinin tərkibindəki birləşdirici toxuma zərif əzələ liflərindən təşkil olunduğuna görə insan orqanizmi tərəfindən asan (80 % -ə qədər) həzm olunur. Qeyd edək ki, yaşlı quşların əzələ toxuması cavanlara, ov quşlarının əzələ toxuması isə ev quşlarına nisbətən sərt olur.

    Quş əti qida maddələri ilə zəngin olduğundan mikroorqanizmlərin inkişafı üçün əlverişli mühit hesab edilir. Xüsusilə də sanitar-gigiyenik tələblərə uyğun olmayan şəraitdə saxlandıqda patogen mikroorqanizmlər, o cümlədən bakteriya və viruslar intensiv inkişaf edir. Bu da insan sağlamlığı üçün təhlükəli infeksiya və toksikozların baş verməsinə səbəb olur. Qeyd edək ki, təzə kəsilmiş quş cəmdəyinin dərisinin rəngi ağ-sarımtıl, səthi quru, konsistensiyası elastiki, qoxusu növündən asılı olaraq spesifik olur. Təzə kəsilmiş quş cəmdəyi soyuducuda 0-4o C temperaturda 72 saat, -18o C temperaturda isə 8-10 ay müddətində saxlanıla bilər.

    Quş ətinin orqanizm üçün faydası kifayət qədərdir:
    diyetikdir (ördək və qaz əti istisna olmaqla);
    tərkibi asan mənimsənilən qida maddələri və bioloji aktiv maddələrlə (əvəzolunmaz aminturşuları, essensial yağ turşuları və s.) zəngindir;
    tərkibində triptofan çox olduğundan istehlakı zamanı orqanizmə rahatlıq verir;
    doymamış yağ turşuları ilə (olein, linol, araxidon və s.) zəngin olduğundan orqanizmdən zərərli xolesterolu kənarlaşdırmaqla, atereskleroz və hipertoniyanın qarşısını alır;
    mədə-bağırsaq xəstəliklərinin müalicəsində dərman vasitələri qədər faydalıdır;
    tərkibində asan mənimsənilən dəmirin çox olması qanazlığı və qan dövranı pozğunluqlarının bərpası proseslərini sürətləndirir;
    diabet xəstələrində maddələr mübadiləsinə tənzimləyici təsir göstərir;
    immun sistemini möhkəmləndirir;
    soyuqdəymə və respirator xəstəliklərin müalicəsində istifadə olunur.

    Məqalə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi departamentinin Heyvan sağlamlığı şöbəsinin mütəxəssisləri Q. Cəlladov, R. Səfərova, K. Əliyeva, R. Kəngərli, F. Əlizadə tərəfindən hazırlanıb.

  • Amazon, yeni Luna adlı bulud texnologiyalı oyun servisini təqdim elədi

    Amazon, Luna bulud oyun xidmətini təqdim etdi. The Verge yazır ki, cihazın satışa çıxma tarixi hələ məlum deyil, lakin ABŞ istifadəçiləri platformaya erkən giriş tələb edə bilərlər. Xidmətin digər ölkələrdə mövcud olub-olmayacağı da qaranlıqdır.

    Median.Az techland.az-a istinadən bildirir ki, şirkət, ilkin versiyada 100-dən çox oyun təqdim ediləcəyini bildirdi. Erkən qoşulanlar üçün aylıq abunəliyi 5.99 dollar olacaq.

    Luna PC, Mac, Fire TV, iPhone və iPad-də əlçatan olacaq; istifadəyə verildikdən sonra şirkət Android üçün də versiya buraxacağını vəd etdi. Luna + eyni anda iki cihazda oynalına biləcək. Xidmət həmçinin Twitch ilə inteqrasiya olunacaq.

    Amazon öz Alexa dəstəkli Luna Controller’ini də təqdim etdi. Cihaz 49,99 dollara təklif olunur.

    Luna, Google-un Stadia və Microsoft-un xCloud oyun xidmətləri ilə rəqabət aparacaq.

  • Bakıda elektrikli avtobuslar istismara veriləcək

    “2022-ci il yanvarın 1-dən şəhər nəqliyyatında yalnız elektrikli və sıxılmış təbii qaz mühərrikli avtobusların yeni istismara buraxılacağı planlaşdırılır. Bu istiqamətdə çox ciddi işlər gedir. Sıxılmış təbii qaz mühərrikli avtobuslar var və sayları artmaqdadır. Növbəti mərhələdə çalışırıq ki, şəhərimizə elektrik mühərrikli avtobuslar gətirilsin”.

    Bu barədə Bakı Nəqliyyat Agentliyinin Mətbuat Xidmətinin rəhbəri Mais Ağayev bildirib.

    M.Ağayev qeyd edib ki, artıq Almaniyanın “Man” şirkəti və Türkiyənin “BMG” şirkəti ilə bu istiqamatdə danışıqlar gedir, işçi qrupları səviyyəsində müzakirələr aparılır:

    “Bizim mütəxəssislərimiz tərəfindən də elektrikli avtobusların mümkün marşrutlarının müəyyənləşdirilməsi, hansı istiqamətlər üzrə xəttə buraxılması ilə bağlı da təhlillər aparılır. “Man” və “BMG” şirkətinin mütəxəssisləri ilə Bakıda elektrikli avtobuslar gətirildikdən sonra onların fəaliyyəti üçün uyğun infrastrukturun, qaraj sisteminin yaradılması ilə bağlı da ciddi müzakirələr gedir. Növbəti il üçün artıq şəhərimizdə sıxılmış təbii qazla çalışan avtobuslarla yanaşı elektrik mühərrikli avtobusların da fəaliyyətinin şahidi olacağıq.

    Qeyd etdiyimiz kimi, 2022-ci il yanvarın 1-dən Nazirlər Kabinetinin 73 saylı qərarında əksini tapdığı kimi istismara yalnız sıxılmış və təbii qaz mühərrikli avtobuslar qəbul olunacaq. Təbii ki, həmin vaxt dizel mühərrikli və digər yanacaq növü ilə çalışan avtobuslar da olacaqlar. Amma yeniləri istismara qəbul olunmayacaq. Xətdə olanlar müəyyən istismar dövrünü başa vurduqdan sonra xətdən çıxarılacaq”.

  • Sürücülərə xəbərdarlıq: Bunu etməsəniz cərimə olunacaqsınız

    Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi (DYP) avtomobil sahiblərinə və sürücülərə nəqliyyat vasitələrində xüsusi komplektləşdirilmiş dərman qutularının vacibliyini qeyd edir.

    Bu barədə DYP bölmə rəisi, polis polkovniki Vaqif Əsədov “sonxeber”ə bildirib.

    O qeyd edib ki, idarə edilən istənilən növ nəqliyyat vasitəsində xüsusi komplektləşdirilmiş dərman qutularının olması vacib şərtdir:

    “Bu, “Yol hərəkəti haqqında” qanunla tənzimlənir. Nəqliyyat vasitəsində dərman qutularının olmamasına görə inzibati xəta tərkibi yaradır və sürücülər 10 manat məbləğində cərimə edilir.

    Ayrıca hər bir hərəkət iştirakçısı dərman qutularında olan dərman preparatları ilə baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı ilkin tibbi yardım göstərməyi də bacarmalıdır”.

  • ÜST koronavirusdan sonra kəskinləşən xəstəliklərin adını açıqladı

    Koronavirusdan sonra bəzi insanlarda ürək xəstəliyi və diabet ağırlaşa bilər.

    “Moskva” agentliyinin məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiyadakı nümayəndəsi Melita Vuynoviç xəbərdarlıq edib.

    Onun sözlərinə görə, bunun səbəbi koronavirusun qan damarlarının vəziyyətinə təsir etməsidir.

    Vuynoviç bildirib ki, artıq bununla bağlı tədqiqatlara başlanılıb.

    Qeyd edək ki, bundan əvvəl Rusiyanın V.A.Almazov adına Milli Tibbi Tədqiqat Mərkəzinin Kardiologiya şöbəsinin müdiri Svetlana Villevalde də koronavirus pandemiyası fonunda dünyada ev şəraitində ürək xəstəliklərindən qəfil ölüm hallarının artdığını söyləmişdi. O bunu insanların yoluxma qorxusundan xəstəxanalara getməməsi ilə əlaqələndirmişdi.

  • Masazırda yaşayış binasında yanğın olub

    Abşeron rayonunun Masazır qəsəbəsində yanğın baş verib.

    Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 57 kvm olan mənzilin mətbəxində mebel 8 kvm sahədə qismən yanıb.

    Yüksək temperaturdan mətbəxin plastikdən ibarət pəncərə çərçivəsi və lambirindən ibarət tavanı 8 kvm sahədə əriyib.

    Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Gürcüstan Müsəlmanları İdarəsinin müftisi istefa verdi

    Gürcüstan Müsəlmanları İdarəsinin müftisi Hacı Yasin Əliyev vəzifəsindən istefa verib.

    Bu barədə məlumatı o özü sosial media hesabında yayıb.

    Hacı Yasin Əliyev istefa səbəbi kimi səhhətində yaranmış problemləri göstərib:

    “Son zamanlar sağlamlığımda müəyyən ciddi problemlər yaranıb. Bir ildir ki, həkimlərin nəzarəti altında intensiv müalicə alıram. İnşallah ki, Uca Allahın şəfası və həkimlərin də köməyi ilə tez bir zamanda sağalaram.

    Həkimlərin məsləhəti və tövsiyələrinə əsasən, müalicə dönəmində psixoloji və fiziki olaraq stress və ağır işlərdən uzaq olub, istirahətə çox önəm verməli olduğum bildirilib. Təbii ki, tutduğum məsuliyyətlə həmin tövsiyələrə əməl etmək mümkün olmadığından iki uşaq atası olaraq öz işimdən çəkilməyi, istefa verməyi qərara alıram. Mən həmkarlarım şeyx və müfti ilə müsəlman icması üçün 20 illik fədakar zəhmət və şirin xatirələrlə ayrılacağam”.

    Hacı Yasin Əliyev onu da qeyd edib ki, yaxın gələcəkdə Ali dini şura toplanaraq yeni müftini seçki yolu ilə müəyyənləşdirəcək. Hələlik onun vəzifəsini müşaviri hacı Eyvaz Mərdanov icra edəcək.

  • TƏBİB rəsmisi: “Azərbaycanda payız-qış mövsümü pandemiya dövründə problem yarada bilər”

    “Hazırda Azərbaycanda epidemioloji vəziyyət nəzarət altındadır. Buna baxmayaraq, qarşıda bizi soyuq fəsil gözləyir. Qarşıdan payız-qış mövsümü gəlir. Bu mövsümdə respirator, tənəffüs yolu ilə yoluxan xəstəliklər, hava-damcı xəstəlikləri çoxalır. Ona görə də payız-qış mövsümü COVID-19 pandemiyası dövründə bir qədər problem yarada bilər. Belə ki, COVID-19 xəstəliyinə hər hansı bir respirator xəstəliyin qoşulması gözlənilə bilər. Bu, ilk növbədə qrip xəstəliyidir. Bu səbəbdən hazırda qrip əleyhinə vaksinasiya daha çox aktuallaşır”.

    “Report” xəbər verir ki, bunları Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında Tibbi-elmi komitənin sədri, professor Akif Qurbanov deyib.

    Professor bildirib ki, əgər COVID-19 xəstəliyi qriplə birlikdə rast gəlinsə, bu, xəstəliyin daha ağırlaşmasına səbəb ola bilər. Ona görə də bütün dünyada qrip xəstəliyi əleyhinə peyvənd aparılması aktuallaşıb. Dünyanın demək olar ki, bütün ölkələrində bununla əlaqədar tədbirlər görülməkdədir. Əslində qrip əleyhinə vaksinasiya indiki dövrdə elə COVID-19-a qarşı əks-epidemik tədbirlərin də bir hissəsidir.

    O, əvvəllər də ölkəmizdə qrip əleyhinə vaksinasiya tədbirlərinin həyata keçirildiyini diqqətə çatdırıb. A.Qurbanov bildirib ki, həmin vaxtlar vaksinasiya belə ciddi şəkildə tətbiq olunmayıb:

    “Hazırda biz digər bir virusun – COVID-19-un yaratdığı pandemiya dövründə yaşayırıq. Payız-qış aylarında pandemiyanın gedişində müəyyən çətinliklərlə üzləşməsək, yaxın vaxtlarda, yəni gələn ildən etibarən koronavirusa qarşı vaksinlərin istifadəsi bizim pandemiya təhlükəsindən xilas olmağımıza kömək edəcək”.

  • В Минобороны Азербайджана учреждена новая должность – ФОТО

    В целях более оперативной и эффективной организации работы со средствами массовой информации (СМИ) в пресс-службе Министерства обороны Азербайджана были проведены структурные изменения и кадровые реформы.

    Приказом министра в пресс-службе ведомства учреждена должность пресс-секретаря, на которую назначен полковник-лейтенант Анар Магаммадали оглу Эйвазов.

    Деятельность пресс-службы, в том числе работу со СМИ, продолжит возглавлять полковник Вагиф Даргяхлы.

  • Müdafiə Nazirliyində yeni TƏYİNAT – FOTO

    Azərbaycan Ordusu ilə kütləvi informasiya vasitələri (KİV) arasında işin çevik və daha səmərəli təşkil edilməsi məqsədilə Müdafiə Nazirliyinin Mətbuat Xidmətində struktur dəyişikliyi və kadr islahatları aparılıb.

    Müdafiə Nazirliyindən verilən məlumata görə, nazirinin əmri ilə Mətbuat Xidmətində mətbuat katibi vəzifəsi təsis edilib və bu vəzifəyə polkovnik-leytenant Eyvazov Anar Məhəmmədəli oğlu təyin olunub.

    Mətbuat Xidmətinin fəaliyyətinə, o cümlədən, KİV nümayəndələri ilə işin aparılmasına polkovnik Vaqif Dərgahlı rəhbərlik edir.