Month: October 2020

  • Bakıda oğru qardaşlar saxlanıldılar

    Bakıda mağazalardan oğurluq edən qardaşlar saxlanılıblar.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsi 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 20-də rayon ərazisindəki kafelərin birindən televizor və tüner oğurlamaqda şübhəli bilinən Şirvan şəhər sakinləri Z.Vəliyev, qardaşları N.Vəliyev və V.Vəliyev saxlanılıblar.

    Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların oktyabr ayı ərzində rayon ərazisindəki 3 mağazadan ümumilikdə 300 manat pul, 600 manat dəyərində kosmetik əşyalar və 4000 manat dəyərində spirtli içki, tütün məmulatı və ərzaq məhsulları oğurlamaları da müəyyən edilib.

  • Fransadakı terrora görə məsuliyyəti üzərinə götürən şəxs saxlanıldı

    Fransanın Nitsada şəhərindəki Notr-Dam kilsəsində 3 nəfərin ölümü ilə nəticələnən terror hücumuna görə məsuliyyəti üzərinə götürən şəxs saxlanılıb.

    Median.Az“Al-Arabiya” telekanalına istinadən xəbər verir ki, bu barədə Tunis birinci instansiya məhkəməsinin məlumat bürosunun rəhbəri Mohsen əd-Dəli məlumat verib. Məsuliyyətini üzərinə götürən şəxsin Tunisin cənubundakı “Əl-Mehdi” qruplaşmasına mənsub olduğu bildirilib.

    Sözügedən şəxsin Feysbuk sosial şəbəkəsindəki yayımladığı videomüraciətdə hücumun məsuliyyətini qruplaşma adından üzərinə götürdüyü bildirilib.

    “Həmin şəxs gecə saatlarında Milli Qvardiyanın nəzdindəki antiterror qrupu tərəfindən saxlanılıb”,-deyə o Mohesn əd-Dəli qeyd edib.

    Onun sözlərinə görə, videoçəkiliş aparan operator da saxlanılıb və bu iki şəxs barəsində istintaq başladılıb. Bununla yanaşı Tunis səlahiyyətliləri sözügedən qruplaşmanın mövcudluğuna dair məlumatların doğruluğu barədə araşdırma başladıblar.

  • “Zirə” yenə qələbə qazana bilmədi

    Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun daha bir oyunu keçirilib.

    Günün ikinci qarşılaşmasında “Zirə” “Səbail”i qəbul edib. Görüş qolsuz heç-heçə ilə yekunlaşıb. “Qartallar” ardıcıl 3-cü görüşdə qələbə qazana bilməyib.

    Bu nəticədən sonra xalını 12-yə çatdıran meydan sahibləri 3-cü sıradakı mövqeyini qoruyub. Bir oyun az keçirən “dənizçilər” isə 6-cı xalını qazanıb. Turnir cədvəlində özü ilə eyni xala malik “Sabah”ı qabaqlayan komanda 7-ci yerə yüksəlib.

    Masazır təmsilçisi isə günün ilk oyununda “Qəbələ”yə səfərdə 1:2 hesabı ilə uduzub.

    Qeyd edək ki, tura sabah keçiriləcək “Sumqayıt” – “Neftçi” və “Qarabağ” – “Keşlə” oyunları ilə yekun vurulacaq.

  • Minsk qrupu özünü doğrultmadı…

    Praktiki olaraq siyasi nizamlama səviyyəsinə çıxmaq üçün region ölkələri arasında regional əməkdaşlığın hansısa yeni mexanizmləri barədə düşünmək lazımdır. “Minsk qrupunun həmsədr ölkələri BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Bu ölkələr Ermənistan qoşunlarının çıxarılmasını tələb edən 4 qətnamənin icrası üçün heç nə etməyiblər. Biz BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan qətnamələrini icra edirik”. Bu fikirlər bu gün Cənab Prezidentin Tvitter hesabında öz əksini tapıb. 28 oktyabrda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın İnterfaks agentliyinə müsahibəsində bir çox suallarla yanaşı ATƏT-in Minsk qrupunun fəaliyyəti və onun formatının dəyişdirilməsi perspektivilə bağlı sualları da çox geniş cavablandırdı və birmənalı olaraq bildirdi ki, Minsk qrupu özünü doğrultmadı. Bu bir ay ərzində Minsk qrupunun fəaliyyəti barədə dəfələrlə danışdığını və Azərbaycan xalqına müraciətində də Minsk qrupunun fəaliyyətilə bağlı həqiqətləri xalqa çatdırdığını vurğulayan ölkə başçımız bildirdi ki, “…hər bir struktur, necə adlanmasından, kimlərdən ibarət olmasından asılı olmayaraq, əgər qarşısına qoyulmuş məsələni yerinə yetirmirsə, özünün səmərəsiz olduğunu etiraf etməlidir. Axı, qarşıya qoyulmuş vəzifə yerinə yetirilməyib. Hərçənd, mən özümün bəzi müsahibələrimdə demişəm ki, Minsk qrupu tərəfindən nizamlamaya yönəlmiş cəhdləri tamamilə inkar edə bilmərəm. Ona görə ki, hər halda baza prinsipləri Minsk qrupu tərəfindən işlənib hazırlanmışdı. Onlar işləyirdilər, variantlar təklif edirdilər. Təkliflərin bəziləri ilə biz razılaşmırdıq, bəziləri ilə erməni tərəfi razılaşmırdı. Yəni, bu proses Paşinyan Ermənistanda hakimiyyətə gələnədək davam etdi. Lakin səmərəlilik, nəticəlilik baxımından, əlbəttə, Minsk qrupu özünü doğrultmadı. Mən həmsədrlərin fəaliyyətini nəzərdə tuturam.Özü də əgər Minsk qrupunun həmsədrləri hansısa başqa ölkələr olsaydı, bunu hələ onunla izah etmək olardı ki, o ölkələrin dünyada kifayət qədər təsir qüvvəsi yoxdur, hətta BMT Təhlükəsizlik Şurasının onların özlərinin qəbul etdikləri qətnamələrini reallaşdırmaq üçün kifayət qədər nüfuzu yoxdur. Lakin Minsk qrupunun həmsədrləri BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü, üç nüvə dövləti olduğu halda onların Ermənistana təzyiq göstərməsinin mümkün olmaması, əlbəttə, çoxlu suallar doğurur”.

    Median.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Tamam Cəfərova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiyanın İnterfaks agentliyinə müsahibəsini şərh edərkən deyib.

    Millət vəkili qeyd etdi ki, Cənab Prezident həmçinin, Minsk qrupunun formatının dəyişdirilməsi perspektivi və Prezident Putinin Minsk qrupunun formatına yenidən baxılmasının mümkünlüyü ilə bağlı məsələlərə də münasibət bildirib. “Qrupun tərkibi məsələsinə gəldikdə, mən bu barədə artıq demişəm ki, Minsk qrupu 1992-ci ildə yaranıb. Onun necə yaradıldığını bilmirəm. Üzvlərin seçilməsinin hansı prinsiplərə əsaslanması da mənə məlum deyil. Ancaq mən onu da demişəm ki, əgər bu gün biz hansısa təmas qrupu yaratsaydıq, onun tərkibi, əlbəttə, tamam başqa olardı. Orada regionda öz mövqeləri olan, potensialı olan, dünyada nüfuza malik olan ölkələr olardı. Əlbəttə, düşünürəm ki, hazırda həmsədr olan ölkələr də bəlkə qala bilərdi. Lakin bu sual, əlbəttə, mənə aid deyil. Ona görə ki, Minsk qrupunun və onun həmsədrlərinin formalaşması mexanizmi və proseduru ATƏT-in səlahiyyətlərinə aiddir. Mən hesab edirəm ki, münaqişəni nizamlamaq üçün biz formal məsələlərdən yapışmamalıyıq. Minsk qrupu indiki kimi öz işini davam etdirə bilər. Ancaq praktiki olaraq siyasi nizamlama səviyyəsinə çıxmaq üçün region ölkələri arasında regional əməkdaşlığın hansısa yeni mexanizmləri barədə düşünmək lazımdır. Fikrimcə, Prezident Putin bu barədə danışanda yəqin ki, o da bunları nəzərdə tuturdu”.

    Həmsədr ölkələrin Ermənistana qarşı siyasi təzyiq göstərmələrınin, təcavüzkarı işğal olunmuş torpaqlardan getməyə məcbur etmək üçün ona sanksiyalar tətbiq edilməsinin vacibliyini viurğulayan Prezident İlham Əliyev bildirib ki, “mən bu barədə çoxdan danışıram. Lakin təəssüf ki, mənim çağırışlarım cavabsız qalır. Hansı sanksiyalar tətbiq edilə bilərdi? O sanksiyalar ki, Ermənistanı BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyə və işğal edilmiş ərazilərdən qoşunları çıxarmağa məcbur etsinlər. Məsələn, İraq Küveyti işğal edəndən sonra İraqa qarşı tətbiq edilmiş sanksiyaları götürmək olar. …Buna görə bir daha deyirəm, münaqişəni tezliklə həll etmək üçün, – hələ gec deyil, – sanksiyalar lazımdır. Düşünürəm ki, həmsədr ölkələr təcavüzkarı işğal olunmuş torpaqlardan getməyə məcbur etmək üçün ona hansı sanksiyalar tətbiq edilə biləcəyi barədə ciddi fikirləşməlidirlər.”

    Millət vəkilinin fikincə, yalnız dünya birliyinin vaxtında reaksiya verməsi nəticəsində Küveytin işğalı dayandırıldı, özü də qısa vaxtda. Daha sonra İraqa iqtisadi sanksiyalar tətbiq edildi, silah satışına embarqo qoyuldu, Hətta bu sanksiyalardan biri tətbiq olunsa idi, münaqişə çoxdan həll edilərdi. Sadəcə, bu sanksiyaları tətbiq etmək üçün siyasi iradə və istək yox idi. Cənab Prezidentin dediyi kimi, “vasitəçi qərəzsiz olmalıdır. O, emosiyalarını evdə qoymalı, ya da ikitərəfli formatı tərk etməli, nizamlama çərçivəsində isə ona ATƏT-in verdiyi mandatı və münaqişəni Azərbaycanın və ya Ermənistanın istəyinə uyğun şəkildə deyil, beynəlxalq hüququn tələb etdiyi qaydada nizamlamaq arzusunu əsas götürməlidir”.

  • “Gürcü Arzusu” parlament seçkilərində qələbəsini qeyd edir

    Gürcüstanın hakim Gürcü Arzusu Partiyası bu gün keçirilən parlament seçkilərində qələbə qazandığını bildirib.

    “Report”un yerli bürosu xəbər verir ki, partiya Tbilisidəki qərargahı qarşısında qələbəni qeyd edir.

    İştirakçılar qarşısında çıxış edən partiyanın rəhbəri Bidzina İvanişvili bildirib ki, Gürcüstan bu gün layiqli seçim edib. O, seçicilərə minnətdarlıq ifadə edib.

  • Süni şəkərli içkilər nəyə səbəb olur?

    Süni şəkərli içkilər ürək-damar sisiteminin düşməni ola bilər. Süni şəkərli içkilərin də şəkərli içkilər kimi ürək-damar xəstəliklərinə səbəb olduğu açıqlanıb.

    Median.Az e-tibb.az-a istinadən bildirir ki, bununla bağlı aparılan araşdırmanın nəticələri “Journal of the American College of Cardiology” jurnalında dərc olunub. Qeyd olunub ki, şəkərli və süni şəkildə dadlandırılan içkilər ürək-damar xəstəlikləri riski artırır. Bu səbəbdən araşdırmada süni şəkərli içkilərin bilinənlərin əksinə şəkərli içkilərə alternativi olmadığı vurğulanıb.

    Bununla bağlı əvvəlki araşdırmalara toxunan alimlər, şəkərli içkilərin qəbul edildiyi qidalanma tərzinin ürək-metabolik sağlamlığa mənfi təsir göstərdiyinin məlim olduğunu xatırladıb, şəkərli içkilərə alternativ olaraq göstərilən süni şəkərli içkilərin ürək-damar sağlamlığına təsirinin indiyə kimi tam bilinmədiyini qeyd ediblər.

    Araşdırmada, Fransada 104,760 iştirakçını əhatə edən qidalanma anketinin nəticələri müzakirə edilib.

    İştirakçılardan hər 6 ayda bir dəfə 24 saatlıq 3 pəhriz qeydlərinin onlayn doldurulması istənilən araşdırmada, süni şəkərli içkilər qida dəyəri olmayan içkilər olaraq, şəkərli içkilərin isə 5 faiz və ya daha çox şəkəri olan bütün içkiləri əhatə edəcək qidalandırıcı olduğu təsbit edilib.

    Araşdırmada iştirakçılar heç istifdaə etməyənlər, az istifdaə edənlər və çox edənlər olaraq qruplara ayrılıb.

    Çoxlu süni şəkərli içki içənlərin həyatlarında heç vaxt içməyənlərə nisbətən 20 faiz daha çox ürək-damar xəstəliyinə sahib olduğu qənaətinə gəlinib. Oxşar nəticənin şəkərli içkilər içənlər üçün də keçərli olduğu qeyd edilib.

  • Payızda kəskinləşən xroniki xəstəliklərdən özümüzü necə qoruyaq?

    Bir çox xəstəliklərin kəskinləşməsi məhz payız aylarında baş verir. Mütəxəssislərin ehtimalına görə, bunun səbəbi insan orqanizmində bioritmlərin kəskin dəyişilməsi ola bilər.

    Median.Az e-tibb.az-a istinadən bildirir ki, bunu həkim-terapevt, Mərkəzi Gömrük Hospitalının əməkdaşı Nazilə Xəlilbəyova deyib:

    “Belə ki, payız aylarında günəşli günlərin sayı azalır, gecələr uzanır, günün qısalması səbəbindən insanlar daha tez yatmağa gedir və s. Ümumiyyətlə, payız aylarında insanlar depressiyalara, nevrozlara çox meyilli olurlar. Təbiət və iqlim dəyişmələrinin hər biri orqanizmi stress vəziyyətinə salır. Eyni zamanda, dəyişkən küləkli, yağışlı hava, daim dəyişilən meteoşərait insanlarda stressin inkişafına təkan verir. Stress isə öz növbəsində, immun sistemini zəiflədir. Nəticədə insanda olan xroniki xəstəliklər kəskinləşməyə başılayır. Bu xroniki xəstəliklərə ürək-damar sistemi xəstəlikləri, tənəffüs sistemi xəstəlikləri, həzm sistemi xəstəlikləri, artrit və artroz, bəzi ginekoloji və uroloji xəstəliklər, psixi pozulmalar aiddir”.

    Mütəxəssis vurğulayıb ki, ürək-damar xəstələri daim arterial təzyiqlərinə diqqət yetirməli, düzgün qidalanmalı, fiziki gərginlikdən, stressdən uzaq olmalıdırlar. Havanın temperaturunun kəskin aşağı düşməsi, yağışlı, rütubətli hava virus və soyuqdəymə tənəffüs sistemi xəstəliklərinin inkişafına təsir edir. Bu xəstəliklər zamanı isə ilk növbədə bronxlar zədələnir:

    “Xəstəliyin ilk simptomlarında həkimə müraciət edin. Müalicədən əlavə insan çoxlu ilıq maye içməlidir ki, bu bronxlardan bəlğəmin çıxmasını asanlaşdırır. İlıq süd, yarıbayarı borjomla qarışdırılmış süd, biyan kökü və gülxətmi kimi otların dəmləmələri, soğan şirəsi çox yaxşı təbii bəlğəmgətirici vasitələrdir.

    Payız aylarında həzm sistemi xəstəlikləri (xroniki qastrit, xora xəstəliyi) olan insanları adətən qarının yuxarı hissəsində ağrılar, köp, qıcqırma, ürəkbulanması, qusma kimi simptomlar narahat etməyə başlayır. Mütləq qastroenteroloqa müraciət etmək və lazım olan müalicə almaq lazımdır. Müalicədən əlavə pəhriz də çox önəmlidir”.

    Həkim qeyd edib ki, qızardılmış, yağlı, duzlu, kəskin qıdalar, turşular, təzə çörək, hisə verilmiş məhsullar, qəhvə, qazlı sular və s. rasiondan çıxarılmalıdır. Az-az və tez-tez qidalanmaq lazımdır ki, mədə birdəfəyə yüklənməsin. Artrit və artrozdan əziyyət çəkən xəstələrdə oynaqda ağrılar, oynağın şişməsi, oynaqda hərəkətliliyin azalması kimi simptomlar meydana çıxır.

    Onun sözlərinə görə, profilaktika məqsədi ilə daha isti geyinmək, düzgün qidalanmaq, C vitamini qəbul etmək lazımdır, belə ki, bu vitamin qığırdaq toxumasının bərpasına kömək edir: “Unutmayın ki, bütün sadalanan xəstəliklərdə açıq havada gəzmək, daha çox adi təmiz su içmək, idmanla məşğul olmaq, soyuqdan qorunmaq və düzgün qidalanmaq vacib amillərdir”.

  • Elçin Əmirbəyov Hindistan KİV-lərinə: Ermənistanın Azərbaycan əraziləri işğal etməsinə son qoyulacaq – VİDEO

    Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov Hindistanın məşhur “TV9” kanalı və” Navbharat Times” informasiya agentliyinə iki müsahibəsində Hindistan ictimaiyyətini Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zonasında baş verən son hadisələr barədə məlumatlandırıb.

    E.Əmirbəyov, sentyabrın 27-də Azərbaycana qarşı növbəti hərbi təcavüzə başlayan və döyüş meydanında alçaldıcı məğlubiyyətə uğrayan Ermənistan rəhbərliyinin atəşkəs və münaqişənin sülh yolu ilə həlli axtarışında qətiyyən maraqlı olmadığını qeyd edib. E. Əmirbəyov, təcavüzkar ölkənin hərbi-siyasi rəhbərliyinin döyüş bölgəsindən uzaq şəhərlərdə və kəndlərdə yaşayan Azərbaycanın mülki əhalisini raket və artilleriya atəşinə tutma cinayətkar təcrübəsini davam etdirən qeyri-insani davranışlarına toxunub.

    Səssiz beynəlxalq ictimaiyyət tərəfindən cəzasız qaldığından sui-istifadə edərək, Ermənistan rəhbərliyi və işğal etdiyi Azərbaycan torpaqlarında yaratdığı cinayətkar marionet rejimi, hərbi əməliyyatlar bərpa olunduqdan sonra 91 dinc Azərbaycan vətəndaşının ölümü və 400-dən çoxunun müxtəlif dərəcəli ağır yaralanması ilə nəticələnən hərbi cinayətlər, terror aktları və insanlığa qarşı cinayətlər törətməyə davam edir. E.Əmirbəyov vurğulayıb ki, “Smerç” yaylım atəşli raket sistemlərindən Bərdə və Tərtərin mülki əhalisinə raket zərbələri endirərkən, erməni tərəfi beynəlxalq konvensiyalar tərəfindən qadağan edilmiş kaset bombalardan istifadə edib, bu fakt Azərbaycan tərəfindən məlumatların toplanması və bütün hərbi cinayətlərin və Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarının pozuntularının qeydə alınması üçün dəvət edilmiş “Amnesty International” və “Human Rights Watch” beynəlxalq qeyri-hökumət təşkilatları tərəfindən təsdiqlənib. Birinci vitse-prezidentin köməkçisi, həmçinin Ermənistanın Bərdə, Tərtər və Goranboya raket hücumlarının ATƏT-in Minsk Qrupu həmsədrləri tərəfindən təşkil olunan iki ölkənin xarici işlər nazirlərinin Cenevrədəki görüşü ərəfəsində baş verdiyini və bunun təcavüzkar ölkənin həyasız riyakarlığını və xainliyini bir daha təsdiq etdiyini bildirib.

    “Ermənistan baş naziri Paşinyanın məntiqsiz, gözlənilməz və bu səbəbdən də təhlükəli davranışı dinc mülki əhali də daxil olmaqla hər gün daha çox qurbanlara səbəb olur. Bu baxımdan beynəlxalq ictimaiyyət tərəfindən Ermənistanın Azərbaycana təcavüzünün dayandırılmasına yönəlmiş səmərəli addımların mövcud olmaması halında, Bakının Ermənistanı sülhə məcbur etmək və əzəli Azərbaycan ərazilərinin işğalına son qoymaq üçün sentyabrın 27-i əks hücum çərçivəsində başlayan əməliyyatı ən qısa müddətdə başa çatdırmaq xaricində başqa yolu yoxdur”, – deyə, E.Əmirbəyov sözünə yekun vurub.

  • Baş Prokurorluq: “Vaaqn Çaxalyanla bağlı başladılan cinayət işi üzrə istintaq davam etdirilir”

    Əvvəllər xəbər verildiyi kimi, Gürcüstan vətəndaşı Vaaqn Çaxalyanın Azərbaycan Respublikasının ərazisində törətdikləri cinayət əməllərinə dair yerli və xarici kütləvi informasiya vasitələrində yayılmış çoxsaylı məlumatlar əsasında Azərbaycan Respublikası Baş Prokurorluğunda araşdırma aparılmış və faktla bağlı Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma), 114 (muzdluluq), 29, 120.2.1 (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürməyə cəhd), 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd), 279.3-cü (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri yaratma) və digər maddələri ilə cinayət işi başlanılmaqla istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

    Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, istintaq zamanı Dağlıq Qarabağ ərazisində Azərbaycan Ordusuna qarşı döyüş əməliyyatlarında iştirak edən muzdlu Vaaqn Çaxalyan Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində rayon məhkəməsi tərəfindən qiyabı olaraq həbs qətimkan tədbiri seçilməklə istintaq orqanı tərəfindən beynəlxalq axtarış elan edilib.

    “Bəzi kütləvi informasiya vasitələrində Vaaqn Caxalyanın döyüş əməliyyatları zamanı öldürülməsi, habelə Gürcüstan Respublikasının vətəndaşlığından məhrum edilməsi ilə bağlı məlumatlar yayılıb.

    Bununla bağlı aparılan araşdırma zamanı Gürcüstan Baş Prokurorluğundan alınmış şifahi məlumata əsasən məlum olub ki, Vaaqn Çaxalyan 2019-cu ilin sonunda Ermənistan Respublikasının vətəndaşlığını qəbul etmiş, bu səbəbdən 2020-ci ilin əvvəllərində Gürcüstan həmin şəxsin vətəndaşlığına xitam verib. Daha sonra Vaaqn Çaxalyan Gürcüstanın müvafiq dövlət qurumlarına müraciət edərək həmin ölkənin vətəndaşlığının bərpa edilməsini xahiş edib, lakin 2020-ci ilin iyun ayında onun müraciətinə mahiyyəti üzrə baxılmaqla imtina edilib.

    Vaaqn Çaxalyanın öldürülməsi ilə bağlı 25.10.2020-ci il tarixdə Gürcüstan media səhifələrində yayılan məlumatla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Gürcüstan Baş Prokurorluğu tərəfindən aparılmış araşdırma nəticəsində həmin məlumat öz təsdiqini tapmayıb.

    Hətta bundan bir neçə gün sonra V.Çaxalyanın “Facebook” sosial şəbəkəsindəki hesabında döyüş əməliyyatlarında iştirakını davam etdirməsinə dair informasiya yerləşdirilib.

    Odur ki, Vaaqn Çaxalyanla əlaqədar istintaq edilən cinayət işi üzrə Gürcüstan Baş Prokurorluğuna hüquqi yardım haqqında rəsmi vəsatət verilmiş və vəsatətin icrası ilə bağlı Gürcüstan Baş Prokurorluğu ilə mütəmadi olaraq əlaqə saxlanılır.

    Hazırda Vaaqn Çaxalyan beynəlxalq axtarışda olmaqla Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən cinayət işi üzrə istintaq davam etdirilir” , – deyə məlumatda qeyd olunub.

  • Türkiyə Prezidentinin sözçüsü COVID-19-a yoluxub

    Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın koronavirusa yoluxduğunu bildirib.

    İ.Kalın bu barədə öz “Twitter” hesabında yazıb.

    “Yüngül simptomlarından əziyyət çəkdiyim koronavirusun müalicəsinin son mərhələsindəyəm. İndi yaxşıyam. Zəng edən, soruşan, mesaj göndərən, dua edən hər kəsə təşəkkür edirəm”, deyə R.T.Ərdoğanın mətbuat katibi şəxsi “Twitter” səhifəsində yazıb.