Month: October 2020

  • Ceyhun Bayramov və ABŞ Dövlət katibinin müavini arasında telefon danışığı olub

    Bu gün Xarici İşlər naziri Ceyhun Bayramov və ABŞ Dövlət katibinin müavini Stiven Biqan arasında telefon danışığı baş tutub.

    Bu barədə Azərbaycan XİN-dən məlumat verilib.

    Telefon danışığı zamanı C.Bayramov Ermənistan tərəfinin beynəlxalq humanitar hüquq qarşısındakı öhdəliklərini kobud şəkildə pozaraq razılaşdırılmış humanitar atəşkəs rejiminə üçüncü dəfə riayət etmədiyini, eyni zamanda Bərdə şəhərində dinc Azərbaycan əhalisini qəsdən hədəfə aldığını vurğulayıb. O, münaqişə zonasından çox uzaqda yerləşən şəhərlərin uşaqlar və qadınlar da daxil olmaqla, günahsız mülki əhalinin Vaşinqton görüşündən sonra və nəzərdə tutulan Cenevrə danışıqları ərəfəsində Ermənistan silahlı qüvvələri tərəfindən dəfələrlə hücumlara məruz qaldığını qeyd edib.

    Nazir həmçinin həmkarına Ermənistan tərəfindən xaincəsinə edilən raket hücumu nəticəsində mülki şəxslər arasında olan itkilər barədə məlumat verib.

    S.Biqan mülki itkilərdən ciddi narahatlığını dilə gətirib və mülki şəxslərə qarşı hücumların yolverilməz olduğunu bildirib. O, gərginliyin azaldılmasının və münaqişənin siyasi həllinə nail olmaq üçün tərəflərin müvafiq addımlar atmasının vacibliyini vurğulayıb.

  • Qurban Qurbanov: “Çox istərdik ki, oyunlarımızı Qarabağda keçirək” – VİDEO

    “Türk qardaşlarımızdan böyük dəstək gördük”.

    Bu sözləri UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində Türkiyənin İstanbul şəhərində İspaniyanın “Vilyareal” klubu ilə qarşılaşacaq “Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov Türkiyənin “Haber Global” telekanlına müsahibəsi zamanı bildirib.

    “Qarabağ”ın kiçik uğurları var. Çox istərdik ki, oyunlarımızı Qarabağda keçirək, bizim qarabağlı azarkeşlərimiz bu uğurları görsünlər”, – deyə Q.Qurbanov bildirib.

    Müsahibənin videosunu təqdim edirik:

  • Elnur Hüseynov və Fidan Hüseynova Gəncə faciəsinə həsr olunmuş yeni klipi təqdim etdilər – VİDEO

    Bu gün hər birimiz həqiqəti, – bu həqiqət nə qədər dəhşətli və kədərli olsa da, – dünyaya çatdırmağa borcluyuq.

    “Eurovision” mahnı müsabiqəsinin ulduzları Elnur Hüseynov və Fidan Hüseynova da bu işdən kənarda qalmayıblar. Onlar öz yaradıcı komandaları ilə birlikdə çəkdikləri yeni klipdə Gəncədə baş vermiş faciələr barədə həqiqəti bütün dünyaya çatdırmağa çalışıblar.

    “Say Hallelujah” mahnısına çəkilmiş video Fidanın rəsmi “YouTube” kanalında təqdim edilib. Gənc artistlər bu barədə hələ iki il bundan əvvəl söhbət açmışdılar (həmin mahnıya birinci çarx o vaxt çəkilmişdi). Bəs onları yenidən bu mövzuya qayıtmağa sövq edən nə olub və bu gün onlar “Say Hallelujah” mahnısı vasitəsilə dünyaya nə demək istəyiblər?

    Oktyabrın 4-ü, 11-i və 17-də Azərbaycanın hərbi əməliyyatlar zonasından kənarda yerləşən, əhalisinin sayına görə ikinci ən böyük şəhəri olan Gəncəyə üç raket hücumu nəticəsində 26 nəfər həlak olub! Həlak olanlar arasında 10 qadın və altı uşaq var! Daha 138 nəfər yaralanıb! İndi informasiya müharibəsi gedir və hər kəsin öz silahı var: bizim mahnımız ingilis dilində olduğu üçün istədim ki, yenidən o mahnıya qayıdaq və bütün həqiqəti dünyaya çatdıraq. Bu arzumu Fidanın atası Yaqub müəllimə bildirəndə o, mənim ideyamı ürəkdən dəstəklədi.

    Beləliklə, rejissor Ülviyyə Könül “Say Hallelujah” mahnısının yeni versiyası üzərində işə başladı”, – deyə Elnur Hüseynov bildirib.

    Ülviyyə Könül 2018-ci ildə çəkilmiş klipi əsas götürərək yeni videonu “yığıb” və Gəncə hadisələri barədə söhbət açıb.

    “Bu klip öz işinin əsl peşəkarlarının birgə işidir, onları birləşdirən bir məqsəd var – həqiqəti bəşəriyyətə çatdırmaq. Mənim fikrimcə, bu klip çox güclü material yaratmağa kömək edib, çünki bu mövzuya laqeyd qalmaq mümkün deyil”.

    Layihə müəlliflərinin sözlərinə görə, bu gün dünya birliyi anlamalıdır ki, Ermənistanın terrorçu qoşunları Azərbaycan ərazisində vuruşur, lakin Qarabağın hüdudlarından uzaqlarda dinc əhaliyə qarşı vəhşiliklər törədirlər.

    Mahnının sözləri Cəlal Qurbanovundır. Bu misraları ingilis dilinə tərcümə etmiş şairə Nigar Həsənzadə deyir:

    “Bu mahnı doğma Azərbaycanımızın övladlarına, müharibə nəticəsində həyatlarını itirmiş günahsız qurbanlara görə bizim ümumi harayımız və fəryadımızdır! Bu mahnı dünya birliyini həqiqətin gözünün içinə baxmağa, öz ambisiyalarını müvəqqəti də olsa unutmağa, mənfur erməni diasporunun təsirinə uymamağa və terrorçu ermənilərin bəşəriyyət əleyhinə törətdiyi dəhşətli cinayətlərə görə onları mühakimə etməyə çağırışdır”.

    Yaqub Hüseynov qeyd edir ki, uşaqlar (Fidanın iki balaca qardaşı var) televizorda balaca Xədicə haqqında süjeti görəndə (raket hücumu nəticəsində valideynlərini və kiçik bacısını itirmiş bu balaca qızcığazın adını mətbuatda əvvəlcə Fidan kimi demişdilər) dərhal soruşdular: “Atacan, bəlkə bu qız bizimlə yaşasın? Bizim bacımız olsun?!”

    Bu günlərdə Hüseynovlar ailəsi həmin balaca qız üçün hədiyyələr və zəruri əşyalar alaraq Gəncəyə yola düşüb və onunla görüşüb.

  • Ceyhun Bayramov Britaniya nazirinə Bərdənin raket hücumlarına məruz qalmasından danışıb

    Cari ilin 28 oktyabr tarixində Xarici İşlər naziri Ceyhun Bayramovun Böyük Britaniyanın Avropa Qonşuluğu və Amerika bölgəsi üzrə Dövlət Naziri Vendi Morton ilə telefon danışığı baş tutub.

    Bu barədə Xarici İşlər Nazirliyinin məlumatında bildirilir.

    Nazir Ceyhun Bayramov həmsöhbətinə Ermənistan silahlı qüvvələrinin üçüncü dəfə razılaşdırılmış humanitar atəşkəs rejimini və beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozaraq mülki Azərbaycan əhalisini qəsdən hədəfə aldığını bildirdi. Ermənistanın münaqişə zonasından çox uzaqda yerləşən Bərdə şəhərinə raket hücumlarının müharibə və insanlığa qarşı cinayət olduğunu bildirdi. Nazir Azərbaycanın dinc əhalisinə qarşı törədilən qəddar hücumlara görə bütün məsuliyyəti Ermənistan rəhbərliyinin daşıdığını vurğuladı.

    Nazir Vendy Morton öz növbəsində mülki insan tələfatı ilə bağlı ciddi narahatlığını ifadə etdi və mülki şəxslərə qarşı hücumların yolverilməz olduğunu bildirdi. O, bölgədəki gərginliyin azaldılmasının vacibliyini vurğuladı.

  • İlham Əliyev İran prezidentinin xüsusi nümayəndəsini qəbul edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də İran İslam Respublikası Prezidentinin xüsusi nümayəndəsi, Xarici İşlər nazirinin müavini Seyid Abbas Əraqçinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

    “Report” xəbər ki, qonaqları salamlayan Prezident İlham Əliyev deyib:

    – Xoş gəlmisiniz. Şadam sizi görməyimə.

    Artıq bir aydır ki, müharibə gedir. Bizim xalqımız üçün bu, Vətən müharibəsidir. Biz torpaqlarımızı işğalçılardan azad edirik. Bu, beynəlxalq hüququn və tarixi ədalətin bərpasıdır.

    Bu gün bir neçə kənd işğalçılardan azad edildi. Ancaq Ermənistan namərd hücumlarla bizim mülki vətəndaşlarımızı hədəfə alıb. Bir neçə saat bundan əvvəl Bərdəyə bir neçə raketlə atəş açmışdır və bu atəş nəticəsində 21 nəfər mülki şəxs həlak oldu, 70-dən çox dinc insan yaralandı. Ölənlərin sayı arta bilər.

    Dünən də Ermənistan Bərdəyə, yenə də mülki əhaliyə zərbə vurmuşdur. Bu zərbə nəticəsində dörd nəfər həlak oldu, onlardan biri yeddi yaşlı qız uşağıdır. Döyüş meydanında qabağımızda dura bilməyən Ermənistan bax, belə əxlaqsız addımlarla bizə zərbə vurmaq istəyir, bizi durdurmaq istəyir. Amma buna nail ola bilməyəcək.

    Bir də ki, üçüncü dəfə elan olunmuş və Ermənistanın xahişi ilə razılaşdırılmış atəşkəsi kobudcasına pozur. Birinci dəfə oktyabrın 10-da Moskvada o məlum bəyannamə qəbul olunandan sonra bir gün keçməmiş Ermənistan öz ərazisindən ballistik raketlərlə Gəncə şəhərini atəşə tutmuşdur. Hər kəs bilir ki, bu atəşkəsi Ermənistan pozub, bu dəfə də Ermənistan pozub. İndi işğaldan azad edilmiş şəhər və kəndlərimizdə mövcud olan vəziyyət tam aydındır. Demək olar ki, bütün şəhər və kəndlərimiz dağıdılıb. Qəbirlər, tarixi abidələr, bütün binalar dağıdılıb. Elə bil ki, vəhşi qəbilə bu torpaqları işğal altında saxlayıb. Bizim məscidlərimiz ermənilər tərəfindən dağıdılıb və təhqir edilib. Zəngilan rayonunda ermənilər tərəfindən dağıdılmış məsciddə onlar donuz saxlayırdılar. Bu kadrlar internetdə var. Bütün dünya, bütün müsəlman aləmi görür ki, biz hansı vəhşilərlə mübarizə aparırıq. Amma bir daha demək istəyirəm ki, bizi heç nə durdura bilməz. Əgər Ermənistan öz xoşu ilə işğal edilmiş qalan torpaqlardan çıxmasa, onları oradan da qovacağıq.

    Məmnunluq hissi ilə deyə bilərəm ki, Azərbaycan-İran dövlət sərhədi tam bərpa edilib. Bu münasibətlə mən Azərbaycan və İran xalqlarını təbrik etmişəm. Göstəriş vermişəm ki, bizim sərhəd xidmətimiz tezliklə bu sərhədin bütün mühafizə infrastrukturunu yaratsın. Bu işlərə start verildi. İran-Azərbaycan sərhədinin digər istiqamətlərindəki kimi, bu istiqamət də dostluq, qardaşlıq sərhədi olacaqdır.


    Bildiyiniz kimi, bir neçə il bundan əvvəl Xudafərin və Qız qalası hidroqovşaqları və su anbarları haqqında İran-Azərbaycan müqaviləsi imzalanmışdır. Mən indi hökumətə göstəriş vermişəm ki, biz tərəfdən işçi qrup yaradılsın. Mən xahiş edirəm ki, İran tərəfindən də müvafiq qurum təhkim edilsin ki, tezliklə bu məsələləri müzakirə edək və bu obyektin birgə istismarı haqqında razılığa gələk.

    Xahiş edirəm ki, hörmətli cənab Prezident Həsən Ruhaniyə mənim təşəkkürümü çatdırın. O, bu müddət ərzində mənə telefonla zəng etmişdi. Bizim çox yaxşı söhbətimiz olub. Sizi də Azərbaycana ezam edib, biz bunu yüksək qiymətləndiririk. İran-Azərbaycan əlaqələri son illər ərzində çox sürətlə inkişaf edib və hesab edirəm ki, tarixdə ən yüksək səviyyəyə qalxıb. İmzalanmış bütün sənədlər və əldə edilmiş razılaşmalar icra olunur. Bizim möhkəm tarixi köklər üzərində qurulmuş əlaqələrimiz əminəm ki, gələcəkdə də uğurla inkişaf edəcək. Bir daha xoş gəlmisiniz.

    Seyid Abbas Əraqçi deyib:

    – Cənab Prezident, mənə vaxt ayırdığınıza görə çox təşəkkür edirəm.

    Hər şeydən əvvəl bu gün Bərdə şəhərinin raket hücumuna məruz qalması ilə əlaqədar həyatını itirmiş mülki insanlara, dinc insanların ölümünə səbəb olmuş bu hadisə ilə əlaqədar, orada şəhid olmuş insanlarla əlaqədar Sizə, Azərbaycan xalqına, Azərbaycan dövlətinə başsağlığı vermək istəyirəm. Siz də yaxşı bilirsiniz ki, İran İslam Respublikası elə ilk günlərdən Azərbaycanın ərazilərinin işğal olunmasına müxalif olub və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Mən özümə borc bilirəm, son günlərdə Azərbaycan Ordusunun döyüş meydanında əldə etdiyi qələbələr, işğal olunmuş ərazilərin bir hissəsinin azad edilməsi münasibətilə Sizi təbrik etmək istəyirəm. Bu yolda öz canını fəda edən bütün şəhidlər qarşısında baş əyirəm.

    Cənab doktor Həsən Ruhaninin isti salamlarını Sizə çatdırıram.

    Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İranın dövlət başçısına çatdırmağı xahiş etdi.

  • MN: Bölmələrimiz dəqiq atəş zərbəsi ilə döyüş meydanından qaçan düşmən qüvvələrini məhv edib – VİDEO

    Bölmələrimizin dəqiq atəş zərbələrinə tab gətirə bilməyərək döyüş meydanından qaçan düşmən qüvvələri məhv edilib.

    APA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

  • Türkiyədə general Polad Həşimov adına parkın açılışı olub

    Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətindən ölkəmizə xain hücumları nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin generalı Polad Həşimovun əziz xatirəsi Türkiyədə əbədiləşdirilib.

    “Report”un yerli bürosu xəbər verir ki, Osmanqazi rayonunun Dəmirtaş bölgəsində Polad Həşimovun adı verilən yeni park salınıb.

    Parkın açılış mərasimi Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilməsi ilə başlayıb. Sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, onların ruhuna dualar oxunub.

    Osmanqazi bələdiyyəsinin sədri Mustafa Dündar və Azərbaycanın Türkiyədəki səfirliyinin müşaviri Ruslan Abdullayev mərasimdə çıxış ediblər.

    Çıxışlarda əminliklə qeyd olunub ki, Azərbaycanın işğal altındakı torpaqları tezliklə tam şəkildə azad olunacaq, dövlət bayraqlarımız Qarabağın hər bir guşəsinə əzəmət verəcək.

    Xatırladaq ki, general Polad Həşimov adına park Bursanın Osmanqazi Bələdiyyə Məclisinin qərarı ilə salınıb.

  • Bərdə faciəsi şahidlərin dilində – VİDEO

    Bu gün saat 13 radələrində ermənilərin Bərdə şəhərini atəşə tutması nəticəsində 21 nəfər həlak olub, 70-dən çox şəxs isə yaralanıb.

    Hadisə şahidləri Baku TV-yə bildirib ki, faciə baş verən anda ətrafdakı şəxslər yaralılara yardım edib:

    “Atılan kimi partladı. Biz yaxınlaşdıq, əhalimizi, yaralılarımızı çıxardıq.”

  • FHN-in rəhbər heyəti Bərdə rayonundadır

    Xəbər verildiyi kimi, bu gün Bərdə şəhəri növbəti dəfə təcavüzkar Ermənistan tərəfindən raket zərbələrinə məruz qalıb. Hazırkı vəziyyətə görə, nəticədə 21 nəfər həlak olub, 70-ə yaxın insan yaralanıb, bir neçə mülki obyekt dağılıb, çoxsaylı avtomobil yararsız vəziyyətə düşüb.

    “Report” xəbər verir ki, hadisə ilə bağlı hazırda Fövqəladə Hallar nazirinin müavinləri – tibb xidməti general-leytenantı Faiq Tağı-zadə, general-leytenant Etibar Mirzəyev və Orucəli Hacıyev Bərdə rayonundadırlar.

    Nazir müavinləri raket zərbələrinin hədəfinə gəldiyi obyektlərə baxış keçirib, vətəndaşlarla görüşüb, yaralılara baş çəkiblər.

  • Минобороны Азербайджана провело брифинг в связи с последней ситуацией на фронте – ВИДЕО

    Министерство обороны Азербайджана провело 28 октября пресс-конференцию в связи с последней ситуацией в зоне боевых действий.

    Как сообщает Median.Az, в брифинге принял участие пресс-секретарь оборонного ведомства полковник-лейтенант Анар Эйвазов.