Month: November 2020

  • Parisdə etirazçılar köşkləri və avtomobilləri yandırıb, polis əməkdaşlarına daş parçaları atıb – VİDEO

    Fransanın paytaxtı Parisdə mətbuata və söz azadlığına dəstək şüarları ilə kütləvi etiraz aksiyası keçirilir.

    Bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.

    Fransanın ən böyük həmkarlar ittifaqlarının dəstəyi ilə təşkil edilən aksiyada mətbuat işçilərindən əlavə vəkillər, parlament üzvləri, sıravi vətəndaşlar iştirak edib.

    Nümayişin başlamasından qısa müddət sonra iğtişaşlar baş verib. Etirazçılar köşkləri, şəxsi avtomobilləri yandırıb, polis əməkdaşlarına daş parçaları atıb

    Etirazçılar Fransa parlamentinin birinci oxunuşunda qəbul edilən “Qlobal təhlükəsizlik haqqında” qanun layihəsinə qarşı çıxış edirlər.

    Sözügedən qanuna layihəsində hüquq-mühafizə orqanları işçilərinin foto və videosunu çəkmək qadağan edilir.

    Qanunu pozan şəxs üçün bir il həbs cəzası və 45 000 avro cərimə nəzərdə tutulur.

  • “Associated Press” Gəncə terrorundan reportaj hazırladı

    “Associated Press” agentliyi Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı Gəncə şəhərinə etdiyi raket hücumunun ağır nəticələri ilə bağlı reportaj yayıb.

    Reportajda raket hücumu nəticəsində yaranmış dağıntıların görüntüləri, yaxınlarını itirmiş insanların fikirləri yer alıb.

    Bildirilir ki, Gəncə şəhərinin Muxtar Hacıyev küçəsində binalar dağılıb, insanlar, avtomobillər dağıntılar altında qalıb. Həlak olmuş mülki şəxslərin, o cümlədən uşaqların xatirəsini yad etmək üçün buraya gələnlər əllərində güllər, oyuncaqlar gətirirlər.

    Şairə Quliyeva adlı sakin qardaşı oğlu 13 yaşlı Artur Mayakovun öldüyünü deyərək ağlayır: “O, çox istedadlı, bacarıqlı, həyat eşqi ilə dolu bir uşaq idi. Bu uşaqların günahı nə idi? Bu qədər insan öldü. Təkcə bizim küçəmizdən 14 nəfər həlak oldu. Bu insanların günahı nə idi? Niyə dünya ictimaiyyəti buna göz yumur?”.

    Digər sakin Təzəgül Şahnəzərova hücum nəticəsində oğlunu, gəlinini və nəvəsini itirdiyini deyir: “Mən artıq itirdiyimi itirmişəm. Qırx beş illik əməyimizlə tikdiyimiz, yığdığımız hər şeyi itirdik. Lakin bu, mənim gözümə görünmür. Məni övladlarımın həlak olması yandırır. Mən onları istəyirəm, lakin onlar yoxdur. Bir mən, bir də körpə nəvəm sağ qalmışıq”.

    Reportajda bildirilir ki, oktyabrın 17-də gecə Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə edilən raket hücumu nəticəsində çoxlu sayda insan həlak olub və yaralanıb. Artur Mayakov həmin hücum nəticəsində ağır yaralanıb, lakin sonradan müalicə aldığı xəstəxanada ölüb. O, 2007-ci ildə Rusiyada anadan olmuşdu.

    Azərbaycan rəsmiləri Gəncəyə SCUD raketi ilə endirilən zərbə nəticəsində yaşayış binalarının dağıldığı və ya ciddi ziyan gördüyünü bildirirlər. Dağıntıların altından cəsədlərin və yaralıların çıxarılması saatlar çəkib. Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində Gəncəyə edilən raket hücumunu müharibə cinayəti adlandırıb və buna görə məsuliyyəti Ermənistan rəhbərliyinin daşığını bildirib.

    Reportajda Ermənistan-Azərbaycan münaqişəsi barədə məlumat verilir. Bildirilir ki, sentyabrın sonlarında alovlanan münaqişə iki həftə əvvəl başa çatıb, bu hadisə Bakıda böyük qələbə kimi qeyd olunub.

  • “Neftçi”nin daha bir futbolçusunda koronavirus aşkarlandı

    “Neftçi” klubunun daha bir futbolçusu koronavirusa yoluxub.

    Qaynarinfo-nun məlumatına görə, Anton Krivotsyukun testi müsbət nəticələnib.

    22 yaşlı cinah müdafiəçisi bu səbəbdən Azərbaycan Premyer Liqasının XI turunda “Zirə” ilə matçı buraxıb.

    Albaniyalı oyunçu Bruno Teluşidə isə zədə səbəbindən komandasına kömək edə bilməyib.

    Artıq “Neftçi”nin kapitanı Emin Mahmudov və hücumçu Mirabdulla Abbasov koronavirusdan sağalıb.

    Qeyd edək ki, “Neftçi” – “Zirə” matçı 0:0 hesabı ilə başa çatıb.

  • Bayrağa hörmətsizlik etmiş BDU tələbəsi üzr istədi – VİDEO

    Son günlərin əsas gündəm hadisəsinə çevrilən, onlayn dərs zamanı bayrağa hörmətsizlik etmiş Bakı Dövlət Universitetinin (BDU) I kurs tələbəsi Pərviz Məhəmmədov səhv etdiyini etiraf edib.

    “Mexanika-riyaziyyat” fakültəsinin tələbəsi onlayn dərs zamanı yaşlı müəllimə və eləcə də bir neçə həftə əvvəl tyutora qarşı etdiyi hörmətsizliyinə görə üzr istəyib.

    Qeyd edək ki, BDU məlum videonun yayılmasından sonra tələbənin ali təhsil ocağından xaric olunduğunu bildirmişdi.

  • Hikmət Hacıyev: “Ağdamda ilk dəfə valideynlərimlə birlikdə toyda olmuşam” – VİDEO

    Ağdamda ilk dəfə 1988-ci ildə valideynlərimlə birlikdə toyda olmuşam.

    Bu sözləri “ASAN Radio”ya açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

    H.Hacıyev bildirib ki, Ağdam onun xatirində yaşıllıq, bol meyvə ağaclı, gözəl məkan kimi qalıb:

    “Amma təəssüf ki, gördüyünüz kimi, ermənilər buraları viran qoyub. Bu vəhşiliyi beynəlxalq ictimaiyyət özü də görəcək. Tezliklə Ali Baş Komandanın rəhbərliyi altında Ağdamda təmir-bərpa və yenidənqurma işləri aparılacaq”.

    Ətraflı videonu təqdim edirik:

  • FRANCE-24 Ağdam haqqında: “Bəzən onu “Qafqazın Xirosiması” adlandırırlar” – VİDEO

    Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan və münaqişəyə son qoyan razılaşmaya əsasən, dekabrın 1-də erməni silahlı qüvvələri Laçın rayonunu Azərbaycana təhvil verəcəklər. Bununla da Azərbaycan Dağlıq Qarabağı əhatə edən yeddi rayonun hamısını geri almış olacaq.

    FRANCE 24-ün xüsusi müxbirləri Lüdoviq dö Fuko, Katrin Norestrent və Hüseyn Əsədin bu rayonlardan biri olan Ağdamdan reportajını təqdim edirik:

    Bu şəhər o qədər dağıdılıb ki, bəzən onu “Qafqazın Xirosiması” adlandırırlar. 1980-ci illərin sonlarında 40 min əhalisi olan Ağdam bu gün “ruhlar şəhəri”dir. Ağdam hər zaman Azərbaycan qalası olub. Bu gün Ağdamda salamat qalan yeganə bina isə məsciddir. Bu şəhər 30 il əvvəl Birinci Dağlıq Qarabağ müharibəsi zamanı da böyük strateji əhəmiyyət daşıyırdı. 1993-cü ildə bu şəhərin işğal olunması müharibənin dönüş nöqtəsi oldu. Məğlubiyyət sakinləri köç etmək məcburiyyətində qoydu. Bu gün məcburi köçkünlər öz dogma yurdlarına qayıdırlar və dağılmış binaları görürlər.

    Reportajda Yeni Azərbaycan Partiyasının üzvü M.Qasımovun fikirlərinə də yer verilib: “Belə bir şəhəri bu günə salmaq olar? Bu evləri belə dağıtmaq olar? Siz bu evlərin keçmişini görsəydiniz, baxardınız ki, ən müasir evlər, ən yaxşı tikilmiş evlər ancaq Ağdamda idi. Onlar bilirdilər ki, burada yaşamayacaqlar. Onların inamı yox idi ki, burada qalsınlar. Çünki mümkün deyildi qalmaqları. Ona görə də əllərinə düşən hər bir şeyi dağıdıblar”.

    Bərpa etməmişdən əvvəl isə təhlükəsizliyi təmin etmək lazımdır. Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmiş digər rayonlar kimi, Ağdamın ərazisi də mina ilə doludur.

    Müvafiq orqanlar məsafədən idarə olunan minatəmizləyən robotu da işə salıblar.

    ANAMA-nın əməliyyat qərargahının rəhbəri İdris İsmayılov açıqlama verib: “4500-ə yaxın piyada əleyhinə mina, 2000-ə yaxın tank əleyhinə mina, 750-yə yaxın isə müxtəlif növ bombalar aşkar edilərək zərərsizləşdirilib. İnsanların geri qayıdışı 3-5 il ərzində, amma tam təmizləmək isə 10, 13, 15 il ərzində planlaşdırılır”.

    Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərdə vurulmuş ziyanı 100 milyard dollardan çox dəyərləndirib və Ermənistan tərəfindən təzminat almaq üçün məhkəmələrə müraciət edəcək.

  • Tanınmış vəkil vəfat etdi

    Tanınmış vəkil, 22 saylı Vəkil Bürosunun rəhbəri Tahir Əlirzayev vəfat edib.

    Bu haqda onun həmkarları məlumat verib.

  • Türkiyə parlamentinin sədri: “Atatürkün Naxçıvan sərhəd qapısına verdiyi önəm illər sonra səmərəsini verdi”

    Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop yeni istifadəyə verilən Təkirdağ – Hayrabolu yolunun açılış mərasimində Azərbaycanı Qarabağ müharibəsində qazandığı qələbə münasibəti ilə təbrik edərək Türkiyənin Naxçıvan vasitəsi ilə Orta Asiyaya avtomobil və dəmir yolu əlaqələrinin təmin olunmasını böyük uğur olduğunu qeyd edib.

    Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

    M. Şentop Mustafa Kamal Atatürkün zamanında Naxçıvan sərhəd qapısına verdiyi əhəmiyyətin təsadüfi olmadığını vurğulayıb.

    “Dövlətimizin banisi Qazi Mustafa Kamal Atatürkün Naxçıvan sərhəd qapısına verdiyi əhəmiyyət və sərhəd qapısını açıq tutmaq için göstərdiyi cəhd illər sonra səmərəsini verdi. Ölkə olaraq bunun sevincini yaşayırıq. Tarixi İpək Yolunu daim birlikdə canlandıracaq, Orta Asiyada yaşayan qardaşlarımızla iqtisadi, mədəni, siyasi və hərbi əlaqələrimizi təkmilləşdirəcəyik. Ölkəmizdə həyata keçirdiyimiz kommunikasiya investisiyalarını və bu mövzudakı podratçı təcrübəmizi Orta Asiyaya daşıyacağıq”, – deyə Türkiyə parlamentinin sədri vurğulayıb.

  • Kəlbəcər rayonunun Vəng kəndindən videogörüntülər – VİDEO

    İşğaldan azad edilmiş Kəlbəcər rayonunun Vəng kəndinin görüntüləri yayılıb.

    Bununla bağlı videonu Müdafiə Nazirliyi yayıb.

  • Biləsuvarda ağır qəza: Bir ölü, iki yaralı

    Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun Biləsuvarın Çaylı kəndindən keçən hissəsində minik avtomobili aşaraq su kanalına düşüb.

    “Qafqazinfo” xəbər verir ki, hadisə nəticəsində bir nəfər ölüb, iki nəfər isə yaralanıb.

    Onların şəxsiyyəti dəqiqləşdirilir.

    Faktla bağlı araşdırma aparılır.